Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-33/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(119)-1816/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 24000 avro əsas borcun, hər gecikdirmə günü üçün Mərkəzi bankın müəyyən etdiyi 5% uçot dərəcəsinə uyğun olaraq qətnamə icra olunan günə qədər hesablanmaqla cərimə faizlərinin və məhkəmə xərclərinə görə ödənilmiş 240 manat rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2- 2(119)1816/2022 nömrəli qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mulkı məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə işə baxan məhkəmə iddianın yolverilməzliyinə gorə iddia ərizəsini qəbul etməkdən imtina etməli idi. Amma buna baxmayaraq işə baxan məhkəmə verilmiş iddia ərizəsini xx.xx.2022-ci il tarixdə icraata qəbul edərək baxılması üçün hazırlanması barədə qərardad çıxarmış və altı dəfə müxtəlif vaxtlarda məhkəmənin hazırlıq iclaslarını keçirərək təqdim edilmiş sübutları və məhkəmənin iş uzrə icraata xitam verilməsi üçün tərəflər arasında imzalanmış müqavilənin tələblərini müzakirə edərək iddia ərizəsinə dair kommersiya işini kifayət qədər hazırlanmış hesab edib məhkəmənin baxış iclasını xx.xx.2022-ci il tarixə təyin edərək elə həmin gün , yəni məhkəmə baxışı zamanı hazırlıq iclasında həll ediləsi məsələlərə geri dönərək MPMnın tələblərini ciddi şəkildə pozamaqla iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermiş və hesab etmişdir ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 may 2019-cu il tarixli 10- 05/19-SAK nömrəli “Yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair” müqavilənin 8-ci bəndində göstərilir ki, mübahisələrin yarandığı halda, tərəflər danışıqlar və ya məktub mübadiləsi yolu ilə onları tənzimləməyə çalışacaqlar. Mübahisələrin tənzimlənməsi danışıqlar yolu ilə mümkün olmadıqda, iddianı qaldıran tərəfin dövlətinin qanunlarına əsasən həmin ölkənin məhkəmələrində həll olunur. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(119)- 1816/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-33/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-33/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver