Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-35/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2273/2022 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2273/2022 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin ərizəçiyə geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva) . Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2273/2022 nömrəli qərardadını ləğv edərək ərizənin baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin faktiki yaşadığı ünvanı vergi orqanına təqdim etdiyi xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, onun yaşadığı yer Abşeron rayonu, Masazır, Ə.Vahid küçəsi 281, A girişi 12 saylı mənzildir. Məhkəmənin vergi ödəyicisinin 5 il əvvəl xx.xx.2018-ci il tarixdə verdiyi arayışa münasibətdə bildirirmişdir ki, qanunvericilik vergi ödəyicisinin yaşayış yeri barədə hər hansı dəyişiklik etdiyi zaman, bu barədə qeydiyyatda olduğu vergi orqanına bu məlumatın verilməsinə vəzifə qoymuşdur. Belə ki, Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir. Göründüyü kimi vergi ödəyicisi belə belə bir məlumatı vergi orqanına təqdim etməmişdir. Bununla əlaqədar vergi orqanı tərəfindən vergi ödəyicisinin yaşayış yeri barədə sonuncu təqdim etdiyi arayışa əsaslanaraq onun yaşadığı ünvana görə aidiyyəti üzrə Azərbaycan Respublikası MPM-nin 355-5.2-ci maddəsinə uyğun olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə haqlı olaraq Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmçinin vergi ödəyicisinə elektron qaydada təqdim edilmiş vergi borcunun ödənilməsi barədə borc bildirişində də vergi ödəyicisinin yaşayış yeri ünvanı ünvan 1qa Vergi ödəyicisi Maraqlı şəxs vergi orqanına təqdim etdiyi xx.xx.2021-ci tarixli, **********839000 tarixli “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı” ərizəsində və ona əlavə olunmuş xx.xx.2021-ci tarixli icarə müqaviləsində bir daha görünür ki, vergi ödəyicisinin fəaliyyət göstərdiyi yer Abşeron rayonu ərazisidir. Belə olan halda vergi ödəyicisi Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası ərazisində yaşayaraq Abşeron ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bu da bir daha onu təsdiq edir ki, Maraqlı şəxs həqiqətən də yaşadığı yer (olduğu yer) Abşeron rayonu ərazisidir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(119)- 2273/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2273/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayət ərizəsinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2273/2022 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ərizədən və əlavə olunmuş sənədlərdən görünür ki, Maraqlı şəxs “Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi” ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində “şəxsin yaşayış yeri” və “şəxsin olduğu yer” anlayışlarının məzmunu aşağıdakı qaydada verilmişdir: Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi , yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməli, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin qanunun 10-cu maddəsinə əsasən isə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 №-li fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən olunmuşdur. Hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılması üçün ərizəçi tərəfindən birinci instansiya məhkəməsinə maraqlı şəxsin Abşeron rayonu ərazisində yaşadığını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qeydə alınmasını təsdiq edən sənəd əlavə edilməli olduğu halda, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təxminən 5 il əvvəl verilmiş - 07 aprel 2018-ci il tarixli arayış əlavə olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsi həmin arayışın ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxılması üçün əsas olmadığını göstərərək və Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən ərizəni iddiaçıya geri qaytarmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)-2273/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin icraata qəbul edilmədən, ərizəçiyə geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 2273/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-35/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-35/2023
06.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver