Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-56/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron rayon Goradil Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, e-2-2(119)-430/2022 saylı və Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022ci il tarixli, e-2-2(119)-430/2022 saylı qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, e-2-2(119)-430/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-430/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət geri qaytarılmışdır. Qərardadlardan İddiaçı şikayət vermişdir. Şikayətdə yuxarıda qeyd olunan 08 aprel 2022-ci il və 12 aprel 2022-ci il tarixli qərardadların ləğv edilməsi, iddia ərizəsinin baxılması üçün icraata qəbul edilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 08 aprel 2022ci il tarixli, e-2-2(119)-430/2022 saylı qərardadına əsasən “iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və eləcə də, cavabdeh Abşeron rayon Goradil Bələdiyyəsi ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər Azərbaycan Republikası Mülki-Prosessual Məcəllləsi ilə nəzərdə tutulan qaydada iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır” deyə iddia ərizəsi geri qaytarılmışdır. Lakin iddiaçı tələb edilən bütün sənədləri 16 mart 2022-ci il tarixli iddia ərizəsinə əlavə edərək müraciət etsə də, iddia ərizəsinin əsassız olaraq icraata qəbulundan imtina edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı və onunla əlaqədar çıxarılmış 12 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və eləcə də, cavabdeh Abşeron rayon Goradil Bələdiyyəsi ilə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmamışdır. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Göründüyü kimi, hal-hazırda Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin, yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Yuxarıda qeyd olunan birinci instansiya məhkəməsinin qərardadı çıxarıldıqdan sonra iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edilərək iddia ərizəsinin cavabdehə çatmasına dair 16.09.2020-ci il tarixli və 09.02.2022-ci il tarixli xəbərnamələrin sübut kimi etibarlı hesab edilməklə işə mahiyyəti üzrə baxılması xahiş olunmuşdur. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh Abşeron rayonu Goradil Bələdiyyəsinə qarşı “pul tələbi” barədə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci tarixli qərardadı ilə geri qaytarılaraq, iş üzrə yekun məhkəmə aktı qəbul olunduğundan, İddiaçı tərəfindən verilmiş vəsatətin icraata götürülərək baxılması mümkün deyildir. Ona görə də, baxılması mümkün olmadığı üçün həmin vəsatət geri qaytarılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, qeyd olunan məlum nöqsanların hazırkı vəsatətlə aradan qaldırılması mümkün deyildir. Buna görə də, Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərardadında həmin nöqsanlar ətraflı qeyd olunmuş və onların aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının bütün lazımi sənədləri 16 mart 2022-ci il tarixli iddia ərizəsinə əlavə etməsinə dair şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.1, 400-cü və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, e-2-2(119)-430/2022 saylı və 12 aprel 2022-ci il tarixli, e-2-2(119)-430/2022 saylı qərardadları dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-56/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-56/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver