Məhkəmə qərarları › İş №2-2(105)-31/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-31/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-31/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-585/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx xxxxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsinə və həmin müqavilənin xx xxxxxx 2020-ci il tarixli 1 saylı, xx xxxx 2020- ci il tarixli 2 saylı və xx xxxxx 2020-ci il tarixli 3 saylı əlavələrinə əsasən yaranmış və ödənilməmiş 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində əsas borc, 41305,68 (qırx bir min üç yüz beş manat 68 qəpik) manat məbləğində penya, 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 644652,78 (altı yüz qırx dörd min altı yüz əlli iki manat 78 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-585/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 602816,70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləğində borc, 20000 (iyirmi min) manat məbləğində penya, hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqı və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla – cəmi 623347,10 (altı yüz iyirmi üç min üç yüz qırx yeddi manat 10 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh ASC-nin nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni məhkəmə kollegiyasına təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 370.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsəsən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmi Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apelyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi təsdiq edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-585/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 384.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizələr qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-585/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında aşağıdakı şərtlərlə bağlanmış xx xxxx 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh aşağıda göstərilən maddələr üzrə borc məbləğlərini qəbul edir və qeyd olunan şərtlərlə ödəməyi öhdəsinə götürür: 1.1. İddiaçının xx xxxxxx 2020-ci il tarixli 2020/6738- 37 nömrəli müqaviləyə və xx.xx.2020-ci il tarixli 3 saylı Əlavəyə əsasən cavabdehə verilən mallar üçün 602,816.70 (altı yüz iki min səkkiz yüz on altı manat 70 qəpik) manat məbləği. 1.2. İddiaçının hüquqi sənədləşmə və vəkil üçün çəkilən xərclərlə əlaqəli 8.500 (səkkiz min beş yüz) manat məbləği. 1.3. İddiaçının iddialarına Sumqayıt Kommersiya Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən baxılması üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun məbləği.

2. Cavabdeh aşağıdakı qaydada iddiaçıya yuxarıda qeyd olunan məbləği köçürür: 2.1. 200 000 (iki yüz min) manat, xx.xx.2021 -ə qədər, bunlardan: - Sazişin 1.3-cü bəndinə əsasən borcun ödənilməsi üçün 30 (otuz) manat; - Sazişin 1.2-ci bəndinə əsasən borcu ödəmək üçün 8,500 (səkkiz min beş yüz) manat; - Sazişin 1.1-ci bəndinə əsasən borcun bir hissəsini ödəmək üçün 191470 (bir yüz doxsan bir min dörd yüz yetmiş) manat. 2.2 . Müqavilənin 1.1-ci bəndinə əsasən borcun 411 346.70 (dörd yüz on bir min üç yüz qırx altı manat 70 qəpik) manat məbləğində qalan hissəsi cavabdeh tərəfindən aşağıdakı qaydada ödənilir: xx.xx.2021-ci il tarixinədək 68 557.78 manat; xx.xx.2021-ci il tarixinədək 68 557.78manat; xx.xx.2021-ci il tarixinədək 68 557.78 manat; xx.xx.2021-ci il tarixinədək 68 557.78 manat; xx.xx.2021-ci il tarixinədək 68 557.78 manat; xx.xx.2021-ci il tarixinədək 68 557.78 manat.

3. İddiaçı, öz növbəsində, cavabdehdən malların ödənişinin gecikməsinə görə 20 000.00 (iyirmi min manat 00 qəpik) manat cərimə məbləğini almaqdan imtina edir.

4. Hazırki Sazişin 2-ci bəndində təsdiq edilmiş cədvələ əsasən ödənişlərin (və ya onların bir hissəsinin) köçürülməsi şərtlərin pozulması halı baş verdikdə cavabdeh, qalıq borcun ümumi məbləğindən 10% (on faiz) miqdarında əlavə pul vəsaiti ödəyəcəyini və eləcə də, qeyd olunan hal baş verdikdə borcun qalıq məbləğini iddiaçının tələb tarixindən etibarən 3 gün ərzində ödəməyi öhdəsinə götürür.

5. Bu Saziş imzalandığı andan qüvvəyə minir.

6. Barışıq sazişi məhkəmə tərəfindən təsdiqləndikdən sonra cavabdeh barışıq sazişinin 2.2-ci bəndində göstərilən ödənişin icrasına başlayacaqdır.

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair 2- 2(105)-31/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar