Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-24/2024 12.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun silinməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2023cü il tarixli, e-2-2(105)-1183/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023-cü il tarixli UP-09473 nömrəli aktın ləğv edilərək əsasssız hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat borcun silinməsi və 93 (doxsan üç) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixdə “Təbii qazın uçotunun pozulması haqqında” UP-09473 nömrəli akt tərtib olunmuşdur. Aktın tərtib edilməsinə əsas kimi “X2”nın 4.3-cü bəndinə uyğun olaraq “G- 1000” markalı 83047669 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilməsi göstərilmişdir. Aktda Cavabdeh SOCAR **********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablanması 33077,8 m3 müəyyən edilmiş və qaz sərfinin dəyəri olan 8269,5 manatın istehlakçı tərəfindən 2 ay müddətində ödənilməsi razılaşdırıldı” qeyd edilmişdir. İddiaçının nümayəndəsi aktı təsdiqləməkdən imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə 07 fevral 2023-cü il tarixində 12 saylı məktub göndərilmiş məktubda aktın “X2”nın və xx.xx.2019-cu il tarixli AMX-1996/19 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.1.8 və 2.1.11-ci bəndlərinin tələblərinə zidd olduğuna görə 8269,5 manatın ödənilməsindən imtina edilməsi qeyd edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-8-2-262/2023 saylı məktubunda müraciətin araşdırıldığını, Cavabdeh SOCAR **********0040020A00513 nömrəli əmri ilə təsdiq olunmuş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən sayğacda uçota alınmayan 33077 m3 qaz sərfinə görə 7276,94 manat hesabat aparılaraq iddiaçının abonent hesabına işlənildiyini bildirmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş aktda sayğac göstəricilərinin xətası normalara uyğun olmadığı, normadan artıq olduğu qeyd edilmiş, lakin norma göstərilməmişdir. Qazın hesablanma metodologiyası cavabdehdən tələb olunmasına baxmayaraq iddiaçıya təqdim edilməmişdir. Qaz sayğacının layihə gücünə uyğun olmadığı, qaz qurğularının layihə və digər texniki sənədlər əsasında quraşdırılmadığını və istimar edilmədiyini göstərən heç bir göstərici yoxdur. İddiaçının normal qazla təmin olunması üçün qaz xəttində qazın təzyiqi 1 bardan aşağı olmamalıdır. Bunu iddiaçının buxar qazanlarının gücü tələb edir. Buxar qazan sexinə gedən xətdən başqa xətt yoxdur ki, iddiaçının sayğacı minimal sərfölçmə qabiliyyətindən aşağı həddə istifadə olunsun.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın düzgün olmadığını, sayğacında göstərilən nöqsanların olmadığını, təbii qazdan qanunsuz istifadə etmədiyini göstərmişdir. Lakin abonent üçün sayğac göstəricisindən əlavə sərfiyyat məbləğinin hesablanması qanuna uyğun şəkildə yerinə yetirilmişdir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən açılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda “X2”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının üzərinə qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə attestasiya edilmiş ölçmə metodikaları yerinə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazma görə 4,0% olmaqla, cəmi 7,75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X2 və qazın alqı-satqısı müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-1000 markalı 83047669 nömrəli qaz sayğacına yerində xidmət göstərərkən xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən 33077,8 m3 miqdarında və ya 33077,8 m3 x 0,22 manat 7276,94 manat məbləğində uçota alınmayan qazın həcmi hesablanmışdır. Göründüyü kimi,İddiaçı Açıq Səhmdar Cəmiyyəti üçün hesablanmış uçotu pozulmuş qaz həcminin məbləği qanuna və ölçmə metodikasına əsaslanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi isə qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023cü il tarixində tərtib olunmuş UP-09473 nömrəli aktın ləğv edilməsi hissəsinin etibarsız hesab edilməsi, əsassız hesablanmış 7276,94 manatlıq borcun silinməsi, 103 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Təbii qazın uçotunun pozulması barədə” xx.xx.2023-cü il tarixində tərtib olunmuş UP-09473 nömrəli akt üzrə əsassız hesablanmış 7276,94 manatlıq borcun silinməsi, 103 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli 16 fevral 2022-ci il tarixli Aktdan görünür ki, X7 İstismarı İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus “G 1000” markalı 83047669 nömrəli qaz sayğacına yerində xidmət göstərilmişdir.
8. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli aktda qeyd olunur ki, “X2”nın 4.3cü bəndinə uyğun olaraq “G1000” markalı 83047669 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 33077,8 m3 müəyyən olunmuşdur. Aktda qeyd olunmuşdur ki, müəyyən olunmuş 33077,8 m3 qaz sərfinin dəyəri olan 8269,5 manatın istehlakçı tərəfindən 2 ay müddətə ödənilməsi razılaşdırıldı. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi aktı imzalamaq imtina etmişdir.
9. X7 İstismarı İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış 9 may 2023-cü il tarixli 14-2-2-8/2-262/2023 nömrəli məktubunda göstərilmişdir ki, qeydə alınmayan 33077,8 m3 qaz sərfinə görə 7276,94 manat məbləğində hesabat aparılaraq abonent hesabınıza işlənilmişdir.
10. Abonent saldosundan görünür ki, 2023-cü ilin fevral ayında akt əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus abonent hesabına 7276,94 manat məbləğində borc hesablanmışdır.
11. İş materialları ilə müəyyən olunur ki, borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2- 2(105)-1183/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********00090) “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt əsasında hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 92,77 (doxsan iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2 və 4.9cu bəndləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1 və 9.4-cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2-2(105)-1183/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız aparılmasının və rotorların sərbəst şəkildə işləməsini təşkil etmək üçün sayğaclar rotordan açılaraq, rotor, turubin və süzgəc hissələri təmizlənir. Belə olan halda X2"na 3 nömrəli əlavə qeyd edilmişdir ki, “İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq” vəzifəsi qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” AR Qanunun 5.1-ci bəndinə uyğun olaraq, Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdqi edilmiş və yoxlamadan keçən ölçmə vasitələrindən istifadə edilməklə ölçmə metodikaları yerinə yetirilməlidir. Turin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0% cəmi 7,75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən X2 və qazın alqı-satqı müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qaz sərfiyyatının hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-100 markalı 80093107 nömrəli qaz sayğacda xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə uyğun olaraq ölçmə metodikasına əsasən sayğacın quraşdırıldığı tarix xx.xx.2019, yerində xidmət tarixi xx.xx.2021 olmaqla, 2021-ci ilin yekun sərfiyyatı 426810 m3 (saldoda öz əksini tapmışdır) x7,75%=33077,8 m3 miqdarında və ya 33077,8 m3x0.22 manat=7276,94 manat məbləğində uçota alınmayan qazın həcmi hesablanmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın: 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.
22. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti barəsində “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP-09473 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc hesablanmışdır. İstehlakçı (iddiaçı), paylayıcı (cavabdeh) Cavabdeh tərəfindən həmin Aktı əsasında hesablanmış borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcu mübahisələndirmişdir.
27. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və məhkəmə gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə “Təbii qazın uçotunun pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli UP09473 nömrəli akt əsasında hesablanmış 7276,94 (yeddi min iki yüz yetmiş altı manat doxsan dörd qəpik) manat məbləğində borc silinməlidir.
28. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşman cavabdeh apellyasiya şikayəti vermişdir.
29. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2-2(105)-1183/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
32. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2-2(105)- 1183/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.