Məhkəmə qərarları › İş №2-2(105)-26/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-26/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-26/2020 18.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X7 və X6 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Mehdi oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mehdi oğlunun Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və xx.xx.2018-ci il tarixli bildirişin etibarsız hesab edilməsi və hesablanmış 27316,80 manat borcun iddiaçının abonent kodundan silinməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 318/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 16- xx xxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Mehdi oğlu Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktın və xx.xx.2018-ci il tarixli bildirişin etibarsız hesab edilməsi və hesablanmış 27316,80 manat borcun iddiaçının abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(027)-559/2019 saylı qərardadı ilə mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 318/2019 saylı qərardadı ilə İddiaçı Mehdi oğlunun Cavabdehnə qarşı iddia tələbinin xx.xx.2018-ci il tarixli ******* saylı aktın və xx.xx.2018-ci il tarixli bildirişin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Qəçrəş kənd massivində iddiaçıya məxsus özəl istirahət kompleksi vardır. Həmin komleksdə Cavabdeh İB ilə bağlanan müqaviləyə əsasən təbii qazdan istifadə edilir. Yay mövsümü başa çatdığı üçün təbii qazdan istifadəni saxlayıb, istirahət mərkəzini Yevlax rayon sakini X3 icarəyə vermək qərarına gəlmişdir. xx xxxxxxx 2018-ci il tarixdə P.Hüseynov iddiaçıya istilik cihazlarını təmir etmək üçün usta gətirib xətdən kənar qazı qoşduğunu və bu vaxt Cavabdeh İB-nin Quba filialının işçiləri obyektə gəlib qazdan kənar xətt müşahidə edib akt yazdığını bildirmişdir. xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh İB-dən iddiaçıya itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair bildiriş gəlmiş, həmin bildirişdə iddiaçı tərəfindən 136584 m3 təbii qazın, yəni 27316,80 manat dəyərində qazın sayğacdan kənar istifadəyə görə cərimə olunduğu bildirilmişdir. İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməmiş, onun obyektdə olmamasından sui-istifadə edilərək kombiləri yoxlamaq üçün sayğacdan kənar təbii qazı qoşulmuş və əsassız cərimə hesablanmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 318/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən Quba rayonu Qəçrəş kəndində yerləşən İddiaçı istifadəsində olan “Səməd” istirahət mərkəzinə hesablanmış 27316,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim V.Əzizova). Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxx 2020-ci il tarixə, saat 16:05-ə təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz RQİİ-nin Quba xidmət sahəsində qeyri- əhali abonenti kimi qeydiyyatda olan İddiaçı Quba rayonun Qəçrəş kəndində yerləşən “Səməd” istirahət mərkəzini turizm kommersiya obyekti kimi işlədir. Həmin obyektdə əhaliyə məişət xidməti göstərmək üçün və gələn qonaqların qaldıqları kotecləri qızdırmaq üçün xx xxxxxxx 2015-ci il tarixli, 438-10- 15 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə Müqavilə” əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq tərəf müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, İddiaçı “Səməd” istirahət mərkəzində istifadə etdiyi təbii qazın sayğacla müəyyən edilən hesabı ona təqdim edilməsinə baxmayaraq xx.xx.2017-ci il tarixdə abonentin 1791.10 ( bir min yeddi yüz doxsan bir manat on qəpik) manat debitor borcu yaranmış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o öz borcunu ödəməmişdir. Nəticədə Cavabdeh abonenti məhkəməyə vermiş və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ilə İddiaçı 1791.10 manat borcun tutulması qət edilmişdir. Öz borcunu ödəmədiyinə görə abonentin qaz təchizatı qanunvericiliyinə uyğun olaraq dayandırılmışdır. Bundan sui-istifadə edən İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə, təhlükəsizlik qaydalarını kobud şəkildə pozaraq qazpaylayıcı şəbəkəyə qoşularaq təbii qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixdə Quba xidmət sahəsinin əməkdaşları tərəfindən “xxxx” MMC-nin məlumatına əsasən “Səməd” istirahət mərkəzində sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə olunduğu aşkar olunmuş və qanunvericiliyinin tələblərinə uyğun sənədləşmə aparılmışdır. Belə ki, İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib olunmuş, istirahət mərkəzində istifadə olunan qaz işlədici cihazların saatlıq qaz sərfıyyatı nəzərə alınmaqla abonentin hesabına 136584 m3 və 27316.80 manat itirilmiş qazın bərpası üçün ziyan yazılmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 2.2.7.4 bəndinə əsasən Qaz paylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı “Səməd" istirahət mərkəzində sayğacdan kənar xətt vasitəsi ilə şəbəkəyə qoşulmaqla qazdan istifadə qaydalarını təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Bu halı iddiaçı yazdığı iddia ərizəsində də etiraf edir. Qanunsuz qoşulmanın abonentin özü və ya başqası tərəfindən həyata keçirilməsinin fərqi yoxdur. Belə ki, sənaye qaz qurğusundan istifadə edən abonentlər qaz işlədici cihazlardan düzgün istifadə edilməsinə özləri cavabdehdilər. Həmin Qərarın 6.5-ci bəndinə əsasən Qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb edilməlidir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələri və fərziyyələrinə uyğun irəli sürülən fikirlərdir. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə“ müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı Mehdi oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Qəçrəş kəndi ərazisində 2.10 ha torpaq sahəsində yerləşən 646.6 kv m ümumi, 477.4 kv m əsas, 169.2 kv m köməkçi sahədən ibarət əmlak kompleksi (istirahət mərkəzi) tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh İB-nin əməkdaşları Vüqar Rzayev, Cabir Xəlilov və Edmar Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* aktdan görünür ki, istirahət zonasının qaz xəttinə qanunsuz olaraq rezin boru ilə sayğacsız qoşulması aşkar edilmişdir. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya itirilmiş qazın bərpası üçün 136584 kub metr hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. ARDNŞ Şurasının xx xxxx 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir:

1. Təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda;

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Həmin Qaydalara əsasən 3-cü və 4-cü hallarda istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabat müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olumuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, ARDNŞ Şurasının qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədiyindən sərfiyyat məbləği əsaslı qiymətləndirilə bilməz. Odur ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. Kollegiya qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar İddiaçı Mehdi oğluna məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-318/2019 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏ

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 318/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar