Məhkəmə qərarları › İş №2-2(105)-33/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-33/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-33/2020 11.03.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), X5 və X4 ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-313/2019 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-313/2019 saylı qətnaməsi ilə (hakim Z.R.Pirverdiyev) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə iddia qismən təmin edilib, Cavabdeh tərəfindən 5558,40 manat məbləğində hesablanmış borcun İddiaçı **********00000 saylı abonent kodundan silinməsi, iddianın qalan hissədə təmin edilməməsi və Dövlət büdcəsinin nəfinə 30 manat məbləğində dövlət rüsumunun 29,16 manat məbləği Cavabdehndən, 0,84 manat məbləği İddiaçı tutulması qət edilmişdir. Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyevin apelyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayonu, Timiryazev kəndində yerləşən JN-05xx xxx 30304048 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,008 hissəsində Quba Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2012-ci il tarixli sərəncamına əsasən kommersiya məqsədi ilə çayçı binası tikib istifadə edir. Həmin obyektdə cavabdehlə bağladığı müqaviləyə əsasən təbii qazdan istifadə edir və hər ay istifadə etdiyi təbii qazın pulunu ödəyir. 2018-ci ilin noyabr ayının əvvəllərində cavabdeh təşkilatın işçiləri ona məxsus obyektə gələrək qaz sayğacına baxış keçirmiş, sayğaca müdaxilə etdiyini bildirmişlər. Cavabdehin əməkdaşlarına bildirmişdir ki, sayğaca müdaxilə olunmamış, sayğac ona məxsus obyektin kənarında yerləşir. Hər ay nazərətçi sayğaca baxış keçirib, istifadə etdiyi təbii qazın sərfiyyatı barədə məlumat verir, o, da istifadə etdiyi qazın pulunu ödədiyini bildirərək, akta imza etməmişdir. Sonradan onun telefonuna elektron məlumat gəlmiş, həmin məlumatda onun cavabdehə 5719 manat borcu olduğu qeyd edilmişdir. 5719 manat borcun olması barədə məlumat daxil olduqdan sonra o, cavabdehə müraciət etmiş, akt və sayğacın müayinə aktını tələb etmiş, həmin sənədləri ona verməmişlər. Ona görə də, Cavabdeh tərəfindən hesablanmış borcun onun **********00000 saylı abonent kodundan silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 289.1, 390.2 və 390.5-ci və Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı Cavabdeh Xaçmaz RQİİ-nin Quba XS ilə bağlanmış xx xxxx 2019-cu il tarixli, AMX-623/19 saylı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. xx xxxxxxx 2018ci il tarixdə Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğac müdaxiləyə şübhəli olduğuna görə (sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmışdır) sayğac xətdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasından keçirilmiş Elster G-4 markalı, ******* nömrəli qaz sayqacının texniki vəziyyəti ilə bağlı tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli “Qaz sayğaclarına nəzarət” Komissiyası tərəfindən müdaxilə nəticədə təbii qaz itkisinin mənbəyi olmuş sayğaclar haqqında Aktına əsasən İddiaçı (abonent kodu **********00000) istifadəsində olan G-4 markalı, zavod nömrəsi ******* olan sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. (sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması haqqında rəy verilmişdir) Həmin rəy əsasında tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazm bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 27792 m3 və ya 5558.40 (beş min beş yüz əlli səkkiz manat qırx qəpik) manat həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdehnə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Quba rayonu, Timirzayev kəndində yerləşən iddiaçıya məxsus iaşə obyektində qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 kub.metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub.metr/saat, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün qəbul edilməklə cəmi 27792 kub.metr/saat itirilmiş qaz sərfiyyatı müəyyən edilmişdir. Qərarın qəbul edilməsinə əsas xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, formal mülahizə xarakteri daşıyıb, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi Ç.N.Sultaliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(085)-313/2019 saylı qətnaməsi Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar