Məhkəmə qərarları › İş №2-2(105)-26/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-26/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-26/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun silinməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1336/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Firması Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1539 manat məbləğində borcun İddiaçı Firmasının hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı Firmasının qaz sayğacına “uçotu pozulmuş qaz sərfiyyatının bərpası” üçün 1539 manat məbləğində borc yazılmış və həmin borcun hesablanması iddiaçının “layihədən kənar olaraq sərfiyyata uyğun olmayan qaz avadanlıqları ilə təbii qazdan düzgün olmayan şəkildə istifadə etməsi” ilə əsaslandırılmışdır. Halbuki, Müəssiədə olan qaz avadanlıqları layihəyə uyğun quraşdırılmışdır və iddiaçı tərəfindən heç bir neqativ hesab edilən hal baş verməmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq 19 iyun 2023-cü il tarixində təsdiq edilmiş və “İstehlakçı: İddiaçı, “Qanuni nümayəndə”; “ünvan: Xudat, Axundov”; “Fəaliyyət növü: qeyri-dövlət”; “abonent kodu: **********00000” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktda göstərilir ki, 19 iyun 2023-cü ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) abonent kodu **********00000 olan sahibkarlıq obyektində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “müəssisəyə məxsus 10571771 nömrəli qaz sayğacı quraşdırılan, obyekt maksimal saatlıq qaz sərfi 6 m3 -likdir, lakin obyektə baxış keçirərkən obyektdə olan qaz cihaz və avadanlıqlarının saatlıq qaz həcmini aşdığı aşkar edilmişdir, sayğac sərfiyyata uyğun deyil”- qeydi aparılmışdır. Eyni zamanda, həmin Aktda qeyd olunur ki, yoxlama zamanı obyektdə bir ədəd PQ-3 məişət tipli qaz plitəsinin, iki ədəd QQ- 4 məişət tipli, bir ədəd axımlı su qızdırıcısı 32 L, bir ədəd radiator sobası və üç ədəd iran sobası olduğu müəyyən edilmişdir (Aktda məlum yoxlamanın (baxışın) - X2 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır).

5. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 23 iyun 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə istehlakçı: İddiaçı, “Qanuni nümayəndə”; fəaliyyət növü: “qeyri-əhali”;, ünvan: “Xaçmaz rayonu, Xudat, M.F.Axundov, ev 4”;, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, “mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 /saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 11,7 m3 /saat-dır” qüsuruna görə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 /saat olduğu halda, qaz qurğularının maksimal saatlıq qaz sərfi 11,7 m3 /saat, hesabat müddətinin 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 6156 m3 həcmində müəyyən edilmişdir (əsas: - 19 iyun 2023-cü il tarixli ******* nömrəli Akt).

6. İstehlakçı İddiaçı Firmasının adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00000) ilə müəyyən olunur ki, 19 iyun 2023-cü il tarixli ******* nömrəli Akta əsasən 2023-ci ilin iyun ayında istehlakçı İddiaçı Firmasına məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin hesabına iddia tələbində qeyd olunan “birdəfəlik 1539 (min beş yüz otuz doqquz) manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin Abonent Saldosunda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və “İstehlakçı” tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1336/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməsi, 19 iyun 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı Firmasına (VÖEN **********) məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 1539 (min beş yüz otuz doqquz) manat məbləğində borcun silinməsi, Cavabdehndən dövlət nəfinə 35,39 (otuz beş manat 39 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Qazdan istifadə Qaydaları”nın 1.3 və 5.2-ci bəndləri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1, 2.3, 3.1, 3.2, 13, 13.1, 13.2, 13.3, 13.4 və 20.1-ci maddələri, “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 5.1-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1336/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, qeyri-əhali abonentidir. İddiaçı Firması barəsində Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli ******* nömrəli Akda qeyd olunmuş nöqsanlar həqiqətən də mövcud olmuş, Akt düzgün tərtib edilmiş, Akt əsasında borc mövcud Qazdan istifadə Qaydalarına uyğun olaraq hesablanmış, həmin Aktın tərtib edilməsi zamanı sayğaca keçirilən baxışın “X2 Reyestri”ndə qeydiyyata alınmasına zərurət olmamışdır. Bu barədə Məhkəmənin qənaəti səhvdir. Belə ki, Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən: Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Qətnamədə qanunvericiliyin bu müddəasına əsaslanılmış, lakin nəyə görəsə qətnamədə əks etdirilməmişdir. Yəni Cavabdeh İB-nin işçiləri obyektdən kənarda yerləşən sayğaca baxış keçirən və qaz işlədici cihazlara uyğun sərfiyyatın aşılmasını müəyyən edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(119)-1336/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək 1539 manat borcun iddiaçının abonent kodundan silinməsi qət edilmişdir. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, iddiaçının qaz sayğacı zavodun ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni zavodun ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçı üçün uçotu pozulmuş qaz sərfinin miqdarı onun hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən zavodun ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. Məhkəmə Qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbuki, sayğaca baxış keçirilməsi qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İş üzrə İddiaçı Firmasının və Cavabdeh nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 1.3-cü bəndə əsasən Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2-ci bəndə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 4.2-ci bəndə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1-ci maddə. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-ci maddə. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddə. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X2 reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X2 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X2 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

16. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1-ci bəndinə əsasən Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarların sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, qaz paylayıcısı Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən istehlakçı İddiaçı Firmasına məxsus Xaçmaz rayonunun Xudat şəhərində yerləşən sahibkarlıq obyekti təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı Firmasına **********00000 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada mexanika tipli sayğac quraşdırılmışdır. İstehlakçı "xxxx" Firmasına məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu **********00000) təbii qazla təmin olunması ilə əlaqədar istifadə olunan qaz xəttinin üzərində quraşdırılmış sayğacla əlaqədar 19 iyun 2023-cü il tarixli ******* nömrəli Akt tərtib edilmiş və həmin Akt əsasında tərtib edilən 28 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə Aktda qeyd olunan qüsurlara (“mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3 /saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 11,7 m3 /saat-dır” qüsuruna) görə “G-4” markalı qaz sayğacının nominal qaz sərfi 6 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın miqdarı 6156 m3 həcmində müəyyən edilərək, 1539 (min beş yüz otuz doqquz) manat məbləğində birdəfəlik borc hesablanmışdır. Lakin, istehlakçı (iddiaçı) İddiaçı Firması paylayıcı (cavabdeh) Cavabdeh 19 iyun 2023-cü il tarixli ******* nömrəli Aktı əsasında hesablanmış həmin borc məbləği ilə razılaşmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmiş, məhkəmə gəlmiş olduğu nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 19 iyun 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən iddiaçı "xxxx" Firmasına məxsus Xaçmaz rayonu ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatına görə 1539 manat məbləğində borcun hesablanmasının əsaslılığı məhkəmə araşdırması zamanı mötəbər subutlar əsasında təsdiq edilməmişdir. 19 iyun 2023-cü il tarixli ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında 1539 (min beş yüz otuz doqquz) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 19 iyun 2023-cü ildə istehlakçı İddiaçı Firmasına məxsus sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sayğacdan sonra sahibkarlıq obyektində quraşdırılmış və obyektin daxilində yerləşən qaz avadanlıqlarına keçirilən baxış, yəni yoxlama tədbirləri - X2 Reyestrində qeydə alınmadan, aparılaraq aktlaşdırılmışdır. Yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və həmin yoxlama tədbirinin “X2 Reyestri”ndə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

21. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

24. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1336/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

25. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə kommersiya mübahisəsi olmaqla, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilməsi istisna olunduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1336/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar