Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-152/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, direktoru Nümayəndə3, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2(119)-4/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi 27 may 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə hesablanmış 63654 manat məbləğində qeyri-qanuni ödənişin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK Sumqayıt şəhəri ərazisində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir və hüquqi şəxs kimi 29 yanvar 2005-ci ildə dövlət qeydiyyatından keçmişdir. Hüquqi şəxsin ərazisində yüksək gərginlikli yarımstansiya yerləşir. "xxxx" MTK Sumqayıt şəhəri ərazisində tikdirdiyi çoxmərtəbəli binanı elektrik enerjisi ilə təmin etmək üçün həmin binanın həyətində yarımstansiya tikərək, onu transformatorla təchiz etmişdir. Çoxmərtəbəli yaşayış binasına elektrik enerjisi məhz həmin transformatordan verilir. Sumqayıt şəhər "xxxx" ASC-nin Şimal RETSİ-nin satış üzrə rəis müavinin imzası ilə "xxxx" MTK-nın ünvanına 07 may 2019-cu il tarixdə 3697 saylı xəbərdarlıq məktubu gəlmişdir. Həmin məktubda Müəssisənin elektrik enerjisinə görə 01 may 2019-cu il tarixinə 63654 manat məbləğində borcunun yarandığı göstərilmiş və həmin borcun 08 may 2019-cu il tarixinədək ödənilməsi tələb olunmuşdur. Lakin "xxxx" MTK-nın inşa etdiyi yüksək mərtəbəli binaların ayrı-ayrı mənzillərin mülkiyyətçilərinin ayrıca sayğacları var və istehlak olunmuş elektrik enejisinə görə onlara verilmiş bildirişə əsasən ödənişlərini həyata keçirirlər. "xxxx" MTK yalnız liftlərə, su nasosuna və binanın dəhlizinin işıqlandırılması üçün istehlak olunmuş elektrik enerjisinə görə ödənişləri həyata keçirir. Təqdim olunmuş ödənişlər istehlak olunmuş elektrik enejisinin miqdarına görə bir- birindən fərqlənir. Hətta 2012-ci ildə sayağac dəyişdirilmişdir. Qeyd etmək lazımdır ki, istehlak olunmuş elektrik enerjisini hesablayan sayğac yüksək gərginlikli elektrik kabelinin elekrtik transformatoruna daxil olan hissəsində quraşdırılmışdır. Lakin elektrik sayğacı elektrik transformatorundan çıxan elektrik kabelinin üzərində quraşdırılmalıdır. Bundan başqa, halhazrda quraşdırılmış sayğacdakı aylıq sərfiyyat 280 manatı ötmür. İllər üzrə elektrik enerjisinin sərfiyyatı dəyişilir. 2019-cu ilin may ayının 1-nə "xxxx" MTK-nın istehlak olunmuş elektrik enerjisinə görə borcu 63654 manat göstərilmişdir. Bundan başqa, 13 may 2019-cu il tarixdə "xxxx" MTK-ya 3744 nömrəli yeni xəbərdarlıq məktubu gəlmiş və həmin məktubda borcun 1485,18 manat olduğu göstərilmişdir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci, 7.7-ci, 8.4-cü və 3.5-ci bəndlərinin məzmunu qeyd olunur). Qaydaların mənasına görə cavabdeh enerji təchizatı Müəssisəsi yalnız istifadə olunmuş elektrik enerjisinə görə haqq tələb edə bilər. Elektrik sayğacının uçotu pozulmamış, ona hər hansı bir müdaxilə edilmədiyindən istehlakçının təqsiri olmadan ona hesablanmış əlavə ödəniş qanunsuz və əsassızdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “borcun tutulması” barədə qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTK ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı olan "xxxx" ASC-yə qarşı "elektrik enerjisinin təchizatı ilə bağlı hesablanmış qeyri-qanuni ödənişin silinməsi tələbinə dair" iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. "xxxx" MTK-nın tikdirdiyi çoxmərtəbəli binanın elektrik enerjisi ilə təmin olunması məqsədilə binanın həyətində yarımstansiya tikilərək transformator ilə təchiz edilmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" MTK-nin inşa etdiyi yüksək mərtəbəli binaların mənzillərinin mülkiyyətçilərinin ayrıca sayğacları var və istehlak olunmuş elektrik enerjisinə görə əhali qrupuna aid olan həmin abonentlər onlara verilmiş bildirişə əsasən ödənişlər edirlər. Eyni zamanda bildirilir ki, "xxxx" MTK tərəfindən lift, su nasosu və binanın dəhlizinin işıqlandırılması üçün istifadə olunan elektrik enerjisi **********M554341 və **********M07 saylı elektrik hesabat sayğacları ilə aparılır. "xxxx" ASC-nin əməkdaşları hər ay "xxxx" MTK-nın ünvanına gəlib, həmin sayğacların göstəricilərini götürərək "xxxx" MTKya hesab-faktura təqdim edirlər. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, abonent kodu **********4 olan "xxxx" MTK-nın elektrik enerjisinin istehlakı ilə bağlı "xxxx" ASC-yə 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, e-2-2(119)-4/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, ilkin iddia tələbi üzrə məhkəmə xərclərinin iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən (abonent kodu **********4) istehlak olunan elektrik enerjisinə görə 61437,74 (altmış bir min dörd yüz otuz yeddi manat 74 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61467,74 (altmış bir min dörd yüz altmış yeddi manat 74 qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəməyə təqdim olunmuş abonent saldosundan görünür ki, 2015-ci il tarixə qədər 17673 manat, 2015-ci ilin iyun ayından 2019-cu ilin dekabr ayına qədər 22791.22 manat, 2015-ci il tarixdən 2019-cu ilin yanvarın 1-nə qədər olan borc silinməlidir. Belə ki, Zəka MTK ilə Azərişıq arasında elektirk təchizatı haqqında hər-hansı bir müqavilə yoxdur. 26.01.2006-cı il tarixdə AR Barmek Azərbaycan Elektrik Şəbəkəsi MMC ilə Sumqayıt Dövlət Universiteti arasında texniki şərt imzalanmışdır. Zəka MTK ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında bağlanmış müqaviləyə əsasən Zəka MTK podratçı təşkilat kimi SDU-nun yaxınlığında yerləşən Sumqayıt şəhəri, 43-cü məhəllədə SDU-nun müəllimləri üçün yüksək mərtəbəli bina tikməli idi. Binanın tikintisinin gedişi zamanı SDU ilə X4 İdarəsi arasında gələcəkdə binaya veriləcək elektrik enerjisi və elektrik enerjisi avadanlıqlarının miqdarı və yerləşdirilməsi barədə TX-11-062 nömrəli 26.01.2006-cı il tarixli Texniki şərt qəbul edilmişdir. Texniki şərtdə qeyd edilir ki, binaya yaxın ərazidə ayrıca transformator binası tikilməli və orada hər biri 400 kvA gücü olan iki transformator yerləşdirilməlidir. Texniki şərtə görə xüsusi sayğac qoyulmalı olan işlədicilər üçün (işıqlandırma, lift və sair kommunal işlədicilər) ayrıca sayğac qoyulmalıdır. Texniki şərtə görə “istifadə olunacaq bütün avadanlıqlar yeni və istifadə olunmamış olmalıdır. Avadanlıqlar "xxxx" MMC ilə razılaşdırılmalı və onun spesifikasiyalarına uyğun gəlməlidir. Yeni TM, hər iki tərəfin razılığı əsasında "xxxx" MMCnin balansına verilə bilər. Texniki şərtlərin yerinə yetirilməsi, obyektin şəbəkəyə birləşdirilməsi və müqavilə bağlanması 18.11.2008-ci il tarixədək başa çatdırılmalı idi. Bu günə qədər elektrik enerjisi təchizatçısı tərəfindən elektrik qurğuları təvhil alınmamışdır. Bundan başqa, texniki şərtdə göstərildiyi kimi, binanın su təchizatı, liftlərin işlədilməsi və dəhlizlərin işıqlandırılması üçün ayrıca elektrik hesabat sayğacı quraşdırlmamışdır. Bu da müəyyən çətinliklərə səbəb olur. Belə ki, binada yaşayan sakinlər və kommersiya təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin miqdarı çıxıldıqdan sonra iddiaçıya hesab faktura təyin olunur. Bu hesab faktura ilə reallıq arasında böyük fərq yaranır. Ekspertizaya təqdim edilmiş hesabat ödəniş (663652204, 659762102, ********* nömrəli) vərəqlərindən görünür ki, abunə kodu **********4 olan "xxxx" MTK-nın çoxmərtəbəli yaşayış binası üçün təxminən bir aylıq (28-30 günlük) elektrik enerjisinin sərfi bir neçə dəfə artıqla hesablanmışdır (16 502 kWh, 26642 kWh, 14430 kWh). Beləliklə, iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış binasında quraşdırılmış 4 ədəd liftin, 2 ədəd su nasosunun və 4 blokunun işıqlandırma şəbəkəsində quraşdırlmış («Энергомера» ЦЭ6803В markalı **********00154 nömrəli) elektrik sayğacının göstəricilərinə görə, həmin elektrik enerji qəbuledicilərinin bir günlük sərfiyyatı 104,76 kWh, orta hesabla bir aylıq (30 günlük) sərfiyyatı isə 3142,8 kWh (104,76 kWh x 30 gün = 3142,8 kWh) təşkil edir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, "xxxx" ASC-nin Sumqayıt regional idarəsi yuxarı təşkilata aldığı və satdığı enerji barədə hər ayın sonu balans təqdim edir. Cavabdeh isə müsbət saldolu balansı tərtib edir, sonra isə sayğacların faktiki göstəricilərini nəzərə almadan sərfiyyatı tərtib etdikləri balansdakı sərfıyyata uyğunlaşdırırlar ki, bundan da abonentlər zərər çəkir. Qanunla isə öncə faktiki sərfıyyatlar (sayğac göstəriciləri) balans sərfıyyatlar götürülməli, onların əsasında balans tərtib olunmalıdır. AR Tarif Şurasının müəyyən etdiyi tariflərə görə əhaliyə verilən elektrik enerjisinin 1 KVT-nın dəyəri (əhali üzrə) sərfiyyatdan asılı olaraq 007-008 qəpik intervalında ola bilər. Lakin cavabdeh ana xəttdən daxil olan sərfıyyatın hamısını 009 qəpikdən hesablayır. Əgər aylar-illər üzrə hesablanarsa, bu çox böyük rəqəmə (manat ifadəsinə) gətirib çıxarır. Sərfiyyat o vaxt 009 qəpikdən hesablana bilər ki, bütün abonentlər (əhali nəzərdə tutulur) ayda hamısı eyni miqdarda 600 kv elektrik enerjisi sərf etmiş olsun ki, bu da qeyri mümkündür. "xxxx" ASC 2019-cu ilin iyul ayına "xxxx" MTK-nın 62746,61 manat borclu olduğunu göstərmişdir. Azərişığın təqdim etdiyi uçot haqqında hesabatdan göründüyü kimi, 2015-ci ilin iyul ayına olan borc 35.346 manat təşkil edib. Həmin məbləğin açıqlaması "xxxx" ASC-də də yoxdur. Bu vəsait dondurulmalı və ya silinməlidir. Apelyasiya baxışı zamanı iddiaçının direktoru Nümayəndə3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmişə işıq borcunu aylarla ödəmiş, onlara məxsus elektrik enerjisi sərfiyyatının dəqiq aparılması üçün dəfələrlə “Azərişıq" ASC-yə müraciət etmiş və ayrıca elektrik sayğacı çəkilməsini xahiş etsə də, müraciətindən imtina olunmuşdur. Ona “Azərişıq" ASC rəhbərliyi dəfələrlə bildirmişdir ki, hər ay 200-300 manat ödənişlər etməsi kifayətdir. İddiaçı da hər ay 250-300 manat məbləğində ödənişlər etmişdir. Hətta bir dəfə sakinlər işiğın kəsilməsi təhlükəsi qarşısında qalanda, o birdəfəlik olmaqla 3000 manat ödəniş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı yalnız lift, su nasosu və binanın dəhlizinin işıqlandırılması üçün istifadə olunan elektrik enerjisi üçün ödənişlər edir, lakin cavabdeh əhali və qeyri-əhali abonenti üçün olan və onlar tərəfindən ödənilməmiş borcun qalığını da iddiaçıya hesablamış və nəticədə yüksək məbləğdə borc hesablanmışdır. Qalıq 35000 manat borc isə Azərenerji ASC-dən "xxxx" ASC-yə keçən və illərlə həmin qaydada əsassız olaraq hesablanmış borcdur. Həmin borcları təsdiq edəcək heç bir sənəd cavabdeh tərəfindən təqdim olunmamışdır. ЭнергоMepa ЦЭ36803B markalı **********00154 nömrəli sayğac MTK-ya məxsus yaşayış binalarının lift, su nasosları və girişlərin işıqlandırması üçündür. Hər ay cavabdehin əməkdaşları həmin sayğaca baxış keçirərək iddiaçıya aid olan borcu hesablamış, iddiaçı da hər ay 250-300 manat cıvarında ödənişlər etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə (abonent kodu **********4) hesablanmış 63654 (altmış üç min altı yüz əlli dörd) manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi rədd edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, "xxxx" MTK Sumqayıt şəhəri ərazisində tikdirdiyi çoxmərtəbəli binanı elektrik enerjisi ilə təmin etmək üçün həmin binanın həyətində yarımstansiya tikərək, onu transformatorla təchiz etmişdir. Çoxmərtəbəli yaşayış binasına elektrik enerjisi məhz həmin transformatordan verilir. Həmin bina üçün quraşdırılmış elektrik-hesabat sayğacları vasitəsi ilə həm bilavasitə istehlakçı olaraq "xxxx" MTK-ya aid sahələrin, yəni 4 ədəd liftin və 2 ədəd su nasosunun işlədilməsində və binanın 4 dəhlizinin (“blok”unun) işıqlandırmasında istifadə olunan elektrik enerjisinin və eləcə də, binaya aid 192 əhali abonentinin və 11 qeyri-əhali abonentinin istifadə etdiyi elektrik enerjisinin hesabatları aparılır və istehlakçı "xxxx" MTK tərəfindən sayğacların qeydə aldığı sərfiyyatlar üzrə aylar üzrə mütəmadi olaraq ödənişlər aparılmışdır. "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 07 may 2019-cu il tarixli 3697 nömrəli məktubda sonuncunun elektrik enerjisinə görə 01 may 2019-cu il tarixinə cəmi 63654 manat məbləğində ümumi borcunun, 07 iyun 2019-cu il tarixli 3817 nömrəli məktubda 01 iyun 2019-cu il tarixinə cəmi 61436,92 manat məbləğdə ümumi borcunun, 15 iyul 2019-cu il tarixli arayışda isə 15 iyul 2019-cu il tarixinə cəmi 61437,74 manat məbləğdə ümumi borcunun olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş 01.05.2015-26.10.2021 tarixləri arasındakı ödənişlərin tiplər üzrə ayırımından görünür ki, iddiaçı tərəfindən hesablanmış sərfiyyata görə hər ay ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməmiş və hesab etmişdir ki, iş üzrə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizası keçirilsə də, həmin ekspertiza ilə əlaqədar verilmiş 06 iyul 2020-ci il tarixli 10/304 nömrəli və 16 may 2021-ci il tarixli 9/3559 nömrəli ekspert rəyləri ilə "xxxx" MTK-ya aid Abunə haqqında Məlumatda (abonent kodu: **********4) olan istehlak edilən elektrik sərfiyyatlarının hesabat məlumatlarının və həmin sərfiyyatlara görə edilmiş ödənişlər üzrə məlumatların düzgün olmaması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" MTK tərəfindən ödənilən pul vəsaitləri üzrə silinmələr ümumi borc məbləğindən aparılmış və bu səbəbdən də, ödənilən pul vəsaitlərinin məhz İstehlakçıya (Abonentə) hesablanmış elektrik sərfiyyatı məbləğinin hansı hissəsindən çıxılmasının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası məhkəmənin ekspert rəyləri ilə "xxxx" MTK-ya aid Abunə haqqında Məlumatda (abonent kodu: **********4) olan istehlak edilən elektrik sərfiyyatlarının hesabat məlumatlarının və həmin sərfiyyatlara görə edilmiş ödənişlər üzrə məlumatların düzgün olmamasının müəyyən edilməməsi ilə bağlı dəlili ilə razılaşmır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizaları keçirilmiş, 06 iyul 2020-ci il tarixli 10/304 nömrəli və 16 may 2021-ci il tarixli 9/3559 nömrəli ekspert rəyləri məhkəməyə daxil olmuşdur. 06 iyul 2020-ci il tarixli 10/304 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, "xxxx" MTK-ya məxsus yaşayış binasının lift, su nasosları, girişlərin və həyətin işıqlandırma şəbəkəsinə, eləcə də həyətində yerləşən qapalı elektrik yarımstansiyaya baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yarımstansiyanın 6 kV-luq paylayıcı quruğularının yerləşdiyi otaqda elektrik lövhələrin (qutuların) içərisində iki ədəd elektrik sayğacları quraşdırılmışdır. Elektrik lövhələr paylayıcı qurğuların yuvaların ön tərəfində bərkidilmişlər. Lövhələrin (qutuların) qapıları plastik möhür ilə möhürləndiyindən onlara baxış keçirilməsi mümkün olmamışdır. Yarımstansiyanın 0,4 kV-luq paylayıcı qurğularının yerləşdiyi otağında 6 ədəd elektrik sayğacları quraşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, onlardan biri ЭнергоMepa CE-101 markalı **********60199 nömrəli sayğac qadın salonunun, «VİCO» markalı iki ədəd 02817388 və ******* nömrəli elektrik sayğacı «Doktor Az» qeyri-yaşayış sahəsinin, bir ədəd "xxxx" markalı 20928638 nömrəli sayğac MTK-nın qaraj qapısının, bir ədəd ЭнергоMepa ЦЭ36803B markalı **********00154 nömrəli sayğac isə MTK-ya məxsus yaşayış binalarının lift, su nasosları və girişlərin işıqlandırmasınındır. Bir ədəd "xxxx" tipli eletkrik sayğacı isə elektrik dövrəsindən ayırılmış vəziyyətdədir. Qeyri-yaşayış sahələrinin elektrik sayğacları "xxxx" ASC-nin qeydiyyatda, digərləri isə qeydiyyatda deyildilər. Bundan başqa, yarımstansiyadan elektrik enerjisi ilə təchiz olunan digər qeyri-yaşayış sahələrinin hesabat elektrik sayğacları onların içərisində, yaxud yaşayış binalarının içərisində quraşdırılmışdır. Bu obyektlərin sayı 8 ədəddir. Ekspert tərəfindən "xxxx" MTK-nın məhlə komitəsinin sədri X1 yaşayış binasının liftlərin, su nasosların və girişlərin işıqlandırma qurğularının sayı, növü, gücü barədə texniki sənədlərin, eləcə də onların işləmə rejimi barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Bununla yanaşı, elektrik yarımstansiyada yaşayış binaların lift, su nasosları və girişlərin işıqlandırmasına sərf olunan elektrik enerjisinə nəzarət edən ЭнергоMepa ЦЭ6803B markalı **********00154 nömrəli elektrik sayğacı quraşdırıldığından, həmin sayğacın bir günlük (24 saatlıq) qeydə alınmış elektrik enerji sərfiyyatı barədə göstəricilərin verilməsi xahiş olunmuşdur. Ekspertizaya əlavə olaraq təqdim edilmiş su nasoslarının pasportlarında mühərrikin (nasosun) gücünün 0,75 kW (işçi təzyiqi 6 Bar olduqda), liftlərin texniki pasportlarda sərnişin liftinin 7,67 kW (7,5 kW lift mühhərikinin, 0,12 kW kabina qapılarının), yuk liftinin isə 12,5 kW olduğu görünür. Bina girişlərindəki dəhlizlərin işıqlandırması LED tipli işıqlanma çıraqlara keçirildiyi üçün, həmin çırağın karton qutusu ekspertizaya təqdim edilmiş və qutununun üzərində yazılmış texniki göstəricilərinə görə çırağın elektrik gücünün 6 W olduğu müəyyən edilmişdir. Ekspertizaya əlavə olaraq təqdim edilmiş "xxxx" MTK-nın sədri Nümayəndə3 18 may 2020-ci il tarixli 14 №-li arayışından görünür ki, "xxxx" MTK-nın istifadəsində olan iki su nasosu növbə əsasında, sistemdə 9 atmosfer təzyiq yarandıqdan sonra dayanır, təzyiq aşağı düşdükdə digər nasos işə düşür. Ümumilikdə su nasosu sutka ərzində 3-4 saat işləyir. Dəhlizin işıqlandırması yaz-yay aylarında 20.00-dan səhər saat 06.00-a qədər, payız-qış aylarında saat 19.00-dan səhər saat 07.00-a qədər həyata keçirilir. Lift 45 saniyəyə 12-ci mərtəbəyə qalxır. Lakin həmin arayışda liftin sutkada orta hesabla neçə saat işləməsi, binanın girişlərinin dəhlizlərində elektrik çıraqların sayı barədə məlumatlar verilməmişdir. Buna baxmayaraq, həmin arayışda, baxış zamanı elektrik yarımstansiyada "xxxx" MTK-nın yaşayış binaların lift, su nasosları və girişlərin işıqlandırmasına sərf olunan elektrik enerjisinə nəzarət edən ЭнергоMepa ЦЭ6803B markalı **********00154 nömrəli sayğacın bir sutka (24 saat) ərzində sərf edilmiş elektrik enerjisinin göstəriciləri verilmişdir. Həmin göstəricilərdən görünür ki, baxış keçirildikdən sonra 15 may 2020-ci il tarixdə həmin elektrik sayğacının göstəricisi 0578706,24 kWh, 24 saatdan sonra, yəni 16 may 2020-ci il tarixdə isə həmin göstərici ******* kWh olmuşdur. Qeyd olunan göstəricilərin fərqinə görə bir gün (24 saat) ərzində lift, su nasosları və girişlərin işıqlandırmasına sərf olunan elektrik enerjisi orta hesabla 104,76 kWh (0578811 - 0578706,24 = 104,76 kWh) təşkil edir. Belə olan halda bir ay (30 gün) ərzində, "xxxx" MTK-nın yaşayış binaların lift, su nasosları və girişlərin işıqlandırmasına sərf olunan elektrik enerjisi orta hesabla 3142,8 kWh (104,76 kWh x 30 gün = 3142,8 kWh) təşkil edir. Ekspertizaya materiallarla təqdim edilmiş, hesabat ödəniş (663652204, 659762102, ********* nömrəli) vərəqlərindən görünür ki, abunə kodu **********4 olan "xxxx" MTK-nın çoxmərtəbəli yaşayış binası üçün təxminən bir aylıq (28-30 günlük) elektrik enerjisinin sərfi bir neçə dəfə artıqla hesablanmışdır (16 502 kWh, 26642 kWh, 14430 kWh). Beləliklə, iddiaçı "xxxx" MTK-ya məxsus yaşayış binasında quraşdırılmış 4 ədəd liftin, 2 ədəd su nasosunun və 4 blokun işıqlandırma şəbəkəsində quraşdırlmış (ЭнергоMepa ЦЭ6803B markalı **********00154 nömrəli) elektrik sayğacının göstəricilərinə görə, həmin elektrik enerji qəbuledicilərinin bir günlük sərfiyyatı 104,76 kWh, orta hesabla bir aylıq (30 günlük) sərfiyyatı isə 3142,8 kWh (104,76 kWh x 30 gün = 3142,8 kWh) təşkil edir. (Enerjinin illər üzrə dəyişən qiyməti nəzərə alınmaqla 3142,8 kWh x 0.07 qəpik= 219,99 qəpik, 3142,8 kWh x 0.08 qəpik= 251,42 qəpik, 3142,8 kWh x 0.09 qəpik=282.85 qəpik.) Göründüyü kimi, "xxxx" MTK tərəfindən aylıq sərfıyyata görə edilmiş ödənişlər mühəndis-texniki ekspertizası ilə müəyyən edilmiş aylıq sərfıyyata (3142,8 kvt) uyğun olmuşdur. Bundan başqa, məhkəmə kollegiyasına cavabdeh "xxxx" ASC tərəfindən "xxxx" MTK-nın müraciətinə cavab olaraq 10.11.2021-ci il tarixli 482 saylı məktubla "xxxx" MTKda faktiki olaraq yaşayan abonentlərin adlı siyahısı, aylıq sərfiyyatları göstərilməklə 2019- 2020 və 2021-ci illəri əhatə etməklə elektron formada arayış təqdim olunmuşdur. Həmin arayışla təqdim olunmuş məlumatlar və iddiaçının nümayəndələri tərəfindən təqdim olunmuş aylar üzrə hesab ödəniş vərəqləri və 192 əhali abonentinin hər ay üzrə sayğac göstəricilərinin müqayisəli təhlili göstərir ki, sayğac göstəriciləri ilə hesab ödəniş vərəqində əhali abonenti üçün hesablanmış göstəricilər arasında kəskin fərq mövcuddur. Belə ki, iddianın verildiyi tarixdən etibarən aşağıdakı aylar üzrə fərqlər müvafiq qaydada müşahidə olunmuşdur. 23.01.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqi üzrə yanvar ayı üçün əhali üçün hesablamalar 40.500 Kv olduğu halda, həmin vərəqə əlavə edilmiş əhali abonentinin 2019-cu ilin yanvar ayı üzrə sayğac göstəricisi 81906 Kv olmuşdur. 19.02.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqi üzrə fevral ayı üçün əhali üçün hesablamalar 32.000 Kv olduğu halda, həmin vərəqə əlavə edilmiş əhali abonentinin 2019-cu ilin fevral ayı üzrə sayğac göstəricisi 36886 Kv olmuşdur. 19.04.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqi üzrə aprel ayı üçün əhali üçün hesablamalar 34.000 Kv qeyd olunduğu halda, həmin vərəqə əlavə edilmiş əhali abonentinin 2019-cu ilin fevral ayı üzrə sayğac göstəricisi 35423 Kv olmuşdur. Beləliklə, təqdim edilmiş sənədlərlə yalnız 2019-cu il üzrə sayğac göstəriciləri aylar üzrə cəmi 419,114 Kv təqdim edilmiş hesab-faktura üzrə isə 367,184 Kv olmuş, yaranmış fərq isə 51930 Kv təşkil etmişdir.(419,114-367,184=51930 Kv X 0,09 q=4,673,7 manat) Analoji uyğunsuzluqlar və ümumiyyətlə əhali abonentinə sərfiyyat hesablanmaması 2015-2018-ci illər üzrə təqdim edilmiş hesab ödəniş vərəqlərində də olmuşdur. Belə ki, həmin illərə aid olan 27.01.2016 tarixli ********* nömrəli, 18.07.2016 tarixli ********* nömrəli, 22.08.2016 tarixli ********* nömrəli, 31.10.2016 tarixli ********* nömrəli, 28.02.2017 tarixli ********* nömrəli, 20.07.2017 tarixli 58704036 nömrəli, 22.01.2018 tarixli ********* nömrəli, 21.02.2018 tarixli ********* nömrəli, 18.04.2018 tarixli ********* nömrəli hesab ödəniş vərəqlərində müxtəlif aylar üzrə əhali abonenti üçün sərfiyyat 0 (sıfır) kimi göstərilmişdir. Göründüyü kimi, 192 əhali abonenti olan yaşayış kompleksində 0 (sıfır) sərfiyyat qeydi reallığı əks etdirmir. İddiaçının 2015-ci il tarixə yaranan borcları da analoji qaydada yarandığından, həmin borcların yaranma əsası cavabdeh tərəfindən sübut olunmadığından məhkəmə kollegiyası həmin borcları əsassız hesab edir. Bundan başqa, işin mübahisəsiz halıdır ki, elektrik enerjisindən 11 qeyri-yaşayış obyekti istifadə edir. Lakin təqdim edilmiş hesab ödəniş vərəqlərində çıxılan sayğaclar bölməsində Glass MMC, İnşaat malları satışı, Ofis tədris mərkəzi və s. kimi cəmi 9 qeyriyaşayış obyektinin adı qeyd olunmuşdur. Digər 2 qeyri-yaşayış obyekti ilə bağlı isə vərəqələrdə heç bir məlumat qeydə alınmamışdır. Məhkəmə kollegiyasına iddiaçının direktoru "xxxx" ASC-yə qarşı texniki avadanlıqların balansa qəbul edilməsi, binanın kommunal xidmətləri ilə bağlı sərf edilmiş elektrik enerjisinin hesablanması üçün sayğacın quraşdırılması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmələri barədə sənədlər təqdim etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 10.02.2021-ci il tarixli məktubunun məzmunu ilə müəyyən olunur ki, iddiaçı Sumqayıt şəhərinin 43-cü məhəlləsində çoxmənzilli yaşayış binasının enerji təchizatı üçün quraşdırılmış transformatorların "xxxx" ASC-nin balansına qəbul edilməsi, binadakı əhali abonentlərinin bir aylıq sərfiyyatının yoxlanılması və baş sayğacın göstəricisindən çıxılması barədə "xxxx" ASC-yə müraciət etmiş, lakin imtina cavabı almışdır. "xxxx" MTK həmin iddia ərizəsində qeyd etmişdir ki, texniki şərtdə göstərildiyi kimi, binanın su təchizatı, liftlərin işlədilməsi və dəhlizlərin işıqlandırılması üçün ayrıca elektrik hesabat sayğacı quraşdırılmaması səbəbindən binada yaşayan sakinlər və kommersiya təşkilatlarının istehlak etdikləri elektrik enerjisinin miqdarı çıxıldıqdan sonra iddiaçıya hesab faktura təyin olunur və həmin hesab faktura ilə reallıq arasında böyük fərq mövcud olur. Bu səbəbdən yuxarıda göstərilən kommunal xidmətlərə görə ayrıca elektrik enerjisi qoyulmalıdır. Sumqayıt şəhəri ərazisində yerləşən bütün MTK-larda su nasosları üçün, liftlər üçün, dəhlizin işıqlandırılması üçün ayrı-ayrı sayğaclar quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “elektrik enerjisinin istifadə qaydalarıının” 10.17-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texniki qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “X6 İdarəsinin” səlahiyyətli nümayəndələrinin tələblərinə vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən, hesablaşma, elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarının (ölçü transormatorları vasitəsilə) qoşulduqda qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik onların quraşdırdığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq, istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların mənasına görə cavabdeh enerji təchizatı müəssisəsi yalnız istifadə olunmuş elektrik enerjisinə görə haqq tələb edə bilər. Elektrik sayğacının uçotu pozulmamış, ona hər hansı bir müdaxilə edilmədiyindən istehlakçının təqsiri olmadan ona hesablanmış əlavə ödəniş qanunsuz və əsassızdır Həmin Qaydaların 8.10-cu bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Həmin Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə (abonent kodu **********4) hesablanmış 63654 (altmış üç min altı yüz əlli dörd) manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi rədd edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə (abonent kodu **********4) hesablanmış 63654 (altmış üç min altı yüz əlli dörd) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-152/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-152/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver