Məhkəmə qərarları › İş №2-2(105)-52/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-52/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-52/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(119)-229/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq verən ("xxxx" ASC) ümumi məbləği 5720 manat olan və həmin müqavilənin spesifikasiyasında göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın (Cavabdeh) mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

2. Həmin müqavilənin spesifikasiyasından, ”Aqrolizinq” ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 21 noyabr 2016-cı il tarixli 376 nömrəli aktdan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 23 fevral 2017-ci il tarixli 795/ü nömrəli əmrindən görünür ki, 1 ədəd “MK-ST-2016-1.5” markalı toxumtəmizləyən cavabdehə lizinqə verilmişdir.

3. Müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən görünür ki, cavabdehin müqavilə üzrə son ödəniş tarixi 02 fevral 2023-cü ildir.

4. 11 dekabr 2024-cü il tarixli maliyyə arayışından və 03 fevral 2017-ci il tarixli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, cavabdehin həmin müqavilə üzrə 5720 manat məbləğində borcu vardır və 10174,67 manat məbləğində cərimə hesablanmışdır, ödəməli olduğu məbləğin cəmi 15894,67 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində əsas borc, 10174,67 (on min yüz yetmiş dörd manat, altmış yeddi qəpik) manat məbləğində cərimə, habelə hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli müqaviləyə əsasən, cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 11 dekabr 2024-cü il tarixinə 03 fevral 2017-ci il tarixli 301-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 5720 manat məbləğində borcu yaranmış və 10174,67 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Cavabdehin nümayəndəsi 09 yanvar 2025-ci il tarixdə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdehla bağlanmış müqavilə onun bacısının yoldaşı olan X2 tərəfindən X4 tapşırığı ilə bağlanmış və Şücayət Əkbərov barəsində cinayət işi qaldırıldıqdan sonra “MK-ST-2016- 1.5” markalı toxumtəmizləyən polis əməkdaşlarının iştirakı ilə X5 təhvil verilmişdir. Bu fakt Şücayət Əkbərovun barəsində çıxarılmış məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. Bundan başqa cavabdehin nümayəndəsi 23 yanvar 2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş texnika Cavabdeh mülkiyyətində olmamış və o, həmin texnikadan istifadə etməmişdir. Həmin texnikalar ünvan 1 ünvanda qeydiyyatda olan X9 tərəfindən götürülmüş və bu günə qədər də istifadə olunmaqdadır. Bu fakt Şamaxı rayon Nağaraxana kəndində qeydiyyatda olan X8 tərəfindən də təsdiq olunur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən, Akşin Hüseynovun şahid kimi dindirilməsini, Arif Alışanovun isə əsl cavabdeh kimi əvəz olunmasını məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Aqşin Hüseynov ifadəsində bildirmişdir ki, Şücaət Əkbərovun işçisi kimi ona aid təsərrüfatda çalışmışdır. Lizinq təşkilatına onun özü getmiş, sənəd işlərini həll etmiş, köçürməni də həyata keçirmişdir. Sonra texnikaları Şücaət Əkbərovun göstərişi ilə Ucar rayonundan Şamaxı rayonunun Mədrəsə kəndinə gətirmişdir. Cavabdeh texnikalardan istifadə etməmişdir. Cavabdeh Şücaət Əkbərovla qohumluq münasibətlərinə görə müqaviləni imzalamışdır. Hazırda texnikanın harada və kimdə olması ilə bağlı məlumatı yoxdur.

9. Sumqayıt Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(119)- 229/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 03 fevral 2017ci il tarixli 301-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə 5720 (beş min yeddi yüz iyirmi) manat məbləğində əsas borcun, 286 (iki yüz səksən altı) manat məbləğində cərimənin, habelə hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 6506 (altı min beş yüz altı) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 80,06 (səksən manat, altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(119)-229/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, bu işlə əlaqədar iddiaçı ilə cavabdeh arasında 2016-cı il tarixli müqavilə mövcud olmuşdur, lakin iddiaçı tərəfindən həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Müqavilənin predmeti olan texnika cavabdehin istifadəsində olmamış, Arif Alışanova qəsdlə əlaqədar 2018-ci ildə cinayət işi qaldırılan zaman hazırkı lizinq predmeti olan texnika da daxil olmaqla müəyyən əmlaklar müsadirə edilmişdir. Onların tərəfindən işə əlavə etdikləri məhkəmənin hökmündə göstərilməsə də, hazırkı lizinq müqaviləsinin predmeti olan texnika da cavabdehdən hüquq-mühafizə orqanları tərəfindən cinayət işi ilə əlaqdar götürülmüşdür. Cavabdehin lizinqin götürülməsində iştirakı olsa da, həmin texnikalardan xəbəri olmamışdır. Lizinqlə götürülmüş texnika birbaşa X7 Mədrəsə kəndində olan evinə qoyulmuş və orada onun tərəfindən istifadə olunmuşdur. Müqaviləni cavabdeh imzalasa da, texnikaya faktiki olaraq həbs edilənə qədər onun bacısının əri, hazırda Arif Alışanova qarşı sui-qəsddə məhkum olunmuş Şücaət Əkbərovun tapşırığı ilə bu imzanı atmışdır və heç bir maddi marağı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aqşin Hüseynov ifadəsində bildirmişdir ki, Şücaət Əkbərovun işçisi kimi ona aid təsərrüfatda çalışmışdır. Lizinq təşkilatına onun özü getmiş, sənəd işlərini həll etmiş, köçürməni də həyata keçirmişdir. Sonra texnikaları Şücaət Əkbərovun göstərişi ilə Ucar rayonundan Şamaxı rayonunun Mədrəsə kəndinə gətirmişdir. Cavabdeh texnikalardan istifadə etməmişdir. Cavabdeh Şücaət Əkbərovla qohumluq münasibətlərinə görə müqaviləni imzalamışdır. Hazırda texnikanın harada və kimdə olması ilə bağlı məlumatı yoxdur. İş üzrə mübahisə olunan və lizinqə götürülmüş texnika hal-hazırda X7 Mədrəsə kəndində olan evinin həyətində saxlanılır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir , kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. ...” Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.4. Lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, tərəflər arasında müvafiq lizinq müqaviləsinin bağlanması və lizinq predmetinin cavabdehə təhvil verilməsi, cavabdeh tərəfindən aylı ödənişlərin ödənilməməsi iddiaçının təqdim etdiyi, yuxarıda istinad olunan sübutlarla öz təqsdiqini tapan işin mübahisəsiz hallarıdır.

17. Təqdim edilmiş sübutlar və tərəflərin izahatları əsasında işin faktiki hallarını müəyyən etmiş birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçı lizinq verən müqavilə öhdəliklərinə uyğun olaraq müqavilənin predmeti olan kənd təsərrüfatı texnikasını müvafiq sənədləşmə aparılmaqla dıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərtilə lizinqə vermiş, lizinq alan qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək müvafiq lizinq ödənişlərini əvvəlcədən razılaşdırılmış dövrlər üzrə vaxtında ödəməli olsa da, bunu yerinə yetirməmiş, nəticədə onun 5720 manat məbləğində borcu yaranmışdır. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, lizinq müqaviləsini imzalasa da, texnikadan istifadə etməmişdir. Lizinq predmeti olan texnika onda olmadığına görə, texnikanın götürülməsilə bağlı hansısa orqana müraciət etməmişdir. Yəni müqavilə onun adına bağlansa da, texnikadan faktiki olaraq qaynı Şücaət Əkbərov istifadə etmişdir. Texnikanın hazırda harada olduğu barədə məlumatı yoxdur.

18. Məhkəmə kollegiyası cavabdeh tərəfin birinci instansiya məhkəməsində irəli sürdüyü etirazlarla eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddianın əsasını təşkil edən 03 fevral 2017-ci il tarixli müqaviləni imzaladığını cavabdeh özü etiraf etmişdir. Müqavilənin şərtlərinə əsasən lizinq alanın öhdəliklərindən (vəzifələrindən) biri də müqavilənin predmeti olan texnikanı dəyəri tam ödənilənədək üçüncü şəxslərə istifadəyə verməməsidir (lizinq müqaviləsinin 2.2.10-cu yarımbəndi). Cavabdeh müqaviləni imzalamaqla, eyni zamanda üzərinə lizinq predmeti olan texnikanı başqa şəxsə istifadəyə verilməməsi öhdəliyini də götürmüş və belə olduğu halda, texnikanın üçüncü şəxsin istifadəsində olması belə, onun sözügedən müqavilə üzrə iddiaçı (lizinq verən) qarşısında məsuliyyətdən azad edilməsinə səbəb ola bilməz.

19. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə ünvanlanmış 09 yanvar 2025- ci il tarixli müraciətində lizinq predmeti olan “MK-ST-2016-1.5” markalı toxumtəmizləyənin polis əməkdaşlarının iştirakı ilə X5 təhvil verilməsinin Şücayət Əkbərov barəsində olan cinayət işi üzrə məhkəmə aktları ilə təsdiq edildiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş müvafiq məhkəmə qərarlarında belə bir hal öz əksini tapmamışdır.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, e-2-2(119)- 229/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar