Məhkəmə qərarları › İş №2-2(105)-39/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-39/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-39/2025 30.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2-2(119)-97/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində dəymiş zərərin əvəzi, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 15748,70 (on beş min yeddi yüz qırx səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən etibarən kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını müxtəlif xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac edərək satışı ilə məşğul olur. İddiaçı ilə cavabdeh arasında 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilə bağlanılmış, cavabdehə ümumilikdə 38551,71 manat dəyərində mal verilmiş, cavabdeh həmin məbləğdən iddiaçıya 25343,01 manat məbləğində pul ödəmiş və 13208,70 manat məbləğində borcu qalmışdır. Qalan məbləğin ödənilməsi cavabdehdən dəfələrlə tələb edilsə də, bu yerinə yetirilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı tərəfindən 04 dekabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək 13208,70 (on üç min iki yüz səkkiz manat, yetmiş qəpik) manat məbləğində borc, 2000 (iki min) manat məbləğində dəymiş zərərin əvəzi, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 360 (üç yüz altmış) manat məbləğində pul vəsaitinin əvəzi olmaqla, cəmi 15568,70 (on beş min beş yüz altmış səkkiz manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi 06 yanvar 2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək tərəflər arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən 3685,53 manat borcun ödənilməsi üzrə 3 illik iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edildiyi üçün iddia müddəti tətbiq edilməklə iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 29/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 9935 (doqquz min doqquz yüz otuz beş) manat məbləğində borc və 119,35 (yüz on doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10054,35 (on min əlli dörd manat, otuz beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Cavabdeh tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(119)-97/2025 nömrəli qətnaməsindən şikayət verilərək qətnamənin 9935 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin təsviri hissəsində qeyd etmişdir ki, guya iddiaçı cavabdehə aqronom xidməti göstərmişdir. Halbuki, iddiaçı tərəfindən həmin xidmətin göstərilməsi barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə işə baxarkən işi tam mövcud vəziyyətinə əsasən araşdırmamışdır. Belə ki, qətnamədə sübut kimi ancaq iddiaçının məhkəməyə təqdim etdiyi elektron qaiməyə istinad etsə də, həmin qaimədə nəzərdə tutulan xidmətin göstərilib göstərilməməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi elektron qaiməyə istinad etmişdir. Halbuki, həmin elektron qaimədə nəzərdə tutulan xidmətlər heç bir müqavilədə öz əksini tapmamışdır. Müqavilədə nəzərdə tutulmayan öhdəliyi heç kim yerinə yetirməyə borclu deyildir. Bundan başqa məhkəmə iclaslarında dəfələrlə iddianın təmin olunan hissəsində nəzərdə tutulan xidmətin göstərilməsini təsdiq edən sübutların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etsələr də, iddiaçı bunu təqdim edə bilməmişdir. Heç bir sübut olmadan məhkəmə tərəfindən iddia həmin hissədə təmin edilmişdir. Halbuki, iş materillarına əlavə olunmuş müqavilələr alqı-satqı müqaviləsidir. Həmin müqavilədə hansısa xidmətin göstərilməsi nəzərdə tutulmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddianın təmin olunması hissəsində ləğv edilməklə iddia digər hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında bağlanmış bitki mühafizə vasitələrinin satışına dair 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı (İddiaçı QSC) müqavilənin əlavəsi hesab edilən və alıcı (Cavabdeh MMC) tərəfindən rəsmiləşdirilən müvafiq Əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, malların təhvil verilməsi alıcının müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtərlə tam təhvil verilmiş olsun. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, satıcı malların çatdırılması zamanınadək aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı qüsur aktında əks olunacaq. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (Qaimə-Faktura) əsasında həyata keçirəcək. Tərəflər razılaşırlar ki, malların çatdırılması zamanı hər-hansı bu kimi qüsur aşkar olunduqda onların satıcı tərəfindən aradan qaldırılması yuxarıdakı 3.3-cü bənddə istinad olunan qüsur aktında müəyyən olunmuş müddətdə təmin edilmiş olsun. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3685,53 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli, 1381,55 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli, 20913,96 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli, 833 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli, 5488,2 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 9935 manat dəyərində aqronom məsləhəti xidməti göstərilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixdə 1381,55 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2021-ci il tarixdə 20913,96 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli elektron qaimə-faktura üzrə 833 (127,07+705,93) manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 2900 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 3000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən, iddiaçı və cavabdeh arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli 1/21-196 AZ saylı müqaviləyə və elektron qaiməfakturalara əsasən dərman preparatlarının satışı həyata keçirilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli EBAP seriyalı 661680 nömrəli qaimə üzrə 3685,53 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174335 nömrəli qaimə üzrə 1381,55 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174328 nömrəli qaimə üzrə 20913,96 manat, xx.xx.2021-ci il tarixli EBBN seriyalı 174321 nömrəli qaimə üzrə 833 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 381972 nömrəli qaimə üzrə 5488,2 manat, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli qaimə üzrə 9935 manat məbləğində borcu yaranmış, həmin borclardan ümumilikdə 29028,51 manat məbləğində ödəniş edilmiş, cavabdehin ödənilməmiş borcu 13208,73 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunan hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilə üzrə isə iddiaçı tərəfindən cavabdehə 5 ədəd elektron qaimə-faktura təqdim edilmiş, həmin elektron qaimə-fakturaların 4 ədədi üzrə ödənişlər tam (xx.xx.2022ci il tarixli EBCB seriyalı 381972 nömrəli qaimə üzrə qaimədə göstəriləndən bir qədər artıq məbləğdə) ödənilsə də, 9935 manat dəyərində aqronom məsləhəti xidmətinin göstərilməsi ilə əlaqədar təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura cavabdeh tərəfindən ödəniş edilməmişdir. Cavabdehin nümayəndəsi aqronom məsləhəti xidmətinin dəyərini nəzərdə tutan elektron qaimə-faktura üzrə ödəniş edilməməsinin səbəbini həmin xidmətin göstərilməsini təsdiq edən hər hansı təsdiqedici sənədin təqdim edilməməsi ilə izah etmiş, bununla bağlı cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturanın geri qaytarılmamasını isə mühasibin səhvi ilə izah etmişdir. İddiaçının nümayəndəsi isə izahatında aqronom məsləhəti adlanan xidmətin aralarında bağlanmış 26 noyabr 2021-ci il tarixli müqavilənin predmeti olan dərman preparatlarının istifadə qaydası ilə bağlı göstərildiyini, təmsil etdiyi təşkilatın uzun illərdir ki, aqronom məsləhəti xidmətinin göstərilməsi fəaliyyəti ilə məşğul olduğunu, həmin xidmətin göstərilməsi ilə bağlı müştərilərlə bağlanmış müqavilədə ayrıca qeyd olmadığını, tərəflərin aqronom məsləhəti xidmətinin göstərilməsi ilə bağlı şifahi razılığa gəldiyini və göndərilmiş 05 avqust 2022-ci il tarixli elektron qaimə-fakturanın cavabdeh təşkilat tərəfindən qəbul edildiyini və məhkəmə prosesləri başlananadək bu barədə hansısa etiraz irəli sürülmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətlərinin xarakterini, onların arasında formalaşmış işgüzar adətləri nəzərə alaraq hesab etmişdir ki, cavabdeh 9935 manat dəyərində aqronom məsləhəti xidmətinin göstərilməsi ilə əlaqədar ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura üzrə müvafiq ödəniş ödəməli olsa da, bu öhdəliyini yerinə yetirməmiş və bununla əlaqədar onun irəli sürdüyü yuxarıda göstərilən dəlillər mülki-hüquqi məsuliyyətdən yayınmaq məqsədi daşıyır. İlk növbədə, nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaiməfaktura Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun olaraq elektron formada hazırlanaraq vergi orqanında uçotda olan cavabdehə göndərilmişdir və bu mənada hazırkı iş üzrə mötəbərliyi şübhə doğurmayan sübut növüdür. Cavabdeh həmin elektron qaimə-fakturanın məzmununda nəzərdə tutulan xidmətin göstərilmədiyi halda həmin elektron qaimə-fakturanı qəbul etməyərək onun geri qaytarılmasını təmin etmək hüququna və imkanına malik olsa da, bunu etməmişdir. Cavabdehin nümayəndəsi bu halı “mühasibin səhvi” ilə izah etsə də, bu dəlil əsaslı və ağlabatan hesab edilə bilməz. Bununla əlaqədar o da qeyd edilməlidir ki, sözügedən xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-faktura ilə eyni tarixdə iddiaçı tərəfindən cavabdehə 5488,2 manat dəyərində malların satılması ilə əlaqədar EBCB seriyalı 381972 nömrəli elektron qaimə-faktura da göndərilmiş və həmin elektron qaimə-faktura üzrə ödənişlər həyata keçirilmişdir. Başqa sözlə, eyni tarixdə təqdim edilmiş elektron qaimə-fakturaların biri cavabdeh tərəfindən icra edilmiş, digəri üzrə hər hansı ödəniş edilməmiş, eyni zamanda həmin qaimə qəbuledən (cavabdeh) tərəfindən qaytarılmamış və ya onunla bağlı hər hansı etiraz irəli sürülməmişdir. Bunlardan əlavə, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış həm 03 sentyabr 2020-ci il tarixli 1/20-139AZ nömrəli, həm 26 noyabr 2021-ci il tarixli 1/21-196AZ nömrəli müqavilələr üzrə malların təhvil-qəbulu və bununla əlaqədar ödənişlər iddiaçının cavabdehə göndərdiyi elektron qaimə-fakturalar əsasında həyata keçirilmişdir. Yəni tərəflər arasında işgüzar praktika və ya işgüzar adətlər belə formalaşmışdır ki, əməkdaşlıqları dövründə hər iki tərəf müqavilə üzrə elektron qaimə-fakturanın göndərilməsini müqavilənin realizəsi baxımından kifayət hesab etmişlər və bununla razılaşmışlar. Burada bu da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.1-ci və 404.2-ci maddələrində qeyd edilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə digər hallarla yanaşı, həm də tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırda mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli EBCB seriyalı 380910 nömrəli elektron qaimə-fakturaya əsasən, iddiaçı cavabdehə 9935 manat dəyərində aqronom məsləhəti xidməti göstərilməsini, buna əsasən həmin borcun ödənilməsini iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qaimə-fakturadan göründüyü kimi o, aqronom məsləhəti xidməti göstərilməsi üçün təqdim edilmişdir. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin Qaydaların 2.5.3-cü maddəsində qeyd edilmiş elektron qamə fakturanın doldurulma qaydasına əsasən isə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, elektron qaimə-fakturada məlumatları özündə əks etdirən sənədlərdən biri də müqavilədir. Buna görə də həmin elektron qaimə faktura əsasında pul tələb edilərkən onun əsaslandığı müqavilə də qeyd edilməlidir. Lakin hazırki işin hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında imzalanmş 26 noyabr 2021-ci il tarixli müqavilənin müddəalarından aqronom məsləhəti xidmətinin göstərilməsinə dair hər hansı razılıq əldə edilməmişdir. İddiaçının nümayəndəsi bununla bağlı qeyd etmişdir ki, həmin xidmətin göstərilməsi tərəflər arasında müqavilədən əlavə şifahi razılıq əsasında əldə edilmişdir. Lakin cavabdehin nümayəndəsi iddiaçı tərəfindən hər hansı aqronom məsləhəti xidmətinin göstərilməsinə dair razılıq olmadığını bildirmişdir. Bundan əlavə, əvvəllər bağlanmış müqailələr üzrə də belə bir oxşar şifahi razılaşma mövcud olmamış və cavabdehin nümayəndəsi də bunu məhkəmə kollegiyasının iclasında təsdiq etmişdir. Qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı irəli sürdüyü iddia tələbinin əsasını sübut etməlidir. Lakin iş materiallarına ilə iddiaçı öz iddia tələbinin hüquqi əsası kimi belə şifahi razılaşmanın mövcudluğunu sübut edə bilməmişdir. Bununla əlaqədar, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Şahid məhkəmə kollegiyasının iclasında şahid kimi dindirilmiş, o, öz ifadəsində cavabdeh olan hüquqi şəxsə məxsus sahədə bitki mühafizə vasitələrindən necə istifadə edilməsi və “budama” işləri ilə bağlı üç dəfə aqronom məsləhəti verildiyini bildirmiş, lakin şahidin həmin dəlili hər hansı aktla və ya işin digər halları ilə təsdiq olunmur. Mülki Məcəllənin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi iddiaçının aqronom xidməti göstərilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzini qeyd olunan hissədə tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normlarının tələblərini nəzərə almadan və işin hallarının düzgün araşdırmadan iddianı qismən təmin etmiş, bununla da qeyd olunan hissədə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Buna görə də iddia tələbi digər hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2-2(119)- 97/2025 nömrəli qətnaməsi Cavabdehndən 9935 (doqquz min doqquz yüz otuz beş) manat məbləğində borc və 119,35 (yüz on doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10054,35 (on min əlli dörd manat, otuz beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar