Məhkəmə qərarları › İş №2-2(105)-36/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-36/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-36/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Rəşadət Əhməd oğlu Ağayevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1014/2021 saylı, 03.02.2022-ci il tarixli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli e-2- 2(119)1014/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası qismən təmin edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli e-2- 2(119)1014/2021 saylı qətnaməsindən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 tərəfindən 01 fevral 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 03.02.2022-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətini qətnamədən şikayətin verilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin axırıncı günü – 01.02.2022-ci ildə təqdim etmişdir. Lakin məhkəmə tərəfindən müddətlərin hesablanmasında yanlışlığa yol verilmişdir. Belə ki, 03 fevral 2022-ci il tarixli qərardadda təsdiq olunur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsi vəkilin elektron kabinetində 30.12.2021-ci ildə yerləşdirilmiş, 31.12.2021-ci il tarixində oxunmuşdur. Hakim özü qərardadda göstərir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Elə bu Qanun müddəasından da məlum olur ki, sənədin alınma tarixi, Alanın informasiya sisteminə daxil olduğu an hesab edilir. Vəkil “Elektron məhkəmə” informasiya sisteminə 31.12.2021-ci ildə daxil olmuş və qətnaməni oxumuşdur (bunu təsdiq edən çıxarış apellyasiya şikayətinə əlavə olunmuşdur). Deməli, sənədin alınma tarixi 31.12.2021-ci ildir. MPM-nin 360-cı maddəsinə əsasən, qətnamədən şikayət qətnamə tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 1 ay müddətində verilir. MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qətnamə vəkilə 31.12.2021-ci ildə çatdırıldığından, qətnamədən 1 aylıq şikayət müddəti hadisənin baş verməsindən sonrakı gündən – yəni qətnamənin vəkilə çatdırıldığı 31.12.2021-ci ilidən sonrakı gündən 01.01.2022-ci ildən hesablanmalıdır. MPM-nin 129.1-ci maddəsinə görə, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Deməli, MPM-nin 129.1-ci maddəsinə görə, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin axımı 01.01.2022-ci ildə başlanmaqla, göstərilən müddət müddətin müvafiq son ayında və günündə - yəni 01.02.2022-ci ildə qurtarır. MPM-nin 129.3-cü maddəsinə əsasən, “Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər”. Vəkil də göstərilənlərə əsasən, qətnamədən şikayəti müddətin son günündə-01.02.2022-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim etmişdir. Göstərilənlər sübut edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı qətnaməsindən apellyasiya şikayəti müddət buraxılmadan verilmişdir və bu səbəbdən Sumqayıt Kommersiya Məhkəməsinin 03.02.2022-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı qərardadı ləğv olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli e-2-2(119)- 1014/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1014/2021 saylı kommersiya işi üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsinin tam mətni 30 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və məhkəmə qətnaməsi 30 dekabr 2021-ci ildə saat 09:24-də Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Lakin Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 01 fevral 2022-ci ildə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin şikayətində göstərilmişdir ki, qətnamə vəkilin elektron kabinetində 30.12.2021-ci ildə yerləşdirilmiş, 31.12.2021-ci ildə oxunmuşdur, qətnamə vəkilə 31.12.2021-ci ildə çatdırıldığından, qətnamədən 1 aylıq şikayət müddəti hadisənin baş verməsindən sonrakı gündən – yəni qətnamənin vəkilə çatdırıldığı 31.12.2021-ci ilidən sonrakı gündən 01.01.2022-ci ildən hesablanmalıdır. Halbuki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Hazırki iş üzrə isə elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an 30.12.2021-ci il saat 09:24 olduğundan, elektron sənədin alınma vaxtı da 30.12.2021-ci il saat 09:24 hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1014/2021 saylı, 03.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar