Məhkəmə qərarları › İş №2-2(105)-148/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-148/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-148/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-301/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin 14.06.2021-ci il tarixli, 2-2(119)-301/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-2(119)-301/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki-prosessual qanunvericilikdə apellyasiya şikayətinin məhkəmənin dəftərxanası vasitəsilə kağız daşıyıcıda verilməsi və məhkəmə qətnaməsini apellyasiya qaydasında bu formada (kağız daşıyıcıda) verilməklə mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı imperativ norma olmadığından qeyd olunan qərardad əsaslı hesab edilə və apellyasiya şikayəti geri qaytarıla bilməz. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli 2-2(119)-301/2021 nömrəli qətnaməsinin 18.06.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetdə yerləşdirilməsi ilə bağlı məhkəmənin “e-mehkeme” portalı vasitəsi ilə vəkil İbrahim Ağamovu sms-bildirişlə məlumatlandırması, yəni məhkəmə aktını tərəfin alması barədə təsdiqedici sübutu təqdim etməsi vacibdir. Elektron qaydada sənədlər göndərilərkən sənədin göndərildiyi və ya elektron kabinetə yerləşdirildiyi barədə məlumatlandırma aparılmalı və həmin məlumatın göndərilənə çatması barədə təsdiqedici məlumat təqdim olunmalıdır. Qanunvericilikdə vəkillərin mütləq mənada elektron kabinetinin olması barədə göstəriş yoxdur. Şikayətlərin elektron qaydada verilməsinin həyata keçirilməsi həmin hərəkətlərin kağız daşıyıcı vasitəsi ilə aparılmasını qadağan etmir. Bununla bağlı da mülki-prosessual qanunvericilikdə imperativ göstəriş yoxdur. Məlumatlandırma olmadan göndərilmiş sənədlə bağlı yerinə yetirilməli hərəkətlərin müddət axımı sənədin oxunuşundan, yəni onun elektron qaydada “oxunmuş et” qeydinin klikləndiyi andan hesablanmalıdır. Digər tərəfdən qeyd olunan qətnamə İddiaçı MMC-nin özünə də göndərilməlidir. Belə ki, İddiaçı MMC qeyd olunan qətnamədən apellyasiya şikayətini özü, yəni vəkillə müqavilə bağlamadan, yaxud da digər vəkillə müqavilə bağlamaqla verməkdə sərbəstdir. Qətnamənin qəbulu üçün elektron kabineti olmayan tərəflər bu halda kağız daşıyıcıda onu almağa və ondan şikayət verməyə haqlıdırlar. Məhkəmə-müdafiə hüququ bütün məhkəmə instansiyalarına şamil olunur. Apellyasiya şikayəti verilməsi üçün müddət qətnamənin tərəfə təqdim olunduğu və bu barədə təsdiqedici sənədin mövcudluğu halında 1 (bir) aydır. Hazırki iş üzrə qətnamənin təqdim olunduğu və ya elektron kabinetə yerləşdirilməsi ilə bağlı təsdiqedici smsməlumatlandırma olmadığından apellyasiya şikayəti verilməsi üçün müddət ötürülməmiş və məhz bu səbəbdən də müddətin bərpasına dair ərizə verilməmişdir. Məhkəmə qərardadda həmçinin hesab etmişdir ki, apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcı üzərində göndərildiyi üçün geri qaytarılmalıdır. Şikayətin sənəd olaraq elektron qaydada göndərilməsi üçün onu göndərən şəxsin elektron və ya asan-imzasının olması labüddür. Hazırkı vəziyyətdə qanunvericiliyin hər hansı bir şəxsin, o cümlədən vəkillik fəaliyyəti həyata keçirən vəkilin mütləq qaydada elektron və ya asan imzasının olması ilə bağlı göstərişi yoxdur. Belə olduğu halda bu cür imzası olmayan şəxsin və ya vəkilin elektron qaydada şikayət verməsi qeyri-mümkündür ki, bu da faktiki olaraq elektron və ya asan imzası olmayan tərəfin məhkəmə müdafiə hüququnun məhdudlaşdırılması deməkdir. Halbuki, mülki-prosessual qanunvericilik elektron sənədlərin kağız daşıyıcılarına bərabər tutulmasını qeyd edir və hazırki vəziyyətdə kağız daşıyıcıda şikayətin qəbul edilməməsi və geri qaytarılmalı olması ilə bağlı heç bir imperativ göstəriş nəzərdə tutmur. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2-2(119)- 301/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim X.Tağıyev) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(119)-301/2021 saylı qətnaməsi 18.06.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetdə yerləşdirilmişdir. İddiaçı MMC-nin apellyasiya şikayəti poçt vasitəsi ilə məhkəməyə 25.08.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürmüş, lakin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bundan başqa, iddiaçı tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə deyil, məhkəmənin dəftərxanası vasitəsi ilə kağız daşıyıcıda verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Şikayətin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, iş materiallarında olan 09.02.2021-ci il tarixli vəkil orderi və 20.07.2020-ci il tarixli etibarnamədən görünür ki, Vəkil və nümayəndə kimi İddiaçı MMC-ni təmsil edərək, onun hüquqlarını müdafiə etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, 2-2(119)-301/2021 nömrəli qətnaməsi 18.06.2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi kimi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-301/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar