Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-30/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı “TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e- 2-2(119)-414/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” cavabdeh “Cavabdeh oğluna qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 24570 ABŞ dolları məbləğində pulun, ödəmə gününə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh ilə müqavilə şərtləri əsasında razılaşma əldə olunaraq iddiaçı “TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən ona mərmər məmulatı satılmışdır. İddiaçı ilə olan razılaşmaya əsasən xx xxxx 2017-ci il tarixdən başlayaraq müxtəlif çeşiddə mərmər tikinti materiallarının cavabdehin ünvanına göndərilməsi iddiaçı Şirkət tərəfindən təmin edilmiş və müvafiq gömrük bəyannamələri ilə faktura əsasında göndərilmişdir. Öhdəliyin şərtlərinə əməl edən satıcı tərəf olaraq iddiaçı üzərinə düşən vəzifələri vaxtında və dəqiq yerinə yetirmiş və qaimələrdə göstərilən miqdarda mərmər tikinti materiallarını alıcı qismində cavabdehin ünvanına təqdim etmişdir. Lakin, cavabdeh tərəfindən bu günə həmin malların dəyəri olan 24570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində olan borc ödənilməmiş qalmışdır. Cavabdehlə aparılan danışıqlar nəticə verməmiş və aylardır ki, məbləğin köçürülməsi yubadılır. Satılmış məhsulların dəyərinin ödənilməsi məqsədilə pretenziya qaydasında borcluya rəsmən müraciət edilmişdir. Lakin, aradan keçən müddət ərzində borc qaytarılmamışdır. Pulun cavabdeh tərəfindən ödənilməməsi səbəbindən münasibətlər pozulmuş və borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Hazırkı işdə iddiaçı iddia tələbində rəsmi gömrük bəyamnamələri ilə cavabdehə göndərilmiş xx xxxx 2017-ci il tarixli 439208 saylı, xx xxxx 2017-ci il tarixli 439209 saylı və xx xxxxxx 2017-ci il tarixli 439223 saylı qaimələrə əsaslanır. İddiaçı razılaşdırılmış qaydada tikinti materiallarını cavabdehə göndərmişdir. Lakin, həmin qaimələr əsasında malları qəbul edən cavabdeh öhdəlik üzrə şərtləri yerinə yetirməmişdir. Ona görə də, 24570 (iyirmi dörd min beş yüz yetmiş) ABŞ dolları məbləğində pulun Cavabdeh alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)-414/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Z.Sadiqov) Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh Nəsir adlı dostunun xahişi əsasında hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün VÖEN açdırmış və həmin VÖEN əsasında iddiaçı TC “BERGE” DİŞ TİC. LTD. ŞTİ Nəsirə Türkiyədən göndərilən mərmər məhsullarının gömrük xərclərini ödəyib. Cavabdeh həmin malları gömrükdə qəbul edərək, Nəsirə təhvil vermişdir. Nəsir isə öz növbəsində həmin malları sataraq pulunu satıcıya göndərmişdir və bununla bağlı həmin sənədlər məhz Nəsirdədir. Həmin mallara görə qalan borcu da Nəsir adlı şəxsin özü ödəyəcəkdir. Buna görə də hesab edir ki, həmin razılaşma Nəsirlə iddiaçı TC “BERGE” DİŞ TİC. LTD. ŞTİ arasındadır və həmin məbləğ Cavabdeh tərəfindən deyil, məhz Nəsir adlı şəxs tərəfindən ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsində məhkəmə baxışı zamanı Nəsirlə əlaqə yaratmaq mümkün olmadığı üçün məhkəməyə gələ bilməmişdir. Lakin Apelyasiya Məhkəməsi baxışı zamanı şərait yaradılacağı halda Nəsir adlı şəxs gəlib bu barədə ifadə verəcəkdir. Qeyd edir ki, əqdin varlığı baxımından ən əsas qurucu şərt iradə ifadəsidir. Bundan başqa həmin iradə ifadəsi müəyyən nəticəyə yönəlmiş olmalı və həm də hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında olan razılaşma iddiaçı TC “BERGE” DİŞ TİC. LTD. ŞTİ Cavabdeh iradə ifadəsini birbaşa əks etdirmir və bu müqavilə iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə Nəsir adlı şəxs arasında bağlanılmışdır. Cavabdeh dostu Nəsiri təmsilən yuxarıda qeyd edilən malları təhvil almışdır və həmin malların dəyəri ilə bağlı məsələləri isə Nəsir adlı şəxs ödəmişdir və hazırda bununla bağlı sənədlər Nəsirdədir. Hesab edir ki, birinci instansiya Məhkəməsi zamanı Nəsir adlı şəxslə əlaqə yaradıla bilmədiyi üçün onu Məhkəməyə dəvət etmək mümkün olmamışdır və bu Cavabdeh asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Hazırda Nəsir adlı şəxslə əlaqə yaratmaq mümkündür. Hesab edir ki, Nəsir adlı şəxsin məsələ ilə bağlı ifadəsi məhkəmə tərəfindən alınmalıdır. Bundan əlavə, Sumqayıt Kommersiya Məhkəməsinin müvafiq qətnaməsindən göründüyü kimi Nəsir adlı şəxsin məsələ ilə bağlı əlaqəsi barədə heç bir hal araşdırılmadan qətnamə qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X2 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” cavabdeh “Cavabdeh oğlundan 24570 ABŞ dolları məbləğində pulun, ödəmə gününə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, proses iştirakçılarının izahatları və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Türkiyə Respublikasından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) gömrük bəyannamələri və digər müvafiq sənədlər tərtib olunmaqla xx xxxx 2017-ci il tarixində cəmi 7891,62 ABŞ dolları məbləğində, xx xxxx 2017-ci il tarixində cəmi 7840,80 ABŞ dolları məbləğində və xx xxxxxx 2017-ci il tarixində cəmi 8837,64 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə cəmi 24570,06 (iyirmi dörd min beş yüz yetmiş dollar 06 sent) ABŞ dolları məbləğində mərmər məmulatları göndərilmiş və sonuncu həmin malları Azərbaycan Respublikası ərazisində gömrük vasitəsi ilə qəbul etmişdir (təsvir olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə-gömrük sənədləri ilə təsdiq olunur). Məhkəmə araşdırması zamanı xx xxxx 2017-ci il tarixində cəmi 7891,62 ABŞ dolları məbləğində, xx xxxx 2017-ci il tarixində cəmi 7840,80 ABŞ dolları məbləğində və xx xxxxxx 2017-ci il tarixində cəmi 8837,64 ABŞ dolları məbləğində göndərilmiş mərmər məmulatlarının pulunun Cavabdeh tərəfindən iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ”-nə ödənilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Məhkəmə iclaslarında cavabdeh tərəf həmin pulların Nəsir adlı şəxs tərəfindən ödənilməli olduğunu və ödənişlə əlaqədar sənədlərin sonuncuda olduğunu bildirsə də, məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına və tərəflərin mübahisə üzrə sübutların və sənədlərin məhkəməyə təqdim etmələrinə kifayət qədər şərait yaradılmasına baxmayaraq, bununla bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq etmişdir. Yəni, tələb olunan borcun ödənilməsini təsdiq edən sənədlərin iddiaçıya və yaxud, məhkəməyə təqdim edilməsi üçün cavabdeh tərəfin kifayət qədər vaxtı və imkanı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Cavabdeh xx xxxx 2017-ci il tarixli, xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli sənədlər əsasında göndərilmiş mərmər məmulatlarına görə iddia ərizəsində tələb olunan cəmi 24570 ABŞ dolları məbləğində pulun ödənilməməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə araşdırması zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı TC. “BERGE” DİŞ TİC. LTD. ŞTİ” tərəfindən Türkiyə Respublikasından hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) gömrük bəyannamələri və digər müvafiq sənədlər tərtib olunmaqla xx xxxx 2017-ci il tarixində cəmi 7891,62 ABŞ dolları məbləğində, xx xxxx 2017-ci il tarixində cəmi 7840,80 ABŞ dolları məbləğində və xx xxxxxx 2017-ci il tarixində cəmi 8837,64 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə cəmi 24570,06 (iyirmi dörd min beş yüz yetmiş dollar 06 sent) ABŞ dolları məbləğində mərmər məmulatları göndərilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında həmin mərmər məmulatlarını gömrükdə qəbul etdiyini etiraf etmişdir. İddiaçı tərəfindən xəbərdarlıq məktubu ilə cavabdehdən 24570 ABŞ dolları məbləğində malların dəyərinin ödənilməsi tələb edilmişdir. Bundan sonra da cavabdeh tərəfindən sözügedən məbləğ ödənilməmişdir. Beləliklə cavabdeh öhdəliklərini pozaraq ona verilmiş malın əvəzinin iddiaçıya ödənilməsini təmin etməmişdir. Bu halda iddiaçının həmin öhdəliklərin icrasını cavabdehdən tələb etmək hüququ vardır. Cavabdehin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Nəsir adlı dostunun xahişi əsasında hüquqi şəxs yaratmadan fiziki şəxs qismində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün VÖEN açdırmış və həmin VÖEN əsasında iddiaçı TC “BERGE” DİŞ TİC. LTD. ŞTİ Nəsirə Türkiyədən göndərilən mərmər məhsullarının gömrük xərclərini ödəyib. Cavabdeh həmin malları gömrükdə qəbul edərək, Nəsirə təhvil vermişdir. Nəsir isə öz növbəsində həmin malları sataraq pulunu satıcıya göndərmişdir və bununla bağlı həmin sənədlər məhz Nəsirdədir. Həmin mallara görə qalan borcu da Nəsir adlı şəxsin özü ödəyəcəkdir. Buna görə də hesab edir ki, həmin razılaşma Nəsirlə iddiaçı TC “BERGE” DİŞ TİC. LTD. ŞTİ arasındadır və həmin məbləğ Cavabdeh tərəfindən deyil, məhz Nəsir adlı şəxs tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd edilən dəlillərlə bağlı istinad etdiyi hallarına dair hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək iddianı təmin etməklə qanuni qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)-414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-2(105)-30/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-30/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver