Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-142/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, e-2-2(119)-705/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 4000 (dörd min) manat məbləğində pulun və hər gecikdirilən gün üçün müqavilədə qeyd olunan məbləğin 0.01 % məbləğində cərimənin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək ödənilməli ümumi məbləğin 4109,2 (dörd min yüz doqquz manat 20 qəpik) manat olduğunu göstərmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xırda dənəvərli polipropilen tozunun alqı-satqısı ilə əlaqədar 17.08.2020-ci il tarxli, 20/17 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh hər tonu 1088 manata olmaqla ümumi dəyəri 46784 manat olan 43 ton “xırda dənəvərli polipropilen tozu”nu satmağı öz üzərinə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərində də qeyd olunmuşdur ki, satıcı 10 gün ərzində satdığı malı təhvil verməli və satdığı malın kəmiyyət və keyfiyyətində qüsurlar aşkar edilərsə, satıcı tərəfindən bütün qüsurlar aradan qaldırılmalıdır. Lakin cavabdeh müqavilə öhdəliklərindən boyun qaçırmışdır. 21.08.2020-ci il tarixdə "xxxx" ASC-də iddiaçının adına olan AZ46JBBK**********21423A67 nömrəli hesab nömrəsindən cavabdehin adına olan “X12 Azərbaycan” bankında AZ93KABA**********2921 nömrəli hesab nömrəsinə iddiaçı tərəfindən 4000 manat məbləğində pul köçürülmüşdür. Pulun köçürülməsinə baxmayaraq nəzərdə tutulan malı bu günə qədər almamışdır. Bir müddət gözlədikdən sonra iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarılması ilə bağlı sifarişli xəbərnamə göndərmiş, xəbərnaməni aldıqdan sonra iddiaçı ilə cavabdeh arasında telefon danışıqları olmuşdur. Buna baxmayaraq cavabdeh yenə borcunu ödəmək istəmir. Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, tərəflərdən biri müqavilə öhdəliyini pozarsa günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0.01 % məbləğində cərimə ödəməlidir. İddiaçı cavabdehlə heç bir razılığa gələ bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək, iddiaçının nümayəndəsi (atası) Lətif Hüseynovu 20 ildən artqıdır ki, tanıdığını və aralarında əvvəllər də işgüzar münasibətlərin olduğunu, həqiqətən iddiaçının oğlu ilə öz oğlu X5 arasında xırda dənəvərli polipropilen tozunun alqı-satqısı ilə bağlı müqavilə bağlanıldığını və bu müqavilə üzrə 4000 manat pulun bank hesabına köçürüldüyünü, lakin qeyd edilən müqavilə üzrə malların iddiaçının sifarişinə və tələbinə uyğun qablaşdırılmasına baxmayaraq idddiaçının müxtəlif bəhanələrlə həmin malları vaxtında təhvil almadığını, daha sonra isə həmin müqavilə üzrə 2 ton 200 kq malı iddiaçıya verdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi daha sonra iddiaçının nümayəndəsi Lətif Hüseynovun müraciəti əsasında öz iş yerində kabinetində mal üçün köçürülmüş məbləğdən 500 manat nağd pulu ona qaytardığını, həmin məbləğin də cavabdehə satılmış iki ton 200 kq malın dəyərinin üzərinə əlavə edilərək 01.04.2021-ci il tarixdə cəmi 2894,08 manatlıq elektron qaimə tərtib edildiyini, həmin elektron qaimənin cavabdeh tərəfindən ləğv edilmədiyini, sistem tərəfindən təsdiqləndiyini bildirərək ödənilmiş 4000 manat vəsaitdən yuxarıda qeyd edilən 2 ton 200 kq malın dəyəri və qaytardığı 500 manat çıxıldıqdan sonra qalan hissəsini də qaytarmağa hazır olduğunu bildirmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, e-2-2(119)-705/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 1106,40 (min yüz altı manat 40 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi yalnız cavabdehin nümayəndəsinin və onların yanında çalışan şəxsin izahatlarını əsas tutaraq belə qənaətə gəlmişdir ki, müqavilə üzrə malların iddiaçının sifarişinə və tələbinə uyğun qablaşdırılmasına baxmayaraq güya ki, müxtəlif bəhanələrlə həmin malları vaxtında təhvil almamışdır, daha sonra isə həmin müqavilə üzrə 2 (iki) ton 200 kq mal təhvil almış, mal üçün köçürülmüş məbləğdən 500 manat nağd pul iddiaçıya qaytarılmış və bu da son nəticədə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Həmçinin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan müqavilə üzrə nəzərdə tutulmuş faizləri də tutmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehdən nə 2 ton 200 kq mal almamış, nə də ki köçürdüyü puldan 500 manat nağd pul ona qaytarılmamışdır. Cavadehlə bağlanan müqavilənin şərtlərinə görə satıcı 10 gün ərzində satdığı malı təhvil verməli olduğu halda bunu etməmiş və bu səbəbdən adı çəkilən müqavilənin qüvvədə olma müddəti bitdikdən bir müddət sonra cavabdehə ödədiyi pulun geri qaytarılması ilə bağlı sifarişli xəbərnamə göndərmiş, xəbərnaməni aldıqdan sonra aralarında telefon danışıqları olmuşdur. Lakin cavabdehin nümayəndəsi və şahid qismində dindirilən onların yanında çalışan şəxs 2 ton 200 kq malın alınması ilə bağlı məhkəməyə hər hansı sənədi (təhvil-təslim aktı) təqdim edə bilməmişlər. Onların göndərdiyi 01.04.2021-ci il tarixli, 507645 nömrəli elektron qaiməyə əsasən 2894,08 manat polipropilen tozunun iddiaçıya təhvil verilməsi ilə bağlı qeyd olunanların heç bir əsası yoxdur. Həmin qaimə əsasında tərəfindən heç bir mal alınmamışdır. Qaimənin etibarsız sayılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəyə müraciət etmişdir. Müqavilənin 3.8-ci bəndinə əsasən bu müqaviləyə hər hansı bir əlavə yaxud düzəliş yalnız tərəflərin qarşılıqlı yazılı razılığı ilə edilə bilər. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəlikləri nəzərdə tutulmuş müddətdə icra etmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan (“Satıcı”) X6 ilə (VÖEN: **********) ilə (“Alıcı”) İddiaçı (VÖEN: **********) arasında bağlanmış 17.08.2020-ci il tarixli, 20/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 46784 manat olmaqla tonu 1088 manat olan 43 ton xırda dənəvərli polipropilen tozunu satıcı alıcıya təqdim edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni mal və materialların təqdim edilməsi satıcı tərəfindən, ödəniş isə alıcı tərəfindən gecikdirilərsə, günahkar tərəfə digər tərəfə gecikdirilən hər gün üçün müqavilənin ümumi dəyərinin 0.01 faizi məbləğincə cərimə ödəməlidir. İş materiallarında olan 21.08.2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı tərəfindən X3 hesabına 4000 (dörd min) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 01.04.2021-ci il tarixli, 507645 nömrəli elektron qaiməyə əsasən 2894.08 manat dəyərində polipropilen tozu X5 tərəfindən İddiaçı təhvil verilmişdir. Şahid qismində ifadə verən X7 cavabdehin sexində operator işlədiyini, iddiaçının nümayəndəsi Lətif Hüseynovu yaxşı tandığını, Nadir müəllimin göstərişinə əsasən onun sifariş etdiyi malları şəxsən çeşidləyərək tələb olunan formada qablaşdırdığını, lakin həmin malların uzun müddət anbarda və sexin həyətində qalmasına baxmayaraq Lətif müəllimin həmin malları aparmadığını, 3-4 ay əvvəl Lətif müəllimin müraciətinə əsasən ümumi çəkisi iki ton iki yüz kq. olan 88 meşok 25 kiloqramlıq polipropilen tozunun onun gətirdiyi yük maşınına yüklənilməklə təhvil verildiyini, hətta yükləmədə özünün də iştirak etdiyini bildirmişdir. Şahid Ş.Əbilova eyni zamanda Nümayəndə Lətif Hüseynova öz ofisində, kabinetdə 500 manat pul verdiyinin də şahidi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, müqavilə üzrə malların cavabdehin təqsiri səbəbindən müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verilmədiyi, habelə alınmış 2.200 kq malın və 500 manat pulun qeyd edilən müqaviləyə aidiyyəti olmadığı göstərilsə də, iddiaçı tərəf bu halları təsdiq edən hərhansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddiaçının həmin dəlilləri cavabdehin nümayəndəsinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 17.08.2020-ci il tarixli, 20/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 2.200 kq polipropilen tozu verilmiş, bundan əlavə cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinə köçürülmüş 4000 manat puldan 500 manatı nağd olaraq geri qaytarmışdır. İddiaçının nümayəndəsi apelyasiya şikayətində 500 manatı almadığını bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatlarında həmin pulu aldığını təsdiq etmiş, sadəcə başqa bir işlə bağlı aldığını bildirmişdir. Həmçinin apelyasiya şikayətinin dəlili kimi iddiaçı elektron qaimə əsasında heç bir mal almadığını, qaimənin etibarsız sayılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəyə müraciət etdiyini bildimişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı qaimənin etibarsız olması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə nə iş materiallarında olan sənədlərlə, nə tərəflərin nümayəndələrinin izahatları, nə də işdə olan şahid ifadəsi ilə iddiaçı tərəfindən hazırki müqavilə üzrə öhdəliyin lazımınca icra olunması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin “kreditorun icranı gecikdirməsi” adlanan 466-cı maddəsinin tələblərinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi zamanı borclu öhdəliyin icra edilməməsi üçün yalnız bu şərtlə məsuliyyət daşıyır ki, icra borclunun qərəzi və ya kobud ehtiyatsızlığı nəticəsində qeyri-mümkün olsun (maddə 446.1 və 446.4). Beləliklə, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli e-2-2(119)- 705/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-142/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-142/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver