Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-140/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli AL/ML/2045 nömrəli maliyyə lizinq müqaviləsi üzrə 87342,78 manat məbləğində borcun, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 1200 manat məbləğində pul vəsaitinin əvəzinin, 352,50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qəradadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Fərman Həmidli). İddiaçı MMC Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(119)-2004/2024 nömrəli qəradadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və İddiaçı MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün kommersiya işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması MPM-in 150.1.4 və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. İddiaçı MMC isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış öz elektron kabinetinə qeyd olunan sistem vasitəsilə cavabdehə göndərilməsi nəzərdə tutulmuş iddia ərizəsini və pretenziya məktubunu əlavə etmişdir. Lakin “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik deyildir. Belə olduğu halda qeyd olunan sənədlərin cavabdeh tərəfindən elektron qaydada təhvil alınması öz təsdiqini tapmır. Bu da onu ehtiva edir ki, hazırkı iş üzrə müvafiq sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış, bununla da iddia ərizəsi MPM-in 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə qərardaddan şikayətində qeyd etmişdir ki, onun tərəfindən elektron məhkəmə kabineti vasitəsi ilə cavabdehin elektron məhkəmə kabinetinə xx.xx.2024-cü il tarixli, P7011/2024 saylı Xəbərdarlıq (pretenziya) bölməsindən iddia ərizəsi başlıqlı ərizə ünvanlanaraq cavabdehin elektron kabinetinə yerləşdirilmiş və həmin sənəd (bildiriş) elektron məhkəmə portalında olan kabinetdə qeydə alanmışdır. Həmin sənəd iddia ərizəsinə əlavə kimi “Poçt qəbzi - iddia ərizəsinin göndərilməsinə dair” başlığı altında məhkəməyə təqdim edilmişdir. Tərəfindən göndərilən sənədlər MPM-in tələblərinə əsasən elektron məhkəmə portalı vasitəsi ilə göndərilmiş və həmin portalda olan cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən elektron kabinetə baxılmaması və ya onun yoxlanılmaması iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. İddiaçının vəkili-nümayəndəsi cavabdehə təqdim edilməsi tələb olunan sənədləri sonuncunun “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirdiyini iddia etsə də, lakin həmin sistemdən əldə olunan məlumatlara əsasən cavabdeh “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malik deyildir. Belə olduğu halda, MPM-in 150-ci maddəsinin tələblərinə uyğun olaraq, müvafiq sənədlər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmiş cavabdehə onun vergi orqanının informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə göndərilməli və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin qaytarılması haqqında” qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, e-2-2(119)-2004/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-140/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-140/2024
03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver