Məhkəmə qərarları › İş №2-2(105)-159/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-159/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-159/2021 01.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci, 152.1.2-ci, 152.1.4-cü və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır.(hakim Z.Sadiqov) İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, 21.10.2021-ci il tarixdə iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olarkən iddiaçının nümayəndəsi Nümayəndə elektron məhkəmə informasiya sistemində yaradılmış Elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi həmin ərizədə qeyd etmişdir ki, 15.10.2021-ci il tarixli qərardaddan şikayət verilərkən qərardadda iddia ərizəsi ilə bağlı aşkar edilmiş nöqsanlar diqqətdən qaçmışdır. Həmin nöqsanlarla bağlı məhkəmənin mövqeyi ilə razılaşmaqla, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Ona görə də iddiaçının nümayəndəsi 15.10.2021-ci il tarixli iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan verdiyi şikayəti geri götürdüyünü bildirmişdir. Şikayət işlə birlikdə 22.10.2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Şikayəti imzalayan Nümayəndə iddiaçı hüquqi şəxsin işçisi olmasını təsdiq edən sənəd və yaxud, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvünə hazırkı şikayəti imzalamaq səlahiyyətini verən müvafiq qaydada tərtib olunmuş Vəkil Orderi şikayətə əlavə edilməmiş və bu səbəbdən şikayət mümkünlüyə təyin edilmişdir. İddiaçının nümayəndəsi həmçinin eyni məzmunlu ərizə ilə elektron məhkəmə informasiya sistemində yaradılmış Elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə də müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olduğundan şikayətin mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1317/2021 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar