Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-39/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” ASC) vəkili və nümayəndəsi Vəkil2 və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” ASC) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-344/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfqar Sadiqov) Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hazırda “xxxx” ASC) apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10600 (on min altı yüz) manat məbləğində əsas borcun, 7759 (yeddi min yeddi yüz əlli doqquz) manat məbləğində cərimə borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə məhkəmə baxışı zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edilərək, 9600 (doqquz min altı yüz) manat məbləğində əsas borcun, 7759 (yeddi min yeddi yüz əlli doqquz) manat məbləğində cərimə borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 682-L/12 nömrəli müqaviləyə əsasən lizinq predmetini lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Müqavilə üzrə 10600 (on min altı yüz) manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 7759 (yeddi min yeddi yüz əlli doqquz) manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən borclu lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da borclu İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Bundan başqa, həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hazırda “xxxx” ASC) qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, qətnamədən göründüyü kimi iddia tələbinin təmin edilməməsinə əsaslar kimi Azərbaycan Respublikası Prezidentinin İddiaçı ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixlə Fərmanla iddia ərizəsini vermiş hüquqi şəxs İddiaçı ASC-in adının dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılması və eyni zamanda, “xxxx” ASC-in isə qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı hüquq və öhdəliklərinin olmaması , İddiaçı ASC-in hüquqi şəxs olaraq yenidən təşkil edildiyi, “xxxx” ASC-in məhkəmədə qaldırdığı sözügedən iddia tələbi üzrə subyektiv hüququnun olmaması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Azərbaycan Respublikasının bütün məhkəmələrinə ünvanlanmış 2-582/20 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020- ci il tarixli, 1137 nömrəli Fərmanının 2.2 və 3.1-ci bəndlərinin tələbləri nəzərə alınaraq məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərinin agentliyə ötürülməsi təmin edilənədək, ASC-nin iştirakı ilə məhkəmələrin icraatında olan işlərə baxılması davam etdirilməli və sonuncu tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəmələrə verilən iddia ərizələri icraata qəbul edilməlidir. Qeyd olunmalıdır ki, hal-hazıradək sözügedən Fərmandan irəli gələn hüquq və azadlıqların agentliyə ötürülməsi başa çatmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir. Əlavə olaraq qeyd edirik ki, İddiaçı ASC tərəfindən “borc tələbinə dair” eyni iddia tələbi üzrə başqa cavabdehə qarşı irəli sürülmüş iddia tələbi üzrə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir. Nəticə etibarilə məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin olmaması və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməməsi qənaətinə gəlinmiş olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hazırda “xxxx” ASC) vəkili və nümayəndəsi Vəkil2 apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və əsas borc məbləğini qəbul etdiyini, lakin cərimənin ləğv edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC hal-hazırda Cavabdeh MMC-yə qarşı verilmiş tələblə əlaqədar müvafiq subyektiv hüquqa, yəni “xxxx” MMC ilə 10 il müddətinə bağlanmış xx xxx 2012-ci il tarixli 682-L/12 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulmasını tələb etmək hüququna malik hüquqi şəxs (subyekt) kimi qəbul edilə bilməz. İddiaçının vermiş olduğu həmin tələb üzrə subyektiv hüququ mövcud olmadığı halda, tələbin tam və yaxud qismən təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğura bilər. Ona görə də, hal-hazırda məhkəmədə baxılan mübahisə üzrə subyektiv hüquqa malik olmadığı üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş borcun tutulması barədə iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının gücləndirilməsi, ölkədə aqrotexniki xidmətlər göstərilməsi ilə bağlı işlərin səmərəsinin artırılması və sistemliliyinin təmin edilməsi məqsədilə qərara alınmışdır ki, 1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın. 2. Müəyyən edilsin ki: - 2.1. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir; 2.2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra ‒ Agentlik) keçir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: - 3.1. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin (lizinq alanların və lizinq obyektlərinin siyahısı, habelə lizinq ödənişləri üzrə borcların məbləği müəyyənləşdirilməklə) altı ay müddətində Agentliyə ötürülməsi üçün tədbirlər görsün; 3.2. İddiaçı Açıq Səhmdar Cəmiyyətində kənar auditorun və aidiyyəti dövlət orqanlarının (qurumlarının) apardığı yoxlamaların nəticələri nəzərə alınmaqla, mövcud qalıq portfelinin bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərinin ötürülməsi zamanı Agentliyin hesabında nəzərə alınmasını təmin etsin; 3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: - 4.1. Cəmiyyətin yeni nizamnaməsini üç ay müddətində təsdiq etsin; 4.2. Cəmiyyətin və Agentliyin sərəncamındakı əmlakın kənar auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, onların yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin; 4.3. bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: - 4.3.1. mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini; 4.3.2. lizinq ödənişləri üzrə borcların yığılmasını; 4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edildiyindən, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırıldığından, qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin agentliyə ötürülməsi təmin edilənədək mövcud tələb üzrə İddiaçı ASC (hazırda “xxxx” ASC) subyektiv hüquqa malikdir. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxx 2012-ci il tarixli, 682-L/12 nömrəli müqavilədən görünür ki, lizinq verən (İddiaçı ASC) 29000 manat məbləğində SPD15S-FQ2 markalı elektrik yükləyicini 9 il müddətinə ödəmək şərtilə lizinq alanın (“xxxx” MMC) mülkiyyətinə verilməsi şərtilə lizinqə vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnikaların dəyərindən 2900 manat məbləği əvvəlcədən lizinq verərə ödəyir, qalan hissəsini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.1, 748-1.2 və 748-1.5. maddələri). Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər (Mülki Məcəllənin 442, 443.1, 448.1 və 465.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə üzrə müəyyən edilmiş əmlakı iddiaçı cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əmlakı qəbul etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək, lizinq müqaviləsinə əlavə kimi müəyyən edilmiş ödəniş qrafiki üzrə ödənişlər etməmiş, nəticədə müqavilədən irəli gələn öhdəliyi iddiaçının tələb etmək hüququ yaranmışdır. Cavabdeh müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləği müqavilə üzrə müəyyənləşdirilmiş şərtlərdə və məbləğdə iddiaçıya verilməsini təmin etməyərək, müqavilə əsasında iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəliyi icra etmədiyinə görə cavabdeh "xxxx" MMC-dən 9600 (doqquz min altı yüz) manat pul vəsaiti alınaraq İddiaçı ASC-yə (hazırda “xxxx” ASC) ödənilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda cərimə borcu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə, iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)- 344/2020-028 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 9600 (doqquz min altı yüz) manat əsas borc, 500 (beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 10130 (on min yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə (hazırda “xxxx” ASC) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-344/2020-028 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 9600 (doqquz min altı yüz) manat əsas borc, 500 (beş yüz) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 10130 (on min yüz otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə (hazırda “xxxx” ASC) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-39/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-39/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver