Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-196/2025 25.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(119)-1204/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı ona məxsus malları satmağı, alıcı isə onların dəyərini ödəməklə almağı öhdəsinə götürür. Hər partiya satılan malların adları, çeşidi, miqdarı, qiyməti və məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi kimi tərtib edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş “X1”na əsasən müəyyən ediləcəkdir (Müqavilə cavabdeh tərəfindən imzalanmamışdır).
2. Həmin müqavilənin 2-ci bəndinə əsasən satılan malların dəyəri satıcının bank hesabına ödənildikdən sonra mallar Azərbaycan Respublikası qanunvericiliklərində nəzərdə tutulmuş sənədlərlə birlikdə satıcı tərəfindən 5 (beş) bank günü müddətində alıcıya təhvil verilir.
3. Həmin müqavilənin 3.1-ci bəndinə görə tərəflər bu müqavilə çərçivəsində satılacaq malların ümumi dəyərini ƏDV ilə birlikdə razılaşdırırlar.
4. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər tərtib edilmiş elektron-qaimə əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir.
5. 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdehnə satılan malların qiyməti 20 dekabr 2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 6726 manat, 15 fevral 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 5263,98 manat, 01 mart 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 1553,12 manat, 07 mart 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 2301 manat, 27 mart 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 247,8 manat, 03 aprel 2023-cü tarixli qiymətlərin razılaşdırılması protokoluna əsasən 3581,3 manat müəyyən edilmişdir.
6. İddiaçı tərəfindən Cavabdehnə 5263,98 manat dəyərində malların satılması ilə bağlı 15 fevral 2023-cü il tarixli EBCO seriyalı 948735 nömrəli, 1553,12 manat dəyərində malların satılması ilə bağlı 01 mart 2023-cü il tarixli EBDA seriyalı 377065 nömrəli, 2301 manat dəyərində malların satılması ilə bağlı 07 mart 2023-cü il tarixli EBDB seriyalı 123097 nömrəli, 247,8 manat dəyərində malların satılması ilə bağlı 27 mart 2023- cü il tarixli EBDC seriyalı 213997 nömrəli, 3581,3 manat dəyərində malların satılması ilə bağlı 03 aprel 2023-cü il tarixli EBDC seriyalı 550094 nömrəli, 5675,8 manat dəyərində malların satılması ilə bağlı 26 aprel 2023-cü il tarixli EBDE seriyalı 234963 nömrəli, 1118,64 manat dəyərində malların satılması ilə bağlı 12 may 2023-cü il tarixli EBDF seriyalı 360372 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir.
7. 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə-faktura üzrə 4461 (dörd min dörd yüz altmış bir) manat məbləğində ödəniş olunmuşdur.
8. ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, İddiaçı hesabına 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə-faktura üzrə 802,98 (səkkiz yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödəniş edilmişdir.
9. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında birinci instaniya məhkəməsində şahid kimi dindirilmiş Şahid2 Xalıq oğlu ifadəsində bildirmişdir ki, o, sürücü işləyir və işlədiyi müddətdə İddiaçı məxsus sahibkarlıq obyektindən Cavabdeh MMC-yə dəfələrlə mal aparmışdır. Qaynaq əlcəyi və.s kimi digər malları anbardara təhvil vermiş, təhvil verilən mallar üçün ödənişi Cavabdeh MMC-dən Məzahir adlı şəxs etmişdir. Məzahir İddiaçı məxsus obyektə gəlib və Şahid2 Məzahiri təqribən 5-6 dəfə görüb. Daha sonra o, pulu tələb etmək üçün Cavabdeh MMC-yə məxsus zavoda getsə də, mühafizəçi onu içəri buraxmamış, obyektin sahibi olduğu deyilən şəxs gələrək Məzahirin artıq burada işləmədiyini bildirmişdir. Malların təhvil verilməsi ilə bağlı qaimə-fakturaları iddiaçı tərəfdən satıcı imzalamış, Şahid2 isə qarşı tərəfə həmin malları təhvil verib onların düzgünlüyünü yoxlamışdır. Mallar təhvil verilərkən tərtib olunan qaimə-fakturaların “təhvil verildi” hissəsinə iddiaçı tərəfdən adətən satıcı imza çəkmiş və digər nüsxəsini qarşı tərəfə təqdim etmişdir.
10. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında birinci instaniya məhkəməsində şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı məxsus sahibkarlıq obyektində satış işləri ilə məşğul olmuş, malların sifarişini Cavabdeh MMC-dən Məzahir adlı şəxsdən götürmüş, əvvəllər təqribən 7-8 ay ərzində həmin şəxs nağd formada ödəniş edərək onlardan mal almışdır. Daha sonra isə münasibətlər rəsmi formada davam etdirilmişdir. Rəsmi formada mallar göndərildikdən sonra Cavabdeh MMC tərəfindən 1 dəfə 4461 manat məbləğində ödəniş olunmuşdur. Daha sonra Məzahir Şahid1 Cavabdeh MMC-də bir müddət direktor vəzifəsində işləyən Nazim adlı şəxsin nömrəsini verərək ödənişlərə onun baxdığını qeyd etmişdir. Bundan sonra Şahid1 Cavabdeh MMC-yə dəfələrlə mal aparmış, Nazim ilə əlaqə saxladıqda o, ödəniş edəcəyini bildirsə də, bir müddət sonra onunla da əlaqə saxlamaq mümkün olmamışdır.
11. İddiaçı nümayəndəsi Vəkil1 vəsatəti əsasında birinci instaniya məhkəməsində şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, etibarnamə əsasında İddiaçı sahibkarlıq obyektini idarə etmişdir. Şahid3 həmçinin qeyd etmişdir ki, 4 elektron qaimədə göstərilən mallar qarşı tərəfə təhvil verilmişdir. Belə ki, özünü Cavabdeh MMC-nin işçisi kimi təqdim etmiş Məzahir adlı şəxs malları bir neçə dəfə nağd formada ödəniş edərək almış, daha sonra isə tərəflər arasında müqavilə bağlanmışdır. Bu münasibətlər təqribən 1 il yarım davam etmişdir. Mallar təhvil verilərkən qaimə-fakturaların bir nüsxəsi Məzahirə verilmiş, bir nüsxəsi isə obyektin mühasibində qalmışdır. Nağd formada ödəniş edilən ərəfələrdə mallar təhvil verilərkən qısa müddətdə ödəniş olunmuşdur. Hal-hazırda sənədləşmə işləri ciddi formada aparılsa da, həmin dövrdə 19 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinin və qaimə-fakturaların cavabdeh tərəfindən imzalanmamasının ona şübhəli gəlmədiyini qeyd etmişdir. Borcla bağlı "xxxx" MMC-nin mühasibi ilə əlaqə saxladıqda o, Məzahirin onları da aldatdığını və malları şirkətə gətirmədiyini, eyni zamanda bu işi araşdıracağını demiş, lakin 20 gün sonra yenidən zəng etdikdə mühasib ona məhkəməyə müraciət edilməsini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
12.İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən tərəflər arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən 12269,2 (on iki min iki yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində əsas borc, 2208,46 (iki min iki yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ƏDV borcu, əsas borca hesablanmış 1447,76 (min dörd yüz qırx yeddi manat yetmiş altı qəpik) manat məbləğində faiz borcu, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində xidmət haqqı və 140,18 (yüz qırx manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh arasında 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı aldığı 19741,64 (on doqquz min yeddi yüz qırx bir manat altmış dörd qəpik) manat dəyərində malların baza məbləğindən 4461 (dörd min dörd yüz altmış bir) manat və ƏDV borcundan 802,98 (səkkiz yüz iki manat doxsan səkkiz qəpik) manat məbləğində hissəsini ödəmiş, geri qalan hissəni ödəməmiş və nəticədə onun satıcıya 12269,2 (on iki min iki yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində əsas borc, 2208,46 (iki min iki yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində ƏDV borcu olmaqla, cəmi 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində borcu yaranmışdır. Dəfələrlə edilən müraciətlərə baxmayaraq cavabdeh borc öhdəliyini yerinə yetirməmiş, bununla bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi pretenziya məktubu göndərilmiş, lakin həmin pretenziya məktubuna da cavab verilməmişdir. Bu isə tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin şərtlərinin pozulmasına, sahibkarlıq fəaliyyətinin normal yerinə yetirilməsinə maneçilik törətməklə işgüzar münasibətlərə xələl gətirməsinə səbəb olmuşdur. 14.27 avqust 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 birinci instaniya məhkəməsinə yazılı mülahizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilmiş 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi tərəflər arasında razlaşdırılmış, iddiaçı tərəfindən tam rəsmiləşdirilərək digər tərəfə imzalanması və bir nüsxəsinin iddiaçıya verilməsi üçün təqdim olunmuş, lakin cavabdeh müqaviləni iddiaçı tərəfə verməmişdir. Buna baxmayaraq razılaşdırılmış 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfə təqdim olunmuş elektron qaimələrdən ikisi cavabdehin özü tərəfindən, qalan beş qaimə isə avtomatik olaraq sistem tərəfindən təsdiq olunmuşdur. Həmin elektron qaimələr əsas göstərilməklə tərəflər arasında 19741,64 manat məbləğində alqı-satqı əməliyyatları baş tutmuş, bundan 4461 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür. Təqdim olunmuş elektron qaimələrə münasibətdə cavabdeh iddiaçıya hər hansı formada pretenziya bildirməmiş, qaimələri ləğv etməmişdir. Bununla da cavabdeh iddiaçının göndərdiyi ofertanı aksept etmişdir. 15.03 oktyabr 2025-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil1 ərizə ilə birinci instaniya məhkəməsinə müraciət edərək iş üzrə əsas və ƏDV borcuna görə hesablanmış faiz məbləğinin tutulmasına dair tələbdən imtina etdiklərini bildirmişdir. 16.Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1204/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən 14477,66 (on dörd min dörd yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 340 (üç yüz qırx) manat məbləğində vəkil xərci və 133,43 (yüz otuz üç manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14951,09 (on dörd min doqquz yüz əlli bir manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim İslam Əliyev).
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən olunur ki, tərəflər arasında 19 dekabr 2022- ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19741,64 (on doqquz min yeddi yüz qırx bir manat altmış dörd qəpik) manat dəyərində (ƏDV məbləği daxil) malların satılması ilə əlaqədar elektron qaimə-fakturalar göndərilmiş, lakin cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmasa da, məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 izahatında tərəflər arasında müqavilə münasibətlərinin olduğunu, cavabdeh tərəfindən 19 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5263,98 manat məbləğində avans ödənişi edildiyini, həmin müqavilənin 2- ci bəndinə əsasən satılan malların dəyəri ödənildikdən sonra malların satıcı tərəfindən 5 bank günü müddətində alıcıya təhvil verilməli olduğunu, lakin malların alıcıya təhvil verilmədiyini və təhvil-təslimlə bağlı iddiaçının heç bir sübutunun olmadığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin nümayəndəsi 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə istinad edərək cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 5263,98 manat məbləğində pul vəsaitinin alqısatqı müqaviləsi üzrə avans ödənişi olduğunu bildirsə də, həmin vəsait avans kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı tərəfindən 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqısatqı müqaviləsi üzrə cavabdehə 15 fevral 2023-cü il tarixli, 01 mart 2023-cü il tarixli, 07 mart 2023-cü il tarixli, 27 mart 2023-cü il tarixli, 03 aprel 2023-cü il tarixli, 26 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli ektron qaimə-fakturalar təqdim edilmiş, bu qaiməfakturalardan birincisi - 15 fevral 2023-cü il tarixli qaimə üzrə cavabdeh tərəfindən tam ödəniş olunmuşdur (həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir). Cavabdeh tərəfindən ödənilmiş 5263,98 manat məbləğində pul vəsaiti cavabdehin nümayəndəsinin dediyi kimi avans ödənişi olsa idi, müqavilənin 2-ci bəndinə uyğun olaraq müvafiq qaimə üzrə mallar cavabdehə 5 bank günü müddətində təhvil verilməli idi. Lakin həmin mallar təhvil verilmədiyi halda növbəti elektron qaimələrin cavabdeh tərəfindən təsdiq olunması malların iddiaçı tərəfindən təhvil verilməməsi ehtimalını şübhə altına alır. Həmçinin məhkəmə qeyd edir ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə-fakturaları təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ən azı həmin qaimələrə etirazını bildirə, yaxud hər hansı dəqiqləşdirmə apara bilərdi. Lakin hazırkı işdə bu hal mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10- cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3cü, 2.2.6- сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 427.3, 430, 507, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(119)-1204/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra olunmadıqda, pozuntuya yol vermiş tərəf məsuliyyət daşıyır və digər tərəf öhdəliyin icrasından imtina etmək hüququna malikdir. İş materiallarından da göründüyü kimi, təqdim edilmiş 7 elektron qaimədən yalnız 2-si cavabdeh tərəfindən təsdiqlənmiş, qalan 5-i isə sistemin avtomatik fəaliyyəti nəticəsində qəbul edilmiş hesab olunmuşdur. Avtomatik qaydada qəbul edilmiş qaimələr malların faktiki təhvil alındığını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu baxımdan, hesab edir ki, iddiaçı tərəfindən mallar təhvil verilmədiyi halda, məhkəmə iddiaçının təqdim etdiyi məlumatlar əsasında müqavilə öhdəliklərinin tam və düzgün icra edildiyi qənaətinə gəlmişdir. Halbuki iş üzrə sübutlar hərtərəfli və obyektiv şəkildə araşdırıldıqda, iddiaçı tərəfin müqavilə öhdəliklərini pozduğu aydın şəkildə ortaya çıxır. Apellyasiya şikayətinə etiraz
21. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş xx.xx.2022-ci il tarixli 163/2022 saylı alqı-satqı müqaviləsi, tərəflər arasında razlaşdırılmış, iddiaçı tərəfindən tam rəsmiləşdirilərək, digər (alıcı) tərəfə tam rəsmiləşdirilməsi və bir nüsxəsinin iddiaçıya (satıcıya) verilməsi üçün təqdim olunmuş, lakin tərəf müqaviləni iddiaçı tərəfə (satıcıya) verməmişdir. Cavabdeh tərəfin nümayəndəsi birinci instansiya məhkəməsində və verilmiş apellyasiya şikayətində müqavilə bağlandığını etiraf etmişdir. Cavabdeh ödənilmiş vəsaiti heç də apellyasiya şikayətində qeyd edildiyi kimi avans formasında deyil, təqdim olunmuş malların dəyəri kimi yerinə yetirilmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə-faktura üzrə 4461 (dörd min dörd yüz altmış bir) manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, İddiaçı hesabına 19 dekabr 2022-ci il tarixli 163/2022 nömrəli alqı-satqı müqaviləsinə əsasən verilmiş EBCO seriyalı 948735 nömrəli elektron qaimə faktura üzrə 802,98 (səkkiz yuz iki manat doxsan səkkiz qəpik) manat məbləğində ödəniş edilmişdir.Mallar təhvil verilməsəydi elektron müqavilələr nə üçün təsdiqlənməsi, heç bir elektron müqaviləsinə nə üçün etiraz bildirilməməsi və geriyə göndərilməməsi sual doğurur. Bundan əlavə apellyasiya şikayətində qeyd və etiraf olunur ki, "xxxx" MMC-nin işçilərinin səriştəsizliyi nəticəsində bir neçə iş üzrə bu hallara rast gəlinir Bu və digər faktlar özlüyündə cavabdehin fəaliyyətində formalaşmış uyğun işgüzar təcrübənin olduğunu təsdiq edir. Burda nəzərə alınmalıdır ki, iddia tələbi"Maqno-Met” MMC-yə qarşı verilmişdir. MMC-nin rəhbərliyinin dəyişməsi varislik prinsipini dəyişmir. Razılaşdırlmış xx.xx.2022-ci il tarixli 163/2022 saylı alqı-satqı müqaviləsi əsasında, cavabdeh tərəfə təqdim olunmuş elektron qaimələrdən ikisi özü (appelyator) tərəfindən, qalan beş qaimə isə qanun əsasında avtomatik olaraq təsdiq olunmuş, həmin elektron qaimələr əsas göstərilməklə, tərəflər arasında 19741.64 AZN məbləğində alqı-satqı əməliyyatları baş tutmuş, bundan 4461.00 AZN məbləğində pul iddiaçının hesabına ödənilmişdir. Təqdim olunmuş elektron qaimələrə münasibətdə cavabdeh iddiaçıya hər hansı formada pretenziya bildirilməmiş, qaimələri ləğv etməmişdir. Bununla da cavabdeh iddiaçnın göndərdiyi ofertanı aksert etmişdir. İddiaçı olaraq, verdikləri bütün təkliflər, o cümlədən, elektron qaimələr cavabdeh tərəfindən rədd edilməmiş, qaytarılmamış, qəbul olunmuş, hətta aldığı mallara görə iki dəfə ödəniş edilmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətə etirazı müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti işin faktiki halları əsasında əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında 19 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı təqdim etdiyi elektron qaimə-fakturalar əsasında malların satışı həyata keçirilmişdir. Ödənişlərin bir hissəsi cavabdeh tərəfindən yerinə yetirilmiş, təqdim olunmuş malların təhvil verilməsi isə şahid ifadələri ilə təsdiqlənmişdir.
28. Cavabdeh apellyasiya şikayətində iddiaçının öhdəliklərini yerinə yetirmədiyini əsas gətirsə də, bunu sübt edən dəlillərini məhkəməyə təqdim etməmiş, həmçinin dəfələrlə məhkəmə iclasları təxirə salınsa da, səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Bundan əlavə elektron qaimələrin təsdiqlənməsi göstərir ki, mallar faktiki olaraq təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Yəni elektron qaimələrin geri göndərilməməsi cavabdehin təqdim olunan malları qəbul etdiyini və öhdəliyini təsdiqlədiyini göstərir.
29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, e-2-2(119)- 1204/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.