Məhkəmə qərarları › İş №2-2(105)-53/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-53/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-53/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsinin təmin olunması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 29.03.2022-ci il tarixli, e-22(119)-1014/2021 nömrəli qərardadından İddiaçı MMC tərəfindən tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsi ilə iddiaçı Azəri” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuşdur. Cavabdeh qətnamədən 01.02.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin şikayət apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət keçdikdən sonra verildiyinə və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət məhkəməyə təqdim olunmadığına görə məhkəmənin 03.02.2022-ci il tarixli, e- 2-2(119)-1014 /2021 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-22(119)- 1014/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29.03.2022-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin prosessual müddətin bərpa edilməsinə dair 29 mart 2022-ci il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Prosessual müddətin bərpa edilməsinə dair məhkəmənin qərardadında cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti cəmi bir gün ötürdüyü, bu səbəbdən, tərəfin məhkəməyə müraciət etmək imkanının reallaşmasına şərait yaratmaq məqsədilə, qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin üzrlü sayılmalı və həmin müddətin bərpa edilməli olduğu qeyd edilmişdir. Lakin bu yanaşmanın özü qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Deməli, qanunvericilik birmənalı şəkildə konkret müddət müəyyən etmişdir. Heç bir halda qanunvericlikdə cəmi bir gün, iki gün prosessual müddətin ötürülməsi halı göstərilməmiş və bu hal üzrlü səbəb kimi qeyd edilməmişdir. Bu halın üzürlü səbəb hesab edilməsi tamamilə yanlış və qəbuledilməzdir. Hazırkı vəziyyətdə məhkəmənin cavabdeh tərəfin heç bir sübut təqdim etməməsinə baxmayaraq, sadəcə “qanunla müəyyən edilmiş prosessual müddəti cəmi bir gün ötürmüşdür” yanaşması ilə müddəti bərpa etməsi heç də anlaşılan deyildir. Cavabdehin müəyyən edilmiş müddətdən (1 ay) istifadə etməməsi onun öz günahıdır. Proses artıq 1 (bir) ildən artıq davam edir. Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2-2(119)- 1014/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsi 30.12.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmiş, cavabdeh tərəfindən 01.02.2022-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Daha sonra cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, e-22(119)-1014/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və hesab etmişdir ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti cəmi bir gün ötürmüşdür. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi tərəfin məhkəməyə müraciət etmək imkanının reallaşmasına şərait yaratmaq məqsədilə təmin edilməlidir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə müddətin bərpa edilməməsi işin halları nəzərə alınmaqla Cavabdeh Azərbaycan Respublikasının Konstitutsiyasının 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququnun pozulması, məhkəmə əlçatanlığının formal əsaslarla məhdudlaşdırılması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-22(119)-1014/2021 nömrəli 29.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar