Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-44/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)-657/2024 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. X3 ilə alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı arasında bağlanılmış 07 may 2019-cu il tarixli 204/LA nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı “Volkswagen Passat” minik markalı avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 2.1 bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı əmlakı Cavabdeh lizinqə verilməsi məqsədilə əldə edir. 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 19000 (on doqquz) manat, o cümlədən avadanlığın dəyəri 30000 (otuz min) manat, lizinq mükafatı 0 (sıfır) manatdır. 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinqalana 36 ay müddətinə lizinq ödənişi illik 23% olmaqla lizinqə verilir. Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi bu müqavilə imzalandığı gündən yaranır. 4.5-ci bəndinə əsasən lizin alan tərəfindən 11000 (on bir min) manat miqdarında ilki ödəniş (avans) lizinq verən xeyrinə ödənilir. 14.4-cü bəndinə əsasən müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan lizinq verənə hər gecikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1%-i miqdarında dəbbə pulu ödəyir. 19.1-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və lizinq obyektinin satın alma dəyəri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. Lizinq obyektinin lizinq alana keçməsi və lizinq obyektinin satın alma dəyərinin müəyyən edilməsi lizinq alan və lizinq verən arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.
2. Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən “Volkswagen Passat” minik markalı, tip sedan, ban WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014 olan avtomobilin öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür.
3. Lizinq müqaviləsinə 07 may 2019-cu il tarixli 1 nömrəli Əlavəyə əsasən lizinq obyektinə “Volkswagen Passat” minik markalı, tip sedan, ban WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014-cü il, dəyəri 30000 (otuz min) manat olan avtomobil daxildir.
4. 07 may 2019-cu il tarixli lizinq obyektinin təkrar təhvil-təslim aktından görünür ki, lizinq müqaviləsi üzrə ümumi dəyəri 30000 manat olan həmin avtomobil Cavabdeh təhvil verilmişdir.
5. 07 may 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən lizinq alan hər ay 735,48 manat olmaqla 36 ayadək, yəni 07 may 2022-ci il tarixinədək cəmi 26487,84 manat məbləğində ödəniş etməlidir.
6. 31 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən 07 may 2019-cu il tarixli 204/LA saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 13 mart 2023-cü il tarixinə Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14504,18 manat əsas borc, 5805,93 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 615,06 manat olmaqla, cəmi 20925,17 manat məbləğində borcu vardır.
7. Məhkəmə-mühasibatlıq ekspertizasının 30 oktyabr 2024-cü il tarixli 9/5189 nömrəli ekspert rəyinə əsasən Cavabdeh 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi üzrə 07 may 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) və 13 iyun 2024-cü il tarixinə "Amrahbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borc 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat, mükafat borcu 1720,15 (min yeddi yüz iyirmi manat on beş qəpik), 13 iyun 2024-cü il tarixə əldə çıxmış fayda 1480,26 (min dörd yüz səksən manat iyirmi altı qəpik) manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “lizinq obyektinin qaytarılması və borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat məbləğində əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat məbləğində faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat məbləğində borcun və 152,78 (yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “Volkswagen Passat” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh arasında 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “Volkswagen Passat” minik markalı (tip Sedan, Ban: WVWZZZ3CZEP023900, rəngi qara metallik, buraxılış ili 2014-cü il) 99- AG- 144 dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 19000 (on doqquz min) manat, o cümlədən lizinq obyektinin qiyməti 30000 (otuz min) manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 (otuz altı) ay müddətinə lizinq ödənişi illik 23 (iyirmi üç) faiz olmaqla lizinqə verilmişdir. Lizinq müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 19 iyul 2022-ci il tarixli **********982 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alan sonuncu dəfə 02 fevral 2021-ci il tarixində 2500 (iki min beş yüz) manat məbləğində ödəniş etmişdir. Cavabdehin 13 mart 2023-cü il tarixə borcu 14504,18 (on dörd min beş yüz dörd manat on səkkiz qəpik) manat əsas borc, 5805,93 (beş min səkkiz yüz beş manat doxsan üç qəpik) manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 615,06 (altı yüz on beş manat altı qəpik) manat faiz borcu olmaqla, cəmi 20925,17 (iyirmi min doqquz yüz iyirmi beş manat on yeddi qəpik) manat təşkil edir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 657/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 14097,69 (on dörd min doxsan yeddi manat altmış doqquz qəpik) manat məbləğində əsas borcun, 1720,15 (min yeddi yüz iyirmi manat on beş qəpik) manat məbləğində mükafat borcunun, 615,06 (altı yüz on beş manat altı qəpik) manat məbləğində cərimə və 139,3 (yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16572,20 (on altı min beş yüz yetmiş iki manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdеh Cavabdeh tutularaq X2 ödənilməsi qət edilmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin lizinq obyektinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi ilə bağlı təmin edilməməsi hissəsində ləğv edilməsini və avtomobilin iddiaçıya təhvil verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir. Nəticə etibarilə, kommersiya məhkəməsi də yekun məhkəmə qətnaməsində lizinq predmetinin iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoymaqdan imtina etməklə, səhvə yol vermişdir. Halbuki, qanunvericiliyin imperativ tələbinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Ümumiyyətlə lizinq münasibətlərini tənzimləyən maddi hüquq normalarına əsasən, lizinq obyektinin lizinq alanın geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən müvafiq normalarının, həm də tərəflər arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə əsasən lizinq obyektlərinin üzərindəki mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti bütün lizinq ödənişlərinin lizinq alan tərəfindən həyata keçirilməsidir. Həmin şərt lizinq alanlar tərəfindən yerinə yetirilmədiyi təqdirdə avtomaşınların üzərində ilk iddiaçıların mülkiyyət hüququnun tanınmasına dair tələblərinin təmin edilməsi qeyri-mümkündür. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarının mahiyyətindən aydın olur ki, cavabdeh lizinq obyektini bütün lizinq ödənişlərini icra etdikdən sonra iddiaçıdan qanuni əsaslarla alqı-satqı və ya öhdəliyin ötürülməsi üsulu ilə əldə etməli idi. Hazırkı halda tərəflər arasında bağlanmış daxili maliyyə lizinqi müqavilələrinin lizinq obyektinə mülkiyyət hüququnun keçməsi qaydasını müəyyən edən müvafiq bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə üzrə Lizinqin ümumi müddəti bitdikdən sonra müqavilə üzrə, habelə hesablanmış dəbbə pulu və cərimələrin ödənilməsi şərti ilə, Lizinq alan Lizinq obyektini öz mülkiyyətinə əldə edə bilər. Bunun üçün Lizinq alan Lizinq verənə Lizinq obyektinin öz mülkiyyətinə əldə etməyə hazır olması barədə məlumat verməlidir. Bu halda Lizinq obyektinin satınalma dəyəri lizinq ödənişi cədvəlinin son ayı üzrə lizinq ödənişinin məbləği (cari dəyər və faiz) təşkil edir. Son lizinq ödənişi, dəbbə pulu və cərimələr ödənildikdən sonra Lizinq verən, Lizinq alana Lizinq obyektinə mülkiyyət hüququnu verən sənədlərin hazırlanmasını öhdəsinə götürür. Qanunvericiliyin təhlili belə nəticəyə gəlməyə əsas verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi burada lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır. Aparılmış ümumiləşdirmənin mahiyyətindən aydın olur ki, LPO İddiaçı ASC-nin lizinqlə bağlı hazırki işinə də analoji olaraq, məhkəmə tərəfindən eyni hüquqi münasibət göstərilməli və Ali Məhkəmənin tövsiyəsi ciddi şəkildə izlənilməli idi. İş materiallarından aşkar şəkildə məlumdur ki, cavabdeh lizinq alan müqavilə üzrə öz öhədliyini icra etmədiyi halda, dolayısı ilə məhkəmə qətnaməsi ilə lizinq obyekti üzərində cavabdehin etibarnaməsi və heç bir səlahiyyəti olmadan qanunsuz sərəncam hüququ tanınmışdır ki, bu da mülkiyyət hüquqlarının konstitusion əsasları ilə ziddiyyət təşkil edir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddə 750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi lizinq obyektinin iddiaçıya qaytarılmaması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında 07 may 2019-cu il tarixli 204/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən ümumi dəyəri 30000 manat olan “Volkswagen Passat” minik markalı avtomobil cavabdehə lizinqə verilmişdir. Ümumi dəyəri 30000 manat olan lizinq obyektinin dəyərindən 11000 manat məbləğində ilkin ödəniş edilmiş və müqavilə üzrə verilən lizinq məbləği 19000 manat təşkil etmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək vaxtlı-vaxtında lizinq ödənişləri etməmişdir. Bu səbəbdən iddiaçı cavabdehə qarşı qərarın 8-ci bəndində qeyd edilən tələblərlə məhkəməyə müraciət etmişdir.
20. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, lizinq obyekti olan avtomobilin işlək vəziyyətdə iddiaçıya qaytarılması hissəsində iddiaçının iddiası təmin olunmamış və məhkəmənin həmin hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinq müqaviləsi geniş tətbiq olunan maliyyələşdirmə aləti olmaqla bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırmaq, sahibkarlığın inkişafı və s. bu kimi nəticələrə nail olmaq üçün nəzərdə tutulmuşdur. Ancaq hazırkı halda iddiaçı tərəfin lizinq müqaviləsi üzrə lizinq məbləğini tam tələb etməklə yanaşı eyni zamanda da, lizinq obyektinin geri qaytarılması tələbi nə qanunun mahiyyətinə uyğun deyil, nə də, yuxarıda qeyd edilmiş məqsədlərə nail olmağa yönəlməmişdir. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. Eyni zamanda, iddia ərizəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ödəniş qrafikinə nəzər yetirildikdikdə aydın olur ki, iddiaçı lizinq məbləğini tam tələb etmişdir və müqavilənin müddəti 07 may 2022-ci il tarixdə bitmişdir. Lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur və onun bu tələbi irəli sürməsi yolverilən hesab edilmir. Ona görə də, iddia lizinq obyektinin geri tələb edilməsi hissəsində təmin edilə bilməz.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 19.1-ci bəndinə əsasən bu müqavilənin müddəti bitdikdən, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri və lizinq obyektinin satın alma dəyəri tam ödənildikdən sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçə bilər. Həm müqavilə şərtlərindən, həm də MM-nin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinq alan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinq verən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən lizinq alanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Yəni lizinq müqaviləsi üzrə ödənilməli olan lizinq məbləği tam olaraq tutulduğu halda, lizinq obyektinin dəyəri artıq tutulmuş olur, bu halda isə lizinq verən olaraq iddiaçının lizinq obyektinin geri qaytarılmasına dair tələbi onun mənafeyindən kənara çıxan tələb hesab olunur.
22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyin lizinq münasibətlərini tənzimləyən normalarının məzmunundan göründüyü kimi lizinq müqaviləsi əmlak kirayəsi (icarəsi) müqaviləsinin xüsusi növü kimi çıxış edir. Lizinq müqaviləsini kirayə hüquq münasibətindən fərqləndirən əsas cəhətlərdən biri lizinq alanın müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək imkanının olmasıdır. Baxılan iş üzrə iddiaçı bütövlükdə lizinq obyektinin dəyəri üçün ödənilməli olan borcu tələb etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin lizinq obyektinin geri qaytarılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticə tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmuş, MM-nin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbləri pozulmamışdır.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2-2(119)- 657/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.