Məhkəmə qərarları › İş №2-2(105)-22/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-22/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-22/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1551/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1551/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 19 iyun 2023-cü il tarixli alğısatqı müqaviləsi üzrə 26.435,60 manat bоrc, 1.400 manat cərimə olmaqla, cəmi 27.835,60 manat (iyirmi yeddi min səkkiz yüz otuz beş manat 60 qəpik) məbləğdə pul vəsaitinin İddiaçı xeyrinə tutulması, həmçinin Cavabdeh dövlət nəfinə 173,50 manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı 22 avqust 2024-cü il tarixdə Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borcun və digər ödənişin tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehdən 26435,60 manat məbləğdə borc, 23792 manat məbləğdə cərimə və 241 manat məbləğdə ödənilmiş dövlət rüsumu əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edən iddiaçı bu müqavilənin predmetini təşkil edən malları alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib onların dəyərini müqaviləylə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni aldığı malların dəyərini tam ödəməmiş, nəticədə cavabdehin 26435,60 manat məbləğində borcu yaranmış, 20 dekabr 2023-cü il tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmiş, akta əsasən cavabdeh iddiaçıya 26435,60 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı öz iddia tələbini tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə əsaslandırmış, üzləşmə aktından sonra olan hesablaşmalar barədə qəsdən məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu isə öz növbəsində məhkəmənin şişirdilmiş borc məbləği ilə bağlı düzgün olmayan qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Halbuki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından sonra onun tərəfindən xx.xx.2023 cü il tarixli müqavilə üzrə mal alışı üçün İddiaçı MMC-nin hesablaşma hesabına xx.xx.2024-cü il tarixdə 10.857,80 manat məbləğdə əsas vəsait və 1.954,40 manat məbləğdə ƏDV hissəsi köçürülmüşdür. İddiaçı tərəf isə bu halı məhkəmədən gizlətməklə iddia tələbində artıq məbləğ qeyd etmişdir. Bu isə yolverilməzdir və əsassız varlanmaya gətirib çıxaran bir haldır… Məhkəmənin cavabdeh barəsində 1400 manat məbləğdə cərimə qət etməsi də əsassız olmuşdur. Çünki, iddiaçı tərəfindən borc məbləği və borcun gecikdirilməsi müddəti düzgün göstərilməmişdir… Göründüyü kimi, iddiaçı tərəfindən bu hal barədə məhkəməyə heç bir məlumat təqdim edilməmiş, məhkəmə isə öz növbəsində birtərəfli sübutlar əsasında və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1551/2024 saylı qətnaməsinin ləğv edilməsini, cavabdeh tərəfindən edilmiş ödəniş nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına təkrar gəlmədiyinə və bunun üzrlü səbəbləri müəyyən olunmadığına görə məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı MMC-nin vəkili-nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında bildirdi ki, cavabdehin xx.xx.2024-cü il tarixdə iddiaçının bank hesabına köçürdüyü 10.857,80 manat əsas məbləğ və 1.954,40 manat ƏDV məbləği tərəflər arasında sonradan bağlanmış başqa müqavilə üzrə avans ödənişidir. Ona görə də iddiaçı həmin ödənişi xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə qalan borcun ödənilməsinə yönəldə bilmir. Əgər cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcunu bağlamazsa, ona avans ödənişi etdiyi başqa müqavilə üzrə mal-material verilməyəcək və hazırkı iş üzrə qətnamənin icrası zamanı borcun tutulması həm də avans ödənişinə yönəldiləcək, onda 10.857,80 manat məbləğdə avans ödənişi hazırkı borcuna hesablanaraq bu borcdan çıxılacaqdır. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən müəyyən olunmuş borc məbləğindən sonrakı dövrdə heç bir ödəniş etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1551/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Birinci instansiya məhkəməsi iddianı qismən - 26.435,60 manat bоrc məbləği və 1.400 manat cərimə olmaqla cəmi 27.835,60 manat məbləğində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı və cavabdeh arasında 19 iyun 2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanılmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmeti olan malları (avadanlıqları və onların ehtiyat hissələrini) cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə onun iddiaçıya 26435,60 manat məbləğində borcu yaranmışdır. İşin bu halı başqa sübutlarla yanaşı, həm də cavabdehin özünün imzalayıb təsdiqlədiyi xx.xx.2023-cü il tarixli üzləşmə aktı ilə müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, istinad edilən mülki hüquq normalarının müddəaları baxımından iddiaçının cavabdehə qarşı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 26435,60 manat məbləğində borcun ödənilməsi (tutulması) tələbinə dair iddiası əsaslıdır və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Qanuna və tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı həm də cavabdehdən öhdəliyin pozulmasına (lazımınca icra edilməməsinə) görə dəbbə pulu (cərimə) ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi iddiaçının cərimə tələbini qismən – 1400 manat məbləğində təmin etməklə kifayətlənmişdir. Bununla bağlı məhkəmənin gəldiyi nəticəni iddiaçı mübahisələndirməmişdir. Cavabdeh apellyasiya şikayətində ondan cərimə tutulmasına etiraz etsə də, lakin onun etiraz dəlilləri əsassızdır. Cavabdeh müqavilə öhdəliyini pozduğuna görə ondan cərimə tələb etmək iddiaçının qanuni haqqıdır. Məhkəmə cavabdehdən tutulmalı olan cərimənin məbləğində ona kifayət qədər yüksək güzəşt etmiş, bununla iddiaçı da razılaşmışdır (apellyasiya şikayəti verməmişdir). Apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh həqiqətən də xx.xx.2024-cü il tarixdə, yəni üzləşmə aktı tərtib olunandan sonra iddiaçının bank hesabına 10.857,80 manat məbləğdə ödəniş etmişdir. Cavabdeh həmin ödənişin üzləşmə aktı üzrə müəyyən olunmuş borca aid olduğunu iddia etsə də, lakin təqdim edilmiş sənədlərdən məlum olur ki, bu ödəniş iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilmiş elektron qaimə-faktura əsasında sonuncunun sifariş etdiyi mal-materiala görə avans ödənişi olmuşdur. Belə vəziyyətdə ödənişin təyinatını dəyişdirmək ödəniş edənin (cavabdehin) hüququna aiddir. Lakin cavabdeh sözügedən ödənişin xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə olan borcuna hesablanması üçün iddiaçıya müraciət etməmişdir. Ona görə də iddiaçının 10.857,80 manat məbləğdə ödənişi cavabdehin borcundan çıxması yolverilməz olmuşdur. Hazırkı iş üzrə qətnamənin icrası mərhələsində isə iddiaçı cavabdehə avans ödənişi edilmiş mal-materialın verilməsindən imtina edə və avans ödənişini cavabdehdən tutulmalı olan borca hesablaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi dövlət rüsumunun təmin olunmuş tələblərə mütənasib olaraq cavabdehdən tutulması və aidiyyəti üzrə ödənilməsi ilə bağlı məsələni də qanuna müvafiq qaydada həll etmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1551/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1551/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar