Məhkəmə qərarları › İş №2-2(105)-22/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-22/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-22/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1311/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 03 avqust 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında ödənilməmiş 12500,01 manat məbləğində əsas borc, 1250,001 manat məbləğində cərimə, ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci və vəkil xidməti üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 14250 (on dörd min iki yüzəlli) manat pul vəsaitinin Cavabdehndən tutuluraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) arasında xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə icraçı ona məxsus malları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları ilə təsdiq edilmiş qaimə əsasında sifarişçiyə təqdim edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə malların qiyməti və məbləği qaiməfakturaya əsasən müəyyən olunur. Müqavilə əsasında xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 958523 nömrəli elektron qaimə tərtib edilmiş və elektron qaimə əsasında 15000,01 manat dəyərində 1250 paket əlcək cavabdehə təhvil verilmişdir. Müqavilənin 2.2-ci bəndində malların dəyərinin mallar təhvil verildikdən sonra 15 iş günü ərzində icraçının hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iki dəfə- 2118,64 manat və 381,36 manat olmaqla, ümumilikdə 2500 manat ödəniş edilmişdir. Cavabdeh iddiaçıya 12500,01 manat borcu qalmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda alıcı satıcıya 1 həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0.1%-i həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərti ilə cərimə ödəyəcəkdir. Cavabdeh İddiaçınə qeyd olunan elektron qaimə üzrə 12500,01 manat məbləğində əsas borc, gecikdirilmiş hər gün üçün faiz məbləği hesablanmaqla 1250,001 manat cərimə olmaqla ümumilikdə 13750,011 manat məbləğində borcu qalmışdır. 21 may 2022-ci il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Lakin göndərilən pretenziya məktubuna heç bir cavab gəlməmiş və cavabdeh tərəfindən ödəniş edilməmişdir. Sözügedən müqavilənin 6.3-cü bəndinə görə sifarişçi bu müqavilədə ünvanı barədə göstərdiyi məlumatların doğruluğunu təsdiq etməklə icraçı tərəfindən həmin ünvana göndərilən bildiriş, xəbərdarlıq və sair məktublar həmin ünvana çatmış hesab olunacaq və sifarişçi onları almaması halına istinad edə bilməz. Mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə Mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi nəzərdə tutulmuş, bu barədə hər iki tərəfə məlumat verilməsinə baxmayaraq İddiaçı direktoru sessiyada iştirak etmiş, cavabdeh isə iştirak etməmiş və bununla bağlı hər hansı bir məlumat verməmişdir. Mediasiya təşkilatı tərəfindən 14 iyun 2022-ci il tarixli, MŞB/3-1135 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi Vəkil 27 oktyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. Tərəflərin etirazı olmadıqa müddəti eyni şərtlərlə 1 (bir) il daha uzadıla bilər. Lakin istər “Agro Prof’ MMC tərəfindən, istərsə də İddiaçı MMC tərəfindən müqavilənin uzadılması ilə bağlı hər hansı bir təşəbbüs göstərilməmişdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdən etibarən müddətinin bitməsi ilə bağlı qüvvədən düşmüşdür. Buna görə də iddia tələbində qeyd edilən “Agro Prof’ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi” hissəsi çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq cavabdeh “Agro Prof’ Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 12500,01 manat məbləğində əsas borc, 1250,001 manat məbləğində cərimə, ilkin mediasiya sessiyasinda iştirak üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci və vəkil xidməti üçün ödənilmiş 300 manat olmaqla ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1311/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən (VÖEN **********) 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas bоrc, 600 (altı yüz) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və hüquqi yardımla əlaqədar ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla - cəmi 13600,01 (on üç min altı yüz manat 01 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 129,30 (yüz iyirmi doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış AP-21/09 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçıdan EBBJ seriyalı, 958523 nömrəli elektron qaimə əsasında alınmış 15.000,01 manat dəyərində 1250 paket əlcək keyfiyyətsiz olduğundan iddiaçı ilə qarşılıqlı şifahi razılaşma əsasında dəyərindən beş qat aşağı qiymətə satılaraq əldə edilmiş 2500 manat iddiaçıya ödənilmişdir. İddiaçı ona ödənilmiş məbləğlə şifahi şəkildə razılaşaraq "xxxx" MMC-yə qarşı hər hansı tələb irəli sürməmişdir. Lakin sonradan aydın olmuşdur ki, iddiaçı "xxxx" MMC-yə cərimə hesablamaq məqsədi ilə əvvəlcədən cavabdehə heç bir tələb və hər hansı irad bildirməmişdir. İddiaçı "xxxx" MMC-yə istifadəyə tam yararlı olmayan mal satmışdır. Bununla yanaşı, "xxxx" MMC-dən iddiaçının xeyrinə 600 manat cərimənin və 300 manat hüquqi yardım xərclərinin tutulması da qanunsuz sayılmalıdır, ona görə ki, müqavilənin bağlanmasından bir neçə gün sonra iddiaçıya satdığı malın keyfiyyətsiz olduğu və dəyərindən beş qat aşağı qiymətə satıldığı məlum olmasa da, o, qanunsuz cərimə hesablamaq üçün bir ildən artıq müddət gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sifarişçi Cavabdeh (VÖEN **********) ilə icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AP-21/09 nömrəli müqaviləyə əsasə icraçı ona məxsus olan məhsulları sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdıq edilmiş qaimə əsasında sifarişçiyə təqdim etməyi öhdəsinə götürür, icraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 2-ci bəndinə əsasən malların qiyməti və məbləği qaiməfakturaya əsasən müəyyən olunur, göstərilən malların dəyəri mallar təhvil verildikdən sonra 15 (on beş) iş günü ərzində icraçının hesabına ödənilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş ödəmə şərtləri pozulduqda alıcı satıcıya 1 (bir) həftəlik güzəşt müddətindən sonra hər gecikmə günü üçün gecikdirilmiş ödəmənin 0,1% həcmində, lakin gecikdirilmiş ödəmənin ümumi dəyərinin 10%-dən artıq olmamaq şərtilə cərimə ödəyəcəkdir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli EBBJ seriyalı, 958523 №-li elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə icraçı İddiaçı tərəfindən sifarişçi Cavabdehnə cəmi 15000,01 (on beş min manat 01 qəpik) manat dəyərində əlcək satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli 000093 nömrəli qaimədən görünür ki, həmin tarixdə 5400 manat dəyərində 450 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 23 sentyabr 2021-ci il tarixli 000094 nömrəli qaimədən görünür ki, həmin tarixdə 2400 manat dəyərində 200 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli 000123 nömrəli qaimədən görünür ki, həmin tarixdə 3600 manat dəyərində 300 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli 000239 nömrəli qaimədən görünür ki, həmin tarixdə 3600 manat dəyərində 300 ədəd əlcək Cavabdehnə təhvil verilmişdir. İş materiallarından olan 21 oktyabr 2021-ci il tarixli qəbzdən və İddiaçı “ƏDV subuçot” hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 21 oktyabr 2021-ci il tarixdə İddiaçınə 381,36 manat və 2118,64 manat olmaqla, ümumilikdə 2500 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə “Agro Prof’ MMC arasında bağlanmış xx.xx.2021-ci il tarxili AP21/09 nömrəli alqı-satqı müqaviləsi üzrə cavabdehə 15000,01 manat dəyərində 1250 ədəd əlcək verilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 2118,64 manat və 381,36 manat olmaqla, ümumilikdə 2500,00 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, alqısatqı müqaviləsi üzrə cavabdeh öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən, müqavilə üzrə ödənilməmiş 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın cavabdehdən “1250,001 manat məbləğində penyanın tutulması” tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 600 (altı yüz) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, AP-21/09 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, 1250 ədəd əlcək satıcı İddiaçı tərəfindən Cavabdehnə təqdim edilmişdir. Lakin alınmış mallara görə 12500,01 (on iki min beş yüz manat 01 qəpik) manat məbləğində əsas borc alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 958523 nömrəli elektron qaimə əsasında alınmış 15.000,01 manat dəyərində 1250 paket əlcək keyfiyyətsiz olduğundan iddiaçı ilə qarşılıqlı şifahi razılaşma əsasında dəyərindən beş qat aşağı qiymətə satılaraq əldə edilmiş, 2500 manat iddiaçıya ödənilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin hazırki dəlili tədqiq olunan sübutlar və işin konkret halları ilə təsdiq olunmamışdır. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətlərinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1311/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar