Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-58/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(119)-191/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Hazırki mübahisə tərəflər arasında bağlanılmış 31 iyul 2024-cü il tarixli müqaviləyə əsasən cavabdehin iddiaçıya ödəməli olduğu daşıma haqqı ilə bağlıdır.
2. 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, müqavilə və həmin müqavilənin ayrılmaz hisssini təşkil edən müvafiq əlavələrə əsasən daşıyıcı (İddiaçı MMC) yükü hər yükə görə tərtib olunmuş beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi (Cavabdeh MMC) isə daşıyıcıya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşıma haqqını tam ödəməyi öhdəsinə götürür.
3. İş materiallarında olan tərəflərin nümayəndələri tərəfindən imzalanmış və möhürləri ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil edir.
4. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 118116,68 manat məbləğində xidmətlərin göstərilməsi ilə əlaqədar 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11472514 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11474389 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11477721 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11470196 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11468741 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11472265 nömrəli, 23 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11469733 nömrəli, 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758239 nömrəli, 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758636 nömrəli, 07 noyabr 2024cü il tarixli MT2409 seriyalı 10758466 nömrəli və 07 noyabr 2024-cü il tarixli MT2409 seriyalı 10758815 nömrəli elektron qaimə-fakturalar təqdim edilmişdir.
5. İddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən 23 avqust 2024-cü il tarixdə 17000 manat, 03 sentyabr 2024-cü il tarixdə 34000 manat və 18 sentyabr 2024-cü il tarixdə 34000 manat olmaqla ümumilikdə 85000 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına ödənilmişdir.
6. Maliyyə arayışından görünür ki, cavabdeh "LOGİSTİKA FRUİTS EXPORT” MMC-nin İddiaçı MMC-yə 05 fevral 2025-ci il tarixinə ödəməli olduğu borcunun məbləği 33116,7 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat məbləğində borc, ödənilmiş 197,76 (yüz doxsan yeddi manat, yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun və hüquqi xidmətin göstərilməsi ilə bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaitinin əvəzinin iddiaçının xeyrinə tutulması, eyni zamanda 23 avqust 2024-cü il tarixdən ödənilməmiş 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat pula görə gecikdirilmiş vaxt üçün məhkəmə qətnaməsi tam icra olunduğu tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsinin 7.5% olmasını əsas götürməklə icra şöbəsi tərəfindən faiz məbləğinin hesablanaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə yaranan bütün öhdəliklər iddiaçı tərəfindən tam şəkildə və vaxtlı-vaxtında icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müvafiq ödənişlər lazımınca yerinə yetirilməmişdir. Cavabdehə göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil etmiş, cavabdeh həmin xidmətlər üzrə 85000 manat məbləğində ödəniş həyata keçirmişdir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə edilən müraciətlərə baxmayaraq, daşıma haqqının ödənilməsi gecikdirilmiş və icra edilməmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(119)- 191/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 33116,7 (otuz üç min yüz on altı manat, yetmiş qəpik) manat məbləğində borcun, hüquqi yardımla bağlı ödənilmiş 330 (üç yüz otuz) manat məbləğində xidmət haqqının, 189,35 (yüz səksən doqquz manat, otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 33636,05 (otuz üç min altı yüz otuz altı manat, beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(119)-191/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
11. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında 31 iyul 2024-cü il tarixli, 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış və həmin müqaviləyə və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən müvafiq əlavələrə əsasən daşıyıcı yükü hər yükə görə tərtib olunmuş beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkədən) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi isə daşıyıcıya yükləmədən sonra əlavədə göstərilən müddət ərzində daşıma haqqını tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən yükün daşıyıcıya təhvili üç nüsxədə tərtib olunmuş qaimə (nəqliyyat növündən aslı olaraq) ilə rəsmiləşdirilir. Qaimənin birinci nüsxəsi sifarişçidə, ikinci nüsxəsi daşıyıcıda qalır, üçüncü nüsxəsi isə malı müşayiət edir. İddiaçı MMC onlar tərəfindən ona sifariş edilmiş yükləri daşımış və göstərdiyi xidmətin dəyərinin ödənilməsi üçün onlara elektron qaimə göndərmiş və onlar göstərilmiş xidmətin müqabilində göndərilən elektron-qaimələri təsdiq edərək sonradan onların dəyərini ödəmişlər. Belə ki, ümumilikdə daşıyıcı tərəfindən onların 85 000 manat dəyəri olan sifarişləri həyata keçirilmiş və onlar da həmin məbləği daşıyıcıya ödəmişlər. Lakin daşıyıcı onlara göstərdiyi xidmətdən əlavə olaraq onlardan 33116,7 manat ödəniş tələb edilməsi barədə onlara elektron qaimə göndərmiş, onlara bu məbləğdə xidmət göstərmədiyinə görə onlar daşıyıcının həmin elektron qaimələrini geri qaytarmışlar. Məhkəmə isə daşıyıcının onlara 118116,68 manat məbləğində xidmətlərin göstərilməsinin sübutu kimi xx.xx.2024-cü il tarixli **********, **********, **********, **********, **********, **********, **********, xx.xx.2024cü il tarixli ********** nömrəli, xx.xx.2024-cü il tarixli **********, ********** nömrəli və xx.xx.2024-cü il tarixli ********** nömrəli təhvil-təslim aktlarına istinad etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təhvil-təslim aktları "LOGİSTİKA FRUİTS EXPORT” MMC tərəfindən imzalanmamış, onların həmin aktlardan xəbərləri olmamışdır. Göründüyü kimi məhkəmənin İddiaçı MMC tərəfindən onlara xidmət göstərilməsinin sübutu kimi istinad etdiyi təhvil-təslim aktarı onların nümayəndələri tərəfindən imzalanmadığına görə həmin aktların hazırki iş üçün heç bir sübutu əhəmiyyəti olmamış, birinci instansiya məhkəməsi isə işin bu halına əhəmiyyət verməyərək, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Əgər məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət versəydi, ən azından həmin təhviltəslim aktlarını onların nümayəndəsi qismində imza edən şəxsin şəxsiyyətini, həmin şəxsin onların nümayəndəsi olub-olmamasını müəyyən edər, bundan sonra imzanın onlara məxsus möhürlə təsdiq edilib-edilməməsini araşdırardı. Göründüyü kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur.
12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh təhvil-təslim aktlarında olan imza və möhürün saxta olduğunu iddia etmiş, səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını bildirmişdir. Həmçinin iddiaçıya 85.000 manat məbləğində pul ödəmişdir. Həmin 85.000 manata dair qeyd edilən təhvil-təslim aktlarının hər birində olan imza eyni şəxs tərəfindən imzalanmış və eyni möhürlə təstiq edilmişdir. Yəni, ödənilmiş 85.000 manat məbləğin aid olduğu təhvil-təslim aktlarını da eyni şəxs imzalamış və eyni möhürlə təstiq edilmişdir. Lakin cavabdeh buna etiraz etməmişdir və əksinə bunu təsdiq etmişdir. Həmçinin cavabdeh 33.116,7 manat məbləği əks etdirən elektron qaimələrin geri qaytarıldığını bildirmişdir, lakin, bu tamamilə əsassızdır, belə ki, iddia ərizəsinə əlavə edilmiş (təhvil-təslim aktları, elektron qaimələr və s.) sənədlər və etiraza əlavə edilmiş çıxarışlar (malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təstiqlənmə qrafiki) sübut edirki, cavabdeh sifarişlər vermiş iddiaçı isə sifarişləri icra etmişdir. “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə fakturaların təstiqlənmə qrafiki” onu sübut edir ki elektron qaimə-fakturalar cavabdeh tərəfindən təstiqlənmişdir. Göründüyü kimi, cavabdehin şikayəti hüquqa zidd və əsassız olmaqla öhdəliklərin icrasından yayınmağa yönəlmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh qanuni təmsilçisi Sultanov Anar 12 may 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilmədiyinə görə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin qanuni təmsilçisi ilə əlaqə saxlanılaraq iştirak etməməsinin səbəbi öyrənilmiş, A.Sultanov şəkər xəstəsi olduğunu, ev şəraitində müalicə aldığını, verilmiş suala cavab olaraq müəssisənin digər işçilərinin olduğunu bildirmişdir (bax: məhkəmə iclasının audio-video yazısı - 9:38-11:10). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İddiaçı tərəfindən təqdim edilən yuxarıda istinad edilən müqavilədən, təhvil-təslim aktlarından, elektron qaimə-fakturalardan və hesabdan çıxarışdan müəyyən edilmişdir ki, daşıyıcı İddiaçı MMC ilə sifarişçi "LOGİSTİKA FRUİTS EXPORT” MMC arasında 31 iyul 2024-cü il tarixli 2024 (00172) nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi bağlanmış və daşıyıcı qismində çıxış edən iddiaçı tərəfindən sifarişçi qismində çıxış edən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmiş, göstərilmiş xidmətlərin ümumi dəyəri 118116,68 manat təşkil etmiş, cavabdeh tərəfindən iddiaçıya, ümumilikdə 85000 manat məbləğində ödəniş edilmiş, 33116,7 manat isə ödənilməmişdir.
19. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
20. İddiaçı iddia tələbinin əsadı kimi istinad etdiyi sübutları (bu qrarın 2-6-cı bəndləri) təqdim edərək məhz həmin sübutlara istinad etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu mübahisələndirməyən cavabdeh müvafiq dəlillər irəli sürməklə yalnız ödənilməli olan daşıma haqqının bir hissəsinin mövcudluğunu sübut edən sənədlərin (elektron qaiməfakturaların) mötəbərliyini mübahisələndirir. Bununla belə cavabdeh öz etirazının əsasını təşkil edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq birinci instansiya məhkəməsndə iş üzrə keçirilmiş 3 hazırlıq və 1 məhkəmə baxış iclasının heç birində, habelə apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclasında da iştirak etməmiş, məhkəmə iclaslarının təxirə salınması barədə müraciətlər etsə də, buna imkanı və vaxtı olduğu halda araşdırılması üçün hər-hansı dəlil və sübut təqdim etməmişdir. Apellyasiya şikayətinə dair iddiaçının etirazının dəlilləri ilə isə cavabdehin müvafiq dəlilləri təkzib olunur.
21. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.
22. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, e-2-2(119)-191/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.