Məhkəmə qərarları › İş №2-2(105)-59/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-59/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-59/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(119)-34/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "İddiaçı" MMC cavabdeh "xxxx" ASC-nin Sumqayıt Melioservis İdarəsinə qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin “Sumqayıt Melioservis İdarəsindən” yaranmış 1027,80 (min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində əsas borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx ASC-nin Sumqayıt Melioservis İdarəsi ilə İddiaçı (əvvəlki X4 MMC) arasında bağlanmış inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh təşkilat öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş, müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 1027,80 (min iyirmi yeddi manat səksən qəpik) manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər alqı-satqıya dair razılaşma əldə etdikdən sonra, alqı-satqı müqaviləsi iddiaçı tərəfindən müəssisənin möhürü və imzası ilə təsdiqlənərək, digər tərəfin də təsdiqlənməsi üçün cavabdeh müəssisəyə göndərilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixli, 324419 nömrəli qaimə-faktura sənədi ilə 1.652,54 (min altı yüz əlli iki manat əlli dörd qəpik) manat məbləğində 15 ton sement cavabdehə təhvil verilmişdir. Mallar təhvil verilərkən satış nümayəndəsi tərəfindən qeyd olunan qaimə fakturanın və alqı-satqı müqaviləsinin təsdiq olunmalı olduğu bildirilsə də, cavabdeh təşkilatın əməkdaşları rəhbərliyin müəssisədə olmaması kimi bəhanələr uyduraraq nə alqı-satqı müqaviləsini təsdiq etmiş, nə də qaimə-fakturada “təhvil aldım” qrafasını imzalamışlar. Mallar “Alıcıya” təhvil verildikdən sonra, razılaşdırılmış müddət keçsə də, cavabdeh nə aldığı malların dəyərini tam formada ödəmiş, nə də alqı-satqı müqaviləsinin təsdiqlənmiş nüsxəsini “Alıcıya” təhvil vermişdir. Çoxsaylı müraciətlərdən sonra cavabdeh, xx.xx.2018-ci il tarixədək ümumilikdə 624,74 manat məbləğində ödəniş etmiş, lakin qalıq borcu bu günədək ödəməmişdir. xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin nümayəndəsi ilə cavabdeh təşkilatın nümayəndəsi alqı-satqının yekununa və qalıq borcun təsdiqlənməsinə dair üzləşdirmə aktı imzalamışlar. İkitərəfli qaydada imzalanmış akta əsasən, cavabdehin İddiaçı MMC-yə 1027.80 manat məbləğində borcu olduğu müəyyən edilmiş və Sumqayıt Melioservis İdarəsində mühasib vəzifəsində çalışan Xəffəyeva.H.Ş borcu öz imzası ilə təsdiq etmişdir. Lakin təşkilatın rəhbərliyi yenə də aktı möhürlə təsdiqləməkdən imtina etmişdir. Daha sonra dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, qalıq borc ödənilməmiş, münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmamış, habelə təqdim edilən qaimə-faktura möhürlə təsdiq edilməmiş, orada adı göstərilən şəxs isə müəssisədə işləmir, bu səbəbdən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(119)-34/2021 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 34/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi tam həcmdə təmin edilməlidir. Cavabdehin nümayəndəsi sübut qismində təqdim edilmiş xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına münasibətdə bildirmişdir ki, cavabdeh tərəfdən imzalayan, baş mühasib vəzifəsində çalışan Xəffəyeva.H.Ş adlı şəxsin həmin aktı imzalama səlahiyyəti olmamışdır. Belə olan halda H.Ş.Xəffəyevanın üçüncü şəxs qismində işə cəlb edilməsi zəruri idi. Çünki cavabdeh öhdəliyi daşıyacaq şəxsin H.Xəffəyeva olmasını qeyd etməklə onun hüquqlarına toxunmuş olur. Lakin cavabdeh tərəf öz işçisi olmasına rəğmən həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi və işə üçüncü şəxs qismində cəlb olunması üçün şəxsiyyətini müəyyən edən sənədləri məhkəməyə təqdim etməkdən imtina etmişdir. Bu da məhkəmənin işi hərtərəfli araşdırmasına və həqiqətə nail olmasına maneə yaratmaq kimi qiymətləndirilməlidir. Çünki məhkəmə üçüncü şəxsi işə cəlb edib iddiaya münasibətini öyrənmiş olsaydı və üçüncü şəxs alqı-satqı müqaviləsi üzrə malların həqiqətən də cavabdeh müəssisə üçün alınmasını etiraf etsəydi, onda gəlinmiş hüquqi nəticə heç bir şübhə doğurmayacaqdı. Bundan başqa, məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 324419 saylı qaimə-faktra sənədindən görünür ki, qiyməti 1 652.54 manat olan satılmış 15 ton sement üçün iddiaçı tərəfindən həmin məbləğin 18%-i miqdarında – 297.46 manat əlavə dəyər vergisi (ƏDV) ödənilmişdir. Qeyd olunan tarixdə qaimə-fakturalar elektron formada tərtib edilmədiyindən qaimə-fakura sənədi kağız daşıyıcı şəklində tərtib edilmişdir. Lakin satılan malların hər biri üçün elektron vergi sistemində “elektron vergi hesabfakturası” tərtib edilmişdir. AR Dövlət Vergi Xidmətinin elektron sistemindən təqdim edilmiş 621983, 629573, 641572, 785001, 939727, 268904, **********96, 696227, 840713, 300679, 313702, 329589, 340700, 383800, 383800, 170775, 289788 nömrəli vergi hesabfakturalarından da görünür ki, alıcı qismində fiziki şəxs deyil, Sumqayıt Melioservis İdarəsi çıxış edir. (vergi hesab-fakturaları şikayətə əlavə olunur). Təqdim edilmiş sübutlarla artıq iddia olunan xüsusatlar öz təsdiqini tapmış olur. Həmçinin H.Ş.Xəffəyevanın da xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına cavabdeh müəssisənin səlahiyyətli nümayəndəsi qismində imzalaması sübut olunur. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(119)- 34/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, iddiaçı cavabdehə “mal verilməsini qaimə faktura və borcun olmasının üzləşmə aktı ilə təsdiq edilməsini” iddia etsə də, həmin sənədlər formasına görə, qüsurlu sənədlərdir və mötəbər sübut növü kimi qiymətləndirilə bilməz, Belə ki, qeyd edilən sənədlər qanunvericiliyə uyğun şəkildə (səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmiş) tərtib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçının iddia etdiyi borcu təsdiq edəcək heç bir sənəd yoxdur. İddiaçı yalnız xx.xx.2016-cı il tarixli qaimə-fakturaya və xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına əsaslanır. Kollegiya qeyd edir ki, həmin sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin işdən görünür ki, tərəflər arasında müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları” na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 143 nömrə ilə, xx xxxxxx 1999-cu il tarixdə qeydə alınmış “Ciddi hesabat blanklarının (Mədaxil qəbzi F. № 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə F.№ M-2, qaimə-faktura F. № 2Q) forma və rekvizitləri və onların istifadə Qayadaları”nın 18-ci bəndində “Qaimə-faktura forma № 2Q”xxxx“Müəssisənin adı, VÖİN-i və digər lazımı göstəriciləri”, rekvizitində müəssisənin, idarənin, təşkilatın adı, bank rekvizitləri, ünvanı, telefon nömrəsi və digər lazımi göstəricilər əks etdirilir. “Kimdən” rekvizitində maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. “Kimə” rekvizitində vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəricilər əks etdirilir. İşdə olan xx.xx.2016-ci il tarixli qaimə fakturada: “Kimdən” rekvizitində "X5" MMC göstərilmiş, MMC-nin maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməmiş; “Kimə” rekvizitində isə “Sumqayıt Sənaye Kombinatı” göstərilmiş, vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməmiş, səlahiyyətli şəxs tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. İş materiallarında olan “üzləşmə aktı” da cavabdehin rəhbəri tərəfindən imzalanmamış, hüquqi şəxsin möhürü ilə təsdiqlənməmiş, həmçinin üzləşmə aktında xx.xx.2018-ci il tarixinə olan borc məbləği göstərilsə də, borclu kreditorun ondan borcun ödənilməsini tələb etmək hüququnu tanımağı öhdəsinə götürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, iddiaçı tələbinin əsası kimi tərəflər arasında yazılı şəkildə alqı-satqı müqaviləsinin bağlanması barədə cavabdehlə ilkin olaraq razılığa gəlinməsi və bu razılaşmaya uyğun qarşı tərəfə malın verilməsini qaimə faktura və bu borcun olmasını üzləşmə aktı ilə təsdiq edilməsini iddia etsə də, bu hallar işdə olan sübutlarla təsdiqini tapmamışdır. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(119)-34/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(119)-34/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar