Məhkəmə qərarları › İş №2-2(105)-156/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-156/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-156/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(119)-663/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 noyabr 2017-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (bundan sonra “Cavabdeh”) İddiaçı (bundan sonra “İddiaçı”) arasında 32 nömrəli Alqı-Satqı Müqaviləsi (bundan sonra (”Müqavilə“ imzalanmışdır. Daha sonra, eyni tərəflər arasında müqaviləyə əlavələr kimi müvafiq X2 imzalanmışdır. Həmin Protokollara əsasən, Cavabdeh İddiaçıdan müxtəlif malları (bundan sonra “Mallar”) sifariş vermiş və malların əvəzinə İddiaçıya protokollarda göstərilən dəyəri ödəməyi öz öhdəsinə götürmüşdür. Mallar Cavabdehə Müqavilənin şərtlərinə uyğun vaxtında çatdırılmasına baxmayaraq, Cavabdeh ödənişin yalnız bir hissəsini icra edib, qalan hissəni isə indiyə qədər ödəməyib. Ərizəyə əlavə edilmiş müvafiq hesabdan çıxarışlara əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçıya müxtəlif tarixlərdə əsas borcdan 10979,57 (on min doqquz yüz yetmiş doqquz manat 57 qəpik) manat, ƏDV borcundan isə 18584,36 (on səkkiz min beş yüz səksən dörd manat 36 qəpik) manat pul ödəmişdir. İddiaçı Müqavilə üzrə Üzləşmə aktı tərtib etmiş və həmin üzləşmə aktına əsasən Cavabdehin cəmi 97416,17 (doxsan yeddi min dörd yüz on altı manat 17 qəpik) manat borcu olduğu müəyyən edilmişdir. Həmin Üzləşmə aktı Cavabdehin ünvanına göndərilməsinə baxmayaraq, Cavabdeh həmin aktın imzalanmasından bəhanələrlə boyun qaçırmışdır. Hər bir halda, Müqavilənin 4.2-ci bəndinə əsasən, Qaimə-faktura tərtib olunduqdan və imzalandıqdan sonra Mallar qəbul edilmiş hesab edilir və bundan sonra Alıcı tərəfindən heç bir iddia qəbul edilmir. Beləliklə, iddiaçı tərəfindən hazırlanmış və iddia ərizəsinə əlavə edilmiş Maliyyə arayışına əsasən, 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə Cavabdehin 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat borcu yaranmışdır. Bununla əlaqədar İddiaçı tərəfindən Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdehə 12 aprel 2021-ci il tarixdə Pretenziya məktubu göndərilmiş və həmin Pretenziya məktubu Cavabdeh tərəfindən 15 aprel 2021-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərin icrasından hələ də yayınmaqdadır. Beləliklə, indiki halda Cavabdeh müqavilə üzrə borcunu hələ də ödəmədiyindən İddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(119)- 663/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 97446,87 (doxsan yeddi min dörd yüz qırx altı manat 87 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: İddiaçı MMC- ilə Prestij-Kimya” MMC arasında 17.11.2017-ci il tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Sonra həmin müqaviləyə əlavə olaraq müxtəlif vaxtlarda müvafiq X2 imzalanmışdır. Belə ki, iddiaçı MMC-dən dəfələrlə müxtəlif növ mallar sifariş verilərək alqı-satqı etmişlər. Həmin mallara dair ödənişləri də müxtəlif vaxtlarda etmişlər. İddiaçının iddia etdiyi məbləğ əsassız və qanunsuzdur. Belə ki, hesab-fakturalar və elekton qaimələr əsasında yaranmış borcu İddiaçı MMC-yə əlbəəl və nağd şəklində ödəmişlər. Hesab edirlər ki, iddia əsassızdır. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında imzalanmış X2 üzrə almış olduğu müxtəlif növ məhsullara görə Cavabdeh tərəfindən cəmi 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçınə ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında 17 noyabr 2017-ci il tarixli 32 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə bağlanmış 25 iyun 2019-cu il tarixli, 17 sentyabr 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 18 noyabr 2019-cu il tarixli, 09 yanvar 2020-ci il tarixli, 10 yanvar 2020-ci il tarixli, 16 yanvar 2020-ci il tarixli, 17 yanvar 2020-ci il tarixli, 22 yanvar 2020-ci il tarixli, 17 fevral 2020-ci il tarixli, 25 fevral 2020-ci il tarixli və 15 sentyabr 2020-ci il tarixli X1 şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş hesab-fakturalar və elektron qaimələr əsasında satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə müqavilədə nəzərdə tutulan müxtəlif növ Mallar satılmış və həmin alqı-satqıya görə alıcı Cavabdeh MMC-nin satıcı İddiaçı MMC-yə ümumilikdə cəmi 97416,87 (doxsan yeddi min dörd yüz on altı manat 87 qəpik) manat məbləğində (96631,28 manat satılmış malların dəyərinə görə borc + 785,59 manat ödənilməmiş ƏDV borcu = 97416,87 manat) ödənilməmiş borcu qalmışdır. 97416,87 manat borcun olması iş materiallarına əlavə edilmiş Alqı-Satqı Müqaviləsi, X2, hesab-fakturalar, elektron qaimələr və digər maliyyə-hesabat sənədləri ilə təsdiq olunur. Beləliklə, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh malların alqı-satqısına dair müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən, satıcı X1 şərtlərinə uyğun olaraq müvafiq qaydada tərtib və təqdim edilmiş hesab-fakturalar və elektron qaimələr əsasında alıcıya müxtəlif növ Mallar satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, 97416,87 manat borcu müqavilə ilə müəyyən edilən müddətdə ödəməmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətinin borcun olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh həmin borcun olmamasını, müqavilə üzrə öhdəliyin tam icra edilməsi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(119)-663/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-663/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar