Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-19/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e- 2-2(119)-2076/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 76948,71 (yetmiş altı min doqquz yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 479,02 (dörd yüz yetmiş doqquz manat iki qəpik) manat məbləğində borcun, İcbari Tibbi Sığorta Fonduna olan 77,44 (yetmiş yeddi manat qırx dörd qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi – xx xxxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2076/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, 07 noyabr 2024-cü il tarixinə hesablanmış 76948,71 (yetmiş altı min doqquz yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat məbləğində borcun dövlət büdcəsinə, 479,02 (dörd yüz yetmiş doqquz manat iki qəpik) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna və 77,44 (yetmiş yeddi manat qırx dörd qəpik) manat məbləğində borcun İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi – xx xxxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2076/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi, həmçinin əməllərdə cinayət tərkibi olduğu üçün və onun bu əməliyyatlardan xəbəri olmadığını nəzərə alaraq, sənədlərin Vergi Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilməsinə dair xüsusi qərardad çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2024-cü ilin noyabr ayında mobil nömrəsinə e-məhkəmədən SMS gəldikdən sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə çağırılır. Məhkəmədə bilmişdir ki, xeyli miqdarda borcu yaranıb. İradəsinə uyğun olaraq o, hər-hansı əməliyyat aparsaydı, o zaman bütün vergiləri ödəməyə hazır olardı, lakin bu əməliyytlardan xəbəri olmayıb. Vergi orqanı öz hüququndan istifadə edərək onun ölkədən getmək hüququnu müvəqqəti mahdudlaşdırılması üçün məhkəməyə müraciat etmiş, lakin o, inzibati orqan, nə də məhkəmə bu borcun haradan qaynaqlandığını araşdırmamışdır. Ona görə də hesab edir ki, maraqlı şəxsin vergi borclarının haradan yarandığı ilə bağlı hər hansı araşdırma aparılmadan məhdudlaşdırma tətbiq edilə bilməz. İşə baxan məhkəmə ərizəçinin ərizəsində istinad etdiyi işin faktiki hallarını araşdırmamış, təqdim edilən sənədlərə və çıxışına düzgün hüquqi qiymət verməmişdir. Bu isə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmənin bu icraatda maraqlı şəxsin ölkədən getmək hüququnu müvəqqəti məndudlaşdırarkən ona tətbiq edilən vergi borcunun əsaslı olubolmamasını araşdırmaq əvəzinə məhdudlaşdırma barədə ərizənin yalnız vergi orqanının vergi borcu barədə qərarına istinad edərək avtomatik qaydada təmin edilməsi, ilk növbədə maraqlı şəxsin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozur. Əgər vergi orqanının ərizəsi hər hansı araşdırma aparılmadan təmin edilməli idisə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması səlahiyyəti məhz məhkəmələrə həvalə edilməzdi. Belə bir vergi borcunun olduğunu o, yalnız məhkəmə zalında bildiyi üçün birinci instansiya məhkəməsinə tam hazırıqlı gəlməmiş, ASAN imza onda olmamış və məhkəmədən sonra xx.xx.2024-cü ildə ASAN imzanı, xx.xx.2024-cü ildə isə ASAN sertifikatı yenidən sifariş etmiş, ərizəçiyə və yuxarı instansiyaya ərizə ilə müraciət edib bu əməliyyatlardan xəbərinin olmadığını bildirmişdir. Belə ki, yaxınlarının köməyi ilə vergi kabinetinə, notariat kabinetinə daxil olmuş və onun xəbəri olmadan çoxlu malların idxal olunduğundan xəbər tutmuşdur. X3 təsiri altında 3 saylı ASAN xidmətə aparılaraq 19.05.23-cü ildə etibarnamə əldə olunmasına nail olmuşdur. Həmin etibarnamə ilə tanımadığı X1 verilməsinə şərait yaradılmışdır. 19.05.23-cü il tarixdə onun adından, atasının adını səhv yazmaqla (Arif yox, Akif yazılıb) və imzasına oxşadaraq "xxxx" MMC ilə 144 saylı icarə müqaviləsi imzalayaraq 40 kv.m-lik Binə TM-də yer götürülüb. Eyni zamanda X6 isə onun verdiyi etibarnamə əsasında xx.xx.2024-cü il tarixdə onun adından 23 saylı Notariusda "xxxx" MMC-yə bir çox səlahiyyətlər vermişdir. ********** saylı Gömrük Komitəsinin idxal əməliyyatları haqqında bəyannaməsindən görünür ki, o, Çindən müxtəlif növ mallar gətirmişdir. Həmin Mallar yuxarıda qeyd olunan anbara yerləşdirilmişdir. Onun adından, onun xəbəri olmadan qanunsuz və icazəsiz əməliyyatlar apararaq onun dövlət qarşısında vergi borcunun yaranmasına bilərəkdən şərait yaratmışdırlar. Göründüyü kimi ərizəçi tərəfindən təqdim edilən xüsusi icraat qaydasında verilən ərizə verilməmişdən öncə bu cür qanunsuz əməlləri törədən şəxslərin dairəsini müəyyən etməli, dövlətə vurulan ziyanı və vergini onlardan tələb etməklə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Hazırda o, fəhlə kimi işləyir və aldığı cüzi maaşla anası ilə birlikdə azyaşlı uşaqlarına və işsiz həyat yoldaşına baxır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan əsas fəaliyyət növü - “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” olan xx xxxxx 1987-ci il təvəllüdlü vergi ödəyicisi Maraqlı şəxs 07 noyabr 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 76948,71 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 479,02 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 77,44 manat məbləğində borcu vardır və ona həmin borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir. Qanunvericiliyə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olduğundan bu vəzifə yerinə yetirilmədikdə vergi orqanının vergi borcu olan fiziki şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Buna görə maraqlı şəxs dövlət büdcəsinə borcu yarandığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayətinin dəlili kimi vergi borcunun onun xəbəri olmadan başqalarına verilmiş etibarnamə əsasında yarandığı əsaslandırsa da, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs tərəfindən öz iradə ifadəsi ilə X5 etibarnamə verildiyindən onun adına edilmiş hərəkətlər ilə əlaqədar dövlət qarşısında bütün öhdəliklər üzrə məsuliyyəti də məhz Maraqlı şəxs daşımalıdır. Buna görə də onun verdiyi etibarnamə əsasında edilmiş hərəkətlər onun iradə ifadəsini təşkil etdiyindən bu onun dövlət qarşısında öhdəliklərini yerinə yetirməməsi üçün əsas deyildir. “Sosial sığorta haqqında Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2076/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-19/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-19/2025
31.01.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver