Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-162/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1218/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31169,89 (otuz bir min yüz altmış doqquz manat 89 qəpik) manat əsas borc, gecikdirməyə görə 1689,40 (min altı yüz səksən doqquz manat 40 qəpik) manat cərimə faizi, 3000 (üç min) manat dəbbə pulu və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 35890,29 (otuz beş min səkkiz yüz doxsan manat 29 qəpik) manat pul vəsaitinin cavabdeh “D.X2” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə birlikdə məhkəməyə daxil olmuş iddiaçının “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizəsi ilə iddianın təmin tədbiri olaraq işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh “D.X2” MMC-nin direktoru X1 ölkədən getmə və gəlməsinə məhdudiyyət qoyulması və “D.X2” MMC-nin "xxxx" ASC-nın Quba filalında olan AZ52HAJCHCRAZN**********1001 nömrəli və eləcə də, "xxxx" ASC-də olan AZ56PAHA40070AZNHC********** nömrəli bank hesablarına həbsin qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1218/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, İddiaçı cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri kimi cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) məxsus "xxxx" ASC-də olan AZ52HAJCHCRAZN**********1001 nömrəli və "xxxx" ASC-də olan AZ56PAHA40070AZNHC********** nömrəli bank hesablarının üzərinə işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində - 35890,29 (otuz beş min səkkiz yüz doxsan manat 29 qəpik) manat həcmində həbs qoyulması qərara alınmışdır. Cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyəti qərardaddan şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın icrası “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində ciddi çətinliklərə gətirib çıxara bilər. Belə ki, qanunvericiliklə sahibkarlıq subyektlərinin nağdsız hesablaşmalarının məhdudlaşdırılmasını nəzərə alaraq hesab edirlər ki, təsərrüfat köçürmələrinin dayanması şirkətin işgüzar dövriyyəsinin azalmasına və gələcək perspektivdə bu barədə yekun məhkəmə qətnaməsi qəbul edildiyi halda, iddiaçı qarşısında olan öhdəliklərin icrasına da maneçilik törədə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2-2(119)-1218/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli e-2-2(119)-1218/2021 nömrəli qərardadından cavabdeh “D.X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01.10.2021-ci il tarixədək olan redaksiyada) 157-ci maddəsinə əsasən, 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, müvəqqəti təminat tədbiri (iddianı təmin etmək üçün tədbir) məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bundan əlavə, müvəqqəti təminat tədbiri görülmədikdə işdə iştirak edən şəxslərin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, onların qanuni mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlak üzərinə həbs qoyulması ardıcıllığını müəyyən edən MPM-in 158.3-cü maddəsində cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə birinci növbəyə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1218/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-162/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-162/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver