Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-44/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-520/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(085)- 563/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, 499.233.86 ABŞ dolları məbləğində borcun ödənildiyi gün üçün manat məzənnəsi ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “BEKA X2 Dış Ticaret Limited” Şirkətinə ödənilməsi qət edilmişdir. Daha sonra iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 qiyabi qətnamənin ləğvinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 10 08.2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(085)-563/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş, işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı razılaşma əsasında iddiaçı cavabdehə (köhnə adı “xxxx” MMC) 2011-2012-ci illərdə plastik qapı-pəncərə istehsalı üçün nəzərdə tutulmuş aksessuarlar göndərmişdir. Qeyd edilən mallar yük gömrük bəyannamələri əsasında və məbləğdə cavabdehə göndərilmiş və onun tərəfindən mədaxil edilmişdir. Göndərilən malların dəyərinin yüksək olması və cavabdehlə aralarında olan etimadı və iddiaçının xarici ölkələr üçün güzəştli marketinq siyasətini nəzərə alaraq, iddiaçı cavabdehin xahişi ilə ödəmənin mal alındığı zaman deyil, 6 ildən sonra həyata keçirilməsinə dair razılığa gəlmişdir. Lakin ödəniş müddəti çatdıqda cavabdeh iddiaçıya bildirmişdir ki, onların şirkətində yenidən təşkilatlanma gedir, bu səbəbdən də ödənişi bir qədər gecikdirəcəklər. Lakin hazırki günədək ödəniş həyata keçməmiş və cavabdeh tərəfindən alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Aralarında yazılı müqavilə olmasa da, alıcı və satıcı kimi iddiaçı və cavabdeh mülki hüquq münasibətlərinə daxil olmuş, cavabdeh iddiaçının ona göndərdiyi malları almış, mədaxil etmişdir. Belə ki, gömrük bəyannamələrindən də göründüyü kimi, mallar cavabdeh tərəfindən mədaxil edilmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 499.233.86 ABŞ Dolları təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti Cavabdeh MMC-dən 499.233.86 (dörd yüz doxsan doqquz min iki yüz otuz üç dollar 86 sent) ABŞ dolları məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəf sübut edə bilmir ki, onlarla kim müqavilə bağlayıb, nə vaxt bağlayıb, hansı sifarişi vermişlər və cavabdeh onu qəbul etmişdirmi?! “xxxx” MMC-nin, “xxxx” MMC-nin “Zaur M”-in və sairənin adına çox mal gələ bilər. “xxxx” MMC sonradan qoşulub “xxxx” MMC-yə. Qoşulma nəticəsində “xxxx” MMC ləğv olunub və onun hüquq və vəzifələri “xxxx” MMC-yə keçib. Sorğuda 11.500 ABŞ dolları məbləğində malın “xxxx” MMC-yə gəldiyi qeyd olunur. Ola bilər ki, “xxxx” MMC “X3 Ticarət LTD” Şirkətindən nəsə ala bilərdi. Gömrük işlərində var ki, məsələn, bu malları hansısa proje göndərir, lakin həmin malların kimin tərəfindən qəbul edilməsi məlum deyil. Ümumiyyətlə, belə bir şirkətdən heç bir mal almamışlar. Əgər hansısa malın alındığı göstərilirsə, o, müəyyən olunmalıdır ki, hansı projedir, “xxxx” MMC bunu qəbul edirmi, etmirmi? Əgər varsa, qarşı tərəf sübutları təqdim etsin. Əlavə olaraq iddia müddətinin tətbiq olunmasını xahiş edirlər. Söhbət 2011-ci ildən gedir və bu günə kimi 9 il vaxt keçib. Nəzərə alınsa ki, müqavilə münasibətlərindən irəli gələn tələblər üçün qanunvericiliklə 3 illik müddət tətbiq edilib, onda artıq bu müddət 3 dəfə keçib. Buna görə də iddia müddəti ötürüldüyünə görə iddia tələbinin təmin olunmamasını xahiş edirlər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)- 520/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim X.Tağıyev). Qətnamədən narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Qarşılıqlı razılaşma əsasında cavabdeh "Cavabdeh" MMC-nə (köhnə adı "xxxx" MMC) 2011-2012-ci illər tarixində plastik qapıpəncərə istehsalı üçün nəzərdə tutulmuş aksessuarlar göndərmişlər. Qeyd edilən mallar iş materiallarına siyahısı əlavə edilmiş yük gömrük bəyannamələri əsasında və məbləğdə cavabdehə göndərilmiş və onun tərəfindən mədaxil edilmişdir: Göndərilən malların dəyərinin yüksək olması və cavabdehlə aralarında olan etimadı və xarici ölkələr üçün güzəştli marketinq siyasətini nəzərə alaraq, cavabdehin xahişi ilə ödəmənin mal alındığı zaman deyil, 6 (altı) ildən sonra həyata keçirilməsinə dair razılığa gəlmişlər. Lakin ödəniş müddəti çatdıqda cavabdeh bildirmişdir ki, onların şirkətində yenidən təşkilatlanma gedir, bu səbəbdən də ödənişi bir qədər gecikdirəcəklər. Lakin hazırki güənədək ödəniş həyata keçməmiş və cavabdeh tərəfindən alınmış malların dəyəri ödənilməmişdir. Yazılı müqavilə olmasa da, alıcı və satıcı kimi mülki hüquq münasibətlərinə daxil olmuş, cavabdeh ona göndərilən malları almış, mədaxil etmişdir. Belə ki, gömrük bəyannamələrindən də göründüyü kimi, mallar cavabdeh tərəfindən mədaxil edilmişdir. Hazırda cavabdehin borcu 499233.86 ABŞ dolları təşkil edir. Lakin məhkəmə bu xüsusatlara əhəmiyyət verməmiş, müqavilənin olmaması, iddia müddətinin keçirilməsini iddianın rədd ediməsi üçün kifayət hesab etmişdir. Tərəflərin izahatları: iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan X1 İdarəsinin reyestrindən çıxarışdan görünür ki, “BEKA X2 Dış Ticaret Limited” Şirkətinin əvvəlki adı “X3 Ticarət LTD” Şirkəti olmuşdur. İş materiallarında olan 2011-2012-ci illər ərzində tərtib olunmuş 25 ədəd gömrük bəyannamələrinin surətlərindən görünür ki, “X3 Ticarət LTD” Şirkəti tərəfindən “xxxx” MMC-yə 499233.86 ABŞ Dolları dəyərində mal göndərilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin Nizamnaməsindən görünür ki, “xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmuş “xxxx” MMC-nin adı dəyişilərək “xxxx” MMC adlandırılıb. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş rəsmi məlumata əsasən “xxxx” MMC “X3 Ticarət LTD” Şirkətindən 2011-ci ildə 11.504,10 ABŞ dolları məbləğində mal idxal etmişdir. Dövlət Gömrük Komitəsinin məlumat bazasında “xxxx” MMC-nin “X3 Ticarət LTD” Şirkətindən 2012-ci ildə hər hansı mal idxalı haqqında məlumat yoxdur. İş materiallarında olan iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 təqdim etdiyi ərizədən görünür ki, iddiaçı 2011 2012-ci illərə aid borcu tələb etdiyi üçün o, iddia müddətinin tətbiqini xahiş etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, iddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti (əvvəlki adı “X3 Ticarət LTD” Şirkəti olmuşdur) cavabdeh “xxxx” MMCyə (əvvəlki adı “xxxx” MMC olmuşdur) qarşı iddia qaldıraraq, bildirmişdir ki, 2011-2012ci illərdə cavabdehə 499.233.86 ABŞ dolları dəyərində plastik qapı-pəncərə istehsalı üçün nəzərdə tutulmuş aksesuarlar göndərmiş, iddiaçı cavabdehin xahişi ilə ödəmənin mal alındığı zaman deyil, 6 ildən sonra həyata keçirilməsinə dair razılığa gəlmişdir. Lakin hazırkı günədək ödəniş həyata keçməmiş və cavabdeh tərəfindən alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Aralarında yazılı müqavilə olmasa da, alıcı və satıcı kimi iddiaçı və cavabdeh mülki hüquq münasibətlərinə daxil olmuş, cavabdeh iddiaçının ona göndəriyi malları almış, mədaxil etmişdir. İddiaçı cavabdehlə aralarında hər hansı yazılı və ya şifahi müqavilənin bağlanmasına dair sübut təqdim etməmişdir. Məhkəmədə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək, bildirmişdir ki, onlar ümumiyyətlə, belə bir şirkətdən heç bir mal almamışlar. Daha sonar iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildiriib ki, mal alan mütəmadi olaraq az da olsa məbləğdən ödəniş edib, qalan ödənişlər üçün vaxt istəyib. Sonuncu dəfə heç 1 il olmaz ki, ödəniş edib. Amma, buna dair əllərində heç bir rəsmi sənəd yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə 2011-2012-ci illərdə mallar göndərdiyini və əvəzində hissə-hissə ödənişlər olduğunu, hətta sonuncu ödənişdən 1 ildən də az keçdiyini bildirsə də, məhkəməyə buna dair sübut təqdim etməmişdir. Cavabdeh isə iddianı ümumiyyətlə qəbul etməmiş və ərizə təqdim edərək iddia müddətinin tətbiqini xahiş etmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2019-cu ildə təqdim edilmişdir. Göründüyü kimi, iddia olunan öhdəliyin pozulmasından 8 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə isə iddia müddəti 3 il təşkil edir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)-520/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “BEKA X2 Dış Ticaret Limited” Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(119)- 520/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-44/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-44/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver