Məhkəmə qərarları › İş №2-2(105)-37/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-37/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-37/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1660/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdehndən ƏDV daxil 35000 (otuz beş min) manat məbləğində əsas borc, 10500 (on min beş yüz) manat məbləğində cərimə və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 45700 (qırx beş min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların alqı-satqısına dair 26 iyun 2021-ci il tarixli xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilməlidir. Lakin sözügedən alqısatqı müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında ƏDV daxil 35000 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilsə də, bu günə qədər yaranmış borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir müsbət nəticə olmamışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında 27 dekabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və hər iki tərəf öz nümayəndəsi vasitəsi ilə sessiyanın iclasında iştirak etmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra proses tərəflərin iradəsinə əsasən davam etdirilməmiş, bu barədə müvafiq arayış verilmişdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi ƏDV daxil 35000 manat məbləğində əsas borc, hesablanmış 10500 manat məbləğində cərimə və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1660/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən (VÖEN **********) 35000 (otuz beş min) manat məbləğində əsas bоrc, 1000 (min) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 36200 (otuz altı min iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında malların alqı-satqısına dair 26 iyun 2021-ci il tarixdə bağlanmış xx/xx/2021 nömrəli müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçının cavabdehə satdığı malların bazarda mövcud olan anoloji mallardan keyfiyyətcə daha aşağı, qiymətcə isə daha yüksək olması ilə bağlı olmuşdur. Qeyd edilən səbəbdən malların uzun müddət satılmayacağı və ya alış qiymətlərindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olsa da, iddiaçı cavabdehi malların orta bazar qiyməti və keyfiyyəti barədə xəbərdar etməmişdir. Odur ki, cavabdeh iddiaçıdan malların qiymətlərini aşağı salmağı və ya malların satılmayan hissəsini geri qəbul etməyi xahiş etsə də, iddiaçı cavabdehin təklifini qəbul etməmiş və bu səbəbdən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Bununla yanaşı, "xxxx" MMC-dən İddiaçı MMC- nin xeyrinə 1000 manat məbləğində cərimənin tutulması da qanunsuz sayılmalıdır, ona görə ki, yuxarıda qeyd edilən səbəblərdən malların uzun müddət satılmayacağı və ya alış qiymətindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olmasına baxmayaraq, iddiaçı qanunsuz cərimə hesablamaq üçün uzun müddət gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə bu halı nəzərə almadan əsassız olaraq cavabdehdən yüksək məbləğdə cərimə tutulması qənaətinə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 26 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 3-cü bəndinə görə bu müqavilə üzrə malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. Ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Həmin müqavilənin 7.3-ü bəndinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz səbəbdən gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1%-i miqdarında satıcıya cərimə ödəyir. İş materiallarında olan 03 iyul 2021-ci il tarixli EBBE seriyalı 295985 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 10030 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 12 iyul 2021-ci il tarixli EBBE seriyalı 722028 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 10030 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli EBBF seriyalı 418401 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə 2336,40 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 26 iyun 2021-ci il tarixli 19 nömrəli, 09 iyul 2021-ci il tarixli 03 nömrəli və 10 iyul 2021-ci il tarixli 03 nömrəli Təhvil-təslim aktlarından görünür ki, qeyd olunan elektron qaimələrdə göstərilən mallar satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 dekabr 2022-ci il tarixli arayışda göstərilir ki, Cavabdeh 13 dekabr 2022-ci il tarixə olan borcu 35538,65 manat təşkil edir. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 05 oktyabr 2021-ci il tarixli “Öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktı”ndan görünür ki, alıcı Cavabdeh 05 oktyabr 2021-ci il tarixinə satıcı İddiaçınə borcu 35538,65 (otuz beş min beş yüz otuz səkkiz manat 65 qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianın təmin edilən hissəsi ilə bağlı hesab etmişdir ki, “Agro Prof" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin müqavilə üzrə ödənilməmiş 35000 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın cavabdehdən “10500 (on min beş yüz) manat məbləğində cərimənin tutulması tələbi ilə bağlı isə hesab etmişdir ki, həmin hissədə iddia qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla iddia ərizəsində tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 1000 (min) manat məbləğində cərimə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, müqavilə üzrə cavabdehin öhdəliyini lazımınca icra etməməsi cavabdehə satılmış malların bazarda mövcud olan anoloji mallardan keyfiyyətcə daha aşağı, qiymətcə isə daha yüksək olması ilə bağlı olmuşdur. Malların uzun müddət satılmayacağı və ya alış qiymətlərindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olsa da, iddiaçı cavabdehi malların orta bazar qiyməti və keyfiyyəti barədə xəbərdar etməmişdir. Odur ki, cavabdeh iddiaçıdan malların qiymətlərini aşağı salmağı və ya malların satılmayan hissəsini geri qəbul etməyi xahiş etsə də, iddiaçı cavabdehin təklifini qəbul etməmiş və bu səbəbdən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, malların uzun müddət satılmayacağı və ya alış qiymətindən daha aşağı qiymətə satılacağı iddiaçıya əvvəlcədən bəlli olmasına baxmayaraq, iddiaçı qanunsuz cərimə hesablamaq üçün uzun müddət gözlədikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia olunan cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ vermişdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plunumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiyası məhkəməsinin cərimə borcunun tutulmasına dair nəticəsi Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh həmin halları təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1660/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar