Məhkəmə qərarları › İş №2-2(105)-42/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2021

19.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2021 19.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri X4 və Nümayəndə1 iştirakları ilə İddiaçı "X2" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-868/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə məhkəməyə müraciət edərək, ümumilikdə 407.945,00 manat əsas borcun, 175.602,75 manat cərimənin və 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehə məxsus bank hesablarına həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus bank hesablarında yetərli vəsaitin saxlanılmaması qətnamənin gələcəkdə icrasının çətinləşməsinə və ya qeyri-mümkün olmasına səbəb ola bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-868/2020 saylı qərardadı ilə iddiaçının iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan iddiaçı "X2" MMC şikayət vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-868/2020 saylı qərardadı ilə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin və şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı "X2" MMC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "X2" MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-868/2020 saylı qərardadından şikayət verilmişdir. İddiaçının elektron sistemində (ASAN İmza) problem olduğuna görə qərardaddan şikayət xx xxxxxx 2020-ci il tarixində “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə birlikdə verilmişdir. Şikayət və ərizə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hazırlanıb, imzalansa da, müəyyən texniki səbəblərdən imzalayan nümayəndə olan X4 xx.xx.2020-ci il tarixli 001/0421/2020 saylı müəssisənin məhkəmələrdə təmsil edilməsi barədə etibarnaməsi sistemə yüklənmişdir. Bu səbəbdən şikayət və ərizə Mülki Prosessual Məcəllənin 69.2 və 74.2-ci maddələrinə uyğun olaraq geri qaytarılmışdır. Hal-hazırda verilən şikayətlə bu problemlər aradan qaldırılmış və MPM-in 74.2-ci maddəsinə uyğun yeni etibarnamə əlavə olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "X2" MMC-nin nümayəndələri X7 və Nümayəndə1 şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 74.1 və 74.2-ci maddələrinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarında olan və elektron məhkəmə informasiya sistemində şikayətə əlavə olunan xx.xx.2020-ci il tarixli 001/0421/2020 saylı etibarnamədən görünür ki, etibarnamədə şikayəti "X2" MMC-nin adından imzalayan X5 Cəmiyyətin “məhkəmələrdə təmsil edilməsi”, cəmiyyətin adından “sənədlərin təqdim edilməsi və alınması (götürülməsi)” səlahiyyətləri həvalə edilmişdir. Etibarnaməyə əsasən "X2" MMC-nin adından ərizə və şikayəti imzalamış nümayəndə X4 ərizəni imzalamaq və şikayət vermək səlahiyyəti yoxdur. Yuxarıda qeyd olunan normadan göründüyü kimi, məhkəmə aktından şikayətin verilməsi səlahiyyəti təmsil edənə təmsil olunan tərəfindən verilən etibarnamədə xüsusi göstərilməlidir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq qərardadında göstərmişdir ki, "X2" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədə X4 iddiaçının adından verilmiş prosessual sənədləri imzalamaq, habelə məhkəmə aktından şikayət vermək hüququ nəzərdə tutulmadığından prosessual müddətin bərpasına dair ərizə və şikayət iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-868/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-868/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Lətifə Məmmədova Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar