Məhkəmə qərarları › İş №2-2(105)-53/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-53/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-53/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi X1 və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(119)-398/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı 3.121.354,83 (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) manat əsas borc, 3.818.504,68 (üç milyon səkkiz yüz on səkkiz min beş yüz dörd manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat borcun və 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müqavilə üzrə 20.000 (iyirmi min) manatın alınıb İddiaçı MMC-yə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehin bank hesablaşma hesablarında iddia həcmində mövcud olan, yəni 3.121.354,83 (üç milyon yüz iyirmi bir min üç yüz əlli dörd manat, səksən üç qəpik) manat əsas, müqavilənin 6.3-cü bəndinə əsasən 3.818.504,68 (üç milyon səkkiz yüz on səkkiz min beş yüz dörd manat, altmış səkkiz qəpik) manat cərimə, cəmi 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat həcmində həbs qoyulması, cavabdehin mövcud hesablarından əlavə yeni hesabların açılmasının qadağan edilməsi və bunun icrasının müvafiq dövlət qrumlarına (Bank idarəsində hesab açmaq məqsədi ilə şəhadətnamə-dublikat verən orqan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həvalə ediməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci ildə plastik qablar, yarımfabrikat plastik məhsullar və sair malların alğısatqısına dair tarixli, AzFP-210119 nömrəli müqavilə bağlanmış, İddiaçı MMC müqavilədə nəzərdə tutulan öhdəliklərini qüsursuz yerinə yetirmiş, cavabdeh müqavilə şərtlərinə qismən əməl etmiş, onun iddiaçıya cəmi 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat borcu yaranmışdır. Yaranmış borca görə cavabdehə şifahi və yazılı müraciətlər edilsə də, müraciətlər cavabsız qalmışdır. Ərizədə göstərilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh MMC-nin bütün banklarda olan hesablaşma hesablarına iddia həcmində həbs qoyulmalı, habelə cavabdehə mövcud hesablardan əlavə yeni hesabların açılması qadağan edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-398/2021 saylı qərardadı ilə iddiaçının iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında ərizəsinin təmin edilməsi, Cavabdeh MMC-nin hazırda mövcud olan bütün bank hesablarının üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 6.939.859,51 (altı milyon doqquz yüz otuz doqquz min səkkiz yüz əlli doqquz manat, əlli bir qəpik) manat həcmində həbs qoyulması, Cavabdeh MMC-yə yeni bank hesablarının açılmasının qadağan edilməsi, Cavabdeh MMC-yə yeni bank hesablarının açılması məqsədi ilə şəhadətnamə-dublikatın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və onun strukturuna daxil olan qurumlara qadağan edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh MMC şikayət verərək, qərardadın ləğv edilməsini, cavabdehin pul vəsaitlərinə həbs qoyulması növündə olan iddianın təmin etmə növünün cavabdehə məxsus daşınar və daşınmaz əmlak, o cümlədən, əsas vasitələrinin üzərinə həbs qoyulması barədə təmin tədbiri növü ilə dəyişdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank hesablarına həbsin qoyulması birbaşa cavabdeh şirkətin fəaliyyətini iflic vəziyyətə salacaqdır. Çünki, pul hesablarının bloklanması birbaşa və sürətli şəkildə şirkətin iflic olmasına və ölkədə qida sektorunun birbaşa çöküşünə səbəb olacaqdır. Cavabdeh MMC Azərbaycan Respublikası ərazisində qida sektorunda işləyən süd və süd məhsullarının ən iri istehsalçılardandır. İstehsalın əsas xüsusiyyəti onun canlılarla bağlı olmasındadır. Çünki, bu istehsal növü birbaşa kəndli fermer təsərrüfatı ilə bağlıdır, burada canlı mirkobioloji orqanizmlərin əldə edilməsi və istehsalda istifadəsi halı vardır, həmçinin süd və süd məhsullarının saxlanma müddəti əldə edildikdən sonra çox qısa ömürlüdür. Yəni, qeyd edilən hallarla əlaqədar hesablaşmalar dərhal aparılmayacağı təqdirdə ölkənin qida sektoru çox iri həcmli çöküşlə üzləşəcəkdir. Cavabdehə məxsus olan bank hesablarındakı pul vəsaitləri birbaşa istehsal prosesində istifadə edilən və aktiv dövriyyədə olan vəsaitlərdir. Onların üzərinə həbsin qoyulması birbaşa cavabdehin istehsal fəaliyyətinin iflic olmasına gətirib çıxaracaqdır. Çünki, xammal tədarükçülərinin ödənişlərinin ödənilməsi birbaşa həmin vəsaitlərdəki bank hesabları üzərindən hərəkət edir. Məhkəmə hazırda dünyada və ölkədə cərəyan edən sosial-iqtisadi və sanitar-pandemiya vəziyyətini nəzərə alaraq qida sektonun fəaliyyətinə əngəl yarada biləcək vəziyyətə gətirib çıxarmasının qarşısını almalıdır. Cavabdehin aktiv bank hesabları üzərinə həbsin qoyulması həm kommunal, həm dövlət ödənişlərinin, həm şirkətin dövlət (vergi, gömrük, DSMF) qarşısında olan öhdəliklərinin ödənilməsinə, həm də işçilərin əmək haqqlarının verilməsində çətinliklər yaradacaqdır. Əgər iddiaçının niyyəti mübahisəli pul tələbidirsə, niyyəti şirkətin vəziyyətini iflic hala gətirmək deyilsə, o zaman həmin tələb həcmində cavabdehə məxsus digər dəyərli əmlaklar üzərinə həbs qoyula bilər. Daha sonra, Cavabdeh MMC-nin nümayəndəsi şikayətə əlavə verərək, Cavabdeh MMC-nin bank hesabları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X4 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 və iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-398/2021 saylı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iddia tələbi pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesablarındakı pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Cavabdeh qərardaddan verdiyi şikayətdə eyni zamanda pul vəsaitlərinə həbs qoyulması növündə olan iddianın təmin etmə növünün özünə məxsus olan daşınar və daşınmaz əmlak, o cümlədən, əsas vasitələrinin üzərinə həbs qoyulması barədə təmin tədbiri növü ilə dəyişdirilməsini xahiş etmişdir. Şikayətə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 41912,9 m2 əmlak kompleksi kimi müəssisə və onun yerləşdiyi 8.0 ha torpaq sahəsi Cavabdeh MMC-nin xüsusi mülkiyyətindədir. Bundan başqa, iş materiallarından görünür ki, cavabdehə məxsus minik avtonəqliyyat vasitələri vardır. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak üzərinə həbs qoyulması ardıcıllığını müəyyən edən MPM-in 158.3-cü maddəsinə əsasən minik avtonəqliyyat vasitələri də birinci növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlaklarının siyahısına aid edilmişdir. Digər tərəfdən, MPM-in 161.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən şikayətin “pul vəsaitlərinə həbs qoyulması növündə olan iddianın təmin etmə növünün cavabdehə məxsus olan daşınar və daşınmaz əmlak, o cümlədən, əsas vasitələrinin üzərinə həbs qoyulması barədə” hissəsinə ümumiyyətlə qiymət verilməmişdir. Həmçinin, cavabdehə yeni bank hesabının açılmasının qadağan edilməsinin zəruriliyi qərardadda əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-398/2021 saylı xx.xx.2021ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilməli, göstərilən xüsusatlar aydınlaşdırılmaqla iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-398/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar aydınlaşdırılmaqla iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar