Məhkəmə qərarları › İş №2-2(105)-154/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-154/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-154/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "AzTexnika LTD” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "AzTexnika LTD” MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-43/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "AzTexnika LTD” MMC-yə qarşı “daşıma müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin ödəyəcəyi muzda əsasən və sifarişçinin hesabına beynəlxalq yük daşımalarını və yük daşınması ilə bağlı tərəflərin razılaşdırdığı digər xidmətləri yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öz üzərinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilənin 6-cı bölməsinə uyğun olaraq icraçının xidmət haqqının ödənilməsini həyata keçirmək sifarişçinin öhdəliyidir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmət göstərilməsi başa çatdıqda icraçı sifarişçiyə yerinə yetirilmiş işlərin hesabını təqdim edir. 6.1-ci bəndə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı çatdırılma zamanı boşaltmadan öncə sifarişçi tərəfindən 100% ödənilir. İcraçının bu müqavilə üzrə xidmətlərinin tarifi tərəflərin yazılı razılaşması əsasında dəyişdirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı sifarişçi bu müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən sənədləri aldıqdan və hər iki tərəf göstərilmiş xidmətlərin aktını imzaladıqdan sonra 3 bank günü ərzində sifarişçi tərəfindən sifarişdə göstərilmiş həcmdə ödənilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin icra olunmamasına və ya qeyri-müvafiq icra olunmasına görə tərəflər CMR Konvensiyasında, həmçinin bu Müqavilənin müddəalarında nəzərdə tutulmuş məsuliyyət daşıyır. İddiaçı tərəfindən cavabdehə invoyslar təqdim edilmiş, bir ildən artıq müddətin keçməsinə baxmayaraq invoysların ödənilməsi təmin edilməmişdir. Məsələ ilə bağlı daha öncə cavabdehə pretenziya məktubu təqdim edilmişdir. Qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmiş və ödənişlər həyata keçirilməmişdir. İddiaçı tərəfindən cavabdehə invoyslar təqdim olunmuş, təqdim olunmuş invoyslar üzrə ümumilikdə 34.001,17 avro məbləğində xidmət haqqının ödənilməsi bu günədək cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilənin 7.4-cü maddəsinə görə vaxtında ödəniş edilməməsi halında sifarişçi öhdəliyin yaranma tarixindən etibarən 90 gün ərzində hər gecikdirilən günə görə daşıyıcıya olan borcunun 0,1%, ödənişin 90 gündən çox gecikdirilməsi halında isə 2% həcmində cərimə ödəməyi öhdəsinə götürür. Odur ki, müqavilə üzrə ən aşağı cərimə həddini tətbiq edərək, təqdim olunmuş sənədlərə əsasən ödənilməli olan № 19040032 invoys üzrə gecikdirilmiş 495 gün üzrə 2.886 avro, № 19070007 invoys üzrə 427 gün üzrə 2.874 avro, № 19040035 invoys üzrə gecikdirilmiş 412 gün üçün 2.576 avro, № 19090026 invoys üzrə gecikdirilmiş 357 gün üzrə 2.725 avro, № 19090027 invoys üzrə gecikdirilmiş 349 gün üçün 2.127 avro, № 19100039 invoys üzrə gecikdirilmiş 307 gün üçün 447 avro, ümumilikdə 13.635 avro cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşıma müqaviləsi üzrə təqdim olunmuş invoyslara əsasən iddiaçıya ödənilməli olan 34.001,17 avro və hesablanmış 13.635 avro cərimə olmaqla, ümumilikdə 47.636.17 avro məbləğində vəsaitin cavabdehdən tutularaq, İddiaçıə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazını onunla əsaslandırmışdır ki, onlar müqavilə üzrə daşımaların həyata keçirildiyini inkar etmirlər. Lakin onlar bilmək istəyirlər ki, daşımaları kim həyata keçirib, yəni, İddiaçı yaxud başqa şirkət? Bundan başqa, tərəflər arasında bağlanılmış müqavilədə qiymətlər razılaşdırılmayıb. Ona görə də, "AzTexnika LTD” MMC-nin rəhbərliyi bilmək istəyir ki, iddia tələbində göstərilən məbləğ hansı qiymətlər əsasında müəyyənləşdirilib. Nəhayət, ödəməni həyata keçirmək üçün iddiaçı tərəf qanunla tələb olunan sənədlərin əslini təqdim etmir ki, onlar ödəməni yerinə yetirsinlər. Təqdim olunan sənədlər orijinal yox, surətdir və saxtalaşdırılıb. Qarşı tərəfin axırıncı dəfə təqdim etdiyi sənədlərin surətini götürüb və həmin sənədləri rəhbərliyə göstərdikdə ona məlumat verilib ki, bu sənədlər "AzTexnika LTD” MMC-yə də daxil olub. Lakin sənədlər əsl yox, skan versiyadır. İş materiallarında olan sənədlərdə üç növ möhür var. Təqdim olunan CMR sənədlərinin birindəki möhür "AzTexnika LTD” MMC-nin indiki möhürü ilə eynilik təşkil edir. Bu möhür 2018-ci ildən bu günə qədər istifadə olunan, yeni rəhbərliyin dövründə yaradılan möhürdür. Bu məsələ ilə rəhbərlik maraqlandıqda, həmin möhürün əsl möhürün skan olunmuş versiyası olduğu deyilib. Həmin sənəd əsl olmadığı üçün qəbul edilə bilməz. Möhür proqramla işlənib sənədin üzərinə yerləşdirilmiş ola bilər. Digər CMR sənədinə isə "AzTexnika LTD” MMC-nin köhnə, yəni 2018-ci ildə ləğv edilmiş möhürü vurulub. Kserosurət olan həmin sənədin tarixi isə 2019-cu ilin iyul ayına təsadüf edir. Başqa bir sənəddəki möhürün ottiski "AzTexnika LTD” MMC-nin hal-hazırda istifadədə olan, legitim möhürün ottiski ilə bənzərliyə malikdir. Lakin sənədin əsli olmadığına görə ekspertizaya göndərib möhürlərin üst-üstə düşüb-dümədiyini müəyyənləşdirmək mümkün deyil. İş materiallarındakı sənədlərdən görünür ki, məhkəməyə təqdim olunmuş həmin sənədlər də əsl deyil. Bundan əlavə, "AzTexnika LTD” MMC-nin əsl möhürü olan sənədin İddiaçınə aidiyyəti yoxdur. Həmin CMR sənədində İddiaçı malları daşıması, vasitəçilik etməsi və.s barədə heç bir qeyd yoxdur. O sənəd niyə sübut kimi məhkəməyə təqdim olunub, o da sual altındadır. Qarşı tərəfin təqdim etdiyi iş materiallarındakı sənədlər saxta sənədlərdir. Möhürlərin ottiski məsələsinə gəldikdə isə, sənədlər qeyri-qanuni pulların leqallaşdırılmasının, xaricə köçürülməsinin bir tərkib hissəsi olaraq saxtalaşdırılıb. Ona görə bu məsələlərə hüquqi qiymət verilib, müvafiq xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verilməlidir. "xxxx" MMC-də rəhbərlik dəyişdikdən sonra əsaslı yoxlamalar aparılıb. Yoxlamalar zamanı müəyyən olunub ki, xarici şirkətlərə ödənilən məbləğlər qanunsuz sənədlər əsasında həyata keçirilib. Bank həmin sənədlər əsasında ödəmə etmir. Məhkəmə prosesi gedişatında da təqdim olunan invoyslar "xxxx" MMC tərəfindən banka təqdim edilıb. Bank imtina məktubu göndərib ki, bu sənədlər əsasında ödəniş həyata keçirilə bilməz. Ona görə ödəniş həyata keçirilə bilməsi üçün bankın tələb etdiyi sənədlərin orijinalının təqdim olunması zərurəti yarandı. "xxxx" MMC-yə əgər sənədlərin əsli göndərilibsə, bu barədə qarşı tərəfdə sənəd olmalıdır. İddiaçı qeyri-leqal yolla Azərbaycandan valyuta çıxarmasına dair əsaslı şübhələr var. Bugünkü gündə İddiaçı "xxxx" MMC üçün mal daşımayıb, lakin pul istəyir. Ona görə ki, məhkəməyə təqdim edilmiş sənədlər əsl deyil, istinad edilən hallar sübut olunmur. Qarşı tərəf məhkəməyə aprel və sentyabr ayları arasında, 5 ay içərisində 3 fərqli möhür vurulmuş sənəd təqdim edib. Bəzi sənədlərdə isə kənarlaşmalar var, fotoşopla işlənilib. Əgər sənədlərin əslinin gətirilməsi mümkündürsə, gətirilsin və sübut etsinlər ki, İddiaçı "xxxx" MMC üçün mal daşıyıb. İnvoys birtərəfli aktdır. İnvoyslar CMR sənədləri əsasında verilir. CMR sənədləri saxtadırsa, invoyslar necə qəbul oluna bilər? Göstərilənləri nəzərə alaraq Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(119)- 43/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim X.Tağıyev). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-43/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddia tələbinin sübutu kimi tərəflər arasında olan elektron yazışmalar təqdim olunmuşdur. Həmin yazışmalardan açıq aydın görünür ki, iddia olunan hesab-fakturalar üzrə sifarişlər cavabdeh şirkətin əməkdaşları tərəfindən edilmişdir. Bütün yazışmalar cavabdeh şirkətə məxsus elektron poçt vasitəsilə həyata keçirilmişdir. Lakin cavabdeh şirkətin nümayəndəsi prosesdə email yazışmalarını sübut kimi qəbul etmədiyini səsləndirmişdir. Tərəflər arasında kommunikasiya müasir üsul və vasitələrlə mövcud olmuşdur. Daha sonra, “şirkətin əməkdaşlarının bu sifarişləri etməyə səlahiyyətlərinin olmaması” kimi absurd bir iddia ortaya atılmışdır. Bütün yazışmalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan poçt ünvanı vasitəsilə aparılmışdır. Yəni, əməkdaşlar şəxsi emaildən deyil, işəgötürən tərəfindən onlara açıq giriş (parol) verildiyi iş email vasitəsilə sifarişləri iddiaçıya göndərmişlər. Bu yazışmalardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu maraqlandıran sifarişlər barədə iddiaçıya məlumat vermiş, bu sifarişlərin yerinə yetirilməsi üçün ödəniləcək xidmət haqqı məbləğinin açıqlanmasını xahiş etmişdir. İddiaçı ona email vasitəsilə göndərilən sifarişi dəyərləndirdikdən sonra yekun məbləği cavabdeh şirkətin əməkdaşına təqdim etmişdir. Bundan sonra cavabdeh şirkətin əməkdaşı həmin qiymətlə razı olduğunu bildirdikdən sonra sifariş həyata keçirilmişdir. Mübahisə predmeti olan 6 sifarişi çıxmaq şərtilə əvvələr tərəflər arasında sağlam işgüzar münasibətlər olmuş, bu kimi xoşagəlməz hallar yaşanmamışdır. Lakin qəflətən son 6 sifariş üzrə ödənişlərin həyata keçirilməməsi aşkar edildikdə və bu barədə cavabdeh şirkətə məlumat verildikdə sonuncu buna heç bir reaksiya verməmişdir. Artıq məhkəmə iclası zamanı cavabdeh şirkətin nümayəndəsi bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində rəhbər dəyişikliyi olmuş, yeni rəhbərlik özündən əvvəlki dövrdə olan əməliyyatlara şübhə ilə yanaşmış, bu səbəbdən ödəniş etməkdən imtina etmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə qeyd edir ki, cavabdehin nümayəndəsi malların daşınması faktını qəbul etmişdir. Belə olan halda mübahisə üçün hər hansı əsasın qalmamasını fikirləşmək mümkündür, lakin məhkəmə dərhal təqdim olunan sənədlərin rəngli kserosurət olmasını vurğulayır. Mübahisənin məğzi ondadır ki, mallar daşınıb və cavabdeh şirkətin ünvanına çatdırılıb. Bu faktı cavabdehin nümayəndəsi də mübahisə etmir, edə də bilməz. Sadəcə cavabdeh bu daşımalara görə ödəməli olduğu pulu ödəməmək üçün istənilən bəhanələr gətirirdi. Daha sonra, məhkəmə qeyd edir ki, hesab-fakturaların cavabdehə təqdim olunmasına dair sübut təqdim edilməmiş, təhvil-təslim aktı cavabdeh tərəfindən təsdiq olunmamışdır. Halbuki bütün hesab-fakturalar elektron qaydada qarşı tərəfə çatdırılmışdır. Bu mübahisəyə qədər əvvələr tərəflər arasında sənədləşmə elektron qaydada aparılırdı. Hesab-fakturalar, təhvil-təslim aktları email vasitəsilə cavabdehə çatdırılırdı. Cavabdeh şirkət sənədləri qəbul edir, onları təsdiq edib banka təqdim edirdi. Bunun sübutu kimi 2018-ci ildə tərəflər arasında maliyyə əməliyyatlarının olmasını təsdiq edən Almaniya bankından olan arayış məhkəməyə təqdim olunmuşdur. Sənədlərin poçtla çatdırılmaması sadəcə bir bəhanədir. Təhvil-təslim aktlarına gəldikdə vurğulamaq lazımdır ki, cavabdeh daşınmış malları qəbul etsə də, qəsdən təhvil-təslim aktlarını təsdiq etməmişdir. Bunun səbəbi isə aydındır: üzərinə götürdüyü öhdəlyi icra etməmək. Daha sonra, məhkəmə qeyd edir ki, daşımalara görə qiymətlərin razılaşdırılmasına dair sübut təqdim olunmamışdır. Təqdim olunan elektron poçt yazışmalarında hər bir daşınmaya görə xidmət haqqı məbləği hər iki tərəf - iddiaçı və cavabdeh şirkətlərin nümayəndələri tərəfindən razılaşdırılmışdır. Əks təqdirdə hər hansı malların daşınmasından söhbət belə gedə bilməz. Daha sonra məhkəmə qətnamədə cavabdehin təqdim etdiyi "xxxx" ASC-nin cavab məktubuna istinad edir. Bir tərəfdən bu fakt iddiaçının öz üzərinə götürdüyü öhdəliklərini icra etdiyini sübut edir. Əks təqdirdə cavabdeh ümumiyyətlə ödənişlə bağlı banka müraciət etməməlidir. Digər tərəfdən xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Mərkəzi X1 28.11.2016-cı il tarixli 45/1 saylı Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesabfaktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edildikdə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aparıla bilər. Bu o deməkdir ki, cavabdeh şirkət banka xarici valyutada əməliyyatların aparılmaması üçün bilərəkdən tələb olunan sənədləri verməmişdir. Çünki, əvvəllər tərəflər arasında ödənişlərlə bağlı heç bir problem olmamış, hətta bunu təsdiq edəcək sənədlər Almaniya bankından məhkəməyə təqdim edilmişdir. Həmin sənədə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməli olan ödənişlər normal qaydada həyata keçirilmişdir. Tərəflər arasında sabit maliyyə dövriyyəsi olmuşdur – iş yerinə yetirilir və bunun müqabilində xidmət haqqı ödənilirdi. Daha sonra, cavabdehin nümayəndəsi etiraf etdi ki, öhdəliyi icra etməmək səbəbi şirkətdə baş vermiş rəhbər dəyişikliyidir. Yeni rəhbər keçmiş rəhbərin fəaliyyətinin qanuni olmasından şübhələnmişdir. Həqiqətən də əvvəlki rəhbərliyin fəaliyyəti dövründə hər hansı maliyyə əməliyyatları şübhə doğurursa, hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin icra edilməməsi üçün belə bəhanələr yolverilməzdir. Digər tərəfdən, Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Cavabdeh şirkət Məhdud Məsuliyyətli Cəmiyyətdir və bu o deməkdir ki, yeni rəhbərlik özündən əvvəlki dövrdə olan əməliyyatlara şübhə ilə yanaşa bilər. Amma daşıma müqaviləsi MMC ilə bağlanmış və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məhz bu şirkət məsuliyyət daşıyır. Səmərəsiz və ya şübhəli əməliyyatlara görə MMC-yə ziyan dəysə, belə faktlarla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır. Bu mübahisədə isə tam əsassız olaraq hansısa şübhələrə görə icra olunmuş sifarişlərə görə ödənilməli olan pulun köçürülməməsi qəbuledilməzdir. Cavabdeh şirkətin nümayəndəsi məhkəmə araşdırması zamanı sədrlik edən hakimin- “sifarişlər icra olunubmu?” sualına həmişə icra olunub cavabını vermişdir. Başqa sözlərlə, iddia tələbi cavabdeh tərəfindən etiraf edilmişdir. İddia ərizəsində qeyd olunan 6 hesabfakturada əks olunan məbləğlər cavabdeh şirkət ilə qabaqcadan, sifarişin yerinə yetirilməsindən əvvəl razılaşdırılmışdır. Belə ki, təqdim olunmuş email yazışmalarından açıq-aşkar görünür ki, cavabdeh şirkətin əməkdaşı sifarişin yerinə yetiriləcək xidmət haqqı məbləği ilə maraqlanır. Həmin insana sifarişin daşınması üçün məbləğ və digər xərclər əlavə olunaraq yekun bir məbləğ təqdim olunur. Bundan sonra cavabdeh şirkətin əməkdaşı bu məbləğ ilə razı olduqlarını bildirərək, sifarişin yerinə yetirilməsini tapşırmışdır. İş məhz bu ardıcıllıqda olmuş və təqdim olunan emaillərdə tarix və vaxt ilə öz təsdiqini tapır. Bu formada iddiada qeyd olunan 6 hesab-faktura üzrə bütün danışıqlar olmuş, hər bir məbləğ barəsində cavabdeh şirkət öz razılığını bildirmişdir. Bu səbədən qətnamə əsassızdır. Tərəflərin izahatları: apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi və bildirdi ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşıma müqaviləsinin 1.1-ci bəndinə görə İcraçı Sifarişçinin ödəyəcəyi muzda və Sifarişçinin hesabına beynəlxalq yük daşımalarını və yük daşınması ilə bağlı tərəflərin razılaşdırdığı digər xidmətləri yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi öz üzərinə götürür. Həmin Müqavilənin 1.3- cü bəndinə əsasən icraçı bu Müqavilə üzrə vəzifələrin icrasına üçüncü şəxsləri cəlb edə bilər. Araşdırılan mübahisədə cavabdehin maraqlarını təmsil edən nümayəndə qeyd etmişdir ki, sifarişlər iddiaçı deyil, başqa şirkətlər tərəfindən icra olunduğundan ödənilməli olan ödənişlərin İddiaçınə aidiyyatı yoxdur. Halbuki cavabdeh 03 Aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşıma müqaviləsinə imza atmaqla Müqavilə üzrə vəzifələrin icrasına üçüncü şəxslərin cəlb olunmasına razılıq vermişdir. Almaniya Bankı olan və iddiaçının bank hesabının olduğu “Volksbank Spree-Neiße eG”-dən maliyyə arayışında cavabdehin sifariş etdiyi malların üçüncü şəxslər–ekspeditor şirkətləri tərəfindən daşındığına görə İddiaçı tərəfindən onlara ödədiyi pul məbləğləri və ödəmələrin tarixləri öz əksini tapmışdır. Məhkəməyə həm maliyyə arayışı, həm də arayışda göstərilən hər bir maliyyə əməliyyatını təsdiq edən dövriyyə sənədi təqdim olunur. Bundan başqa, cavabdehin sifarişi əsasında malın satıcıdan anbara qədər, oradan isə Azərbaycana daşınmasına görə iddiaçının ekspeditor şirkətlərinə etdiyi ödənişləri təsdiq edən hesab-fakturalar təqdim olunur. Hər bir sifarişi ayrıca tədqiq etməklə, belə nəticəyə gəlinir ki, iddiaçı “Lion Group” cavabdeh "xxxx"-dən: 1. RE19040032 üzrə 5830 avro 2. RE-19070007 üzrə 6731 avro 3. RE-19090027 üzrə 6095 avro 4. RE-19070035 üzrə 6254 avro 5. RE-19090026 üzrə 7632 avro 6. RE-19100039 üzrə 1459.17 avro- ümumilikdə bütün 6 hesab-faktura üzrə 34 001.17 avro pul ödənilməli idi. Bu məbləğə cərimə olaraq 13 635 Avro əlavə olunduqda, ümumilikdə 47 636.17 Avro pul əmələ gəlir. Cavabdeh "AzTexnika LTD” MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, iş Sumqayıt Kommersiya Məhkəməsində 9 ay araşdırılmışdır. "xxxx" MMC əvvəlki idarəediciləri tərəfindən korrupsiyaya uğradığından həmin MMC-də yoxlamalar başlamışdır. Auditlə müəyyən olunub ki, xarici şirkətlərə pul ötürülmüş, lakin xidmətlər göstərilməmişdir. İddiaçı şirkət pulların yuyulması ilə məşğul olur. İddiaçı cavabdehə pretenziya göndərmiş, onlar da sənədləri qəbul etmiş və həmin sənədlər əsasında banka müraciət etmişlər. Məlum olmuşdur ki, sənədlər mötəbər deyildir. Təqdim edilən invoysda möhür yalnız özlərinə məxsus olmuşdur. Saxtalaşdırılmış sənədlər üzərindən xaricdə valyutanın çıxarılması baş vermişdir. Tərəf sənədin əslini təqdim etməyincə, ödəniş etmək kimi öhdəlikləri yoxdur. Mübahisə 3 ədəd CMR sənədi ilə bağlıdır. Lakin hər bir sənəddə fərqli möhürlər mövcuddur. Bu günə kimi həmin sənədlərin əsli məhkəməyə təqdim olunmamışdır. CMR sənədi 3 nüsxədə tərtib olunmalı, bir nüsxəsi daşıyan şirkətdə də olmalıdır. Cavabdehə də elə bir sənəd təqdim olunmamışdır. Sənədlərin əsli təqdim olunsaydı, ödənişlər edə bilərdilər. Bank da həmin sənədlərlə ödəniş qəbul etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(119)- 43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsi bağlanmışdır. Həmin daşınma müqaviləsindən görünür ki, icraçının bu müqavilə üzrə xidmətlərinin tarifi tərəflərin yazılı razılaşması əsasında dəyişdirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən icraçının bu müqavilə üzrə göstərdiyi xidmətlərin haqqı sifarişçi bu müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində göstərilən sənədləri aldıqdan və hər iki tərəf göstərilmiş xidmətlərin aktını imzaladıqdan sonra 3 bank günü ərzində sifarişçi tərəfindən sifarişdə göstərilmiş həcmdə ödənilir. İş materiallarında olan 03.04.2019-cu il tarixdə tərtib olunmuş 20190122 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 27.03.2019-cu il tarixli, 541790 və 541791 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 05.04.2019-cu il tarixdə tərtib olunmuş 20190122 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 27.03.2019-cu il tarixli, 541790 və 541791 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 10.06.2019-cu il tarixdə tərtib olunmuş 20190269 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 22.05.2019-cu il tarixli, 553461 və 553462 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 04.04.2019-cu il tarixdə tərtib olunmuş 20190310 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 11.06.2019-cu il tarixli, 556893 və 556894 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 31.08.2019-cu il tarixdə tərtib olunmuş 20190405_1 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 31.07.2019-cu il tarixli, 567326 nömrəli invoys əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 10.09.2019-cu il tarixdə tərtib olunmuş 20190409_1 nömrəli “CMR” sənədinin rəngli kserosurətindən görünür ki, 28.08.2019-cu il tarixli, 570592 və 570593 nömrəli invoyslar əsasında “JCB Sales LTD” tərəfindən "xxxx" MMC üçün mallar göndərilmişdir. İş materiallarında olan 25.04.2019-cu il tarixli, 19040032 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 5.830 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 02.07.2019-cu il tarixli, 19070007 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, “İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.731 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 22.07.2019-cu il tarixli, 19070035 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.254 məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 10.09.2019-cu il tarixli, 19090026 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 7.632 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 18.09.2019-cu il tarixli, 19090027 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki, İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 6.095 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan 30.10.2019-cu il tarixli, 19100039 nömrəli hesabfakturanın (invoysun) rəngli kserosurətindən görünür ki İddiaçı tərəfindən həyata keçirilmiş daşınmalara görə 1.459,17 Avro məbləğində pulun ödənilməsi "xxxx" MMC-yə təklif olunmuşdur. İş materiallarında olan elektron poçt yazışmalarından görünür ki, 2019-cu ildə müxtəlif vaxtlarda "xxxx" MMC-nin Gömrük və Logistika üzrə Baş mütəxəssisi Sərxan Kərimov, digər əməkdaşı Arzu Aslanbəyov və. s ilə İddiaçı əməkdaşları Dana Jaroszewicz-Czesnowska, Jessica Mason və.s şəxslər arasında qiymətlər və daşınma barədə danışıqlar aparılmışdır. İş materiallarında olan 03.02.2021-ci il tarixli məktubdan görünür ki, “Lion Group” (İddiaçı) Şirkətinin 2019-cu il aprel-oktyabr aylarında göstərdiyi daşınma xidmətlərinə görə təqdim olunan təhvil-təslim aktlarına əsasən ödənişin aparılmasına dair "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli AZT/X/478 nömrəli müraciət məktubuna cavab olaraq ”AFB BANK” ASC bildirmişdir ki, 34.021,17 EUR dəyərində yaranmış öhdəliyin dəyərinin ödənilməsi üçün banka təqdim olunan sənədlərdə təhvil-təslim aktları (25/04/2019 N:25, 02/07/2019 N:LP20190269, 18/09/2019 N:LP20190409, 10/09/2019 N:LP20190405, 30/10/2019 N:LP20190460, 22/07/2019 N:LP2********) imza və möhürlü olmadığından “xidmət göstərildikdən sonra dəyərin ödənişi” (payment) kimi icra etmək mümkün deyil. İş materiallarında olan 22.02.2018-ci il tarixli AZT001/05 nömrəli əmrin surətindən görünür ki, təsisçinin müvafiq qərarına əsasən "xxxx" MMC-nin yeni qanuni təmsilçisinin təyin edilməsi ilə əlaqədar təhvil-təslim zamanı müəyyən olunmuşdur ki, əvvəlki qanuni təmsilçi tərəfindən müəssisədə vizual görüntü ilə müşahidə olunan müxtəlif ottiskli möhürlər istifadə edilmişdir. "xxxx" MMC-nin bundan sonrakı fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək məqsədi ilə və vəzifə daşıyıcısının məsuliyyət dairəsini dəqiqləşdirməkdən ötrü müəssisədə yeni dizaynlı möhürün istifadəsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, "xxxx" MMC-nin cari möhürünün 22 fevral 2018-ci il tarixdən istifadəsinin dayandırılması və yeni dizaynlı möhürün hazırlanması üçün aidiyyəti quruma müraciət olunması əmr edilmişdir. İş materiallarında olan “Volksbank Spree-Neisse eG” tərəfindən verilən 15.06.2021-ci il tarixli ödəniş arayışının surətindən görünür ki, 01.06.2018-ci il, 13.06.2018-ci il, 04.08.2016-cı il, 29.08.2016-cı il tarixlərdə "xxxx" MMC tərəfindən İddiaçınə ödənişlər olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, tərəflər arasında daşıma müqaviləsinin mövcudluğu və həmin müqavilə əsasında daşımaların həyata keçirildiyi təsdiq olunsa da, daşımalarla bağlı qiymətlərin razılaşdırılmasına dair iddiaçı tərəfindən zəruri mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçı tərəf həmin qiymət razılaşmalarının tərəflər arasında artıq mövcud olan təcrübəyə əsasən hər iki şirkətin əməkdaşları arasında elektron poçt yazışmaları qaydasında həyata keçirildiyini bildirmiş, cavabdeh tərəf isə bu arqumenti qəbul etməyərək, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər hansı əməkdaşa daşımaların qiymətlərini müəyyən etmək səlahiyyəti verilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəməyə digər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə istinad edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanılmış 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsinə uyğun həyata keçirilmiş daşımalara dair LP20190460 №-li təsdiq aktından görünür ki, həmin aktda tərəflərin ekspeditorun öhdəliklərini lazımi şəkildə yerinə yetirməsi, ekspeditor tərəfindən göstərilən nəqliyyatekspedisiya xidmətlərinin keyfiyyətinin müvafiq razılaşma şərtlərinə cavab verdiyi və müştərinin ekspeditora etirazının olmaması barədə razılığa gəlməsi nəzərdə tutulmuş, lakin akt İddiaçı nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqlənsə də, "xxxx" MMC tərəfindən təsdiq olunmamışdır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesab-fakturalar (invoyslar), CMR sənədlər əsil deyil, kserosurətdir. Həmin sənədlərə vurulmuş möhürlər isə fərqlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarından görünür ki, “Lion Group” (İddiaçı) Şirkətinin 2019-cu il apreloktyabr aylarında göstərdiyi daşınma xidmətlərinə görə təqdim olunan təhvil-təslim aktlarına əsasən ödənişin aparılması üçün "xxxx" MMC 22 dekabr 2020-ci il tarixli AZT/X/478 nömrəli məktubla ”AFB BANK” ASC-yə müraciət etmiş, Bank isə cavabında bildirmişdir ki, 34.021,17 EUR dəyərində yaranmış öhdəliyin dəyərinin ödənilməsi üçün banka təqdim olunan sənədlərdə təhvil-təslim aktlarının (25/04/2019 N:25, 02/07/2019 N:LP20190269, 18/09/2019 N:LP20190409, 10/09/2019 N:LP20190405, 30/10/2019 N:LP20190460, 22/07/2019 N:LP2********) imza və möhürlü olmadığından “xidmət göstərildikdən sonra dəyərin ödənişi” (payment) kimi icra etmək mümkün deyil. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfə ödənişi həyata keçirmək üçün tələb olunan sənədlərin əslinin təqdim olunması təklif olunmuş, məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, lakin zəruri sənədlərin əsilləri təqdim olunmamışdır. Beləliklə, iddiaçı tərəf müqavilə üzrə həyata keçirilmiş daşımalarla bağlı qiymətlərin necə müəyyən olunmasına, iddia tələbində göstərilən məbləğin necə formalaşmasına dair mötəbər sübutlar təqdim etməmiş və bununla da, həmin xüsusatlara dair istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bundan başqa, apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Almaniya Bankı olan və iddiaçının bank hesabının olduğu “Volksbank Spree-Neiße eG”-dən maliyyə arayışında cavabdehin sifariş etdiyi malların üçüncü şəxslər–ekspeditor şirkətləri tərəfindən daşındığına görə İddiaçı tərəfindən onlara ödədiyi pul məbləğləri və ödəmələrin tarixləri barədə sənədlər təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış daşıma müqaviləsinə əsasən həyata keçirilmiş daşımalar üzrə ödənişlərlə bağlı qiymətlərin razılaşdırılmasına dair mötəbər sübutlar təqdim edilmədiyinə, eləcə də daşımaları təsdiq edən sənədlərin əsli təqdim olunmadığına və təqdim olunmuş kserosurətlər sübut kimi qəbul edilə bilmədiyinə görə apelyasiya şikayəti əsassız sayılaraq təmin olunmamalıdır. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən apelyasiya baxışı zamanı apelyasiya şikayətinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, əksinə, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə cavabdeh "AzTexnika LTD” MMC arasında 03 aprel 2019-cu il tarixli, AZTX/459 nömrəli daşınma müqaviləsi bağlanmışdır. Müqavilə əsasında malların daşınması həyata keçirilmişdir. Lakin 6 hesab-faktura (invoys) üzrə ödənişlər həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi malların daşınması faktını qəbul etmiş, lakin ödənişin həyata keçirilə bilməsi üçün iddiaçı tərəfindən cavabdehə lazımi sənədlərin əsillərinin təqdim olunmadığını, sonuncu iclaslarda isə "AzTexnika LTD” MMC üçün iddiaçı tərəfindən ümumiyyətlə sözügedən xidmətlərin göstərilməsi faktının olmadığını və təqdim olunan sənədlərin saxta olduğunu bildirmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi də təqdim olunmuş sənədlərin rəngli kserosurət olduğunu etiraf etmişdir. Bundan başqa, göstərilən xidmətlərlə bağlı tərəflər arasında müqavilədə və ya hər hansı rəsmi sənəddə qiymətlər haqqında rəsmi razılaşma olmamış, məhkəməyə bununla bağlı işçilər arasında olan elektron poçt yazışmaları təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi isə həmin elektron poçt yazışmalarını mötəbər hesab etmədiklərini, həmin işçilərin qiymətlərlə bağlı danışıqlar aparmaq səlahiyyətinin olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş CMR sənədlərinin surətlərinin də bəzilərində "AzTexnika LTD” MMC-nin ya ümumiyyətlə möhürü olmamış və ya həmin dövr üçün dövriyyədə olmayan möhürdən istifadə olunmuşdur. Hesab-fakturaların (invoysların) isə cavabdehə təqdim olunması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-43/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar