Məhkəmə qərarları › İş №2-2(105)-25/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-25/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-25/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsindən cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 17 iyun 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X3” MMC-dən 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tikinti mallarının istehsalı və alqı-satqısı ilə məşğul olan iddiaçı "xxxx" MMC ilə cavabdeh "X3" MMC arasında tikinti mallarının alqı-satqısına dair 21 fevral 2019cu il tarixli DGA001 saylı müqavilə bağlanmış və həmin Müqavilə üzrə cavabdeh "X3" MMC-yə satılmış mallara görə sonuncunun 31 may 2021-ci il tarixə iddiaçı "xxxx" MMC-yə 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat məbləğində borcu yaranmışdır. Bu barədə cavabdehə pretenziya məktubu təqdim edilmiş olsa da, cavabdeh "X3" MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı "xxxx" MMCyə olan həmin borcu ödəməmişdir. Həmin iş üzrə cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 09 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçınə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin məzmununda yol verilmiş yanlışlığın düzəldilməsi ilə əlaqədar 01 oktyabr 2021-ci il tarixli və 11 noyabr 2021-ci il tarixli “qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizələrlə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən cəmi 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz manat 98 qəpik) manat məbləğində (95211 manat + 17137,98 manat ƏDV) pul vəsaitinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “X3” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X3” MMC arasında 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən “X3” MMC tərəfindən ödənilən pul məbləğinin əvəzi olaraq verilmiş sifariş əsasında İddiaçı MMC müvafiq malları “X3” MMC-yə təhvil verməsinə öhdəlik götürmüşdür. Lakin İddiaçı MMC tərəfindən müqavilədə göstərilən öhdəlik lazımınca yerinə yetirilməmişdir. Belə ki, “X3” MMC tərəfindən İddiaçı MMC-nin hesabına malın ümumi dəyəri ƏDV daxil olmaqla cəmi 112348,98 manat (95211 + 17137,98 (ƏDV)) ödəniş edilmiş, lakin bu günə qədər mallar “X3” MMC-yə təhvil verilməmişdir. Həmin mallar bunlardır: - 1) 60 ton (tonu 851 manat) – 14-lük armatur - 51060 manat; 2) 12 ton (tonu 851 manat) – 12-lik armatur 10212 manat; 3) 8 ton (tonu 851 manat) – 25-lik armatur - 6808 manat; 4) 5 ton (tonu 1001 manat) – 8-lik katanka - 5005 manat; 5) 4 ton (tonu 851 manat) – 16-lıq armatur 3404 manat; 6) 14 ton (tonu 851 manat) – 18-lik armatur - 11914 manat; 7) 4 ton (tonu 851 manat) – 20-lik armatur - 3404 manat; 8) 4 ton (tonu 851 manat) – 22-lik armatur 3404 manat. Beləliklə, İddiaçı MMC-nin “X3” MMC-yə 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz min 98 qəpik) manat borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış 21 fevral 2019-cu il tarixli DGA001 saylı alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən “Satıcı” müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) təqvim gün ərzində malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Lakin İddiaçı MMC tərəfindən bu günə qədər mallar “X3” MMC-yə təhvil verilməmiş və tərəflər arasında bu barədə təhvil-təslim aktı tərtib olunmamışdır. Eyni zamanda, iş üzrə cavabdeh “X3” MMC tərəfindən 19 oktyabr 2021-ci ildə məhkəməyə iddia tələbinə qarşı yazılı Etiraz təqdim edilərək, İddiaçı MMC-nin cavabdeh “X3” MMC-yə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən “X3” MMC-yə qarşı qaldırılan iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, “X3” MMC və ya MMC-nin səlahiyyətli şəxsləri tərəfindən iddia tələbində qeyd olunan tikinti materialları qəbul edilməmiş, tərəflər arasında malların təhvil verilməsi və təhvil alınması barədə akt belə olmamışdır. Həmçinin, iddiaçının iddia tələbi üzrə göstərdiyi mallara dair “X3” MMC tərəfindən İddiaçı MMC-nin hesabına heç bir ödəniş olunmamışdır. Yalnız qarşılıqlı iddia ərizəsində göstərilən ƏDV daxil cəmi 112348,98 manat dəyərində tikinti materiallarına görə “X3” MMC tərəfindən İddiaçı MMCnin hesabına ödəniş olunmuşdur. Ona görə də, İddiaçı MMC-nin "‘X4” MMC-yə qarşı 143501,95 manat pul tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 143531,95 (yüz qırx üç min beş yüz otuz bir manat 95 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə xərclərinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir (hakim Zülfüqar Sadıqov ). Qətnamədən narazı qalan cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)- 858/2021 saylı qətnaməsinin ləğv edilməsini, qətnamənin ilkin iddia tələbi hissəsindən rədd olunmasını və qarşılıqlı iddia hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini 16.04.2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24.04.2020-ci il tarixli EBAİ 949927 nömrəli Elektron Qaimə ilə istinad edərək təmin etmişdir. Məhkəmə prosesində izahat verən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan mallar, yəni armatur və katanka alıcı ’’X3”MMC-nin göstərdiyi yerə çatdırılmışdır. Göründüyü kimi mal məhz ’’X3”MMC-nin direktoru tərəfindən şəxsən qəbul edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3 -cü bəndinə əsasən mal şəxsən alıcı tərəfindən qəbul edilmədikdə malın təhvil alınması hesabı şəxs tətəfindən həyata keçirilərkən alıcı tərəfindən həmin şəxsə vəkalətnamə verilməlidir. İddiaçının özünün də ehtiraf etdiyi mal məhz alıcıya şəxsən verilmədiyindən malın alıcının hansı nümayəndəsi tərəfindən alınması məhkəmə tərəfindən araşdırılmamış və həqiqətən də malın təhvil alınıb alınmasına hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsinin ləğv edilməsini, qətnamənin ilkin iddia tələbi hissəsində rədd olunması və qarşılıqlı iddia hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X3” MMC-nin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsinin ləğv edilməsini, qətnamənin ilkin iddia tələbi hissəsində rədd olunmasını və qarşılıqlı iddia tələbi hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya müxtəlif çeşiddə metal (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, Malın daşınması və yüklənməsi ilə bağlı xərclər “Alıcı” tərəfindən ödənilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, “Alıcı” sifariş olunan malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən və “Satıcı’nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 5 (beş) iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələrlə müəyyən olunur ki, 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı (iddiaçı) İddiaçı tərəfindən alıcı (cavabdeh) “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 143501,95 (yüz qırx üç min beş yüz bir manat 95 qəpik) manat dəyərində (12545,05 manat + 108890,90 manat + 22066 manat) armatur və katanka məhsullarının satılması ilə əlaqədar satıcı İddiaçı MMC tərəfindən alıcı “X3” MMC-yə müvafiq qaydada 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimələr göndərilmişdir: 1). 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X3” MMC-yə ƏDV daxil cəmi 12545,05 (on iki min beş yüz qırx beş manat 05 qəpik) manat dəyərində olmaqla (10631,40 manat malın dəyəri + 1913,65 manat ƏDV) 10 ton miqdarında “Katanka 8” məhsulu göndərilmişdir. 2). 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X3” MMC-yə ƏDV daxil cəmi 108890,90 (yüz səkkiz min səkkiz yüz doxsan manat 90 qəpik) manat dəyərində olmaqla (92280,43 manat malın dəyəri + 16610,48 manat ƏDV) 47,208 ton miqdarında “Armatur U12”, 4,008 ton miqdarında “Armatur U14”, 6,017 ton miqdarında “Armatur U20”, 2,003 ton miqdarında “Armatur U22”, 37,439 ton miqdarında “Armatur U25” və 10 ton miqdarında “Katanka-8” məhsulları göndərilmişdir. 3). 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, DGA001 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satıcı İddiaçı MMC tərəfindən alıcı “X3” MMC-yə ƏDV daxil cəmi 22066 (iyirmi iki min altmış altı) manat dəyərində olmaqla (18700 manat malın dəyəri + 3366 manat ƏDV) 22 ton miqdarında “Armatur U14” məhsulu satılmışdır. İş materiallarında olan “Bank” BTB tərəfindən 25 iyun 2021-ci ildə verilmiş hesabdan çıxarışdan (cavabdeh tərəfindən təqdim olunmuşdur) görünür ki, “X3” MMC-nin hesabından EBAG 681799 saylı elektron qaiməyə əsasən malmaterial üçün 24 fevral 2020-ci ildə İddiaçı MMC-nin hesabına 95211 (doxsan beş min iki yüz on bir) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli **********919909 nömrəli Köçürmənin aparılması haqqında Bildirişdən (cavabdeh tərəfindən təqdim olunmuşdur) görünür ki, “X3” MMC-nin “ƏDV sub-uçot” hesabından EBAG 681799 saylı elektron qaimə üzrə 17137,98 (on yeddi min yüz otuz yeddi manat 98 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, ödəyici “X3” MMC tərəfindən DGA001 nömrəli müqaviləyə əsasən 60 ton 14-lük armatur (51060 manat), 12 ton 12-lik armatur (10212 manat), 8 ton 25-lik armatur (6808 manat), 5 ton 8-lik katanka (5005 manat), 4 ton 16-lıq armatur (3404 manat), 14 ton 18-lik armatur “11914 manat), 4 ton 20lik armatur (3404 manat) və 4 ton 22-lik armatur (3404 manat) alınması üçün əvvəlcədən ödəniş olaraq mal göndərən İddiaçı MMC-yə ümumilikdə 95211 manat malın dəyəri və 17137,98 manat ƏDV olmaqla, cəmi 112348,98 (yüz on iki min üç yüz qırx səkkiz manat 98 qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsi üçün 21 fevral 2020-ci il tarixli 1 nömrəli hesabfaktura tərtib olunmuşdur (cavabdeh tərəfindən təqdim olunmuşdur). Birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda araşdırılan faktiki halları ilə bağlı mövcud hüquq münasibətlərinə tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3-cü bəndinin tələblərinə görə vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir (3.1.); Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (3.2.); Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər (3.3.); malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (3.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu Məcəllənin 711.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1), bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2) və müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4). Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İş üzrə birinci instansiya məhkəməsi araşdırması zamanı tədqiq olunmuş sübutlarla və işin konkret halları ilə haqlı olaraq müəyyən edilmişdir ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli Alqısatqı Müqaviləsi (məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələri izahatlarında 21 fevral 2019-cu il tarixli DGA001 nömrəli müqavilənin əslində 21 fevral 2020-ci ildə bağlandığını, lakin müqavilənin tərtibi zamanı texniki səhvə yol verilərək müqavilənin tarixinin “21 fevral 2019-cu il” kimi qeyd olunduğunu bildirmişlər) üzrə “X3” MMC-nin hesabından EBAG 681799 saylı elektron qaiməyə əsasən mal-material üçün 24 fevral 2020-ci ildə İddiaçı MMC-nin hesabına 95211 manat məbləğində pul vəsaiti və həmçinin, “X3” MMC-nin “ƏDV subuçot” hesabından EBAG 681799 saylı elektron qaimə üzrə 17137,98 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabına, yəni hər iki hesab üzrə cəmi 112348,98 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin, həmin pul ödənişinin əvəzində EBAG 681799 saylı elektron qaimədə qeyd olunan məhsulların satıcı İddiaçı MMC tərəfindən “X3” MMC-yə verilməməsi, yəni satılmaması öz təsdiqini tapmamış və bu xüsusat məhkəmə araşdırması zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun sübut edilməmişdir. Eyni zamanda, məlum alqı-satqı Müqaviləsi üzrə 16 aprel 2020-ci il tarixli EBAİ 852789 nömrəli, 24 aprel 2020-ci il tarixli EBAİ 949927 nömrəli və 14 may 2020-ci il tarixli EBAJ 898533 nömrəli elektron qaimələrlə satıcı İddiaçı tərəfindən alıcı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ƏDV daxil cəmi 143501,95 manat dəyərində armatur və katanka məhsullarının satılması və həmin alqı-satqı üzrə yaranmış cəmi 143501,95 manat məbləğində borcun satıcı İddiaçı MMC-yə ödənilməməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələbləri baxımından sübutlara yuxarıda göstərilən qayda hüquqi qiymət verməklə gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırmışdır. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cəmi 143501,95 manat məbləğində borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar satıcı İddiaçı tərəfindən alıcı “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, İddiaçı MMC-nin “143501,95 manat məbləğində əsas borcun cavabdeh “X3” MMC-dən tutulması” barədə ilkin iddia tələbi əsaslıdır. Lakin, cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia tələbinin, yəni İddiaçı MMC-dən “cəmi 112348,98 manat (95211 manat + 17137,98 manat ƏDV) məbləğində pul vəsaitinin tutularaq “X3” MMC-yə ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı sübuta yetməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi ilə əlaqədar apellyasiya şikayətinin əsas dəlili kimi aşağıdakılar qeyd olunmuşdur: “... Birinci instansiya məhkəməsi ilkin iddia tələbini 16.04.2020-ci il tarixli EBAİ 852789 nömrəlİ, 24.04.2020-ci il tarixli EBAİ 949927 nömrəli Elektron Qaimə ilə istinad edərək təmin etmişdir. Məhkəmə prosesində izahat verən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzra cavabdeh İddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, elektron qaimələrdə qeyd olunan mallar, yəni armatur va katanka alıcı “X3" MMC-nin göstərdiyi yerə çatdırılmışdır. Göründüyü kimi mal məhz '"xxxx" MMC-nin direktoru X2 tərəfindən şəxsən qəbul edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3- cü bəndinə əsasən mal şəxsən alıcı tərəfindən qəbuİ edilmədikdə malın təhvil alınması təhtəlhesab şəxs tərəfindən hayata keçirilərkən alıcı tərəfindən həmin şəxsə vəkalətnamə verilməlidir. İddiaçının özünün də etiraf etdiyi mal məhz alıcıya şəxsən verilmədiyindən malın alıcının hansı nümayəndəsi tərəfindən alınması məhkəmə tərəfindən araşdırılmamış və həqiqətən də malın təhvil alınıb alınmasına hüquqi qiymət verilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunan tərəflər arasında bağlanmış müqavilənin malın təhvil verilməsi adlanan 4-cü bəndində aşağıdakılar təsbit olunmuşdur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. Həmin Müqavilənin 4.3-ci bəndinə əsasən, “Alıcı” tərəfindən Malın təhvil alınması təhtəlhesab şəxs tərəfindən hayata keçirilən təqdirdə “Alıcı” təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verməlidir. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, Malın daşınması və yüklənməsi ilə bağlı xərclər “Alıcı” tərəfindən ödənilir. İşin 154-cü vərəqində olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokulundan görünür ki, iddiaçının nümayəndəsinin təqdim etdiyi dörd ədəd elektron daşıyıcıda “Whatsapp” yazışmaları məhkəmə iclasında quraşdırılmış kompyuter vasitəsi ilə nümayiş etdirilmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi Nümayəndə3 həmin səs yazılarının Nümayəndə2 aidliyinin məlum olmadığını bildirərək səs yazılarının sübut kimi qəbul etmədiyini bildirmişdir. Həmin ziddiyyətin aradan qaldırılması ilə bağlı məhkəmə kollegiyasının iclasında qeyd olunan səs yazıları cavabdeh '"xxxx" MMC-nin direktoru X1 şəxsən özünün iştirakı ilə dinlənilmiş, o isə həmin səs yazılarının onun iradəsinə uyğun olmaqla onun özü tərəfindən ifadə edildiyini bildirmişdir. Bundan əlavə onun özü məhkəmə kollegiyasının iclasında dindirildiyindən həmin səs yazılarının ona məxsus olmasını inkar etmək mümkün deyildir. Qeyd olunan səs yazıları ilə də həmçinin iddiaçının müqavilə öhdəliklərini lazımı qaydada icra etməsi öz təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18.11.2021-ci il tarixli, e-2-2(119)-858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar