Məhkəmə qərarları › İş №2-2(105)-30/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-30/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-30/2023 06.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1219/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 saylı Fərmanına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir) ilə Cavabdeh arasında ərzaq məhsullarının satın alınması barədə 02 may 2019-cu il tarixli, İS/19-163 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron portalda göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçı Cavabdeh təklifini qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə uyğun olaraq Cavabdeh təqdim edəcəyi ərzaq məhsulları üçün 28 dekabr 2019cu il tarixində ƏDV daxil 7286,50 (yeddi min iki yüz səksən altı manat 50 qəpik) manat məbləğində avans iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçını razılaşdırılmış ərzaq məhsulları ilə təmin etməmişdir. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 fevral 2021-ci il tarixli KS/04 saylı ərzaq məhsullarının satışına dair müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı - İddiaçı Açıq Səhmdar Cəmiyyəti alıcının - Cavabdeh sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan malların satın alınması barədə alıcının təklifini qəbul edir və mallar ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 24 fevral 2021-ci il tarixli 1 nömrəli Əlavənin 2-ci bəndinə əsasən alıcı Əlavədə qeyd edilmiş ərzaq məhsullarına görə ödənişi 31 may 2021-ci il tarixinədək satıcının müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 24 fevral 2021-ci il tarixli KS/04 saylı müqavilə üzrə öhdəliklər də icra olunaraq ƏDV daxil 42494,76 manat dəyərində ərzaq məhsulları Cavabdehnə təhvil verilmişdir. Lakin Cavabdeh tərəfindən hər iki müqavilə üzrə öhdəliklər icra edilməmiş, ƏDV daxil 7286,50 manat dəyərində ərzaq məhsulları Cəmiyyətə təqdim edilməmiş, habelə təhvil verilmiş ƏDV daxil 42494,76 manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi hər iki müqavilə üzrə ümumilikdə 49781,26 manat təşkil edir. Cavabdeh qanuni təmsilçisi X4 03 noyabr 2022-ci il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “məhkəmə çıxışı” təqdim edərək bildirmişdir ki, Cavabdeh satıcı olduğu 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona avans olaraq 7286,50 manat məbləğində pul ödənilmişdir. Həmin müqavilə üzrə heyva mürəbbələri cavabdeh tərəfindən hazır edildikdən sonra iddiaçı 50 ədəd nümunə üçün istəmiş və həmin nümunələr ona təqdim edilmişdir. İddiaçı sınaq prokotolunun olmadığını bildirdiyindən həmin məhsullar üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmiş və müvafiq protokol alınmışdır. Hətta hazır heyva mürəbbələri üçün etiket də hazırlanmış və həmin nümunələr onlara email vasitəsilə göndərilmişdir. Rəsmi yazışmalar iddiaçı tərəfin işçisi Elnur Baxşəliyevlə aparılmışdır. Müvafiq müqavilələr və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin protokolu “məhkəmə çıxışı”na əlavə edilmiş email vasitəsilə iddiaçı tərəfə göndərilmişdir. Bundan başqa hazırda sözügedən etiketlə olan, iddiaçının sifariş etdiyi heyva mürəbbələri anbardadır və onlara baxış keçirilə bilər. Dəfərlərlə şifahi qaydada qarşı tərəfə bildirsə də, gəlib həmin məhsulları götürməmiş, habelə malın çatdırılma yeri ilə bağlı dəqiq, konkret rəsmi məlumat verməmişlər. 24 fevral 2021-ci il tarixli müqavilə ilə bağlı iddianı 22000 manat olan dəyərində gilas mürəbbəsinin pulunun iddiaçıya ödənilməsi hissəsində qəbul etdiyini, çiyələk mürəbbəsi ilə bağlı olan hissədə isə iddianı qəbul etmədiyini bildirmişdir. Həmin çiyələk mürəbbələri yararsız olduğu üçün onları sata bilməmiş və bu barədə dəfərlərlə şifahi qaydada iddiaçıya bildirsə də, gəlib məhsulları götürməmişdir. Həmin məhsulları sata bilməməsi ilə bağlı Rusiya Federasiyası ilə olan yazışmalar mövcuddur. Bundan başqa Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məktubundan və müvafiq inzibati qərarın surətindən də görünür ki, cavabdehin anbarında yararlılıq müddəti bitmiş məhsullar var. Göstərilənlərə əsasən iddianın gilas mürəbbəsinin dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı hissədə təmin edilməsi, digər hissələrdə isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, e-2-2(119)- 1219/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdehndən (VÖEN **********) 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində borc və 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla - cəmi 50020,61 (əlli min iyirmi manat 61 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, e-2-2(119)-1219/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddianın qismən gilasla bağlı qiymətə münasibətdə təmin edilməsi, digər məbləğlərin tutulması ilə bağlı hissədə iddianın təmin edilməməsi barədə barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, satıcı olduğu 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə ona avans olaraq 7286.50 manat pul iddiaçı tərəfindən ödənilmişdir. Sadəcə həmin müqavilə üzrə onların pul tələb etməyini qanuni və əsaslı hesab etmir. Çünki, iddiaçı tərəf bu müqavilə üzrə 10.000 ədəd heyva mürəbbəsi sifariş etmişdir. O isə həmin heyva mürəbbələrini hazır etmişdir. İddiaçı tərəf nümunə üçün ondan 50 ədəd mürəbbə istəmiş və o həmin nümunələri iddiaçı tərəfə təqdim etmişdir. İddiaçı tərəf ona bildirdi ki, sınaq prokotolu yoxdur. Ona görə də onlar həmin məhsullar üçün AQTA-ya müraciət etmişlər və müvafiq protokolu almışlar. Hətta onlar hazır heyva mürəbbələri üçün etiket də hazırlamışlar və həmin nümunələri iddiaçı tərəfə mail vasitəsilə göndərmişlər. Qeyd edir ki, onların rəsmi yazışmaları iddiaçı tərəfin işçiləri Elnur Baxşəliyevlə olmuşdur. Bu gün iddiaçı tərəf deyə bilər ki, onların sektorda deyil həmin şəxs və s.. Elə idisə ona həmin şəxsin emaili ilə yazışmalı olduğunu kim demişdi. Onun mail ünvanını o, necə əldə etmişdir. Əgər həmin şəxsin sektoru dəyişmişdisə nə üçün bu barədə ona bir məlumat verilməmişdi. Çıxışına əlavə etdiyi mail yazışmalarından da görünür ki, o, müvafiq müqavilələri və AQTA-nın protokolunu onlara email ilə göndərmişdir. Əgər onun həmin məhsulları iddiaçı tərəfə vermək fikri yox idisə, nə üçün bu qədər xərcə düşüb həmin sifarişləri hazır edib, bu məhsullar üçün AQTA-ya müraciət edirdi. Bundan başqa onu da qeyd edir ki, bu gün həmin etiketlə olan, iddiaçının sifariş etdiyi heyva mürəbbələri hazırda da onların anbarındadır, gəlib baxış da keçirilə bilər. Dəfərlərlə şifahi qaydada iddiaçı tərəfə bunu bildirsə də, nə gəlib məhsulları ondan götürməmişlər, nə də ki, malın çatdırılma yeri ilə bağlı dəqiq, konkret hansısa yeri deməmişlər, bununla bağlı ona rəsmi məlumat verməmişlər. Burada ziyan çəkən tərəf odur. Qeyd edir ki, yuxarıda göstərdiyi halları sübut edən maildəki rəsmi yazışmaları da çıxışına əlavə etmişdir. Həmçinin digər müqaviləyə əsasən o alıcıdır və ona gilas və çiyələk mürəbbələri verilmişdir və o, da əvəzində 42494.76 manat pul vəsaitini iddiaçıya ödəməli idi. Hər dəfəsində qeyd etdiyi kimi o iddianı gilasla bağlı olan hissədə, həmin dəyərdə 22.000 manat olan hissədə qəbul edir. Lakin çiyələklə bağlı olan hissədə həmin iddianı qəbul etmir. Bununla bağlı isə yenə də onu bildirir ki, həmin məhsullar yararsız olduğu üçün o həmin məhsulları sata bilməmişdir. Dəfərlərlə şifahi qaydada iddiaçı tərəfə bunu bildirsə də gəlib məhsulları ondan götürməmişlər. Hansı ki, onun əlində həmin məhsulları həqiqətən də sata bilməməsi ilə bağlı Rusiya ilə olan yazışmaları vardır. Bundan başqa Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məktubundan və müvafiq inzibati qərarın surətindən də görünür ki, onun anbarında yararlılıq müddəti bitmiş məhsullar var. Hansı ki, o hər dəfə bildirir ki, heyva mürəbbələrini də gəlib götürmədikləri üçün, bu bəs deyilmiş ki vaxtı keçmiş, yararlı olmayan çiyələk mürəbbələrini gəlib götürmədikləri üçün o da gələcəkdə bir problem yaranmasın deyə həmin mürəbbələri atmadığından bu gün onun anbarında yoxlama keçirəndə keyfiyyətsiz məhsullar olduğu səbəbilə ona cərimə tətbiq olunur. Onun düşdüyü ziyan bəs deyilmiş kimi bir də bu cəriməyə görə ona 1500 manat məbləğində ziyan dəymişdir. Bir daha qeyd edir ki, o öz məlumat vermək vəzifəsini yerinə yetirmiş, iddiaçı ilə aralarındakı işgüzar yazışmalar onların rəsmi işçisi olan Elnur Baxşəliyevlə mail vasitəsilə olmuşdur. Hesab edir ki, məhkəmənin nəzərinə bu hallar çatdırılsa da, məhkəmə kifayət qədər araşdırma aparmayaraq bu halları gözardı etmişdir. Ən azından məhkəmədə onlar tərəfindən verilən suallara iddiaçının nümayəndəsi heç bir cavab verməmişdir. Belə ki, onlar tərəfindən həmin tərəfə belə bir sual ünvanlanmışdı ki, əgər dedikləri kimi cavabdehin təqdim etdiyi email yazışmalarının aparıldığı Elnur Baxşəliyev adlı şəxsin həmin yazışmalar aparılan vaxt iddiaçı Cəmiyyətin deyil, başqa hüquqi şəxsin əməkdaşı olduğunu, habelə həmin yazışmaların mübahisələndirilən müqavilələr üzrə aparılmamışdırsa, onda məhz iddiaçı tərəfin dediyi müqavilələr üzrə o, danışıqları kiminlə aparırdı, bu işlə bağlı hansı formada araşdırma aparılmışdı. Əgər onlar tərəfindən heç bir hərəkət görülmürdüsə bəs onlara hansı formada xəbərdarlıq olurdu, hansı formada bu işlə maraqlanırdılar. İclasın audio və video yazısına nəzər salınsa görünər ki, onlar sualları cavabsız qoyulmuş, məhkəmə isə bu hala diqqət yetirməmiş, ən azından məhkəmə araşdırmasının tam effektiv, şəffaf aparılması üçün bu sualları özü də ünvanlaya və cavabı almağa çalışardı. Bundan başqa iddiaçı tərəf 02 may 2019-cu il tarixli müqavilə üzrə heyva mürəbbələrinin onlara təqdim edilmədiyini, eyni zamanda 24 fevral 2021-ci il tarixli müqavilə üzrə çiyələk mürəbbələrinin yararsız olması barədə cavabdeh tərəfindən iddiaçıya heç bir rəsmi məlumat verilmədiyini bildirmişdir. Hansı ki, onlar dəfələrlə bu barədə iddiaçı tərəfə məlumat vermişlər, hətta onlar məhkəməyə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məktubunu və müvafiq inzibati qərarın surətini əlavə etmişlər ki, ordan da görünür ki, onun anbarında yararlılıq müddəti bitmiş məhsullar var. Məhkəmə bu qeyd etdiyi halları da araşdırmamış, bu hallara qiymət verməmiş, qətnamədə bu hallara heç toxunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin qismən ləğv edilməsi, iddianın qismən gilasla bağlı qiymətə münasibətdə təmin edilməsi, digər məbləğlərin tutulması ilə bağlı hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 may 2019-cu il tarixli İS/19-163 saylı müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçının təklifini qəbul edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cəmiyyət bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, ərzaq məhsullarının miqdarı və qiymət cədvəli və ərzaq məhsullarının təqdim edilməsi cədvəli (1 nömrəli və 2 nömrəli) bu müqavilənin ayrılmaz tərkib hissələri hesab olunur. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən cəmiyyət icraçıdan müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarını 2 nömrəli cədvəldəki tədarük qrafikinə uyğun qəbul edir. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən cəmiyyət ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (Cəmiyyət tərəfindən avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçıya (satıcıya) ödənilməsini təmin edir. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən icraçı bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının Cəmiyyətə təhvil verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, icraçı bu Müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsulların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və Cəmiyyətin müəyyən etdiyi ünvanda (tədarük məntəqəsində) ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı satın alınan ərzaq məhsullarının bu Müqavilənin 2 nömrəli cədvəlidə göstərilən müddətlərdə cəmiyyət tərəfindən müəyyən edilmiş tədarük məntəqəsinə və ünvana göndərilməsini təmin edir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən cəmiyyət növbəti ildə təqdim ediləcək ərzaq məhsulları üçün (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) bu Müqavilənin ümumi məbləğinin 25 faizini cari ilin oktyabrın 30-dək avans ödəyir. Ödənişlər Azərbaycan Respublikasının milli pul vahidi ilə aparılır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh tərəfindən 02 dekabr 2019-cu il tarixdə imzalanmış 02 may 2019-cu il tarixli İS/19-163 saylı alqı-satqı müqaviləsi əsasında alınacaq ərzaq məhsullarının miqdarı və qiyməti barədə 1 nömrəli Cədvəldən görünür ki, Cavabdeh 14573 manat dəyərində olan 10000 ədəd heyva mürəbbəsini iddiaçıya verməli, iddiaçı da qeyd olunan məbləği cavabdehə ödəməli idi. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilən 28 dekabr 2019-cu il tarixli 111OPXO193620582 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə məxsus bank kesabına 6175 manat (ƏDV xaric olmaqla) pul vəsaiti köçürülmüş və həmin sənəddə ödənişin təyinatı və əsası “avans” kimi qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı -İddiaçı Açıq Səhmdar Cəmiyyəti Alıcının - Cavabdeh sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan Malların satın alınması barədə alıcının təklifini qəbul edir və mallar ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, alıcı ilə satıcı arasında bağlanılmış müqavilə əsasında alınacaq Malların adı, siyahısı, növü, miqdarı, çatdırılma müddəti, qiyməti və Müqavilə ilə bağlı digər xüsusi şərtlər qeyd edilmiş Əlavələr, alıcı ilə satıcı arasında bağlanılmış müqavilə əsasında alınacaq hər bir Malın qiyməti qeyd edilmiş X2, bağlanılmış müqaviləyə əsasən Satıcı tərəfindən Alıcıya Malların təqdim edilməsi barəsində imzalanan təhvil-təslim aktı bu müqavilənin ayrılmaz tərkib hissələri hesab olunur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri Alıcı tərəfindən ona təqdim edilmiş təhvil-təslim aktı, elektron qaiməfaktura və hesab-fakturaya əsasən, Əlavələrdə razılaşdırılmış müddətdə Müqavilədə göstərilən bank hesabına ödənilir. Həmin müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən malların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları bu müqavilənin şərtlərinə uyğun olaraq müvafiq ünvanda alıcıya təhvil verir. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavəyə uyğun olaraq, malları təxirə salınmadan qəbul edir və dəyərini ödəyir. Alıcının nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra mallar qəbul edilmiş sayılır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, satıcı ƏDV daxil 25488 manat dəyərində olan 9600 ədəd ağ gilas mürəbbəsini (400 qram) və 18337,20 manat dəyərində olan 8880 ədəd çiyələk mürəbbəsini (400 qram) alıcıya verməli, alıcı da qeyd olunan məbləği satıcıya ödəməli idi. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 8867 ədəd ağ gilas mürəbbəsi (400 qram) və 8108 ədəd çiyələk mürəbbəsi (400 qram) təhvil verilmişdir. İş materiallarında olan 27 fevral 2021-ci il tarixli EBAY seriyalı 037471 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil 40184,61 manat dəyərində ağ gilas və çiyələk mürəbbəsi satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli EBBA seriyalı 395600 nömrəli elektron qaimə qaimə ilə müəyyən olunur ki, müqavilə üzrə satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ƏDV daxil 2310,15 manat dəyərində ağ gilas və çiyələk mürəbbəsi satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin alıcı qismində çıxış etdiyi 02 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV xaric 6175 manat (ƏDV daxil 7286,50) məbləğində avans ödənilmiş, lakin cavabdeh tərəfindən heyva mürəbbələri ona təhvil verilməmişdir. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin satıcı qismində çıxış etdiyi 24 fevral 2021-ci il tarixli KS/04 saylı alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 42494,76 manat dəyərində gilas və çiyələk mürəbbələri iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin Cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 239,35 (iki yüz otuz doqquz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən iddiaçının xeyrinə tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ərzaq məhsullarının satın alınması barədə 02 may 2019-cu il tarixli, İS/19-163 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti elektron portalda göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçı Cavabdeh təklifini qəbul etmiş, eləcə də "xxxx" Açıq Səhmdar Cəmiyyəti müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürmüş, həmin müqaviləyə uyğun olaraq Cavabdeh təqdim edəcəyi ərzaq məhsulları üçün 28 dekabr 2019-cu il tarixində ƏDV daxil 7286,50 (yeddi min iki yüz səksən altı manat 50 qəpik) manat məbləğində avans iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçını razılaşdırılmış ərzaq məhsulları ilə təmin etməmişdir. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 24 fevral 2021-ci il tarixli KS/04 saylı ərzaq məhsullarının satışına dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh sifarişi əsasında ƏDV daxil 42494,76 manat dəyərində gilas və çiyələk mürəbbələrini cavabdehə təhvil vermiş, lakin Cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəmə qaydasında 49781,26 (qırx doqquz min yeddi yüz səksən bir manat 26 qəpik) manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməsi tam əsaslıdır. Cavabdeh apellyasiya şikayətində məhsulların hazır olması barədə qarşı tərəfə məlumat vermək vəzifəsini yerinə yetirdiklərini, iddiaçı ilə aralarındakı işgüzar yazışmaların onların rəsmi işçisi olan Elnur Baxşəliyevlə mail vasitəsilə olduğunu bildirmələr də, qeyd edilən şəxsin iddiaçı tərəfin rəsmi nümayəndəsi olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1219/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar