Məhkəmə qərarları › İş №2-2(105)-47/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-47/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-47/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Aqrar İnnovasiya və Təchı̇ zat Şı̇ rkəti” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Hüseyı̇ nov Həsənağa Allahverdı̇ oğluna qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması, sübutların qiymətləndirilməsi) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X13 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1 və X7, Cavabdeh iştirakları ilə, İddiaçı “Aqrar İ̇nnovasiya və Təchı̇ zat Şı̇ rkəti” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Hüseyı̇ nov Həsənağa Allahverdı̇ oğluna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1112/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 18 sentyabr 2020-ci il tarixli 20/006- AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə sasən 11200 manat borc, 5000 manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 16400 manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 2019-cu ildən fəaliyyətə başlamış, ölkə ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 sentyabr 2020-ci il tarixdə 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 53800 manat olan mineral gübrələr satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğdən cəmi 42600 manat ödəniş aparılmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 11200 manat borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilməsinə və borcun ödənilməsi üçün 3 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş edilməmişdir. Bundan əlavə, cavabdehin bugünə kimi borcunu ödəməməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ziyan vurmuşdur. Belə ki, şirkət banklardan götürdüyü kredit hesabına mineral gübrələri və bitki mühafizə vasitələrini idxal edir və banklara faiz ödəyir. Bu səbəbdən də cavabdehdən əlavə olaraq 5000 manat dəbbə pulu tələb edilir. Hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması məqsədilə mediatora müraciət olunmuşdur. Lakin Cavabdeh mediasiya prosessində iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan “Qiymət razılaşma protokolları”nda, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.

5. Bu müqavilənin 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda göstərilir.

6. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissələri olan “Qiymət razılaşma protokolları”nda müqavilə əsasında həyata keçirilən alqısatqı ilə əlaqədar əlavə şərtlər də nəzərdə tutula bilər.

7. Həmin müqavilənin 7.4-cü bəndinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır

8. 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli Korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 001 nömrəli 18 sentyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 30400 manat müəyyən olunmuşdur.

9. 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli Korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 002 nömrəli 18 noyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 6300 manat müəyyən olunmuşdur. Bu protokolun 3-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəyir.

10. 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli Korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 003 nömrəli 19 oktyabr 2020-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 4000 manat müəyyən olunmuşdur. Bu protokolun 3-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (bir) faizi məbləğində dəbbə pulu ödəyir.

11. 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli Korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə 004 nömrəli 22 sentyabr 2021-ci il tarixli “Qiymət razılaşma protokolu”ndan görünür ki, müqavilə üzrə satılan malların dəyəri 55000 manat müəyyən olunmuşdur.

12. İş materiallarından görünür ki, 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO- NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 16000 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 243897 nömrəli, 4000 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAR seriyalı 470277 nömrəli, 6300 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli EBAT seriyalı 221843 nömrəli, 13125 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 922791 nömrəli və 13125 manat dəyərində malların satılması ilə əlaqədar xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 923049 nömrəli elektron qaimə təqdim olunmuşdur.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 28 dekabr 2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir.

14. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA- K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən iddiaçıya 18 sentyabr 2020-ci il tarixdə 12000 manat, 21 sentyabr 2020-ci il tarixdə 4000 manat, 30 sentyabr 2020-ci il tarixdə 4000 manat, 20 noyabr 2020-ci il tarixdə 6300 manat, 30 sentyabr 2021-ci il tarixdə 10500 manat, 05 aprel 2022-ci il tarixdə 3000 manat və 28 aprel 2022-ci il tarixdə 2800 manat olmaqla, cəmi 42600 manat məbləğində ödəniş olunmuşdur.

15. "xxxx" QSC-nin direktoru və Nəqliyyat şöbəsinin müdiri tərəfindən tərtib edilərək imzalanmış 05 dekabr 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin 1 C proqramında olan məlumatlara əsasən 20 000 kq Ammofos /Apatit/Phosagro malı 90TZ166 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü Orxan Bayramov tərəfindən, 5000 kq Ammofos/Apatit/Phosagro malı 99JM076 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüşü Canpolad Umarov tərəfindən, 14000 kq Ammonium nitrat (minudobreniya) malı 99JB711 nəqliyyat vasitəsinin sürücüsü Roman Babayev tərəfindən, 12500 kq Ammofos/Apatit/Phosagro malı və 12500 kq Ammofos/Apatit/Phosagro malı ** LY *** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü Elşad Məmmədov tərəfindən X2 çatdırılmışdır.

16. 19.09.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh 20000 kq gübrə təhvil verilmişdir.

17. Cavabdeh adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, 5000 kq gübrə təhvil verilmişdir.

18. 25.11.2020-ci il tarixli KS000110 nömrəli təhvil-təslim aktında göstərilir ki, 14000 kq gübrə təhvil verilmişdir.

19. 25.09.2021-ci il tarixli təhvil-təslim aktında göstərilir ki, Cavabdeh 12500 kq gübrə təhvil verilmişdir.

20. 25.09.2021-ci il tarixli KS000064 nömrəli təhvil-təslim aktında göstərilir ki, 12500 kq gübrə təhvil verilmişdir.

21. İddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş 10 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 sentyabr 2020-ci il tarixdə 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11200 manat məbləğində əsas borc, həmin borca görə hesablanmış 5000 manat dəbbə pulu və mediasiya üçün ödənilmiş 200 manat mediasiya xərci nəzərə alınmaqla, cəmi 16400 manat borcu vardır.

22. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14, X4, X11, X8 və X3 ifadələrində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələri olmasa da, tanışları Cavabdeh (şahid X4 cavabdehin qardaşıdır) vasitəçiliyi ilə müxtəlif miqdarda gübrələr aldıqlarını və həmin gübrələri təhvil almaları barədə akt tərtib edərək imzaladıqlarını bildirmişlər.

23. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

24. Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2- 2(119)-1112/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 10450 (on min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 385.1, 425.1, 427.3, 442, 448, 462.1, 465.2 və 467-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3 və 9.1-1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.3, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri:

26. Cavabdeh Hüseyı̇ nov Həsənağa Allahverdı̇ oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1112/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında 18 sentyabr 2020-ci il tarixdə 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən ona ümumi dəyəri 53800 manat olan mineral gübrələr satılmışdır. Qeyd edir ki, artıq uzun illərdir iddiaçı ilə əməkdaşlıq edir, aralarında yaranan qarşılıqlı inam, etimada əsaslanaraq onlardan mineral gübrələr almışdır. Bundan başqa, digər fermerlər də onun vasitəçiliyi ilə iddiaçıdan xeyli miqdarda gübrələr alırdılar. İddiaçı sonuncu dəfə gübrə alarkən aldığı gübrələrin dəyərini ödədikdən sonra artıq gübrəyə ehtiyac olmadığını onlara bildirmişdir. O, gübrənin lazım olmadığını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə bildirdikdən sonra ASC-nin Ruslan və Şahin adlı əməkdaşları telefon vasitəsi ilə rayon ərazisində olan fermerlərlə özləri əlaqə yaradaraq onlara gübrələr satmışdır. Həmçinin aralarında gübrələrin təhvil-təslim aktları da imzalanmışdır. Hazırda mübahisə həmin fermerlərə satılan gübrələrin dəyəri ilə bağlıdır ki, iddiaçı həmin dəyərini ondan tələb edir. Belə ki, fermerlərə gübrələr təhvil verildikdən sonra onun dəyərinin fermer kartlarından çıxılması üçün İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şahin adlı əməkdaşına müraciət etsə də, lakin məbləğ onların kartlarından çıxılmamışdır. Fermerlər aqrar subsidiya üçün onlara Fermer Kartları verilir. 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış “Fermer Kartı”na köçürülür. Fermerlər POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər. Hesab edir ki, şahidlər tərəfindən məhkəməyə təqdim edilmiş aktlar mötəbər sübut kimi qiymətləndirilməli, qanuni və əsaslı nəticə əldə edilməli idi. Onun vəsatəti əsasında məhkəmə iclasında şahid kimi dindirilmiş X14, X4, X11, X8 və X3 ifadələrində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələri olmasa da, tanışları Cavabdeh (şahid X4 onun qardaşı) vasitəçiliyi ilə müxtəlif miqdarda gübrələr aldıqlarını və həmin gübrələri təhvil almaları barədə akt tərtib edərək imzaladıqlarını bildirmişlər. Mübahisəli məsələ ilə bağlı ekspert rəyinə ehtiyac olduğu halda məhkəmə bəzi yaranmış sualların izahını vermək üçün iş üzrə ekspertiza təyin etməmişdir. Hesab edir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmayan məsələlərinə aydınlıq gətirmək üçün Məhkəmə ekspertizası təyin edə bilər. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə zamanı iştirak edən şahidlər iddiaya səbəb olan pul məbləğinin onlara aid olması ilə bağlı izahatlar verməsinə baxmayaraq, məhkəmə işə birtərəfli yanaşmışdır. Əyani olan sübutları nəzərə almamış, həmçinin sözü gedən aktlarda onun imzasının olmamasını sübuta yetirmək üçün şəriat yaratmamışdır. Habelə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməli olduğu halda buna əməl etmədən qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd edir ki, məhkəmə-xəttşünaslıq ekspertizası əlyazma mətnlərin, imzaların, rəqəmli yazıların konkret icraçısının, qrup mənsubiyyətinin və icra olunma şəraitinin müəyyən edilməsi məqsədi ilə aparılır. Göründüyü kimi o, təhvil aldığı gübrələrin dəyərini ödəmişdir. Ondan tələb olunan məbləğ onun tərəfindən deyil, iş üzrə şahidlər tərəfindən təhvil alınan gübərlərin dəyəridir. Onlar öz etirafları, məhkəməyə təqdim etdikləri aktlarla da bunu sübut edirlər. Buna baxmayaraq, məhkəmə buna nəzər yetirməmiş, tez-tələsik qərar vermiş, iddia ərizəsində yazılanlara istinad etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

30. İddiaçının nümayəndələri Nümayəndə1 və X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1112/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 18 sentyabr 2020-ci il tarixli 20/006-AİSCO-NA-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53800 manat dəyərində mineral gübrələrin satılması ilə əlaqədar Cavabdeh 6 ədəd elektron qaimə göndərilmiş, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir (İddiaçının nümayəndəsi izahatında xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimənin qiymət fərqi ilə əlaqədar sonradan təqdim edildiyini bildirmişdir). Cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə, cəmi 42600 manat olmaqla ödənişlər edilsə də, cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.

37. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilmişdir.

38. Məhkəmə gəldiyi nəticə ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək malları cavabdehə versə də, cavabdeh həmin malların dəyərin tam ödəməyərək müqavilə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddia tələbində cavabdehə 53800 manat dəyərində mineral gübrələrin satılması ilə əlaqədar təqdim olunmuş 6 ədəd elektron qaimə üzrə ödənilməmiş borcun tutulması tələb edilsə də, 1250 manat dəyərində malların satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı, 686107 nömrəli elektron qaimə sistem tərəfindən ləğv edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 1250 manat dəyərində malın satılması ilə əlaqədar təqdim olunmuş xx.xx.2022-ci il tarixli EBCB seriyalı 686107 nömrəli elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmədiyindən və sistem tərəfindən ləğv edildiyindən sözügedən qaimə üzrə tələb olunan borca görə cavabdeh öhdəlik daşımır. Göstərilənlərə əsasən iddia tələbi “11200 (on bir min iki yüz) manat məbləğində borcun tutulması” hissəsində qismən təmin edilməli və cavabdehdən 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində borc (53800-1250=52250; 52550- 42600=9950) tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

39. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın tələbinin “cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi də qismən təmin olunmalı, işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutulmalıdır.

40. Məhkəmə eləcə də qiymətləndirmə apararaq göstərmişdir ki, Cavabdeh izahatında qeyd etdiyi halların sübutu kimi X14, X4, X11, X8 və X3 tərəfindən tərtib edilərək imzalanmış aktları məhkəməyə təqdim etsə də, həmin şəxslər aktlarda yazılanlara uyğun ifadə verərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilələri olmadığını, Cavabdeh vasitəçiliyi ilə müxtəlif miqdarda gübrələr aldıqlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, bu hal yuxarıda qeyd olunan elektron qaimələr əsasında alınmış malların ödənilməmiş hissəsi üzrə cavabdehin məlum alqı-satqı müqaviləsi üzrə müvafiq öhdəlik daşımalı olmasını istisna etmir.

41. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

43. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində izahat vermiş cavabdehin etirazının dəlilləri ilə eyni olmaqla, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegyiası həmin əsaslandırma ilə razılaşır və bu baxımdan təkrarən qiymətləndirə aparılmasına zərurət görümür.

44. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində həmçinin iş üzrə ekspertiza keçirilməsini mübahisələndirmişdir.

45. Kollegiya qeyd edir ki, ekspertizanın keçirilib-keçirilməməsi məhkəmənin səlahiyyətində olan məsələdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur və onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır.

46. Kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərini əsaslandıra biləcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, iş üzrə ekspertizanın təyin edilməsinə də əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

48. Kollegiya vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması və bu konteksdən hüquqi dəyərləndirmə aparılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. Eləcə də qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin irəli sürdüyü dəlillərin özü tərəfindən sübut edilməsini ehtiva edir.

50. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Hüseyı̇ nov Həsənağa Allahverdı̇ oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1112/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar