Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-182/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021ci il tarixli e-2-2(119)-1635/2021 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1635/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Qərardaddan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in tələblərinə uyğun olaraq cavabdehə həm pretenziyanı, həm də iddia ərizəsini və ona əlavə olunmuş sənədləri poçt vasitəsilə çatdırmışlar. Tərəflərindən cavabdehin elektron məhkəmə kabinetinə sənədlərin göndərilməsi mümkün deyildir. Ona görə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair qəbul olunmuş 19.11.2021-ci il tarixli, e-2-2(119)-1635/2021 saylı qərardad ləğv edilməli və iş icrata götürülməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd cavabdehə Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun şəkildə göndərilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin “İddia ərizəsinə əlavə edilən sənədlər” adlanan 150-ci maddəsinə 01.10.2021-ci ildən qüvvəyə minmiş qanunla edilmiş dəyişikliklərə əsasən həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd, habelə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir (150.1.4 və 150.1.6-cı maddələr). Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən isə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qayda qanunun tələbi olmaqla yanaşı, eyni zamanda kommersiya mübahisəsinin tərəflərinin bir-birinə müvafiq sənədləri (pretenziya məktubu, iddia ərizəsinin surəti və s.) daha operativ şəkildə çatdırılmasını nəzərdə tutur. Belə olan halda iddiaçının nümayəndəsi tərəfindən şikayətdə qeyd edilən qaydanın tətbiqinin mümkün olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. İddia ərizəsindən göründüyü kimi, Cavabdeh MMC vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi şəxsdir və onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vardır. Bu halda, iddiaçı tərəfindən iddia ərizəsi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməli, cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin formasına və məzmununa riayət etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizənin geri qaytarılması haqqında birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1635/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1635/2021 saylı, 19 noyabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-182/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-182/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver