Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-39/2022 04.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi X1, cavabdeh "xxxx" Şirkətinin qanuni təmsilçisi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Tağıyev" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-37/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 13 oktyabr 2021-ci ildə cavabdeh "xxxx" Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə cavabdeh "xxxx" Şirkətindən 4830 (dörd min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, İddiaçı MMC-nin xeyrinə 5 (beş) ədəd sifariş edilmiş, lakin təhvil alınmamış qapılara görə ödənilmiş 1522 manat, icarə xərcləri qismində 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat olmaqla, cəmi 5852 (beş min səkkiz yüz əlli iki) manat məbləğində pul vəsaitinin və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat məbləğində xidmət haqqının cavabdeh "xxxx" Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra - İddiaçı) ilə “Avropa Qapıları" adı ilə tanınan "xxxx" Şirkəti (bundan sonra - Cavabdeh) arasında bağlanmış 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən iddiaçı tərəfindən yeni icarəyə götürülmüş ofis üçün 5 ədəd qapı (bundan sonra mallar) sifariş edilmiş və malların 100 faiz dəyəri olan 1522 (min beş yüz iyirmi iki) manat (ƏDV daxil) məbləğində pul vəsaiti əvvəlcədən tam şəkildə cavabdeh "xxxx" Şirkətinə nağdsız qaydada 17 iyun 2020-ci il tarixində ödənilmişdir. Həmin Müqaviləyə əsasən Cavabdeh malların tam şəkildə təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş, cavabdehin nümayəndəsi Rəhman və direktoru Aqil isə iki həftə ərzində qapıları quraşdırmaqla iddiaçıya təhvil verəcəyini bildirmişdir. Cavabdeh tərəfindən qapıların təhvil verilməsi tam bir ay gecikdirilmiş və qapılar təhvil verilən zaman isə onların müqavilə ilə razılaşdırılmış keyfiyyət standartlarına cavab vermədiyi, o cümlədən konstruksiyasında nasazlıqlar, rənglərində problemlər və s. bu kimi çoxlu sayda qüsurların olduğu aşkar olunmuş və habelə, cavabdeh tərəfindən malların satışına qeyri-peşəkar yanaşma nümayiş olunmuşdur. Qeyd edilən səbəblərdən iddiaçı tərəfindən mallar təhvil alınmamış və həmin qapılar gətirildiyi gün geri qaytarılmışdır. Bundan sonra, iddiaçı iavabdehə haqlı iradlarını bildirmiş, müqaviləyə xitam verilməsi və ödənişin geri qaytarılmasını tələb etmişdir. Buna müvafiq olaraq, iddiaçı tərəfindən internet vergi sistemi vasitəsilə malların tam geri qaytarılmasına dair Seriya EBAM №: 075427 saylı elektron qaimə-faktura cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən həmin qaimə təsdiq edilmişdir. Lakin, hazırkı tarixədək cavabdeh ödənilmiş 1522 (bir min beş yüz iyirmi iki) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin geri qaytarılmasını əsassız olaraq təmin etməmiş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd edilir ki, tərəflər arasında kağız daşıyıcıda imzalanmış alqı-satqı müqaviləsinin bir nüsxəsi cavabdeh tərəfindən bu günədək iddiaçıya təqdim edilməmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən yeni ofis binasına yuxarıda göstərilən səbəblərə görə köçə bilmədiyi üçün əlavə xərclər çəkmiş və iddiaçıya maddi zərər dəymişdir. Belə ki, iddiaçı köhnə icəradar olan "xxxx" Şirkəti (VÖEN **********) tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli Seriya EBAN № 690302 saylı elekton qaimə-fakturaya əsasən köhnə ofis ünvanına görə 2300 (iki min üç yüz) manat (ƏDV daxil) və yeni ofis ünvanına görə 500 (beş yüz) manat (vergilər daxil olmaqla), ümumilikdə isə 2800 (iki min səkkiz yüz) manat məbləğində vəsaitin ödənilməsi məcburiyyətində qalmışdır. Bundan əlavə, iddiaçı yeni ofis üçün "xxxx" Birgə Müəssisəsindən ümumi dəyəri 2030,02 (iki min otuz manat 02 qəpik) manat (ƏDV daxil) məbləğində olan yeni qapılar almağa məcbur olmuş (Qaimə - Seriya EBAP № 456977 və Seriya EBAM № 216898) və bununla da iddiaçı əlavə vaxt və maliyyə itkisinə məruz qalmışdır. Beləliklə, cavabdehin təqsiri ucbatından iddiaçıya ümumilikdə 4830 (dörd min səkkiz yüz otuz) manat dəyərində maddi zərər dəymişdir. Məlum olduğu kimi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən, istehlakçı satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, istehlakçı müqaviləyə əsasən aldığı malda qüsur aşkar etdikdə, öz istəyinə görə satıcıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər və satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının tələbini yerinə yetirməyə borcludur. Eyni zamanda, bu mübahisə ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı tərəfindən cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmiş və müvafiq qaydada 60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna baxmayaraq, cavabdeh təklifə münasibət bildirməmiş, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi haqqında” arayış mediator tərəfindən təqdim edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-37/2022 nömrəli, 10 yanvar 2022ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Tağıyev" Şirkətindən 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,22 (otuz beş manat 22 qəpik) manat olmaqla, cəmi 1607,22 (min altı yüz yeddi manat 22 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Zülfüqar Sadiqov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsində “icarə xərci qismində 2300 manat və yeni qapılar üçün ödənilmiş 2030 manat məbləğində pul vəsaitlərinin tutulması” hissəsində iddia tələbinin əsaslılığının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı və sübut edilmədiyi qeyd edilmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə düzgün deyildir. Belə ki, iddia tələbində qeyd edilən yeni ofis üçün "xxxx" Birgə Müəssisəsindən ümumi dəyəri 2030,02 AZN (ikimin otuz manat 02 qəpik) (ƏDV daxil) məbləğində yeni qapıların alınmasına dair qaimə-fakturalar əlavə edilmişdir (Qaimə - Seriya EBAP №456977 və Seriya EBAM № 216898). Məhkəmə tərəfindən isə həmin qaimə-fakturalara hər hansı münasibət bildirilməmişdir. Yeni qapıların alınmasına səbəb isə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi ilə razılaşdırılmış keyfiyyət standartlarına cavab verməyən qapıların iddiaçıya verilməsi və iddiaçı tərəfindən geri qaytarılması ilə əlaqədar olmuşdur, bir sözlə, cavabdeh təqsiri, öz öhdəliklərini yerinə yetirməməsi ucbatından iddiaçı yeni qapıları almağa məcbur olmuşdur. Məhkəmə tərəfindən isə bu hallara hüquqi qiymət verilməmişdir. Bundan əlavə, iddiaçı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, mənzil 20 ünvanında yerləşən yeni ofis binasına yuxarıda göstərilən səbəblərə görə köçə bilmədiyi üçün əlavə xərclər çəkmiş, ona maddi zərər dəymişdir. Belə ki, iddiaçı köhnə icəradar olan "xxxx" şirkəti (VÖEN:**********) tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli Seriya EBAN № 690302 olan elekton qaimə fakturaya əsasən köhnə ofis ünvanına görə 2300,00 AZN (iki min üç yüz) (ƏDV daxil) olmaqla) məbləğində vəsaitin ödənilməsi məcburiyyətində qalmışdır. Həmin vəsaitlərin ödənilməsinə dair qaimə-fakturalar məhkəməyə təqdim edilsə də, məhkəmə tərəfindən əsassız olaraq, iş üzrə bu faktiki hallara və təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin bütün faktiki halları və təqdim edilən sübutlar hərtərəfli araşdırılmadığı üçün qəbul edilmiş qətnamə iddiaçıya dəymiş bütün maddi zərərin cavabdeh tərəfindən ödənilməməsinə səbəb olur. Cavabdeh “Tağıyev" Şirkəti apellyasiya şikayətində Mülki Məcəllənin 567,570,470, 445.5, 446.1-ci maddələrinə əsaslanaraq iddianın təmin edilmiş hissəsində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndələri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv olunmasını xahiş etdilər. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 əlavə olaraq bildirdi ki, iddiaçının ofisi üçün nəzərdə tutulan 1522 manatlıq 5 ədəd qapının alqı-satqısı ilə əlaqədar tərtib edilmiş müqavilənin nüsxəsi satıcı olaraq cavabdeh tərəfindən imzalanaraq qaytarılmadığı üçün iddiaçı tərəfdə həmin müqavilə yoxdur və buna görə də iddiaçı tərəf həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Qapılar sifarişə uyğun təqdim edilmədiyindən, iddiaçı ciddi qüsurlarına görə həmin qapıları qəbul etməyərək, geri qaytarmış və həmin qapılara görə bank hesabı vasitəsi ilə ödədiyi 1522 manat pulu geri tələb etmişdir. Lakin, cavabdeh tərəf qaytarılan qapıları təhvil almış olsa da, müxtəlif bəhanələrlə həmin pulun qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəf qapıları lazımi qaydada təqdim etmədiyindən iddiaçı tərəf icarəyə götürdüyü ofisdə bir ay artıq qalmağa məcbur olmuş, icarəyəverən "xxxx" Müstəqil Şirkətinə 2300 manat məbləğində əlavə icarə pulu ödəmiş və eyni zamanda, başqa bir şirkət olan "Dinçer və Carçıoğlu” Birgə Müəssisəsindən 2030 manat məbləğində başqa qapılar almışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hal-hazırda da həmin qapılar cavabdehin anbarında saxlanılır. Alqı-satqı ilə əlaqədar yazılı müqavilə və sifariş blankı olsa da, həmin sənədlərin saxlanmadığını və buna görə də onların məhkəməyə təqdim olunmasının mümkün olmadığını bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, hesab edir ki, İddiaçı MMC və cavabdeh “Tağıyev" Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimənin məzmunu ilə müəyyən olunur ki, 16 iyun 2020-ci il tarixli Müqavilə üzrə ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində qapıların satılması ilə əlaqədar satıcı "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən alıcı İddiaçınə (VÖEN: **********) 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimə göndərilmişdir. İş materiallarında olan “İnternet bankçılıq” “Bank of Baku” “İcra olundu” ” qeydi yazılmış 17 iyun 2020-ci il tarixli **********41302 nömrəli nağdsız ödəniş tapşırığından və 17 iyun 2020-ci il tarixli **********7202 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 16 iyun 2020-ci il tarixli müqavilə və 17 iyun 2020-ci il tarixli EBAL 210296 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından "xxxx" Şirkətinin hesabına 1289,83 (min iki yüz səksən doqquz manat 83 qəpik) manat məbləğində pul vəsaiti ödənilmiş və İddiaçı “ƏDV sub-uçot” hesabından "xxxx" Şirkətinin “ƏDV sub-uçot” hesabına isə 232,17 (iki yüz otuz iki manat 17 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Şirkətinə göndərilən “Malların tam geri qaytarılması” barədə 07 iyul 2020-ci il tarixli EBAM 075427 nömrəli Elektron Qaimənin məzmunu ilə müəyyən olunur ki, həmin Elektron Qaimə 16 iyun 2020-ci il tarixli Müqavilə üzrə ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində qapıların İddiaçı tərəfindən "xxxx" Şirkətinə qaytarılması ilə əlaqədar verilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, icarəyəverən "xxxx" Müstəqil Şirkəti ilə icarəçi İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli İcarə Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 6 mərtəbəli qeyri-yaşayış binasının 1-ci mərtəbəsindəki sahəsi 219 kv.m qeyri-yaşayış sahəsi aylıq icarə haqqı ƏDV daxil 2300 manat olmaqla sonuncuya icarəyə verilmiş və bununla bağlı İcarəçi tərəfindən İcarəyəverənə aylıq icarə haqları ödənilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, 31820 nömrəli Müqavilə üzrə alıcı İddiaçı tərəfindən satıcı "Dinçer və Carçıoğlu” Birgə Müəssisəsinin hesabına və “ƏDV sub-uçot” hesabına 11 iyul 2020-ci ildə və 25 sentyabr 2020-ci ildə qapı alınmasından ötrü ümumilikdə cəmi 2030,02 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" Şirkəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı MMC tərəfindən mediatora 50 (əlli) manat məbləğində xidmət haqqı ödənilmişdir (mediator X2 tərəfindən imzalanmış 20 avqust 2021-ci il tarixli 148752 nömrəli Mədaxil Qəbzi, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 avqust 2021-ci il tarixli 2021/000150 nömrəli və 27 sentyabr 2021-ci il tarixli 2021/000150 nömrəli Arayışlar). Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, 16 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinin özü məhkəməyə təqdim olunmasa da, iddiaçı tərəfin təqdim etdiyi sübutlar və hər iki tərəfin qanuni təmsilçilərinin izahatları ilə təsdiq olunur ki, 17 iyun 2020-ci ildə alıcı İddiaçı MMC tərəfindən 5 ədəd qapının alınmasından ötrü satıcı "xxxx" Şirkətinin hesabına ƏDV daxil cəmi 1522 (min beş yüz iyirmi iki) manat (1289,83 manat malın dəyəri + 232,17 manat ƏDV) məbləğində pul vəsaiti ödənilmiş, lakin həmin ödəniş müqabilində satıcı "xxxx" Şirkəti tərəfindən təqdim edilmiş qapılar alıcı İddiaçı MMC tərəfindən təhvil alınmayaraq geri qaytarılmış, bundan sonra alıcı İddiaçı MMC qapıların dəyərinin əvvəlcədən ödənişi olan cəmi 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pulun qaytarılmasını tələb etsə də, satıcı "xxxx" Şirkəti həmin pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, yeni ofis üçün "xxxx" Birgə Müəssisəsindən ümumi dəyəri 2030,02 AZN (ikimin otuz manat 02 qəpik) (ƏDV daxil) məbləğində yeni qapıların alınmasına dair qaimə-fakturalar əlavə edilmişdir (Qaimə - Seriya EBAP №456977 və Seriya EBAM № 216898). Məhkəmə tərəfindən isə həmin qaimə-fakturalara hər hansı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qapıların sifarişi üçün cavabdehə ödədiyi məbləğ-yəni 1522 (min beş yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin tutulması məhkəmə qətnaməsi ilə qət edildiyindən, yeni ofis üçün "xxxx" Birgə Müəssisəsindən ümumi dəyəri 2030,02 AZN olan yeni qapıların alınması ilə bağlı həmin məbləğin də iddiaçıya ödənilməli olması əsassızdır. Cavabdeh 5 qapının sifarişi ilə bağlı öhdəliyini lazımınca icra etməmiş və bu səbəbdən həmin pulun iddiaçıya geri qaytarılması qət edilmişdir. İddiaçının icarə xərci qismində 2300 manat ödəməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçının həmin icarə xərcini məhz cavabdehin təqsirli hərəkətləri ilə bağlı ödəməsi iş materialları ilə təsdiqlənmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, həmin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmalı olması barədə ümumiyyətlə heç bir dəlil təqdim olunmamışdır. Apellyasiya şikayətində yalnız işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları qeyd edilmiş, maddi və prosessual hüquq normaları sadalanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, e-2-2(119)-37/2022 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, e-2-2(119)- 37/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-39/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-39/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver