Məhkəmə qərarları › İş №2-2(105)-48/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-48/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-48/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-512/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-512/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 (VÖEN **********) ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 15200 (on beş min iki yüz) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh X4 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh X3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı MMCnin xeyrinə ödənilən anda manatla məzənnə üzrə 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində borcun, öhdəliyini icra etməməsi nəticəsində iddiaçının əldə edəcəyi və məhrum olduğu 5000 manat gəlir pulunun, uzunmüddətli fəaliyyət üçün müştərilərini itirməsi nəticəsində daha 5000 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əvvəlki direktoru X6 ilə cavabdeh - sahibkarlıq fəaliyyəti həyata keçirən və qanunla müəyyən olunmuş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs X4 ilə ticarət əlaqələri qurulmuş və bu səbəbdən onların arasında yaxşı münasibətlər olmuşdur. 2019-cu ilin mart ayının əvvəllərində cavabdeh X4 İddiaçı MMC-nin direktoru X5 yeni kəsilmiş iri buynuzlu malqaranın içalat hissəsinə aid olan “qat-qat” adlı məhsulun tədarükü və satışı ilə məşğul olduğunu bildirib, müştəri tapmaqda kömək etməsini xahiş etmişdir. X6 öz tanışlarının 10000 kiloqram çəkidə “qat-qat” almaq istədiklərini bildiyi üçün cavabdeh Yaşar Quliyevə həmin çəkidə mal alacağını bildirmiş və buna görə də, alıcı İddiaçı MMC ilə satıcı X4 arasında 06 mart 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə fərdi sahibkarlıqla məşğul olan satıcı X4 1 kiloqramının dəyəri 4 ABŞ dolları olmaqla, cəmi 10000 kiloqram çəkidə malı alıcı İddiaçı MMC-nin mülkiyyətinə verməyi, alıcı İddiaçı MMC isə həmin məhsulu qəbul edib, əvəzini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin icrası ilə əlaqədar 2019-cu ilin mart ayının 09-dan 27-nə kimi olan müddət ərzində İddiaçı MMC tərəfindən bir neçə dəfəyə cavabdeh Yaşar Quliyevə cəmi 19400 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Bunun müqabilində isə cavabdeh Yaşar Quliyev 4850 kiloqram çəkidə “qat-qat” tədarük edərək, alıcı İddiaçı MMC-nin əməkdaşlarının iştirakı ilə Binəqədi qəsəbəsində yerləşən icarəyə götürdüyü anbara yığıb, bir həftə ərzində də qalan 5150 kiloqram malı tədarük etdikdən sonra dəyərinin tam ödənilərək daşınması üçün İddiaçı MMC-yə məlumat verəcəyini bildirmişdir. Lakin, həmin müddət ərzində cavabdehdən heç bir məlumat alınmadığından, X6 özü Binəqədi qəsəbəsinə getmiş və bu zaman o, qalan malın tədarük edilməməsi ilə yanaşı, cavabdeh Yaşar Quliyevin anbara yığılmış malı da özbaşına götürüb başqa şəxslərə satdığını və gizləndiyini öyrənmişdir. Bundan sonra, İddiaçı MMC-nin direktoru X6 cavabdeh Yaşar Quliyevə dəfələrlə mobil telefon vasitəsi ilə zəng edərək, öhdəliyini icra etməsini və ya pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirib öhdəliyi icra etməkdən və aldığı pulu ödəməkdən imtina etmişdir. X8 öhdəliyini icra etməməsi nəticəsində iddiaçıya əldə edəcəyi 5000 manat gəlirindən məhrum olmaqla və işgüzar nüfuzunun zədələnməsi ilə əlaqədar uzunmüddətli fəaliyyət üçün İddiaçı MMC ilə müqavilə bağlamaq istəyən müştərilərini itirməsi nəticəsində daha 5000 manat məbləğində ziyan vurulmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh X4 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını dəqiq araşdırmamış, sübutları təqdim edərkən ancaq iddiaçının düzgün olmayan sübutları ilə kifayətlənmiş, nəticədə əsassız qətnamə qət etmişdir. Məhkəmə iddiaçının müqavilə şərtlərini pozmasını, alacağı malın dəyərini ödəməməsi faktını nəzərə almamış, tərəflər arasındakı mübahisənin yaranma səbəblərinə aydınlıq gətirməmişdir. O, 2019-cu ilin əvvəllərində mal tədarük edən Sənan Manafov vasitəsi ilə özünü İddiaçı MMC-nin direktoru kimi təqdim edən X7 ilə tanış olmuşdur. Sənanla onun yanına gələrək ondan 10.000 kq çəkidə iribuynuzlu mal-qaranın içalat hissəsinə aid olan “qat-qat” almaq üçün nəğd pulunu ödəmək şərtilə müqavilə bağlamağı təklif etmişdir. 06 mart 2019-cu ildə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı ona tədarük etdiyi malın, “qat-qat”ın pulunu tam ödəməli və malı götürməli idi. Lakin o, müqavilə şərtlərinipozmuş, ümumilikdə ona 19400 ABŞ dolları deyil, 11000 ABŞ dolları məbləğində pulu hissə-hissə ödəmişdir. Beləliklə, tədarük etdiyi 3.400 kq malı və cavabdehin aldığı 2,300 kq malı, cəmi 5,700 kq malı Binəqədi rayonu ərazisində icarəyə götürdüyü anbara yığaraq 3 ay anbarda saxlamalı olmuşdur. Dəfələrlə müraciət edərək malı aparmasını və qalan pulu ödəməsini təklif etsə də cavabdeh bunu etməmiş, bununla da 06 mart 2019-cu il tarixli müqavilənin şərtlərini kobudcasına pozmuşdur. Tədarük edilən mal 3 ay anbarda qaldıqdan sonra cavabdeh ona təklif etmişdir ki, pulu olmadığından malı başqasına satsın. Anar adlı işçisinin və Sənanın iştirakı ilə anbardakı malı Gürcüstanda müştəri taparaq satıb pulunu Anara vermişdir. Sonradan iddiaçı ilə 16.000 manata razılaşmaqla Hyundai-Sonata markalı, ** LX *** dövlət qeydiyyat nişanlı oğluna məxsus avtomobili alaraq borc əvəzinə ona vermişdir. Avtomobilin pulundan başqa ona 8800 ABŞ dolları ödəmişdir. Bundan başqa malı anbarda 3 ay saxladığı üçün 500 manat icarə pulu ödəmiş, 500 manat işçilərə əmək haqqı, 450 manat onun əvəzində gömrük pulunu ödəmiş, malın Gürcüstana aparılması üçün 850 manat yol pulu, cəmi 2350 manat ödəməli olmuşdur. Cavabdehin ona hesablaşmada 7211 ABŞ dolları borcu qalmışdır. (8800 ABŞ dolları+9411 ABŞ dolları=18211 ABŞ dolları-11000 ABŞ dolları=7211 ABŞ dolları) Məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, iddiaçı tərəf ona 12000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. O, isə iddiaçı tərəfə 16000 manat məbləğində avtomobil və 8800 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. İddiaçının ona hal-hazırda 7211 ABŞ dolları məbləğində borcu var. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı əməkdaşları X10, Seyediman Khatavakhotan və Alı Asgari ifadələrində 2019-cu ilin mart ayının əvvəllərində “iri buynuzlu mal-qaranın içalat hissəsinə aid olan “qat-qat” adlı məhsulun tədarükü və satışı” üçün satıcı X4 ilə alıcı İddiaçı arasında müqavilə bağlandığını, həmin Müqaviləyə görə alıcı İddiaçı tərəfindən satıcı X3 pul ödənilsə də, sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan məhsulun alıcı İddiaçınə verilmədiyini və buna görə də, müqavilə üzrə ödənilmiş pulun qaytarılması ilə əlaqədar tərəflər arasında mübahisə yarandığını təsdiq etmişlər. İş materialları ilə müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan X4 (VÖEN: **********) - “Satıcı”, qanuni əsaslarla Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) - “Alıcı” olmaqla 2 (iki) ay müddətinə bağlanmış 06 mart 2019-cu il tarixli M006 nömrəli alğısatqı müqaviləsinə əsasən “Satıcı” 1 (bir) kiloqramı 4 (dörd) ABŞ dolları olmaqla, cəmi 40000 (qırx min) ABŞ dolları məbləğində 10000 kiloqram çəkidə yeni kəsilmiş iribuynuzlu mal-qaranın içalat hissəsinə aid “qat-qat” məhsulunu tədarük edib, “Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) “Satıcı”ya ödəməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilənin icrası ilə əlaqədar 2019-cu ilin mart ayının 09-dan 27-nə kimi hissə-hissə olmaqla alıcı İddiaçı MMC tərəfindən “Satıcı” X3 əvvəlcədən cəmi 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş olsa da, sonuncu müqavilədə nəzərdə tutulan öhdəliklərini icra etməyərək, müqavilə üzrə nəzərdə tutulan məhsulu “Alıcı”ya verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 06 mart 2019-cu il tarixli M006 nömrəli alğı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq “yeni kəsilmiş iribuynuzlu mal-qaranın içalat hissəsinə aid “qat-qat” məhsulunun” alınması üçün cəmi 19400 (on doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti alıcı “X11” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satıcı X3 ödənilməsinə və həmin müqavilədə nəzərdə tutulan 2 (iki) aylıq müddətin bitməsinə baxmayaraq, “Satıcı” tərəfindən almış olduğu pul vəsaitinin müqabilində məlum müqavilədə nəzərdə tutulan “qat-qat” məhsulu “Alıcı”ya satılmamışdır (verilməmişdir). Lakin, 10 dekabr 2020-ci ildə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra cavabdehdən tələb olunan 19400 ABŞ dolları məbləğində əsas borcun 4200 ABŞ dolları cavabdeh tərəfindən bank vasitəsi ilə iddiaçıya ödənildiyinə görə halhazırda cavabdeh X2 İddiaçınə cəmi 15200 ABŞ dolları məbləğində ödənilməmiş əsas borcu qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində cavabdehə 19400 ABŞ dolları verildiyini göstərmişdir. Cavabdeh isə məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən ona 12000 ABŞ dolları məbləğində pul vəsaiti verildiyini etiraf etmişdir. İddiaçı cavabdehə vermiş olduğu pul məbləğinə görə sübut kimi kassa məxaric orderlərinə istinad etmişdir ki, həmin kassa məxaric orderlərinə əsasən cavabdehə 19400 ABŞ dolları deyil, 11200 ABŞ dolları məbləğində pul vəsaiti verildiyi müəyyən olunur. Belə ki, 15 və 27 mart 2019-cu il tarixli kassa məxaric orderlərinə əsasən cavabdehə iddiaçının göstərdiyinə görə müvafiq olaraq 5200 və 3000 ABŞ dolları məbləğində pul vəsaiti verildiyi qeyd olunsa da, həmin kassa məxaric orderlərində cavabdehin göstərilən məbləğləri qəbul etməsinə dair qeyd yoxdur və cavabdeh 15 və 27 mart 2019-cu il tarixli kassa məxaric orderlərində (səh. 50- 51) “aldım” qrafasının qarşısında imza edərək pul vəsaitini aldığını təsdiq etməmişdir. Belə olan halda, iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə 19400 ABŞ dolları deyil, 11200 ABŞ dolları məbləğində pul vəsaiti verildiyi müəyyən olunur. Lakin, cavabdeh 12000 ABŞ dolları məbləğində pul vəsaiti aldığını etiraf etdiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ əsas götürülməli və cavabdeh tərəfindən qaytarılan 4200 ABŞ dolları çıxılmaqla cəmi 7800 ABŞ dolları (12000-4200=7800) məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddiaçıya borcunun olmamasını, əksinə iddiaçı tərəfin ona 7211 ABŞ dolları borcu olduğunu göstərsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdiriə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-512/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, cavabdeh X1 (VÖEN **********) 7800 (yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə alınıb İddiaçınə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-512/2020 saylı, 10 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh X1 (VÖEN **********) 7800 (yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə alınıb İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar