Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-164/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1367/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.09.2013-cü il tarixli 1182-L/13 nömrəli müqavilə üzrə 54655 (əlli dörd min altı yüz əlli beş) manat gecikdirilmiş əsas borc və hesablanmış 95217.60 (doxsan beş min iki yüz on yeddi manat, almış qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat, cəmi 150222.6 (yüz əlli min iki yüz iyirmi iki manat altmış qəpik) manat pul vəsaitinin cavabdeh X2 tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1367/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemində sahibkarlara və ya digər şəxlərə hər hansısa bir sənədin təqdim edilməsi texniki cəhətdən mümkün deyildir. Elektron Məhkəmə İnformasiya Sistemində belə bir imkan mövcud deyildir. Digər tərəfdən isə Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış “onlayn kargüzarlıq” bölməsi vasitəsilə hər hansısa bir sənədin təqdim edilməsi zamanı isə həmin sənədin təqdim edilməsinə dair sübut-bildiriş, qəbz və s. təqdim edilmir. MPM-in 150-ci maddəsi həm pretenziya qaydasına əməl edilməsi, həm də iddia ərizəsinin cavabdehə göndərilməsi barədə sübutun iddia ərizəsinə əlavə edilməsini təsbit edir. Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış “onlayn kargüzarlıq” bölməsi vasitəsilə cavabdehə göndərilən sənədlərin alınmasına və ya təqdim edilməsinə dair hər hansı bir sübutun əldə edilməsi mexanizmi mümkün olmadığından, MPM-in 150-ci maddəsinin tələblərinə riayət etmək mümkün olmayacaqdır. Eyni zamanda, qanunvericilik yazışmaların və hər hansısa sənədlərin poçt vasitəsilə göndərilməsini qadağan etmir. Belə bir norma mövcud deyildir. Hətta məhkəmələr belə Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçməmiş sahibkara sənədləri adi qaydada göndərir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1367/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 150.1.4 və 150.1.6-cı maddələrinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini və iddia ərizəsinin surətinin cavabdehə çatdırılmasını təsdiq edən sənədlər kimi poçt bildirişlərini iddia ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərardadında göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, mübahisənin pretenziya qaydasında nizama salınmasına dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi, cavabdeh A.Əliyev vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş fiziki şəxs olmaqla sahibkardır və onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vardır. Bu halda, iddiaçı tərəfindən iddia ərizəsi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, sadalanan normalardan göründüyü kimi kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Hazırkı işdən isə görünür ki, mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd və iddia ərizəsinin surəti cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməmişdir. Qeyd olunan sənədlər, cavabdehə qanunvericiliklə müəyyən edilmiş formada göndərilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-cı maddəsinə əsasən isə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1367/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1367/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-164/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-164/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver