Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-149/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Alltech Enginering” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(119)- 830/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 14 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2- 2(119)*830/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair e-2-2(119)-830/2021 nömrəli kommersiya işi baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi Vəkil 09 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli e-2-2(119)-830/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi barədə məhkəməyə ünvanlanan müvafiq ərizələrdən məlumatlıdır və həmin ərizələrdə onun iradəsi ifadə olunmuşdur. Bundan əlavə, Vəkil verilmiş etibarnamədə bir çox səlahiyyətlərlə yanaşı onun əvəzindən ərizələri (vəsatətləri) imzalamaq səlahayyəti də nəzərdə tutulmuşdur. Etibarnamədə nümayəndəyə ərizəni imzalamaq səlahiyyəti verdiyindən, hakimin nümayəndə tərəfindən imzalanaraq məhkəməyə təqdim olunan ərizəni qəbul etməkdən imtina etməsi qanuni hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, “İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.’’. Bundan başqa, məhkəmənin qərardadındakı mövqeyə görə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılması barədə ərizə iddiaçının şəxsən təqdim etməli olması göstərilsə də, bunun heç bir maddi və prosessual hüquqi əsası yoxdur. Əksinə, məhkəmə belə bir açıqlaması ilə əqdlərdə təmsilçiliklə bağlı maddi hüquq normalarında təsbit edilən imkanları əhəmiyyətsiz etmişdir. Qeyd olunanlardan əlavə, o da nəzərə alınmalıdır ki, hakim işə baxarkən ancaq qanunvericilik aktlarını rəhbər tutmalı və bundan kənara çıxmamalı, özbaşına mülahizə və təfsirdən çəkinməlidir. Hazırkı işdən isə aşkar surətdə bəlli olur ki, hakimin MPM-in 259.0.7- ci maddəsində nəzərdə tutulan iddiaçının işə onun iştirakı olmadan baxılmasını tələb etməsinin yalnız iddiaçının öz ərizəsi ilə mümkün olması barədə təfsiri tam əsassız və hakimin şəxsi mülahizələrindən ibarət olmuşdur. Bu da son nəticədə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, işin hallarından o da görünür ki, işin baxılmasını yubatmaq məqsədi ilə cavabdeh verdiyi əsassız şikayət və vəsatətlər nəticəsində bu günədək iş üzrə qətnamə qəbul edilməsinin qarşısının alınmasına nail olmuşdur. Hazırda bu qanunsuz və əsassız qərardadı qəbul edən məhkəmə də cavabdehin mənafeyinə uyğun hərəkət etməklə bu dəfə işin mahiyyəti üzrə baxılmasına özü maneçilik törətmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli e-2-2(119)- 830/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, dəfələrlə məhkəmə iclasları təyin edilməsinə baxmayaraq, iddiaçının özü və nümayəndəsi Vəkil (vəkil) heç bir məhkəmə iclasına, yəni 29 iyun 2021-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına, 14 iyul 2021-ci il tarixinə, 23 iyul 2021-ci il tarixinə, 26 avqust 2021-ci il tarixinə və 07 sentyabr 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclaslarının heç birinə gəlməmişlər. Halbuki, işin aparılması üçün iddiaçı tərəfindən bütün səlahiyyətlər verilməklə nümayəndə olaraq təyin edilmiş Vəkil məhkəmə iclaslarında iddiaçının adından iştirak etməli və həmin iclaslarda iddiaçını bilavasitə təmsil etməli idi. Kollegiya qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil 23 iyul, 26 avqust və 07 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizələri mövcuddur. Həmin ərizələrlə iddiaçını təmsil edən vəkil iddia tələbində göstərilən halları təsdiq edən sənədlər məhkəməyə təqdim olunduğundan, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin iş materiallarında iddiaçının Vəkil verdiyi etibarnamə mövcuddur. Həmin etibarnamə ilə nümayəndəyə məhkəmələrdə nümayəndəliklə bağlı, birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində çıxış edərək işin həlli uçun zəruri olan bütün prosessual hərəkətlərin edilməsi, iddia ərizəsinin, ərizələrin (vəsatətlərin), məhkəmə aktlarından şikayətlərin verilməsi, imzalanması), etiraz və mülahizələrin imzalanması və məhkəməyə təqdim edilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, işin dayandırılması və ekspertizaya göndərilməsi məsələsinə münasibət bildirilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişinin bağlanması və s. səlahiyyətlər verilmişdir. Göründüyü kimi, nümayəndə etibarnamə ilə ona bilavasitə verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili işin bütün mərhələlərində həmin etibarnamədən irəli gələn səlahiyyətlərdən istifadə edərək, iddiaçının adından ərizələr və sənədlər təqdim etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 07.09.2021-ci il tarixli qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayəti mümkün hesab edərək özünün 10.09.2021-ci il tarixli qərardadını qəbul edərkən nümayəndənin şikayət vermək səlahiyyətini tanıyır (etibarnamədə həmin səlahiyyət qeyd olunduğu üçün), lakin iddiaçının nümayəndəsinin etibarnamədə iddia ərizəsindən başqa ərizələri imzalamaq, təqdim etmək kimi səlahiyyəti qeyd olunsa da, onu qəbul etmir. Halbuki bir etibarnamə ilə iddiaçının nümayəndəsinə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində çıxış edərək iddiaçıya aid bütün hüquq və vəzifələri yerinə yetirmək, o cümlədən, ərizə və iddia ərizələrini imzalamaq səlahiyyəti verilmişdir. Bundan başqa iddiaçı özü tərəfindən imzalanmış şikayətində də bildirmişdir ki, iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi barədə məhkəməyə ünvanlanan müvafiq ərizələrdən məlumatlıdır və həmin ərizələrdə onun iradəsi ifadə olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-830/2021 saylı 07 sentyabr 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 10 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, e-2-2(119)-830/2021 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-830/2021 saylı 07 sentyabr 2021ci il tarixli qərardadı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə e-2-2(119)-830/2021 saylı 10 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. e-2-2(119)-830/2021 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-149/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-149/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver