Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-59/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2- 2(119)-96/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İŞİN HALLARİ
1. Hazırkı mübahisə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləği ilə bağlıdır.
2. İddiaçının tələbinin əsası kimi istinad etdiyi və məhkəməyə təqdim etdiyi, tərəflər ararsında bağlanılmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satğı müqaviləsinə əsasən əsasən, satıcı (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə göstərilən tərkibdə və göstəricilərə uyğun vəziyyətdə malları alıcıya (Cavabdeh) satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. Alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “üzləşmə aktı” ilə müəyyən edilir. Alıcı ödənişləri malın qəbul edilməsindən dərhal sonra və ya 10 (on) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Malların dəyəri 10 (on) təqvim günü müddətində ödənilmədikdə satıcı malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Alıcı malların dəyərini müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır (müqavilənin 1.1, 1.3, 2.1, 3.2, 3.3.5.2.2-ci bəndləri).
3. Tərəflərin iştirakları ilə tərtib edilmiş, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 31 may 2023-cü il tarixli təhvil-təslim aktına əsasən ümumi dəyəri 38077 manat məbləğində olan əla növ un cavabdehə təhvil verilmişdir.
4. Tərəflərin iştirakları ilə tərtib edilmiş, iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan 31 may 2023-cü il tarixli üzləşmə aktından görünür ki, 31 may 2023-cü il tarixinə cavabdehin iddiaçıya borcunun məbləği 38077 manat təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-xətşünaslıq ekspertizası üzrə təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 19-20ci vərəqlərində olan 05 yanvar 2023-cü il tarixli Xİ05/01 nömrəli alqı-satqı müqaviləsində “ALİCİ” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; 21-ci vərəqində olan 31 may 2023-cü il tarixli təhvil-təslim aktında “Təhvil alan” qrafasından aşağıda yerləşən “İmza:” qrafasındakı imza; 22-ci vərəqində olan 31 may 2023-cü il tarixli üzləşmə aktında “Cavabdeh” yazısının aşağı hissəsində yerləşən “(imza)” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli Xİ- 05/01 nömrəli müqavilə üzrə cavabdehdən 38077 (otuz səkkiz min yetmiş yeddi) manat məbləğində əsas borc, 1923 (min doqquz yüz iyirmi üç) manat məbləğində cərimə olmaqla, cəmi 40000 (qırx min) manat məbləğində pul vəsaitinin və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli müqaviləyə əsasən, satıcı qismində çıxış edən iddiaçı həmin müqavilənin predmetini təşkil edən un məhsulunu alıcı qismində iştirak edən cavabdehə satmağı, cavabdeh isə həmin məhsulu qəbul edib dəyərini müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə öhdəlik iddiaçı tərəfindən icra edilsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi, yəni aldığı məhsulların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin 38077 manat məbləğində borcu yaranmış və 1923 manat məbləğində cərimə hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 1%-i həcmində dəbbə pulu ödəyir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-2(119)- 96/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 38077 (otuz səkkiz min yetmiş yeddi) manat məbləğində əsas bоrcun, 1904 (min doqquz yüz dörd) manat məbləğində cərimənin, 209,94 (iki yüz doqquz manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40190,94 (qırx min yüz doxsan manatın, doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə qeyri obyektiv və birtərəfli yanaşmış, yalnız iddiaçı tərəfin təqdim etdiyi dəlilləri qəbul etmiş, onların həqiqiliyini yoxlamamış, onlara hüquqi əsası olmayan özünün subyektiv mülahizələrinə uyğun hüquqi qiymət verərək, əsassız olaraq mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh tərəfin dəlillərinə isə qeyri-obyektiv yanaşmış, ona istinad etdiyi halları təsdiq edən dəlil və sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratmamış, bununla da məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini pozmuş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və bunu təmin etməmişdir. Ona görə də hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən, həmçinin məhkəmə qətnaməsindən görünür ki, tələbin əsası kimi tərəflər arasında olan xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə, həmçinin xx.xx.2023cü il tarixli təhvil-təslim aktı və üzləşmə aktına istinad olunmuş və həmin sənədlərdəki imzaların cavabdehə məxsus olmasını təsdiq edən ekspert rəyinə istinad olunmuşdur. Məhkəmə iddia ərizəsinə əlavə olunan bu sənədləri və ekspert rəyini həqiqi və mötəbər sübut kimi qəbul etsə də, müqavilənin həqiqətən həmin tarixdə bağlanıldığını, həmin müqavilədə nəzərdə tutulmuş həmin un məmulatlarının cavabdehə harada və necə təhvil verildiyini aydınlaşdırmamışdır. Məhkəmə iclas protokolundan və qətnamədən görünür ki, cavabdeh iddianı qəbul etməmiş, iddiaçıya heç bir borcunun olmamasını bildirmiş, ümumiyyətlə 2021-ci ildən sonra iddiaçı ilə heç bir əlaqəsinin olmadığını, borcunu həmin vaxtı tam olaraq ödədiyini, bununla bağlı sənədlərin və sübutların olduğunu bildirsə də, məhkəmə əsassız olaraq cavabdehə dəlil və sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratmamış və bununla da məhkəmə cavabdehi əsassız iddialardan müdafiə olunmaq hüququnu təmin etməmişdir. İş materiallarından və qətnamədən görünür ki, iddiaçı tərəf məhkəmədə ixtisaslı vəkillə təmsil olunsa da, cavabdeh tərəfin sadəcə özünə vəkil tutmaq, məhkəmədə müdafiəçi ilə təmsil olunmaq hüququ izah olunmuşdur. Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək, konkret faktlara istinad etsə də, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və baxmayaraq ki, cavabdeh hüquqi savadı olmayan şəxs olmuşdur, məhkəmə ona bu işdə yardım etməmiş və ya vəkillə təmsil olunmasına şərait yaratmamış, bununla da tərəflərin ədalət mühakiməsi qarşısında bərabərliyi prinsipini pozmuşdur. 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında Qətnamədən görünür ki, məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədləri sübut kimi qəbul etmiş və həmin sənədləri sübut kimi qiymətləndirərkən işin konkret hallarına deyil, özünün hüquqi əsası olmayan subyektiv mülahizələrinə əsaslanmışdır. Belə ki, məhkəmə ilk növbədə tərəflər arasındakı müqaviləni əsas sübut kimi qəbul etmişdirsə, onda həmin müqavilə üzrə hər bir tərəfin öhdəliklərini yerinə yetirib-yetirmədiyini aydınlaşdırmalı idi. Yəni iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş un məmulatını cavabdehə necə və harada təhvil verməsi məsələsini ümumiyyətlə aydınlaşdırmamışdır. Hansı ki, cavabdeh iddianı qəbul etməmş və israrla bildirmişdir ki, ümumiyyətlə 2021-ci ildən sonra iddiaçı ilə heç bir əlaqəsi olmamış, 2023-cü ildə onların arasında hər hansı sənəd imzalanmamışdır. Yalnız 2024-cü ilin sonlarında iddiaçı tərəfin mühasibi ona zəng edərək şirkətə dəvət etmiş və özlərinə kredit almaları üçün banka dövriyyələrinin böyük olduğunu göstərmək üçün formal sənədlərə imza etmək lazım olduğunu bildirib, ondan həmin sənədlərə imza etməyi xahiş etmişlər. O, da iddiaçı tərəfin səmimiliyinə inanaraq sənədlərə imza etmişdir. Cavabdeh göstərmişdir ki, yalnız 2019-2021-ci illərdə iddiaçı şirkətlə işləmişdir. İşlədiyi müddətdə iddiaçı tərəfindən ona aldığı un məmulatlarının çəkisi və qiymətinin qeyd olunduğu qaimələr verilmiş və həmin qaimələrin bir surəti iddiaçı tərəfdə qalmış, əlavə olaraq buraxılış jurnalında iddiaçı tərəfindən müvafiq qeydiyyat da aparılmışdır. Cavabdeh tərəf istinad etdiyi bu halı təsdiq edən qaimə fakturalar mövcud olsa da, məhkəmə onları qəbul etməmiş, yalnız, iddiaçı tərəfin təqdim etdiyi müqavilə və aktları əsas sübut hesab etmiş, bu zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən hala, yəni həmin müqavilədə nəzərdə tutulmuş un məmulatının isə cavabdehə təhvil verilib-verilmədiyinə əhəmiyyət verməmişdir. Bununla da məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışdır. İş materiallarından və qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin tam və obyektiv tədqiqini təmin etməmiş, cavabdehə münasibətdə yalnız formal olaraq hüquq və vəzifələrini izah etməklə kifayətlənmişdir. Qətnamədən görünür ki, məhkəmə iş üzrə verilmiş xətşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Lakin bu zaman ekspertizanın predmeti olan alğı-satqı müqaviləsi və aktların həqiqiliyini yoxlamamışdır. Məhkəmə əvvəlcə həmin sənədlərin mötəbərliyinə əmin olmalı, sonra isə sənədlərdəki imzaların kim tərəfindən imzalandığını yoxlamalı idi. Digər tərəfdən cavabdeh hansısa sənədlərə imza etdiyini məhkəmədə inkar etməmişdir, lakin o, sənədləri 2023-cü ildə deyil, 2024-cü ilin sonlarında imza etdiyini və bu sənədlər əsasında iddiaçından un məmulatı almadığını və ona hər hansı un məmulatı verilmədiyini göstərmişdir. Belə olan halda, məhkəmə ilk növbədə bu halı aydınlaşdırmalı idi. Qətnamədən görünür ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmçinin iş üçün mühüm əhəmiyyəti olan tərəflər arasındakı müqavilənin həqiqiliyinin sübuta yetirilməməsinə əhəmiyyət verməmişdir, bu hallar isə məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsasdır.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2023-cü il tarixli Xİ-05/01 nömrəli alqı-satqı müqaviləsinin bağlanması, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmeti olan un məhsullarını cavabdehə təhvil verməsi, alıcı qismində iştirak edən cavabdeh isə malların dəyərini iddiaçıya ödəməməsi, nəticədə onun iddiaçıya 38077 manat məbləğində borcunun yaranması yuxarıda istinad edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər sübutlarla - tərəflər arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli alqı-satqı müqaviləsi, 31 may 2023-cü il tarixli təhvil-təslim aktı, 31 may 2023-cü il tarixli üzləşmə aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş məhkəməxətşünaslıq ekspertizasının 26 dekabr 2024-cü il tarixli 4/1941 nömrəli ekspert rəyi ilə tam sübuta yetirilir
16. Cavabdeh istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı məhkəmə iclaslarında verdiyi izahatlarında iddianı qəbul etməyərək yuxarıda qeyd edilən alğı-satqı müqaviləsi əsasında reallıqda iddiaçıdan hər-hansı mal almadığını, həmin müqaviləni 2024-cü ildə formal olaraq imzaladığını, iddiaçı ilə yalnız 2019-2021-ci illərdə əməkdaşlıq etdiyini, həmin dövrlərdə iddiaçıdan aldığı və müxtəlif şəxslərə satdığı un məhsullarına görə yaranmış borclarının bir qisminin müştərilər tərəfindən birbaşa iddiaçı şirkətə ödənildiyini, yerdə qalan 19000 manat borcun əvəzi olaraq isə özünə məxsus torpaq sahəsini iddiaçının rəhbərinin qohumunun adına rəsmiləşdirildiyini bildirsə də qeyd edilən halları təsdiq edən hər-hansı mötəbər sübut təqdim etməmişdir.
17. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili tərəflər arasında telefon danışıqları yazılmış DVD diskin qəbul edib araşdırılması və sübut kimi iş materiallarına əlavə edilməsi barədə ərizə təqdim etmiş, habelə məhkəmə iclası zamanı iddiaçı ilə cavabdeh arasında əvvəlki dövrlərə aid olduğunu bildirdiyi, hər hansı rəsmi rekvizitlərə (imza, möhür və s.) malik olmayan “qaimə”lər təqdim edərək onların da sübut qismində nəzərə alınmasını xahiş etmiş və cavabdehin əvvəlki illərdə iddiaçıdan aldığı malı verdiyi müştərilərdən birinin şahid qsimndə dindirilməsi barədə vəsatət təqdim etmişdir. İddiaçının vəkili və nümayəndəsi MPM-in 372.2-ci maddəsinə əsasən qeyd edilən sübutların hazırkı mərhələdə qəbul edilərək araşdırılmasının yolverilməz olduğunu, birinci intansiya məhkəməsində 5 aydan davam etmiş proses zamanı imkanı olduğu halda cavabdehin üzürsüz səbəbdən həmin sübutları təqdim etmədiyini bildirmişdir.
18. İş materiallarından görünür ki, cavabdeh hazırkı iş üzrə xx.xx.2024 və xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2024-cü il tarixli iclasda iştirak edərək iddia tələbi ilə bağlı izahat vermiş, o cümlədən hakimin əvvəlki məhkəmə iclaslarında iştirak etməməsinin səbəbləri ilə bağlı sualına cavab olaraq rayonda yaşadığını, xəstəliyi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş, borc müqabilində torpaq sahəsinin iddiaçının rəhbərinin bacısı oğlu Zülfüqarın adına keçirməsi barədə müqaviləni məhkəməyə təqdim edəcəyini bildirmiş, eyni zamanda müqavilədə və təhvil-təslim aktında olan imzaların ona məxsus olmadığını bildirərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bundan sonra ötən 3 aya yaxın müddət ərzində, habelə iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında da iştirak edən cavabdeh iddia ərizəsinə etiraz olaraq bildirdiyi şifahi dəlillərini təsdiq edən hər-hansı sübutu, o cümlədən borcun əvəzinə torpaq sahəsinin iddiaçıya təqdim edilməsinə dair müqaviləni birinci instansiya məhkəməsinə təqdim etməmiş, hakimin sübutların təqdim olunmamasına dair sualına cavab olaraq işlədiyi üçün vaxt tapa bilmədiyini bildirmişdir.
19. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, eyni zamanda MPM-in 78.1 və 372.2-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdeh tərəfindən yuxarıda qeyd edilən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını kifayət qədər tutarlı dəlillərlə əsaslandırmadığından həmin sübutların hazırkı mərhələdə qəbul edilərək araşdırılmasını mümkün hesab etməmişdir.
20. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
21. Cavabdeh apellyasiya şikayətini iddiaçıya heç bir borcunun olmaması, ümumiyyətlə 2021-ci ildən sonra iddiaçı ilə heç bir əlaqəsinin olmaması, borcunu həmin vaxtı tam olaraq ödəməsi, bununla bağlı sənədlərin və sübutların olduğunu, məhkəmənin əsassız olaraq cavabdehə dəlil və sübutlarını məhkəməyə təqdim etməyə şərait yaratmadığını bildirsə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır.
22. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaya dair şifahi etirazın əsas dəlillərindən olan, əvvəlki illərə aid olan borc müqabilində cavabdeh tərəfindən iddiaçının rəhbərinin qohumunun adına 19000 manat dəyərində torpaq sahəsinn rəsmiləşdirilməsinə dair dəlillərlə bağlı cavabdeh və onun vəkili sonuncu məhkəmə iclasında həmin torpaq sahəsinin hazırda yerində olduğunu, hər-hansı formada iddiaçı tərəfə verilmədiyini bildirərək əvvəlki illərə aid 17300 manat borca dair hissədə iddianı qəbul etdiklərini və iddianın qismən – həmin hissədə təmin edilməsini xahiş etmişlər.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-2(119)-96/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.