Məhkəmə qərarları › İş №2-2(105)-54/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-54/2025

13.05.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-54/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(119)-455/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları:

1. Vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 39927,65 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1468 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 236,91 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 59,27 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 39927,65 (otuz doqquz min doqquz yüz iyirmi yeddi manat altmış beş qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 1468 (min dörd yüz altmış səkkiz) manat məbləğində borcunun, İcbari Tibbi Sığorta Fonduna olan 236,91 (iki yüz otuz altı manat doxsan bir qəpik) manat məbləğində borcunun və İşsizlikdən Sığorta Fonduna olan 59,27 (əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(119)- 455/2025 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, 17 yanvar 2025-ci il tarixinə hesablanmış 39927,65 (otuz doqquz min doqquz yüz iyirmi yeddi manat altmış beş qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 1468 (min dörd yüz altmış səkkiz) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna, 59,27 (əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləğində borcun İşsizlikdən Sığorta Fonduna və 236,91 (iki yüz otuz altı manat doxsan bir qəpik) manat məbləğində borcun İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri - xx xxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

4. Qətnamədən narazı Maraqlı şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(119)-455/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi əsassızdır, mülki prossesual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə "xxxx" MMC tərəfindən müraciət olunmuş və hesablanmış borcun yenidən hesablanmasını xahiş edilmişdir. Hal-hazırda "xxxx" MMCnin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə olan borcu 6020 manat 07 qəpikdir. Bundan əlavə, o, ildə 2-3 dəfə gözlərində qlakoma xəstəliyi ilə əlaqdar olaraq ölkə hüududlarında kənarda müalicə alır. Hesab edir ki, onun vergi orqanına olan borcu qəti olaraq müəyyən olunmadan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlmasının yarandığı qənaətinə gəlməsi əsassız və qanunvericiliyə ziddir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.4. bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.

8. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Maddə 355-5.1. Ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. İşin mübahisəsiz hallarına əsasən vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxx 1966-cı il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə 39927,65 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 1468 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 236,91 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 59,27 manat məbləğində borcu vardır və ona həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

12. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız hesab olunmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, maraqlı şəxs birinci instansiya məhkəməsinin iclasında da borcun artıq hesablandığını, 20-25 günə borclarını ödəyəcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, apellyasiya şikayətinə də borcun məbləği ilə bağlı hər-hansı sübut əlavə etməmiş, əksinə hazırda 6020 manat vergi borcu olmasını etiraf etmişdir.

14. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(119)-455/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar