Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-26/2022 21.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Əhmədov Elman Məməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının direktoru Nümayəndə1, iddiaçının nümayəndəsi İddiaçı2, Cavabdeh “Xanım" MMC-nin direktoru Nümayəndə2 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi, ekskavatorun qaytarılması və maddi ziyanın tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, e-2-2(119)-935/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 Cavabdeh MMC-nin İddiaçı1 MMC-yə alqı-satqı müqaviləsi üzrə olan 30 000 (otuz min) manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 MMC "xxxx" MMC-nin mülkiyyətinə LİEBHERR R922-3L markalı ekskavatoru verməyi, "xxxx" MMC isə qəbul edib məbləğini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əlavə olunan təhvil-təslim aktı əsasında texnika cavabdehə saz vəziyyətdə, nəqliyyat vasitəsinin texniki vəziyyətinə heç bir iddia olmadan təhvil verilmişdir. Lakin bu günə qədər müqavilənin 2.1. bəndində nəzərdə tutulmuş texnikanın dəyəri, yəni 30 000 manat (ƏDV-siz) ödənilməmiş olaraq qalır. Dəfələrlə borcun ödənilməsi barədə tələblər irəli sürülsə də, cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq yerinə yetirmir. Müqavilə üzrə borcun məbləği ƏDV-siz 30000 (otuz min) manat təşkil edir. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 567 və 598-ci maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı1 MMC və Cavabdeh MMC arasında müqavilənin ləğv olunaraq müqavilə predmeti olan LİEBHERR R922-3L markalı ekskavatorun geri qaytarılması, İddiaçı1 MMC-yə əldən çıxmış fayda şəklində vurulmuş 17500 (on yeddi min beş yüz) manat dəyərində maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, 25.06.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən “X1" MMC “Xanım" MMC-yə LİEBHERR R922-3L markalı ekskavatoru verməyi, “Xanım" MMC isə qəbul edib məbləğini ödəməyi öhdəsinə götürmüşlər. Müqaviləyə əlavə olunan təhvil-təslim aktı əsasında texnika cavabdehə saz vəziyyətdə, nəqliyyat vasitəsinin texniki vəziyyətinə heç bir iddia olmadan təhvil verilmişdir. Müqavilənin 2.1 bəndinə görə alınan texnikaya görə cavabdeh 6 ay ərzində ƏDV daxil olmamaqla 30 000 manat vəsait ödəməli idi. Lakin bu günə qədər, yəni 2 ildən çoxdur ki cavabdeh heç bir pul ödəmir. Dəfələrlə borcun ödənilməsi barədə tələblər irəli sürülsə də, cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq yerinə yetirmir. Bu günə qədər cavabdeh müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən qərəzli boyun qaçırır. İddiaçı hüquqlarının müdafiəsi üçün 21 may 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinə də müraciət edilmiş, arasdırma aparılarkən “Xanım" MMC-nin direktoru Nümayəndə2 izahat alınmışdır. Həmin izahatda Nümayəndə2 iddiaçıya olan borcu etiraf etmiş və bu ilin yəni 2021-ci ilin sonuna qədər borcun ödənilməsinə zəmanət vermişdir. Lakin həmin izahatdan 2 ay keçməsinə baxmayaraq, cavabdeh borcu ödəmək üçün heç bir vəsait verməmişdir. Bunu nəzərə alaraq "xxxx" MMC-nin “X1" MMC-yə alqı-satqı müqaviləsi üzrə olan 30000 manat məbləğində borcun ödənilməsi barədə ilkin tələb dəyişdirilməli, cavabdehdə qanunsuz olaraq saxlanılan LİEBHERR R922-3L markalı ekskavator geri qaytarılmalıdır. Ərizədə daha sonra göstərilir ki, iddiaçıya əldən çıxmış fayda şəklində də maddi ziyan vurulmuşdur. Belə ki, 15 yanvar 2020-ci il tarixdə "xxxx" MMC iddiaçıya əməkdaşlıq barədə təklif məktubu göndərərək Birgə fəaliyyət haqqında müqavilənin bağlanması istəyini bildirmiş, tərəflər arasında 17 fevral 2020-ci il tarixində müqavilə bağlanmışdır. Birgə fəaliyyət haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən balansında olan texnikalar vasitəsilə xidmət göstərilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin "xxxx" MMC-dən verilən sifarişlərə uyğun, iş günlərinin sayı müəyyən edilməklə göstərilməsi nəzərdə tutulmuşdur. Həmin texnikaların siyahısında LİEBHERR R922-3L markalı ekskavator da göstərilmişdir. Nəzərə alınsa ki, cavabdeh "xxxx" MMC alqı-satqı müqaviləsi üzrə ekskavatorun məbləğindən bir manat da olsa ödəməyib texnika müqavilə şərtlərinə görə iddiaçının mülkiyyətindədir. Cavabdehin günahı ucbatından iddiaçı "xxxx" MMC-nin sifarişi üzrə ekskavatorla xidmət göstərə bilməmiş və nəticədə iddiaçıya 17500 manat məbləğində əldən çıxmış fayda şəklində maddi ziyan vurulmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, e-2-2(119)- 935/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 25 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsi, LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavatorun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı1nə qaytarılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi ziyanın əvəzi olaraq 17500 (on yeddi min beş yüz) manat pulun tutularaq İddiaçı1nə ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırki işə alqı-satqı müqaviləsinin tələblərinə uyğun olmayaraq baxmış, tərəflər arasında olan münasibətlərə lizinq münasibətləri müstəvisində baxmışdır. Əslində tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Məhkəmə qeyd edilən müqavilə şərtlərini nəzərə almamışdır. Məhkəmə tərəfindən 17500 manat maddi ziyanın tutulması qeyd edilmiş, lakin həmin maddi ziyanın nəyə görə yaranması iddiaçı tərəfindən əsaslandırılmamışdır. Tərəflər arasında müqavilə şərtlərinin icrasının gecikdirilməsi və ya icra olunmamasına səbəb verilmiş texnikanın ilkin istifadəsi zamanından yaranmış nasazlığın olması, texnika alındıqdan sonra cavabdeh tərəfindən iddiaçının razılığı ilə texnikaya təmir xərcləri olaraq 47500 manat yaxın vəsaitin xərclənməsi olmuşdur. Belə ki, 2019-cu il iyul ayının 1-dən texnika xarab olmuş, motor və turbosu xarab olmuş, bu barədə iddiaçıya məlumat vermişdir. Bundan sonra iddiaçı texnikanı geri götürməmiş, təmir xərclərinin dəyərdən çıxılacağı barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Texnika bu minval ilə 1.6 ildən artıq təmirdə qalmış, cavabdeh tərəfindən istifadə olunmamışdır. 2021-ci ilin əvvələrində texnika tam saz vəziyyətdə olandan sonra iddiaçıya məlumat verilmiş, təmir xərclərinin maya dəyərindən artıq olması ona bildirilmişdir. Cavabdeh əvvəl danışdıqları kimi texnikaya 47500 manat xərc çəkilməsini iddiaçıya bildirmiş, heç olmasa bundan sonra dəyərinin 50 faizini ödəmək barədə razılıq əldə edilməsini onlara təklif edir. Bundan sonra iddiaçı cavabdehlə razılaşmır və ondan polisə şikayət edir. Göründüyü kimi, iddiaçı əvvəldən bilirdi ki, cavabdeh texnikaya 47500 manat xərc çəkmiş və buna görə iddia tələbinə yalandan 17500 manat zərər vurulması barədə iddia tələbi əlavə edir. İddiaçı dələduzluq edərək onun etibarından istifadə edir, onun vasitəsilə xarab texnikanı düzəltdirib sonradan həmin texnikanı əlindən almaq istəyir. İddiaçı texnika yararsız olmasına və tərəfindən təmir olunmasına görə 1 il yarım ondan heç nə tələb etməmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının direktoru Nümayəndə1 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi İddiaçı2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin direktoru Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etdi və bildirdi ki, 30.000 manat məbləğində iddianı qəbul etsə də, əldən çıxmış fayda kimi 17.500 manat məbləği qəti olaraq qəbul etmir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli e-2-2(119)-935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavator “İbrahim” İKF (İddiaçı1 MMC “İbrahim” İKF-nin çevrilməsi ilə təşkil edilmişdir və onun hüquqi varisidir) adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “satıcı” İddiaçı1 MMC ilə “alıcı” "xxxx" MMC arasında bağlanmış 25.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “satıcı” özünə məxsus LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavatoru “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə qəbul edib məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alıcı texnikaya görə hər ayın 5-nə qədər ayda 5000 manat olmaqla 6 ay ərzində razılaşdırılmış 30 000 manat texnikanın dəyərini ödəyir. ( ƏDV-siz) Həmin müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən “Alıcı” nın nəqliyyat vasitəsinə mülkiyyət hüququ məbləğ tam ödənildikdən sonra yaranır. “Satıcı” məbləğ ödənildikdən sonra nəqliyyat vasitəsini “Alıcı”ya təhvil verməlidir. 25.06.2019-cu il tarixli nəqliyyat vasitələrinin təhvil-təslim aktından görünür ki, LİEBHERR R922-3L markalı, sarı rəngli, mühərrik nömrəsi D914T 92010820, buraxılış ili 1998, zavod nömrəsi ******* olan, AZ10 0-806 qeydiyyat nişanlı ekskavator İddiaçı1 MMC tərəfindən cavavdeh "xxxx" MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavavdeh "xxxx" MMC-nin direktoru Nümayəndə2 Nərimanov RPİ-nin 17-ci PŞ-də verdiyi 28.05.2021-ci il tarixli izahatın surətindən görünür ki, Nümayəndə2 tərəflər arasında yuxarıda qeyd edilən ekskavator alğı-satqısı və dəyərinin ödənilməsi ilə bağlı digər hallarla yanaşı ödəməli olduğu 30000 manatı 6 ay ərzində, yəni 2021-ci ilin sonuna qədər ödəyəcəyini göstərmişdir. İş materiallarında olan 07.02.2020-ci il tarixli, birgə fəaliyyət haqqında müqaviləyə əsasən “sifarişçi” "xxxx" MMC “icraçı” İddiaçı1 MMC ilə razılaşmışlar ki, müqavilə qüvvədə olduğu müddət ərzində icraçı sifarişçinin tələbatı və əvvəlcədən yazılı və ya şifahi müraciəti əsasında tikinti obyektləri üçün aşağıda müəyyən olunan müxtəlif növ xidmətlər göstərəcəkdir. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən icraçı işlərin tam keyfiyyətlə aparılmasını öhdəsinə alır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulan vəzifələri lazımi qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərə görə məsuliyyət daşıyırlar. 13.02.2020-ci il tarixli, 01 nömrəli razılaşma protokoluna əsasən "xxxx" MMC ilə İddiaçı1 MMC arasında icraçı Şirvan şəhərində yerləşən şifarişçiyə aid ərazidə divarın qalınlığı 8 mm olan metal təbəqədən (metal, digər material və avadanlıqlar icraçıya aiddir) hər birinin tutumu 72 kub.metr olmaqla 8 ədəd dəmir çəni hazırlayıb, hazırlanmış çəni qumla təmizləyib və bir qat boyayıb sifarişçiyə təhvil verir. Hər çənin qiyməti 18 000 manat təşkil edir. 13.02.2020-ci il tarixli 02 nömrəli razılaşma protokoluna əsasən müəssisələr arasında bağlanmış 07.02.2020-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə işlərin və xidmətlərin göstərilən şərtlərə uyğun yerinə yetirilməsi barədə razılığa gəliblər. İddiaçı tərəfindən təqdim olunmuş 10.03.2020-ci il tarixli, EBAH459379 nömrəli, 03.04.2020-ci il tarixli, EBAİ365511 nömrəli, 29.04.2020-ci il tarixli, EBAJ331925 nömrəli, 14.05.2020-ci il tarixli, EBAJ902720 nömrəli, 22.06.2020-ci il tarixli, EBAL435526 nömrəli, 16.07.2020-ci il tarixli, EBAM473313 nömrəli, 17.08.2020-ci il tarixli, EBAN725470, 28.09.2020-ci il tarixli, EBAQ546129 nömrəli, 14.01.2021-ci il tarixli, EBAW125587 nömrəli, 16.06.2021-ci il tarixli, EBBD336077 nömrəli, 30.08.2021-ci il tarixli, EBBH266718 nömrəli, elektron qaimələrə əsasən İddiaçı1 MMC tərəfindən "xxxx" MMC-nin verdiyi sifarişlərə uyğun ekskavatorla xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi əldən çıxmış faydanın hesablanmasına dair sənədə əsasən cavabdeh "xxxx" MMC tərəfindən öhdəliklərin pozulması nəticəsində İddiaçı1 MMC-yə əldən çıxmış fayda şəklində dəyən zərərin məbləği 17500 (on yeddi min beş yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh "xxxx" MMC 25.06.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq onun dəyərini ödəməmişdir. Eyni zamanda müqavilənin predtmeti olan ekskavatoru geri qaytarmayaraq İddiaçı1 MMC-yə zərər vurmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin şərh olunan halları ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən isə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, verilmiş texnika nasaz olmuşdur və bununla bağlı cavabdeh xərclər çəkmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi istinad etdiyi dəlilin əsası kimi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, Nümayəndə2 Nərimanov RPİ-nin 17-ci PŞ-də verdiyi 28.05.2021-ci il tarixli izahatından görünür ki, Nümayəndə2 tərəflər arasında yuxarıda qeyd edilən ekskavator alğı-satqısı ilə bağlı 30000 manatı 6 ay ərzində, yəni 2021-ci ilin sonuna qədər ödəyəcəyini göstərmişdir. Həmçinin cavabdehin nümayəndəsi apelyasiya baxışı zamanı izahatında da 30.000 manat borcu olduğunu etiraf etmiş, yalnız iddia tələbinin maddi ziyanla bağlı hissəsi ilə razılaşmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli e-2-2(119)-935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-26/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-26/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver