Məhkəmə qərarları › İş №2-2(105)-146/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-146/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-146/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Südeyib oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-677/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31996.29 (otuz bir min doqquz yüz doxsan altı manat iyirmi doqquz qəpik, 18% ƏDV ilə) AZN borcun, 3200 AZN dəbbə pulunun və 30 (otuz) AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 14 yanvar 2020-ci il tarixli 02/20 saylı müqavilə imzalanmışdır. Müqavilənin 2.3-cü maddəsinə görə müqavilə qüvvəyə mindikdən sonra 15 (on beş) gün ərzinidə Alıcı köçürmə yolu ilə ödəniş aparmalıdır. Ödəniş vaxtı pul vəsaitinin “Satıcı”- nın hesablaşma hesabına daxil olma günü hesab olunur. 13.04.2020- ci il tarixində Cavabdehnə Miüqavilənin 1 saylı əlavəsi üzrə 137.00 ədəd Warmhaus 22\500\800 X1 (hər birinin dəyəri 56.00 AZN), 24.00 ədəd radiator 500*22*800 (hər birinin dəyəri 56.00 AZN), 5.00 ədəd radiator klapanı (hər birinin dəyəri 4.50 AZN) göndərilmişdir. Müqavilə üzrə göndərilən malların əsas məbləği 9038.50 AZN, əlavə dəyər vergisi üzrə 1626.93 AZN cəmi məbləğ- 10665.43 AZN təşkil edir. 23.09.2020-ci il tarixində isə Cavabdehnə müqavilənin 2 saylı əlavəsi üzrə 54.00 ədəd radiator 500*22*1500 (hər birinin dəyəri 105.00 AZN), 78.00 ədəd Warmhaus 22\500\1500 X1 (hər birinin dəyəri 105.00 AZN), 1.00 ədəd Panel radiator 50x 1600 (hər birinin dəyəri 112.00 AZN), 2.00 ədəd Radiator 500*22*1600eg (hər birinin dəyəri 90.00 AZN), 39 ədəd Panel radiator 550x2000 (hər birinin dəyəri 138.00 AZN), 9.00 ədəd Radiator 500*22*2000eg (hər birinin dəyəri 110.00 AZN), 5.00 ədəd Warmhaus 22\500\600 X1 (hər birinin dəyəri 45.00 AZN), 1.00 ədəd radiator 500x22x1400(1) (hər birinin dəyəri 98.00 AZN), 64.00 ədəd Warmhaus 22\500\1400 X1 (hər birinin dəyəri 97.95.00 AZN) göndərilmişdir. Müqaviləyə əsasən cavabdehə əsas məbləğ üzrə 36154.00 AZN, əlavə dəyər vergisi üzrə 6507.72 AZN cəmi- 42661.72 AZN məbləğində mal göndərilmişdir. Cavabdeh isə əsas məbləğ üzrə 9038.50 AZN və əlavə dəyər vergisi üzrə 1626.93 AZN cəmi-10665 AZN 43 qəpik məbləğində ödəniş etmişdir. Lakin, Cavabdeh yuxarıda qeyd edilən müqavilənin şərtlərini pozaraq "xxxx" MMC tərəfindən göstərilən malları təhvil almasına baxmayaraq 14 yanvar 2020-ci il tarixli 02/20 saylı müqavilə üzrə əsas məbləğ üzrə 27115.50 AZN, Əlavə dəyər vergisi üzrə 4880.79 AZN- cəmi 31996.29 AZN dəyərində qalıq borcu yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehndən İddiaçı MMC-nin xeyrinə 25961.50 manat əsas borc, 4673.07 manat ƏDV, 3000 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-677/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik əlavə dəyər vergisi, 1000 manat dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 31664,57 (otuz bir min altı yüz altmış dörd manat 57 qəpik) manatın tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Məmmədov) Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: iddiaçı tərəfindən verilmiş materiallar barədə hər hansı qaimə-faktura təqdim edilməmişdir. Belə olan halda iddiaçının həqiqətən tələb etdiyi məbləğdə material verməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Üzləşmə aktına gəldikdə isə həmin üzləşmə aktını cavabdeh tərəf imzalamamışdır. Bu səbəbdən üzləşmə aktındakı imzaların müəyyən edilməsi və iddiaçının verdiyi materialın və borcun müəyyən edilməsi məqsədi ilə işin obyektiv həlli baxımından ekspertizalar təyin olunmalıdır. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" Şirkətindən 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik) əlavə dəyər vergisinin tutulmasına dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, “Alıcı” Cavabdeh (VÖEN:**********) ilə “Satıcı” İddiaçı (VÖEN:**********) arasında 14.01.2020-ci il tarixli 02/20 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı” müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində və müqavilənin müddəti ərzində “Alıcının” sifarişi əsasında özünə məxsus olan və bu müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokolunda göstərilmiş malı və ya malları “Alıcıya” satmağı, “Alıcı” isə həmin malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinin tələblərinə əsasən malın təhvil-təslim tarixindən 15 (on beş) gün ərzində köçürmə yolu ilə ödəniş aparılmalıdır. Ödəniş vaxtı pul vəsaitinin satıcının hesablaşma hesabına daxil olma günü hesab olunur. İş materillarında olan 14.01.2020-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən “Alıcı” "xxxx" Şirkət ilə “Satıcı” İddiaçı arasında 14.01.2020-ci il tarixli müqavilə üzrə 9 adda malın cəmi məbləği 36154 manat (ƏDV xaric), ƏDV məbləği 6507,72 manat, yekun məbləğ isə 42661,72 manat razılaşdırılmışdır. İş materiallarında olan 13.04.2020-ci il tarixli 306868 nömrəli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri 10665.43 manat (ƏDV daxil) mal Cavabdeh nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan 23.09.2020-ci il tarixli 306930 nömrəli malların təhvil-qəbul aktına əsasən ümumi dəyəri 31996.29 manat (ƏDV daxil) mal Cavabdeh nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarında olan 13.04.2020-ci il tarixli, EBAİ724268 seria nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 9038.50 (ƏDV xaric) manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli, EBAQ375263 seria nömrəli elektron qaiməyə əsasən ümumi dəyəri 27115.50 (ƏDV xaric) manat olan mallar İddiaçı tərəfindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan müqavilə üzər tərəflərin baş mühasibləri tərəfindən imzalanmış və direktorları tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 22.06.2021-ci il tarixli borcların qarşılıqlı üzləşdırılməsinə dair akta əsasən 22.06.2021-ci il tarixə Cavabdeh İddiaçınə 25961.50 manat (ƏDV xaric) borcu mövcuddur. Beləliklə, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, İddiaçı MMC ilə "xxxx" Fərdi Şirkəti malların alqı-satqısına dair müqavilə bağlamışlar. Həmin müqaviləyə görə, satıcı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokolunda göstərilmiş malı və ya malları alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh "xxxx" Şirkəti alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 25961,50 (iyirmi beş min doqquz yüz atmış bir manat 50 qəpik) manat əsas borc, 4673,07 (dörd min altı yüz yetmiş üç manat 07 qəpik) əlavə dəyər vergisini müqavilə ilə müəyyən edilən müddətdə ödəməmişdir. Kollegiya cavabdehin üzləşmə aktını cavabdeh tərəfin imzalamaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, həmin aktda cavabdehin möhürü də əks olunmuşdur. Cavabdeh həmin borcun olmamasını, müqavilə üzrə öhdəliyin tam icra edilməsi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1ci maddəyə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Fərdi Şirkətinin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-677/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-677/2021 saylı, 28 iyul 2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar