Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-56/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh direktoru X9, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında imzalanmış 04.11.2018-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 23030,10 manat vəsaitin, həmin məbləğin 5%-i 1100,00 manat, 10000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, e-2-2(085)-604/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında imzalanmış 04.11.2018-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 23030,10 manat vəsaitin, həmin məbləğin 5%-i 1100,00 manat, 10 000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.11.2018-ci il tarixli 01 saylı müqaviləyə əsasən elektron qaimələr əsasında 01.11.2018-ci il tarixində EAAH seriyalı 232683 saylı - 9030.10 manat, 16.11.2018-ci il tarixində EAAH seriyalı 655919 saylı - 12030.10 manat, 16.11.2018-ci il tarixində EAAH seriyalı 659914 saylı - 1969.90 manat, cəmi 23030,10 manat məbləğində laboratoriya avadanlıqlarının alınması üçün iddiaçının büdcə hesabından cavabdehin hesabına maliyyə vəsaiti ödənilmişdir: NHA-300 markalı X15 genratoru (1 ədəd) – 9030,10 manat, Buxarlayıcı, Rotary Evaporator - Biobase Model RE-2010 (1 ədəd) – 3000,00 manat, Dondurucu qurutma avadanlığı, Freeze Dryer-Biobase Model BK-FDİOS (1 ədəd) – 5003,14 manat, Termostatik Su sarsıntı vannası, Reciprating thermostatic shaking water bath-Biobase Model SWB-110X12 (1 ədəd)– 4026,96 manat, laboratoriya avadanlıqlarının quraşdırılması və texniki xidmət göstərilməsi – 1969,90 manat. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan laboratoriya avadanlıqlarının ödənişdən sonra 8-10 həftə ərzində təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə iddiaçı tərəfindən tam və layiqincə icra edilmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. Sadalananlar barəsində cavabdehə dəfələrlə iradlar bildirsələr də, o müqaviləyə əsasən götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, avadanlıqlar bu günədək instituta təhvil verilməmişdir. Bununla əlaqədar hüquq mühafizə orqanlarına da şikayət edilmişdir. Cavabdehə mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədilə iddiaçı tərəfindən yazılı pretenziya ilə müraciət olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Həmin pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmişdir. Lakin məktub bu ünvanda yaşamır qeyd olunmaqla geri qaytarılmışdır. Ona görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, 04.11.2018-ci il tarixli müqavilə üzrə ödənilən 23030.10 manat vəsaitin, həmçinin müqavilənin 16.1-ci maddəsinə əsasən həmin məbləğin 5%-i 1100.00 manat, ümumilikdə 24030.10 manat cavabdehdən tutulub institutun büdcə hesabına ödənilməlidir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həm də maddi zərər dəymişdir. Belə ki, avadanlıqların vaxtında çatdırılmaması və quraşdırılmaması səbəbindən iddiaçının iş fəaliyyətində ciddi ləngimələr olmuş, görülməli olan işlər yarımçıq qalmışdır. Cavabdehin direktoru X11 birinci instansiya məhkəməsində iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə münasibəti əvvəldən var idi. May ayından bəri iddiaçı cavabdehdən avadanlıq almışdır. Avqust ayında iddiaçı cavabdehə bildirmişdir ki, sentyabr ayının əvvəli kotirovka keçirəcəkdir. İddiaçı cavabdehlə əlaqə saxlayaraq, avadanlıqları ondan alacağını bildirmişdir. İlkin olaraq generatorun alınması nəzərdə tutulmuşdu. Sentyabr ayının 3-də kotirovka sorğusu keçirilmiş, sentyabr ayının 4-də iddiaçı cavabdehə onlayn möhürlənmiş müqavilə göndərmişdir. Lakin həmin müqavilənin surəti ona verilməmişdir. Elektron qaimələr pul köçürülmədən verilmir. Birinci kotirovkadan sonra ayın 6-da hesabına pul köçmüş, o isə ayın 7-də Çindəki şirkətə pul köçürmüşdür. İddiaçı tərəfindən ümumilikdə 23030 manat cavabdehin hesabına pul köçürülmüşdür. Cavabdeh avadanlığı iddiaçıya təhvil vermişdir, lakin təhvil-təslim aktı yoxdur. Avadanlıqlar onun qardaşı və ustası tərəfindən iddiaçıya təhvil verilmiş və quraşdırılmışdır. Sonda cavabdehin direktoru iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-2(085)- 604/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 04.11.2018-ci il tarixli müqaviləyə əsasən ödənilmiş 23030,10 manat vəsait, həmin məbləğin 5%-i 1100,00 manatın Cavabdehndən İddiaçı xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 21,21 manat məbləğinin Cavabdehndən alınaraq İddiaçına ödənilməsi, qalan 8,79 manat məbləğin İddiaçına aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: ilkin olaraq malların təhvil verilməsinə aid 31.10.2018-ci tarixli EAAN seriyalı 232683 nömrəli elektron qaiməyə əsasən NHA-300 markalı X15 X5 təhvil verildikdən sonra şirkət tərəfindən qaimə vurulmuş və qarşılığında AMEA-nın Dendrologiya İnstitutu şirkətin hesabına 9030,10 AZN ödəniş etmişdir. İkinci olaraq, malların təhvil verilməsinə aid 16.11. 2018-ci il tarixli EAAN seriyalı 655919 nömrəli elektron qaiməyə əsasən şirkət tərəfindən vermiş olduqları Buxarlayıcı, Dondurucu qurutma avadanlığı və Termostatik Su sarsıntı vannası, ümumilikdə 3 ədəd avadanlıq üçün AMEA-nın Dendrologiya İnstitutu şirkətin hesabına ümumilikdə 12030,10 AZN ödəniş etmişdir. Avadanlıqlar təhvil verildikdən sonra bu avadanlıqların quraşdırılması və texniki xidmət göstərilməsi şirkətin mühəndisləri və birbaşa öz iştirakı ilə həyata keçirilmişdir. Bunun qarşılığında isə AMEA-nın Dendrologiya İnstitutuna 16.11.2018-ci il tarixli, EAAN seriyalı 659914 nömrəli elektron qaimə vurulduqdan sonra şirkətə ödəniş edilmişdir. Məlumdur ki, mövcud qanunvericiliyə və həmçinin həmin dövrdə də qüvvədə olan qanunvericiliyə əsasən mallar təhvil verilmədən, xidmətlər göstərilmədən elektron qaimənin vurulması mümkün deyildir. Əgər avans ödəniş nəzərdə tutulmayıbsa {bu halda da qaimə vurulmur və təqdim edilən digər sənədlər əsasında ödəniş həyata keçirilir), bütün işlər tamamlandıqdan sonra qaimə qarşı tərəfə vurula və bunun qarşılığında ödəniş həyata keçirilə bilər. Qarşı tərəf iddia edir ki, mallar təhvil verilməmiş və iş görülməmişdir. Maddi sübut olaraq, Dendrologiya İnstitutunun laboratoriyasında çəkilmiş şəkillərdən də aydın olur ki, bu avadanlıqlar verildikdən sonra burada quraşdırma və texniki servis xidmətləri həyata keçirilmişdir. Yerində baxış keçirilərsə (əgər malları gizlətməyiblərsə), buna aydınlıq gələ bilər. İlk baxış iclasında və təqdim edilən sübutlara və sənədlərə məhəl qoyulmadan və araşdırılmadan qərarın çıxarılması şirkətə və özünə qarşı bir qərəz daşımaqdadır. Məhkəmə iclasının keçirildiyi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə İnzibati-İqtisadi Məhkəmələrin ləğvi nəzərdə tutulmuş və əvəzində İnzibati və Kommersiya məhkəmələri yaradılması prosesi başlamışdır. Bununla yanaşı hakimlərin təyinatı məsələsi qaldırılmışdır. Mövcud işə araşdırma aparılmadan baxılmasının səbəbi kimi bu da göstərilə bilər. AMEA-nın Dendrologiya İnstitutunun şirkətə qarşı bu iddianı qaldırması isə büdcədən maliyyələşən bir təşkilat kimi Dövlət Büdcəsindən “silinən'’ pulları ört-basdır etmək niyyəti güdür. Heç təsadüfi deyil ki, şirkət tərəfindən təmin edilən NHA-300 markalı X15 Generatorunun periferik sistem kimi quraşdırılması nəzərdə tutulan Xromatoqrafiya cihazı üçün 50000,00 AZN-dən çox vəsait ayrılmış və Dövlət Büdcəsindən maliyyələşən təşkilatların xaricdən mal alma ixtiyarı olmamasına baxmayaraq, çox da ciddi sayılmayan alibaba.com kimi onlayn satış saytından 2600,00 ABŞ dolları qarşılığında birbaşa İnstitutun əməkdaşları tərəfindən sifariş verilərək alınmışdır. Bu cür büdcə maxinasiyalarının illərdir hökm sürdüyü bir qurumun şirkətə qarşı qaldırdığı bu iddia da təsadüfi deyildir. Bu əməlləri ört-basdır etmək üçün şirkət qurban seçilmişdir. Məhkəmədə heç vaxt prosesdə iştirak etməyən, yalnız bir dəfə gördüyü, özünü İnstitutun əməkdaşı kimi qələmə verən X12 məhkəməyə sadəcə olaraq məqsədli şəkildə “üzəduran” kimi gəlmişdir. Bu qədər qeyri-obyektiv bir mühitdə şirkətə qarşı əsassız və heç bir tutarlılığı olmayan bir qərar qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdən də aydın görünür ki (Gömrük bəyannaməsi və digər sənədlər), bu məhsulların idxalı zamanında həyata keçirilmiş və şirkətin hesabatlarında da yer almışdır. İdxal edilən bu məhsullar birbaşa Dendrologiya İnstitutuna verilməsi üçün nəzərdə tutulmuşdur. Bu məhsulların alternativ yerlərə verilməsi nəzərdə tutulmamış və heç vaxt bu adlarda başqa məhsullar şirkət tərəfindən satılmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili va X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müqavilə 4 noyabrda bağlandığı halda 1 noyabr tarixə elektron qaimə mövcuddur. Apelyasiya baxışı zamanı cavabdehin direktoru X11 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi və bildirdi ki, həmin avadanlıqları iddiaçıya təhvil vermiş və quraşdırmışdır. Bunu iş materiallarına əlavə edilmiş fotoşəkillər də təsdiq edir. Cavabdehin direktoru öz növbəsində həmin qaimələrin mübahisələndirilmədiyini bildirdi və qeyd etdi ki, ödənişlər iddiaçı tərəfindən edilmişdir. Lakin ona uyğun olaraq avadanlıq da quraşdırılmışdır. Avadanlıq təhvil verilməsə idi qaimə tərtib oluna bilməzdi. Avadanlığı iddiaçıya təhvil vermişdir, lakin təhvil-təslim aktı yoxdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh malları təhvil verdiyini bildirsə də, bu barədə heç bir təhvil-təslim aktı yoxdur. Cavabdehin nümayəndəsi həmin aktın onda olmamasını vaxtında götürməməsi ilə izah etsə də, sonradan da həmin aktı tələb etməmişdir. Çünki heç bir akt olmamışdır. Cavabdehin direktoru bir neçə dəfə İnstitutun rəhbərliyinə müraciət edərək, ona malların təhvil verilməsi üçün vaxt verilməsini istəmişdir. hazırda isə malların təhvil verildiyini iddia edir. Birinci instansiya məhkəməsində qətnamə tərəfə elan olunduğu halda, yalnız icra mərhələsində qətnamənin ona təqdim olunmasını tələb etmişdir, tərəf qətnamənin icrasından yayınır. Cavabdehin vəkilinin tarixlə bağlı dediyinə münasibətdə isə bildirdi ki, ümumiyyətlə elektron qaimələr əsasında 01.11.2018-ci il tarixində EAAH seriyalı 232683 saylı - 9030.10 manat, 16.11.2018-ci il tarixində EAAH seriyalı 655919 saylı - 12030.10 manat, 16.11.2018-ci il tarixində EAAH seriyalı 659914 saylı - 1969.90 manat, cəmi 23030,10 manat məbləğində ödəniş olmuşdur. İddiaçı elektron qaimələrlə bağlı ödənişləri tələb edir. Həmin pullar dövlət vəsaitidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-2(085)-604/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: Hüquqi şəxsin filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Milli Elmlər X4 13 iyun 2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh 17 noyabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 04 noyabr 2018-ci il tarixli 04/2018 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin surətindən görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan Laboratoriya avadanlıqlarının ödənişdən sonra 8-10 həftə ərzində təhvil verilməsini, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin, xidmətlərin) cavabdehdən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. 01.11.2018-ci il tarixli EAAH seriyalı 232683 saylı, 16.11.2018-ci il tarixli EAAH seriyalı 655919 saylı, 16.11.2018-ci il tarixli EAAH seriyalı 659914 saylı elektron qaimələrin surətlərindən görünür ki, iddiaçının büdcə hesabından laboratoriya avadanlıqlarının alınması üçün cavabdehin hesabına 9030.10 manat, 12030.10 manat və 1969.90 manat olmaqla, cəmi 23030,10 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, tərəflər arasında 04 noyabr 2018-ci il tarixli 04/2018 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan Laboratoriya avadanlıqlarının ödənişdən sonra 8-10 həftə ərzində təhvil verilməsini, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin, xidmətlərin) cavabdehdıən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 01.11.2018-ci il tarixində 9030.10 manat, 16.11.2018-ci il tarixində 12030.10 manat, 16.11.2018-ci il tarixində 1969.90 manat, cəmi 23030,10 manat məbləğində pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. Cavabdeh müqavilənin şərtinə əsasən ödənişdən sonra 8-10 həftə ərzində Laboratoriya avadanlıqlarının təhvil vermək öhdəliyini üzərinə götürsə də, Laboratoriya avadanlıqlarını iddiaçıya təhvil verməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 569.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Həmin Məcəllənin 570.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır. 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 570.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehin direktoru apelyasiya baxışı zamanı Laboratoriya avadanlıqlarının iddiaçıya təhvil verilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin direktorunun məhkəməyə təqdim etdiyi fotoşəkillərlə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin fotoşəkillərdə sadəcə avadanlıqlar əks olunmuşdur və fotoşəkillər nə avadanlıqların yerləşmə yeri, nə də cavabdeh tərəfindən iddiaçıda həmin avadanlıqların quraşdırılmasını sübut etmir. Cavabdehin nümayəndəsi apelyasiya baxışı zamanı iş materiallarında olan qaimələr əsasında iddiaçı tərəfindən 23030,10 manat məbləğində maliyyə vəsaitinin cavabdehin bank hesabına köçürüldüyünü özü də təsdiqləmişdir. Beləliklə, kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2-2(085)- 604/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2mmersiya Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-2(105)-56/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-56/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver