Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-27/2025 25.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2-2(119)-1255/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları:
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli SX20/038 nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsinə əsasən, şirkət (İddiaçı MMC) mülkiyyətində olan müxtəlif növ malları müştəriyə (Cavabdeh) satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürür.
2. Malların təhvil-qəbul aktlarına əsasən iddiaçı tərəfindən cavabdehə 25 yanvar 2020-ci il tarixdə 169,95 manat dəyərində, 30 yanvar 2020-ci il tarixdə 62,75 manat, 04 fevral 2020-ci il tarixdə 13,74 manat və 12,5 manat dəyərində, 06 fevral 2020-ci il tarixdə 34,25 manat, 07 fevral 2020-ci il tarixdə 25,47 manat dəyərində, 12 fevral 2020-ci il tarixdə 13,74 manat dəyərində, 14 fevral 2020-ci il tarixdə 104,93 manat dəyərində, 15 fevral 2020-ci il tarixdə 301,32 manat və 91,92 manat dəyərində, 18 fevral 2020-ci il tarixdə 32,35 manat dəyərində, 20 fevral 2020-ci il tarixdə 35,12 manat dəyərində, 25 fevral 2020ci il tarixdə 25,47 manat dəyərində, 27 fevral 2020-ci il tarixdə 70,34 manat dəyərində mallar təhvil verilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə sonuncu 70,33 manat dəyərində malın satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAG seriyalı, 944287 nömrəli elektron qaimə-faktura olmaqla çoxsaylı elektron qaimə-fakturalar təqdim edilmişdir.
4. Cavabdehin xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 17 fevral 2020-ci il tarixində edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 yanvar 2020-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 2020-ci ilin fevral ayında satılmış mallara görə yaranmış 1903,72 (min doqquz yüz üç manat, yetmiş iki qəpik) manat məbləğində borcun və 39,04 (otuz doqquz manat, dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 07 yanvar 2020-ci il tarixli, SX20/038 nömrəli məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 1903,72 dəyərində mallar satmış, bu malların təhvil verilməsini təsdiq edən təhvil-qəbul aktları tərtib edilmiş, eyni zamanda cavabdehə müvafiq elektron qaimə-fakturalar göndərilmişdir. Buna baxmayaraq cavabdeh hazırkı vaxtadək hər hansı ödəniş etmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2-2(119)- 1255/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
8. Cavabdeh 03 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərin həqiqət olduğu qəbul edilsə belə, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Yəni iddiaçı 2023-cü ilin fevral ayınadək məhkəməyə müraciət etməli olmasına baxmayaraq, 2024-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddiadan imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı 21 noyabr 2024-cü il tarixdə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, borcun ödənilməsi tələbi barədə iddia ərizəsinin verilməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan müddət üzrlü səbəbdən buraxılmışdır. Belə ki, iddia tələbində qeyd edilən borcla bağlı 2020-ci ilin fevral ayında elektron-qaimələr göndərilmiş, eyni zamanda iddiaçının nümayəndəsi cavabdehlə dəfələrlə əlaqə saxlayaraq borcun ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edildiyi üçün sahibkarlıq fəaliyyətini həyata keçirdiyi otelin fəaliyyətinin dayandırıldığını bildirmiş və ödənişlə bağlı möhlət verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən bu xahiş anlayışla qarşılanaraq ona möhlət verilmişdir. Lakin otellərin fəaliyyəti tam bərpa olunduqdan sonra da cavabdeh tərəfindən ödəniş edilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. “Mediasiya haqqında” Qanuna 26 dekabr 2023-cü il tarixli müvafiq Qanunla dəyişiklik edilməmişdən öncə kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya sessiyasında iştirak tələb olunurdu. Cavabdeh həmin dövrdə yaşayış olmayan ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün mediasiya təklifinin göndərilməsi üçün onun faktiki yaşadığı ünvanın dəqiqləşdirilməsi zərurəti yaranmış, bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, müraciətə xx.xx.2024-cü il tarixində gecikmə ilə cavab verildiyi üçün iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. İddiaçı göstərilənlərin nəzərə alınaraq iddia müddətinin buraxılmasının səbəbini üzrlü hesab edilməsini və həmin müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1255/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, prosessual müddətin bərpa edilməsi haqqında ərizədə qeyd edildiyi kimi, borcla bağlı dəfələrlə nümayəndələri vasitəsilə Cavabdeh oğlu ilə əlaqə saxlanılmış və qalan borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edildiyi üçün onun sahibkarlıq fəaliyyəti göstərdiyi hotelin (X4) fəaliyyətinin dayandığı bildirilmiş və ödənişlə bağlı möhlət verilməsi xahiş edilmişdir. Ölkə ərazisində xüsusi karantin rejiminin (Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 25 sentyabr 2024-cü il tarixli, 440 nömrəli Qərarı ilə Xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılmışdır) tətbiq edildiyi nəzərə alınaraq iddiaçı tərəfindən cavabdehin xahişi anlayışla qarşılanmış, tərəflər arasında şifahi razılıq əldə olunaraq və ona borcun ödənilməsi ilə bağlı möhlət verilmişdir. Hesab edirlər ki, cavabdehin məhkəmə iclasında borcla bağlı iddiaçının nümayəndəsinin onunla görüşməsini etiraf etməsi, həmin görüşlərdə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edildiyi üçün onun sahibkarlıq fəaliyyəti göstərdiyi hotelin (X4) fəaliyyətinin dayandığı bildirməsi və ödənişlə bağlı möhlət verilməsi xahiş etməklə təminat verməsi iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi öz qərarında müddət axımının kəsilməsi və kəsilmiş müddətin yenidən hesablanması qaydasını tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1.-ci və 553.1.1-ci maddələrinin tələblərini nəzərə almamışdır.
13. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, təmin edilməməlidir. Bu hallar aşağıda qeyd edilənlərdən aydın şəkildə görünür. 1. İddiaçı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, Azərbaycan Respublikası MM-nin 380.1-ci maddəsinin tələbinin pozulmasını əsas gətirməklə mövqe bildirir. Hesab edir ki, bu düzgün mövqe deyil. Ona görə ki, MM-nin 380.1-ci maddəsinin dispozisiyasında aydın qeyd edilib ki, “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” iddia müddətinin axımı kəsilir. İddia müəyyənləşdirilmiş qaydada irəli sürülməyib. İddiaçının Azərbaycan Respublikası MM-nin 553.1.1-ci maddəsinin tələbinin pozulmasını əsas gətirməklə birinci instansiya məhkəməsinin maddi hüquq normasını pozmaqla qərar qəbul etməsi barədə mövqeyi də əsassızdır. Ona görə ki, MM-nin 553.1.1-ci maddəsi “öhdəliklərin xitamı üçün müddətin kəsilməsi”ni özündə əks etdirir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə kabinet vasitəsi ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımıkreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi imzalanmış, iddiaçı müqavilə üzrə öhdəlikləri yerinə yetirmiş, müxtəlif dəyərdə olan malları cavabdehə təhvil verilməklə ona satmış, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan malların təhvil-qəbul aktı və elektron qaimə-fakturaya əsasən sonuncu satış xx.xx.2020-ci il tarixdə baş tutmuş və cavabdehin iddiaçıya hazırda 1903,72 manat borcu vardır.
20. İş materiallarında olan təhvil-qəbul aktı və elektron qaimə-fakturalara əsasən cavabdehin həmin məbləğdə borcunun olması təsdiqini tapmışdır. Cavabdeh qeyd edilən borc məbləğinin ödənilməsinə dair sübutlar təqdim etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almaqla iddianı rədd etmiş və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən sonuncu dəfə 27 fevral 2020-ci il tarixli təhvil-qəbul aktına əsasən 70,34 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və 70,33 manat dəyərində malın satılması ilə əlaqədar 27 fevral 2020-ci il tarixli EBAG seriyalı, 944287 nömrəli elektron qaimə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 02 fevral 2020-ci il tarixdə ödəniş edildiyini bildirmişdir (cavabdehin təqdim etdiyi hesabdan çıxarışa əsasən iddiaçıya sonuncu ödəniş 17 fevral 2020-ci il tarixinə təsadüf edir). İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra -11 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Başqa sözlə, iddiaçının sonuncu malın təhvil verildiyi 27 fevral 2020-ci ildən başlayaraq 3 il müddətində ödənişləri tələb etmək hüququ olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, yəni hüququnun müdafiəsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə, həmçinin iddiaçının prosessual müddətin bərpa edilməsi haqqında ərizəsində qeyd etdiyi dəlillərlə bağlı qeyd etmişdir ki, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi cavabdehdən borc məbləğinin tələb edilməsinə əngəl yaradan hal hesab edilə bilməz, çünki həmin dövrdə məhkəmə və digər müvafiq dövlət orqanları fəaliyyət göstərmişdir. Yəni bu hal Mülki Məcəllənin 379.1.1-ci maddəsində qeyd edilən iddia müddətinin axımının dayandırılmasına səbəb ola biləcək iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda - hal hesab edilə bilməz. Digər tərəfdən, mediasiya sessiyasında iştirakla əlaqədar cavabdehin faktiki yaşayış ünvanının dəqiqləşdirilməsi zərurətinə görə müddətin ötürülməsi barədə dəlil də əsaslı deyildir. Belə ki, iddiaçı cavabdehə dair onda olan mövcud ünvanı mediasiya təklifinin göndərilməsi üçün mediasiya təşkilatına təqdim edə bilərdi. Burada o da nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış məhsulların alqı-satqısı müqaviləsinin 5.12-ci bəndinə əsasən, müştəri (cavabdeh) onun hüquqi və ya poçt ünvanında dəyişikliklər barədə şirkəti (iddiaçını) dərhal xəbərdar etmək vəzifəsi daşıyır, yəni mediasiya təşkilatının müvafiq təklifi cavabdehə çatmasa belə, bu iddiaçının məsuliyyət daşımadığı hal hesab ediləcəkdi.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı qeyd edir ki, öllkə ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı məhkəmələrdə iddianın verilməsi ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarında 553.1.1-ci maddəni qeyd olunan maddələrlə əlaqəli şəkildə şərh edərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
23. Apellyasiya şikayətinin cavabdehə borcun ödənilməsi ilə bağlı möhlət verilməsi və bununla da iddia müddətinin axımının kəsilməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında əsasən “borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehin xahişi ilə möhlət verildiyini və bununla da cavabdehin borcu etiraf etməsini göstərən hərəkət etdiyini, nəticədə isə iddia müddətinin axımının kəsildiyini bildirsə də, cavabdeh birinci instansiya məhkəməsində bu halı təkzib etmiş, ona ümumiyyətlə borcunun olması ilə bağlı məlumat verilmədiyini bildirmişdir. İddiaçı isə həmin halı təsdiqləyəcək hər hansı sübut təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən iddiaçının apellyyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 1255/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.