Məhkəmə qərarları › İş №2-2(105)-56/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-56/2023

13.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-56/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli e-2-2(119)- 303/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli e-2-2(119)- 303/2023 nömrəli qərardadı ilə ərizə ərizəçiyə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəməyə təqdim edilmiş ərizəyə əlavə edilmiş Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan “Xəbərdarlıq haqqında Məlumat”da və digər sənədlərdə Maraqlı şəxs ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Ş.Qılmanov küçəsi” kimi qeyd olunmuşdur.” ifadələrini qeyd etmişdir. Lakin şikayətə əlavə edilmiş maraqlı şəxsin şəxsiyyət vəsiqəsindəki məlumatları nəzərdən keçirdikdə, açıq aşkar aydın olur ki, həmin şəxsin tam ünvanı Qubadlı rayonu, Tarovlu kəndidir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-303/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, ərizədə Maraqlı şəxs ünvanı “Qubadlı rayonu, Tarovlu kəndi” kimi göstərilərək, həmin ərizə Sumqayıt Kommersiya Məhkəməsinə verilmişdir. Ərizəyə əlavə edilmiş Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də, vergi ödəyicisi olan Fiziki şəxs haqqında Məlumatda, vergi ödəyicisinin X1, Fiziki şəxs haqqında Məlumatda, Bildirişlərdə və digər bütün sənədlərdə Maraqlı şəxs ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Ş.Qılmanov küçəsi” kimi qeyd olunmuşdur (Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan "Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq" barədə Məlumatda isə Maraqlı şəxs ünvanı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM, zona 1, sıra 4, korpus 5, mağaza 41” kimi qeyd olunmuşdur). Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Suraxanı rayonunda yaşadığı müəyyən olunur (maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, ərizədə Maraqlı şəxs ünvanı “Qubadlı rayonu, Tarovlu kəndi” kimi göstərilmişdir. Lakin həmin ünvan maraqlı şəxsin yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır. Ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş vergi ödəyicisi olan fiziki şəxs haqqında məlumatda, vergi ödəyicisinin X1, Fiziki şəxs haqqında Məlumatda, Bildirişlərdə və digər bütün sənədlərdə Maraqlı şəxs ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General Ş.Qılmanov küçəsi” kimi qeyd olunmuşdur. Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşadığı müəyyən olunur. Bundan başqa, Mülki-Prosessual Məcəllənin tələblərinə görə “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizələrə maraqlı şəxsin qeydiyyat ünvanı ilə deyil, yaşayış ünvanı üzrə baxılır (355-5.2-ci maddə). Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan (poçt ünvanı) da göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə verilməlidir. Lakin hazırkı ərizənin “Giriş” hissəsində (“Tərəflər” bölməsində) maraqlı şəxsin yaşamadığı rəsmi qeydiyyat ünvanı göstərilsə də, onun faktiki olaraq yaşadığı ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraalır: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli e-2-2(119)- 303/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar