Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-51/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı “İddiaçı” şirkətinin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı “İddiaçı” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1658/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “İddiaçı” şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9530 avro məbləğində əsas borcun, 2000 avro məbləğində dəbbə pulunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” şirkəti ilə Cavabdeh arasında 03 sentyabr 2018-ci il tarixli, DGS1809/002 nömrəli daşıma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən ona həvalə edilmiş yükləri tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və cavabdeh tərəfindən təyin edilmiş şəxsə verməyi, cavabdeh isə iddiaçının haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən yük cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən ödəniş tam həcmdə yerinə yetirilməmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-ə əsasən cavabdeh ödənişin 100%-ni yük təhvil alındıqdan sonra 3 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında 26 sentyabr 2018-ci il tarixdə öhdəliklərə dair təhvil-təslim aktı bağlanmış və cavabdeh iddiaçının öhdəliklərini tam icra etdiyini, 11950 (on bir min doqquz yüz əlli) avro borcunun olduğunu qəbul etmişdir. Həmin təhvil-təslim aktında iddiaçı tərəfindən 350 (üç yüz əlli) avro endirim də nəzərdə tutulmuşdur. Lakin iddiaçının dəfələrlə müraciətinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklərin icrası vaxtında həyata keçirilməmiş, yalnız 2070 (iki min yetmiş) avro 13 aprel 2020-ci il tarixdə ödənilmişdir. Həmin tarixdən etibarən isə cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və hazırda 9530 (doqquz min beş yüz otuz) avro borcu qalmışdır. İddiaçı tərəfindən cavabdeh mediasiya prosesində iştiraka dəvət olunsa da, mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh öhdəliklərini 4 ildən artıq müddətdir ki, icra etmir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən iddiaçı illik 5% gecikdirilmiş müddət üçün əlavə pul tələb edə bilər. Cavabdehin borcuna uyğun hesabladıqda 2000 (iki min) avro gecikdirilən müddət üçün pul tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ödənilməli əsas borc 9530 avro təşkil edir. Tələb olunan dəbbə pulu isə 2000 avrodur. Beləliklə, dəbbə pulu ilə birgə iddiaçıya ödənilməli ümumi məbləğ 11530 (on bir min beş yüz otuz) avro təşkil edir. Cavabdeh iddiaya etirazının onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər arasında məhkəmə mübahisəsi üçün əhəmiyyət kəsb edəcək sənədlər, o cümlədən, mübahisənin əsası kimi çıxış edən rəsmiləşdirilmiş müqavilə və iddia tələbini sübut edən hər hansı digər mötəbər sənəd aşkar edilməmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi və iş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli daşıma müqaviləsi iddiaçı tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmamış və möhürlənməmişdir. İddia ərizəsində 13 aprel 2020-ci il tarixində ödənişin bir qisminin, yəni 2070 avro məbləğində ödənişin həyata keçirildiyi qeyd olunsa da, həmin ödənişin edilməsinə dair əsaslı sənəd təqdim olunmamışdır. Mötəbər sübut qismində qəbul edilməsi üçün lazımi qaydada rəsmiləşdirilmiş müqaviləyə istinad olunmuş və müvafiq qaydada təsdiqlənmiş bank hesabından çıxarış məhkəməyə təqdim olunmalıdır. İddia ərizəsində tərəflər arasında 26 sentyabr 2018-ci il tarixdə öhdəliklərə dair təhvil-təslim aktı bağlanıldığı, cavabdehin iddiaçının öhdəliklərini tam icra etdiyini və 11950 avro borcunun olduğunu qəbul etdiyi qeyd olunmuşdur. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu konkret kimin və hansı vəzifəli şəxsin imzaladığı (o cümlədən, aktın preambula hissəsində) əks olunmamışdır. Məhkəməyə cavabdehə aidiyyəti aydın olmayan, qeyri-müəyyən bir sənəd təqdim edilmişdir ki, bunun da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq cavabdehdən 2000 manat dəbbə pulunun alınıb verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, qeyd edilən maddədə dəbbə pulunun hesablanması və ya tələb olunmasından ümumiyyətlə söhbət getmir. Məlum olduğu kimi, borc öhdəliyi malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi nəticəsində yarana bilər ki, bu da yalnız müqavilə əsasında mümkündür. Tərəflər arasında isə müqavilə mövcud deyildir. Mövcud olmayan müqavilə şərtlərinin pozulmasına görə isə hər hansı borc və ya faiz tələb edilə bilməz. Qanunvericiliyin tələblərinə görə vergi ödəyiciləri arasında müqavilə əsasında malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin haqqının ödənilməsi üçün hesab-faktura və elektron qaimə olmalıdır. İddiaçı tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi üçün ilk öncə ona elektron qaimə və hesab faktura göndərməlidir. Lakin iş materiallarına tələb olunan məbləğin ödənilməsi üçün hər hansı bir elektron qaimə və hesab faktura əlavə edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsaslı olmasını təsdiq edən tərəflər arasında bağlanmış (imzalanmış və möhürlənmiş) müqavilə və yaxud digər hüquqi əsas verən sübut olmadan, iddiaçı tələbini sadəcə özü tərəfindən imzalanmış və möhürlənmiş müqavilə və konkret olaraq kimliyi və vəzifəsi bəlli olmayan şəxs tərəfindən imzalanmış aktla əsaslandırmağa çalışmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2-2(119)- 1658/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən (VÖEN **********) 9530 (doqquz min beş yüz otuz) avro məbləğində borcun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı “İddiaçı” şirkətinə ödənilməsi, Cavabdehndən dövlət nəfinə 141,74 (yüz qırx bir manat 74 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddia ərizəsində tərəflər arasında 26 sentyabr 2018-ci il tarixində öhdəliklərə dair təhvil-təslim aktının imzalandığı, iddiaçının öhdəliklərini tam icra etdiyi və cavabdehin 11950 avro borcunun mövcudluğunu qəbul etdiyi qeyd olunmuşdur. İddiaçının istinad etdiyi iş materiallarında olan həmin akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu konkret olaraq kimin və hansı vəzifəli şəxsin imzaladığı (o cümlədən, aktın preambula hissəsində) əks olunmamışdır. Məhkəməyə cavabdehə aidiyyəti aydın olmayan, qeyri-müəyyən bir sənəd təqdim edilmişdir ki, bunun da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Qanunvericiliyin tələblərinə görə, vergi ödəyiciləri arasında müqavilə əsasında malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsinin haqqının ödənilməsi üçün hesab-faktura və elektron qaimə olmalıdır. İddiaçı tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi üçün ilk öncə ona elektron qaimə və hesab faktura göndərməlidir. Lakin iş materiallarına tələb olunan məbləğin ödənilməsi üçün hər hansı bir elektron qaimə və hesab faktura əlavə edilməmişdir. Nəticədə məhkəmə qətnamə qəbul edərkən prosessual hüquq normasını pozmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan daşıyıcı “İddiaçı” şirkəti (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə əsasən daşıyıcı sifarişçi tərəfindən ona həvalə edilmiş yükləri tərəflər arasında razılaşdırılmış təyinat məntəqəsinə çatdırmağı və sifarişçi tərəfindən təyin edilmiş şəxsə verməyi, sifarişçi isə daşıyıcının haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.5-ci maddəsinə əsasən sifarişçi Cavabdeh yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi, çatdırma müddəti, yükləmə tarixi və nəqliyyat növü, qiymətli yüklər olduqda onların dəyəri və xüsusi təhlükəli yüklərin olması barədə məlumat verir. Bu məlumatlar 1 nömrəli Əlavədə müəyyən edilir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən daşımaların qiyməti tərəflərin qarşılıqlı razılığı ilə bu müqavilənin ayrılmaz hissəsi sayılan Əlavələrə əsasən müəyyən edilir. Daşımanın qiyməti və ödəniş qaydası daşımanın təsviri göstərilən müqaviləyə müvafiq Əlavədə öz əksini tapacaqdır. İş materiallarında olan 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, avadanlıqların 2 ədəd yük maşını ilə 04 sentyabr 2018-ci il tarixdən başlayaraq İtaliya Respublikasından Azərbaycan Respublikasının Quba rayonuna daşınması razılaşdırılmışdır. Daşıma qiyməti hər bir nəqliyyat vasitəsi üçün 6150 avro qeyd olunmuşdur. İş materiallarında olan 24 sentyabr 2018-ci il tarixli 2018-04 nömrəli invoysdan görünür ki, 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsi əsasında 6150 avro dəyərində daşıma həyata keçirilmişdir. İş materiallarında olan 26 sentyabr 2018-ci il tarixli tərəflərin möhürləri və imzaları ilə təsdiq edilmiş Təhvil-təslim aktında göstərilir ki, İtaliya Respublikasından Quba rayonuna 27C3252/3258 nömrəli və 33EMC6S/69 nömrəli yük maşınları ilə iki dəfə avadanlıqlar daşınmışdır. Ödənilməli məbləğ 11950 avro təşkil edir. Daşımanı həyata keçirən 33EMC68/69 dövlət nömrə nişanlı avtomobilin daşıma xidmətinin məbləğinə 350 avro endirim edilmişdir. İş materiallarında olan 13 aprel 2020-ci il tarixli 013OCF********** nömrəli xarici valyutada köçürmə orderindən görünür ki, sifarişçi “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daşıyıcı “İddiaçı” şirkətinin hesabına 03 sentyabr 2018-ci il tarixli DGS1809/002 nömrəli daşıma müqaviləsinə uyğun olaraq tərtib edilmiş 24 sentyabr 2018ci il tarixli 2018-04 nömrəli invoys əsasında 2070 Avro məbləğində ödəniş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və iddianın təmin edilən hissəsi ilə bağlı hesab etmişdir ki, daşıyıcı “İddiaçı” şirkəti ilə sifarişçi “Ecodry" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 sentyabr 2018-ci il tarixli daşıma müqaviləsi bağlanmış və daşıyıcı tərəfindən sifarişçi üçün 2 dəfə İtaliya Respublikasından Quba rayonuna avadanlıqlar daşınmışdır. Həmin daşıma müqaviləsi üzrə cavabdeh tərəfindən 13 aprel 2020-ci il tarixdə iddiaçının hesabına 2070 avro məbləğində ödəniş həyata keçirilmiş olsa da, qalan 9530 avro ödənilməmişdir. Məhkəmə iddianın cavabdehdən “cavabdehdən 2000 avro məbləğində dəbbə pulunun tutulması tələbi ilə bağlı isə hesab etmişdir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan müqavilədə göstərilməlidir. Lakin, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığına görə cavabdehdən dəbbə pulunun tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iş materiallarında olan həmin akt cavabdehin adından imzalanıb möhürlənsə də, onu konkret olaraq kimin və hansı vəzifəli şəxsin imzaladığı (o cümlədən, aktın preambula hissəsində) əks olunmamışdır, məhkəmə tərəfindən cavabdehə aidiyyəti aydın olmayan, təqdim edilmiş qeyri-müəyyən sənədin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. İddiaçı tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi üçün ilk öncə ona elektron qaimə və hesab faktura göndərməlidir. Lakin iş materiallarına tələb olunan məbləğin ödənilməsi üçün hər hansı bir elektron qaimə və hesab faktura əlavə edilməmişdir. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər özü-özlüyündə ziddiyyətlidir. Belə ki, bir tərəfdən cavabdeh məhkəməyə təqdim edilmiş sənədlərin qeyri-mötəbər olduğuna, kim tərəfindən imzalandığının məlum olmadığına istinad etsə də, digər tərəfdən məbləğin cavabdeh tərəfindən ödənilməsi üçün ilk öncə ona elektron qaimə və hesab faktura göndərilməli olduğunu qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin təqdim edilmiş sənədlərin qeyri-mötəbər sübut olması barədə dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında iş materiallarına əlavə edilmiş müqavilə və təhvil təslim aktı tərəflərin möhürləri və imzaları ilə təsdiq edilmişdir. Həmin sənədlərin qeyri-mötəbər olması ilə bağlı cavabdehin dəlilləri heç bir sübuta əsaslanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh həmin halları təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1658/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-51/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-51/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver