Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-183/2025 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə verilmiş ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2178/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ:
1. Şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən xx.xx.1955-ci il təvəllüdlü Qazax rayonunda anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri xx.xx.1955-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 528101,6 manat məbləğində vergi borcu vardır və ona həmin borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 528101,6 (beş yüz iyirmi səkkiz min yüz bir manat, altmış qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx.xx.1955ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 2178/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixinə hesablanmış 528101,6 (beş yüz iyirmi səkkiz min yüz bir manat, altmış qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) icra orqanının rəhbəri 26.03..1955ci il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Fərman Həmidli).
5. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri 6 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhər İcra Hakimiyyətinin 2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov ilə Kiçik Dəniz küçələrinin kəsişdiyi ərazidə 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsi inşa edib, qanunda nəzərdə tutulmuş qaydada bir hissəsini icarə müqavilələrinə əsasən hüquqi və fiziki şəxslərin icarəsinə vermiş, eyni zamanda notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə bir neçə qeyri-yaşayış sahələrini isə sataraq lazımi vergiləri ödəmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinə "xxxx" MMC-yə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək"xxxx" MMC-nin xx.xx.2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 605612.90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmiş, həmin iş üzrə araşdırma aparılır. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qəbul etdiyi qanunsuz və əsassız qərarın ləğv edilməsinə və bundan sonra 2.150.000 manat vergi azaldılaraq, 809.085.00 manat edilməsinə (göstərilən məbləğ ödənilmişdir) baxmayaraq əvvəlki məbləğ üzrə vergilər MMC-nin şəxsi vərəqindən silinməmişdir. Dəfələrlə müraciət olunmasına baxmayaraq Lokal Gəlirlər Baş İdarəsi heç bir tədbir görməmişdir. Odur ki, yuxarıda göstərilənlər barədə İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidmətinə xx.xx.2025-ci il tarixdə müraciət edilərək xahiş edilmişdir ki, yoxlama aktına əsasən artıq hesablanmış vergilərin "xxxx" MMC-nin şəxsi vərəqindən silinməsinə dair lazımi göstəriş versin. Göründüyü kimi Sumqayıt Kommersiya Məhkəməsi həmin borcun yaranma səbəblərini araşdırmadan və ərizəçidən lazımi sənədləri tələb etmədən qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə vəziyyətdə isə qətnamə qanuni və əsaslı sayıla bilməz.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Maraqlı şəxs, "xxxx" MMC-nə hesablanmış vergi borcunun qanunsuz olduğunu bildirmiş qısa müddət ərzində həmin borcun silinəcəyi və ya borcun hissə-hissə icra edilməsi barədə razılıq əldə olunacağını bildirmiş ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28. Azadlıq hüququ (...) İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər....
Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı (...) İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
12. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
“Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.
Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. “Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. 65.3. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit kredit və ya elektron pul təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir. 65.4. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit kredit və ya elektron pul təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. 65.6. Bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. 65.7. Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. 65.8. Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. 65.9. Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
13. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 2002-ci il 24 dekabr tarixli Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 3. Qanun əsasında insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələblər (...) 3.6. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı həmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi üçün, Konstitusiyanın 32-ci və 33-cü maddələrində göstərilən hüquqlar və azadlıqlar həmçinin ölkənin iqtisadi rifahı mənafeləri üçün; Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı və 50-ci maddəsində göstərilən məlumat azadlığı həmçinin dövlətin ərazi bütövlüyü mənafelərinin təmin edilməsi məqsədi ilə, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi üçün; Konstitusiyanın 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 9 sentyabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 Saylı Protokolunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 2. Hərəkət etmək azadlığı (...)
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Ərizəçi Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi, "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri xx.xx.1955-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 528101,6 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırkı işin aid olduğu kateqoriyadan olan məsələlər MPM-in 305-ci maddəsində sadalanan işlər sırasında olmaqla xüsusi icraat qaydasında həll edilir. Bu kateqoriyadan olan işlər üzrə isə borcun mövcudluğu əsas götürülür.
20. Vergi borcunun alınmasını təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş məcburetmə tədbirlərindən birinin tətbiq edilməsi digərinin tətbiq edilməsini istisna etmir. Vergi orqanları vergilərin ödənilməsini təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş mümkün olan bütün vasitələrdən məhdudiyyətsiz istifadə edə bilər. Həmçinin iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir.
21. “İnsan Hüquqları və Azadlıqları haqqında” Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
22. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəllənin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 avqust 2021-ci il tarixli **********148806 nömrəli qərarı ilə "xxxx" MMC-nin 2018-ci ilin iyul ayından 2021-ci ilin iyul ayınadək olan dövr üzrə fəaliyyəti ilə bağlı növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama 20 avqust 2021ci il tarixdə başlanmış və 29 avqust 2022-ci il tarixdə başa çatdırılmış və 06 oktyabr 2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt əsasında inzibati orqan tərəfindən 28 noyabr 2022-ci il **********165189 nömrəli qərar qəbul edilərək, maraqlı şəxsə 2019-cü il üzrə 143.390,52 manat mənfəət vergisi, 945.307,84 manat ƏDV, 193.071,53 manat əmlak vergisi, 2020-ci il üzrə 44.126,26 manat mənfəət vergisi, 164.963,11 manat ƏDV, 194.734,18 manat əmlak vergisi, 2021-ci il üzrə 64.742,81 manat ƏDV hesablanmışdır.
24. Maraqlı şəxs 28 noyabr 2022-ci il tarixli **********165189 nömrəli qərarını mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)- 5547/2023 saylı qərarı ilə MMC-nin iddiası təmin edilərək, "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********165189 nömrəli qərar ləğv edilmişdir.
25. Maraqlı şəxs istinad edir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən yenidən Audit yoxlaması aparılmış və hesablanmış 2 150 000.00 manat vergi azaldılaraq 809 085.00 manat məbləğə endirilmiş və həmin məbləğ MMC tərəfdən büdcəyə ödənilmişdir. Lakin yoxlama aktına əsasən hesablanmış kameral vergilər və ləğv edilmiş məbləğ üzrə faizlər və cərimələr bu günə qədər şəxsi vərəqdə saxlanılmışdır.
26. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırda Audit yoxlamasının nəticəsi olaraq aparılmış yoxlamalar nəticəsində mövcud əsas vergi borcunun tam ödənilməsi barədə heç bir rəsmi sənəd təqdim edilməmişdir.
27. Bu halı maraqlı şəxs apellyasiya şikayətində də qeyd edərək göstərir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinə "xxxx" MMC-yə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC-nin xx/xx/2023 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 102900 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 102900 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə Qərar çıxarılmasını xahiş etmiş, həmin iş üzrə icraat dayandırılmışdır.
28. Bundan əlavə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal GəlirlərBaş İdarəsi Bakı İnzibati Məhkəməsinə "xxxx" MMC-yə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək"xxxx" MMC-nin xx/xx/2025 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 605612.90 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ******* manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 528101,6 manat məbləğində vergi borcunun mövcudluğu da inkar edilmir.
30. Bununla bağlı məhkəmə kollegiyasının araşdırması zamanı maraqlı şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə təqdim edilmiş şəxsi hesab vərəqəsi ilə yanaşı, vergi borcunun mövcudluğu xx.xx.2026-cı il tarixdə maraqlı şəxs tərəfindən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə ilə müraciət edilərək mövcud vergi borcunun hissə-hissə ödənilməsinin təmin edilməsi üçün müraciət olması ilə də, dolayısı yolla təsdiq razılaşmışdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği, vergi ödəyicisinin mübahisəyə qədərki davranışları və digər halları nəzərə almaqla mütənasiblik prinsipi əsas götürülməklə mübahisəyə lazımi qaydada hüquqi qiymət vermişdir.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2178/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-2178/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.